Məhkəmə qərarları › İş №2(103)-2092/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2092/2023

13.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2092/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər :( “müqavilənin etibarsız sayılması və çıxarış qeydinin ləğv edilməsi” ) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız sayılması və çıxarış qeydinin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-101/2022 saylı işi üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X18 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 249/667 saylı bağ sahəsinin yerdə qalan 0,12 ha hissəsinə dair bağlanmış 631 saylı müqavilənin etibarsız hesab edilməsi,həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 249/667 saylı bağ sahəsinə dair (0.12 hektar hissəsinə) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********42 nömrəli, 29 mart 2021-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 29 mart 2021ci il tarixli çıxarışın (daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin) ləğv edilməsi barədə iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-101/2022 saylı işi üzrə 21 sentyabr 2022-ci il tarixl qətnaməsi ilə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111, Mülki Məcəllənin 157.4, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3,119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş üzrə alınmış ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. iddiaçı cavabdehin ona məxsus bağ sahəsinə gediş-gəliş yolunu zəbt etməsi halının təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, eyni zamanda da ekspert rəyi ilə cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi halının müəyyən edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının bu barədə bildirdikləri işin hallarına uyğun deyildir. İddiaçı hazırki tələbi Cavabdeh1 qarşı yönəltsə də, işin müəyyən edilmiş hallarından da göründüyü kimi bağ sahəsinə dair mübahisəli müqavilə Bağlar Təsərrüfatı İdarəsi ilə X18 arasında bağlansa da, iddiaçı hazırki tələbi həmin müqavilənin etibarsızlığı ilə bağlı tələbə cavab verməli olmayan şəxs olaraq hazırki iş üzrə Cavabdeh1 yönəltmışdır. İddiaçının mövcud iddia tələbi əsassızdır. Məhkəmə həmçinin iddianın mübahisəli bağ sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Ona görə ki, verilmiş çıxarış törəmə hüquq münasibəti olub, bağ sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsindən törənmişdir.Alğı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi rədd edilməli olduğundan, iddianın mübahisəli bağ sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsinə dair hissəsi də əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Xəzər rayon Şüvəlan Bələdiyyəsinin 25 saylı, 16 mart 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 1200 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır; - Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi barədə xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Şüvəlan Bələdiyyəsinin 25 saylı qərarı əsasında İddiaçı Şüvəlan qəsəbəsində 1200 kv.m torpaq sahəsi satılmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2021- ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi X6 xüsusi mülkiyyətindədir; - Bağlar Təsərrüfatı İdarəsi ilə X15 arasında bağlanmış 631 saylı, xx.xx.1990-cı il tarixli “249/667 saylı bağ sahəsinin icarəyə verilməsi haqqında müqavilə”nin surətinə əsasən Şüvəlan qəsəbəsində 0,12 ha torpaq sahəsi X7 icarəyə verilmişdir; - xx.xx.1990-cı il tarixli, 20573 nömrəli müqavilə“249/667 saylı bağ sahəsinin icarəyə verilməsi haqqında müqavilə”nin surətinə əsasən sözügedən bağ sahəsinin tikili olan hissəsi X2 adına keçirilmiş və onunla 0.12 hektar torpaq sahəsi olan 249/667 nömrəli bağ sahəsinə dair müqavilə bağlanılmışdır; - Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2V-97 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1997-ci il tarixdə vəfat etmiş- X2 vərəsəsi X12r və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır; - Bakı şəhəri 24 saylı notariat ofisində 23 sentyabr 2018-ci il tarixli AN-İ ******* saylı reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X20 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 249/667 saylı bağ Cavabdeh1 satmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi (0,12 ha) Cavabdeh1 xüsusi mülkiyyətindədir; - Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X1 İradə Nağı qızı ilə xx.xx.1978-ci il tarixdə nikaha daxil olmuşdur; -Ölüm haqqında şəhadətnaməyə əsasən X18 05 noyabr 1998ci il tarixdə ölmüşdür; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin AA saylı 594904 saylı "Torpaq sahəsinin planı və ölçüsü”nün surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi mərhum X13 məxsus olmuşdur; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi (0,12 ha) X8 xüsusi mülkiyyətindədir; - 2 saylı Bakı Asan Xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-112 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş- X8 vərəsəsi X14r və o, miras əmlakdan tam hissədə pay almalıdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2021- ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi (0,12 ha) X6 xüsusi mülkiyyətindədir; - 2 saylı Bakı Asan Xidmət mərkəzində notariat ofisində 17 mart 2021-ci il tarixli 4Ə-477 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X21 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 249/667 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini Cavabdeh1 satmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2021- ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi (0,12 ha) Cavabdeh1 xüsusi mülkiyyətindədir; - Azərbayacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin AA saylı 302265 saylı "Torpaq sahəsinin planı və ölçüsü”nün surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsi Cavabdeh1 məxsus olmuşdur; - Xəzər RPİ-nin 1-ci PŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, İddiaçı ərizəsi əsasında toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı, xx.xx.2011 -ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 248/665 saylı bağ sahəsi (0,0954 ha) İddiaçı xüsusi mülkiyyətindədir; - Azərbayacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin AA saylı 031403 saylı "Torpaq sahəsinin planı və ölçüsü”nün surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 248/665 saylı bağ sahəsi İddiaçı məxsusdur; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən: "Qeyd olunan bağ sahəsinə dair məlumatın verilməsi barədə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 249/667 saylı bağ sahəsinə dair məlumatın verilməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 249/667 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X18 arasında xx.xx.1987-ci il tarixli, 631 nömrəli müqavilə bağlanılmışdır.Daha sonra icarədarın və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinə əsasən sözügedən bağ sahəsinin tikili olan hissəsi X2 adına keçirilmiş və onunla 0.12 hektar torpaq sahəsi olan 249/667 nömrəli bağ sahəsinə dair xx.xx.1990-cı il tarixli, 20573 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında sözügedən bağ sahəsi xx.xx.2018-ci il tarixdə X3 adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli, 2V- 97 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2018-ci il tarixdə isə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 mülkiyyətində olan Şüvəlan qəsəsəbəsi, 0.12 hektar torpaq sahəsi olan 249/667 nömrəli bağ sahəsi 4Ə-273 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 631 nömrəli müqavilə əsasında ayrılmış, 249/667 nömrəli bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsi xx.xx.2021-ci il tarixdə X10 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi xx.xx.2021-ci il tarixli, 2V-112 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2021-ci il tarixdə X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 249/667 nömrəli bağ sahəsi 4Ə-477 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021 -ci il tarixdı Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.Sorğunuzla əlaqədar olaraq bildiririk ki, sənəd surətləri müvafiq məhkəmə qərarına əsasən verilə bilər”; - Xəzər rayon Şüvəlan Bələdiyyəsinin məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.2004-cü ildə verilmiş 25 nömrəli Hacıbaba oğluna ayrılmış torpaq sahəsinin sənədləri, təqdim edilmiş torpaq sahəsinin sxemi və baş plandan çıxarışın həmin torpaq sahəsinə aid olub-olmaması haqqında bələdiyyədə mövcud olan arxiv içərisində vətəndaş İddiaçı adına heç bir arxiv sənədi aşkarlanmadı; -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/3041 nömrəli rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 631 saylı müqavilə və müqavilənin əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmədiyindən 631 saylı müqavilə əsasında ayrılmış 249/667 saylı bağ sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır, lakin Cavabdeh1 adına 29 mart 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 249/667 saylı bağ sahəsinin yerləşmə koordinatları qeyd edilməklə yerində faktiki vəziyyəti müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Cavabdeh1 adına 29 mart 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 249/667 saylı bağ sahəsinin istifadə olunan faktiki sahəsi 1502 kv.metrdir və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 248/665 saylı bağ sahəsinin istifadə olunan faktiki sahəsi 952 kv.metrdir və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 248/665 saylı bağ sahəsi ilə cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 249/667 saylı bağ sahəsinin qonşu sərhədinə bitişik sahə cavabdeh tərəfindən zəbt edilməmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 631 saylı müqavilə və müqavilənin əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemi təqdim edlmədiyindən 631 saylı müqavilə əsasında ayrılmış 249/667 saylı bağ sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə yerləşən 631 saylı müqavilə əsasında ayrılmış 249/667 saylı bağ sahəsi ilə Cavabdeh1 adına 29 mart 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 249/667 saylı bağ sahəsinin ayrı-ayrı sahələr olub-olmamasını müəyyən etmək mümkün olmamışdır (iş səh.16,17, 52, 103, 113, 115, 117,62, 63, 104- 107, 110,72, 74, 12,14, 46,158). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Apellyasiya şikayətin in təmin edilərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 14.2, 77.1, 88, 106.1, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra DƏDRX) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 248/665 saylı bağ sahəsinə dair, 18 iyun 2011-ci il tarixli çıxarış verilmişdir. Həmçinin Xəzər rayon Şüvəlan Bələdiyyəsinin 25 saylı, 16 mart 2004-cü il tarixli sərəncamın əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 1200, kv m torpaq sahəsi ona ayrılmış və faktiki istifadəsində olmuşdur. Həmçinin qonşuluqda yerləşən torpaq sahəsinə dair Cavabdeh1 DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 249/667 saylı bağ sahəsinə dair 02 oktyabr 2018-ci il tarixli çıxarış verilmişdir. Bakı şəhəri Xəzər rayon Şüvəlan Bələdiyyəsinin 25 saylı, 16 manrt 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində faktiki istifadəsində olan 1200 kv m torpaq sahəsi ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsinə olan yolu Cavabdeh1 bağlamış, bundan sonra mübahisə yaranmışdır. Xəzər rayon Şüvəlan Bələdiyyəsinin 25 saylı, 16 manrt 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində İddiaçı ayrılmış və faktiki istifadəsində torpaq sahəsi olduğu halda həmin torpaq sahəsinə dair çıxarışın əldə edilməsi sual doğurmuşdur. Məsələylə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə vəkil tərəfindən ünvanlanan sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 249/667 saylı bağ sahəsi üzərindəki tikililərə icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsinin X18 arasında xx.xx.1987-ci il tarixli 631 saylı müqavilə bağlanmışdır. Daha sonra icarədarın və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılığına əsasən sözügedən bağ sahəsinin tikili olan hissəsi X5 adına keçirilmiş və onunla 0,12 ha torpaq sahəsi olan 249/667 saylı bağ sahəsinə dair 14 dekabr 1990-cı il tarixli, 20573 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında sözügedən bağ sahəsi 21 avqust 2018-ci il tarixdə X3 adına qeydiyyata alınmış, 29 avqust 2018-ci il tarixdə 2V-97 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2018-ci il tarixdə isə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 mülkiyyətində olan Şüvəlan qəsəbəsi 0,12 hektar torpaq sahəsi olan 249/667 saylı bağ sahəsi 4Ə-273 reyestr nömrəli, 23 sentyabr 2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 631 saylı müqavilə əsasında ayrılmış 249/667 saylı bağ sahəsinin yerdə qalan 0,12 ha hissəsi xx.xx.2021-ci il tarixdə X8 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi xx.xx.2021-ci il tarixli 2V-112 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 26 fevral 2021-ci il tarixdə X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 249/667 saylı bağ sahəsi 4Ə-477 reyestr nömrəli 17 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 29 mart 2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Bütün bu əməliyyatlara baxmayaraq, mübahisəli bağ sahəsi bu günə kimi onun faktiki istifadəsində olmuş, buna dair Xəzər rayon Şüvəlan Bələdiyyəsinin 25 saylı, 16 manrt 2004-cü il tarixli sərəncamı verilmişdir. Bu fakt isə mübahisəli bağ sahəsinə dair aparılmış bütün əməliyyatların etibarsızlığı üçün əsasdır. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarını araşdırmamış, onlara düzgün qiymət verməmiş, həmçinin ekspert rəyinin tam olmamasına qiymət verməmiş, rəy vermiş ekspertin suallara aydınlıq gətirilməsi üçün məhkəməyə dəvət olunması və ya əlavə ekpertiza təyin etməmişdir. Həmçinin onun darvazasının cavabdeh tərəfindən qanunsuz sökülməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciəti əsasında iş araşdırılmış, həmin iş əsasında toplanmış materiallar araşdırılmamışdır. Belə ki, cavabdeh həmin darvazanı sındırmaqla, hasarın peyk görüntüsünü ört basdır etmişdir və bunun sayəsində əlavə torpaq sahəsini zəbt etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza rəyi digər sübutlarla yoxlanılarkən düzgün qiymətləndirməmişdir. Ekspert rəyinin nəticə hissəsi cavabdehin leyinə şərh olunmuşdur. cavabdehin faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsinin hansı hissələr olduğu hallarını aydınlaşdırmamış, digər torpaq sahəsinin faktiki sahəsinə dair rəydə olan natamamlığın aradan qaldırılması üçün tədbir görməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/3041 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 631 saylı müqavilə və müqavilənin əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmədiyindən 631 saylı müqavilə əsasında ayrılmış 249/667 saylı bağ sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 249/667 saylı bağ sahəsinin istifadə olunan faktiki sahəsi 1502 kv.metrdir. İşin faktiki halı ondan ibarətdir ki, cavabdehin mülkiyyətində cəmi 0,24 ha deyil, faktiki 0,3 ha torpaq sahəsi vardır. Belə olan halda o, 0,06 ha torpaq sahəsini zəbt etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları

5. Məhkəmə kollegiyasının iclasında iştirak edə iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsində işə onun iştirakı olmadan baxıldığını, öz bağ sahəsinə aid çıxarışının olduğunu, mübahisəli bağ sahəsinin qonşuluqda-hasarın digər tərəfində yerləşdiyini, qarşı tərəfin qanunsuz olaraq hasarı sındırdığını, bunu ekspert tərəfindən bağ sahələrinin ayrı-ayrı sahələr olub-olmamasının müəyyən edilməsinə əngəl olmaq üçün etdiyini qeyd etmiş, 2004-cü ildə bələdiyyə sərəncamı ilə ona ayrılmış torpaq sahəsində qarşı tərəfin çıxarış aldığını, qarşı tərəfin çıxarışı 2020-ci ildə aldığını, bundan əlavə qanunvericiliyə uyğun olaraq bağa 10 ildən artıq müddətə baxılmayıbsa, abadlaşdırılmayıbsa yenidən dövlətin mülkiyyətinə keçdiyini, mübahisəli bağ sahəsində isə 20 ildir hər hansı iş görülmədiyini, faktiki sahiblik edilmədiyi, bələdiyyə sərəncamı ilə ona ayrılmış torpaq sahəsi ilə cavabdehin sahibliyində olan torpaq sahəsinin üst-üstə düşdüyünü, bu halların müqavilənin etibarsızlığına əsas olduğunu, ona məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün müvafiq qurumlara müraciət etmədiyini, bələdiyyə tərəfindən verilmiş müqavilə və sərəncamın kifayət etdiyini düşündüyünü, qeydiyyatın aparılması vəzifəsinin bələdiyyə aid olduğunu bildirmiş, yenidən ekspertiza keçirilməsini, qarşı tərəfə çıxarışın hansı əsaslarla verilməsinin müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabeh Cavabdeh1 qarşı tərəfin bələdiyyə sənədini 2004-cü ildə deyil, 5-6 il bundan qabaq geri tarixlə aldığını, qarşı tərəfdə olan bələdiyyə sənədinin heç bir hüquqi əsasının olmadığını, Şüvəlan Bələdiyyəsi tərəfindən Xəzər rayon Məhkəməsinə ünvanlanan məktubda iddiaçının adına heç bir arxiv sənədinin aşkarlanmadığını, mübahisəli torpağın onun nəslinə, qohumlarına məxsus olduğunu, lakin ora 20 ildir get-gəllərinin olmadığını, həmin torpağa dair iki çıxarışın olduğunu, iddiaçı tərəfin düzətdiyi saxta sənədlə arxa tərəfdəki 12 sota iddia etdiyini, digər 12 sot torpaq sahəsinin iddiaçı tərəfindən alındığını, onlara məxsus sənədlərin qaydasında olduğunu, taxta hasar onun ərazisində olduğu üçün hasarı yıxdığını, qapını bağlamaqda məqsədinin isə qarşı tərəfin dəfələrlə hüquqa zidd olaraq onların ərazisinə daxil olması olduğunu qeyd etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsininin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Mülki Məcəllənin 140-cü maddəsinə əsasən: Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

10. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən diqqətə çatdırılmalıdır ki: “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir.Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Misal üçün, yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə əsasən qeyd edilməlidir ki: 4.16.3.müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək; 4.16.7. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək kimi səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmişdir.

12. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə görə: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir.

13. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. 2 5 . Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, habelə bələdiyyə torpaqlarının istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilir. 2 6 . Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 2 7 . Bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı məhkəmədən kənar mübahisələr bələdiyyələr tərəfindən həll edilir. Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

14. Belə növ səlahiyyətlərin məcrası bir sıra digər inzibati orqanlarına da aiddir ki, bu orqanlar məhz torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi, tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar müvafiq hüquq və vəzifələrə malikdirlər.

15. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə görə: İİİ. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; - məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. İV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

16. Hazırki mübahisə üzrə diqqətə çatdırılmalıdır ki, iddianın əsasını Daşımaz Əmlakın Dövlət Reyestrində torpaq sahəsinə qeydiyyatın aparılması təşkil edir. Bu baxımdan qeyd edilməlidir ki, tərəflərin sübyektiv hüquq və vəzifələri baxımından iddia edilən pozuntunun ehtimal edilən məzmunu iş üzrə cavabdeh kimi qeyd edilən prosess iştikçılarına münasibətdə sübuta yetirilməsə də, iddiaçının inzibati orqanın aktından, hərəkətlərindən və ya hərəkətsizliyindən müvafiq səlahiyyətlərə malik inzibati orqanlara inzibati icraat qaydasında (və ya nəticəsindəndən asılı olaraq inzibati prosessual qaydada inzibati məhkəmələrə) müraciət etmək hüquqları vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati İcraat haqqında qanununun 81.3cü maddəsinə əsasən: İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur.

17. İddiaçının özünün ərz etdiyinə görə işin faktiki halı cavabdehin mülkiyyətində cəmi 0,24 ha deyil, faktiki 0,3 ha torpaq sahəsinin olması və onun tərəfindən 0,06 ha torpaq sahəsinin zəbt edilməsi ilə bağlıdır. İddiaçının diqqətinə çatdırılmalıdır ki, ona apellyasiya instansiyasında mülki icraat zamanı bilvasitə olaraq mübahisənin əsasının inzibati səciyyəsi barədə izahlar verilsə də, iddia tərəfin işin baxılmasında israrlı olması, habelə tərəflərin subyektiv tərkibi və biləvasitə tələbləri mülki icraat həddində baxılmasına yönəldiyindən, kollegiya işin mahiyyəti üzrə araşdırmaq məcburiyyətindədir. İşin mahiyyəti üzrə isə tələblər mütəxəssis və ekspert rəyləri ilə, habelə digər mötəbər sübutlarla təsdiq edilmədiyindən apellyasiya şikayətlərin təmin edilməsinə də əsaslar yaranmır. İzah edilməlidir ki, müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırki iş üzrə isə Daşımaz Əmlakın Dövlət Reyestrində torpaq sahəsinə qeydiyyatlar və onlardan irəli gələn hərəkətlər müvafiq prosedur çərçivəsində mübahisələndirilmədiyindən, mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət hüquqlarına əsassız müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Belə ki, mütəxəssis və ekspert rəyləri müəyyən edilən hallar məhz müvafiq icra hakimiyyətinin səlahiyyətlərin əhatə edir.

18. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 139-158, 385-388, 560; Mülki Prosesual Məcəllənin 2, 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 372, 385-390 -ci maddələrinəvə iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, baxış həddi üzrə araşdırılan hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən dəlillərə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-101/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar