Məhkəmə qərarları › İş №2(103)-2091/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2091/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2091/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2970,4 manat dəymiş ziyanın əvəzinin, 1152,2 manat sayğac borunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin xx.xx.2017-ci il tarixli 14591 nömrəli müqavilə əsasında yaşadığı ünvan 1 ünvanında fasiləsiz təbii qazdan istifadə etdiyini, həmin ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********20000 hesab nömrəsi verildiyini, qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G–4 markalı 1402AZ**********37 nömrəli qaz sayğacı quraşdırıldığını, cavabdehin təbi qazdan qeyri-qanuni istifadə etmək üçün kənar xətt quraşdırdığını, bu səbəblə ona xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,8 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 98,8 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 154,4 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 134,6 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 88,8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsaında 492,8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 162,6 manat, 10,07.2017-ci il tarixli ******* saylı akt əasında 84,8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 163,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 772,8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 313 manat və xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 331,8 manat olmaqla cəmi 2970,4 manat cərimə (itirilmiş qazın dəyəri) hesablandığını, eyni zamanda onun sayğaca görə hesablanmış 1152,2 manatı ödəmədiyini irəli sürmüş, buna görə də cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 4122,6 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış 1152,20 manat pul və 8.40 manat dövlət rüsumu olmaqla cəmi 1160,60 manatın “Azərqaz” İstehsalat Birliyinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, cavabdeh sayğacdankənar xətt vasitəsilə təbii qazdan istifadə etmiş, lakin məhkəmə heç bir hüquqi əsas olmadan cavabdehin yalnız sayğaca görə hesablanmış borcu etiraf etməsinə əsaslanaraq İddiaçı İB-yə dəyən zərəri nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı təşkilatın nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermiş, cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmişdir; iddiaçı isə qətnamənin iddianın təmin olunmayan hissəsində lağvini xahiş etmişdir. Başqa sözlə qətnamə, iddianın qismən təmin edildiyi hissədə yoxlanılmır. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, İddiaçı əməkdaşları tərəfindən xx.xx.2016cı il tarixdə ******* saylı, xx.xx.2016-cı il tarixdə ******* saylı, xx.xx.2016-cı il tarixdə ******* saylı, xx.xx.2016-cı il tarixdə ******* saylı, xx.xx.2017-ci il tarixdə ******* saylı, xx.xx.2017-ci il tarixdə ******* saylı, xx.xx.2017-ci il tarixdə ******* saylı, 10,07.2017-ci il tarixdə ******* saylı, xx.xx.2017-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı aktlar tərtib edilərək Cavabdeh məxsus yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunduğu göstərilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq cavabdehə ümumilikdə 2970,4 manat məbləğində borc hesablanmışdır. İşə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehə məxsus yaşayış sahəsinə baxış keçirilmiş, qanunsuz xətdən istifadə olunmasına dəlalət edə biləcək hər hansı sübut aşkar edilməmişdir. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə İddiaçı İB cavabdehin evində kənar xəttdən istifadə edildiyini təsdiq edən və buna görə də, aktların tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmin aktlar cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur, buna görə də sözügedən aktlar mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-88/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar