Məhkəmə qərarları › İş №2(103)-2093/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2093/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2093/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Eyvazova (Manafova) Esmira Qüdrət qızına və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 781/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Eyvazova (Manafova) Esmira Qüdrət qızına və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62 manat 25 qəpik faiz, 1.677 manat 24 qəpik cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 146 manat 86 qəpik, cəmi 1.886 manat 35 qəpik borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Eyvazova (Manafova) Esmira Qüdrət qızından və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Eyvazova (Manafova) Esmira Qüdrət qızı İddiaçı ASC-dən illik 32 %-lə 24 ay müddətinə 5.000 manat kredit götürmüşdür. Müqavilə müddəti xx.xx.2016-cı il tarixdə bitsə də, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, zamin və ya zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2019-cu il tarixədək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə müqavilənin bitmə tarixinə hesablanmış 62 manat 25 qəpik faiz, 1.677 manat 24 qəpik cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 146 manat 86 qəpik, cəmi 1.886 manat 35 qəpik məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsində həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Maliyyə X1 xx xxxxxx 2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-781/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 62,25 manat faiz, 50 manat cərimə, cəmi 112,25 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Eyvazova (Manafova) Esmira Qüdrət qızından və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən iddiaçı bankın ləğvedicisinin nümayəndəsi apellyasiya şikayəti verərək onun “cərimə borcunun və gecikdirilmiş günlər üçün 5 faizin tutulması” hissəsində dəyişdirilməsini və həmin hissələrdə iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin cərimə məbləğini tənasübsüz şəkildə azaltmış olması və gecikdirilmiş günlər üçün 5 faiz məbləğini təmin etməməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 borc məbləğlərinin tam ödənildiyini bildirməklə apellyasiya şikayətinə etiraz etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi və digər cavabdeh isə məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cərimə borcuna və gecikdirilmiş günlər üçün 5 faizin tutulması aid hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər mübahisələndirməmiş, iddiaçı bankın nümayəndəsi isə yalnız həmin hissələrlə bağlı qətnaməni mübahisələndirmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh Eyvazova (Manafova) Esmira Qüdrət qızına 24 ay müddətinə illik 32 % ödəmək şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixə cavabdeh Eyvazova (Manafova) Esmira Qüdrət qızının İddiaçı ASC-yə 62 manat 25 qəpik faiz, 1.677 manat 24 qəpik cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 146 manat 86 qəpik, cəmi 1.886 manat 35 qəpik borcunun olduğu qeyd edilmişdir. Qətnamənin mübahisələndirilən hissəsi, yəni cavabdehdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mövcud olmayan əsas borcuna münasibətdə iddiaçı bank 1677,24 manat cərimə hesablayıb tələb etmiş, birinci instansiya məhkəməsi isə onu mütənasib hesab etdiyi 50 manat həddinə qədər azaltmışdır. Kollegiyanın qənaətinə görə işin halları baxımından həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab olunmalıdır. Kolelgiya qətnamənin mübahisələndirilən digər hissəsini, yəni apellyatordan “gecikdirilmiş günlər üçün 5 faiz məbləğinin tutulması” hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iddia tələbindən də göründüyü kimi cavabdehin əsas borcu olmadığı halda iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək əlavə 5 faiz tutumasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı bank gecikdirilmiş günlər üçün 5 faiz məbləğinin tutulması tələb etsə də, bu borcun hansı əsaslarla və qaydada hesablanması barədə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya intstansiyası məhkəməsinə sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-781/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “50 manat cərimə borcunun cavabdehlər Eyvazova (Manafova) Esmira Qüdrət qızından və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması, həmçinin iddia tələbinin müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 146,86 tutulması barədə təmin edilməyən” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar