Məhkəmə qərarları › İş №2(103)-2094/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2094/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2094/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(011)-5251/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Zərdab rayonu Çallı kəndində yerləşən 32.6 ha torpaq sahəsi çıxarış əsasında iddiaçının mülkiyyətindədir.

2. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 01 dekabr 2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin qüvvədə olma tarixi 30 iyul 2022-ci ilədək, sığorta məbləği 48995,80 manat müəyyən edilmişdir. Müqaviləyə əsasən iddiaçıya kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsi verilmişdir. Sığorta şəhadətnaməsinə əsasən sığorta risklərinə "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta Qaydaları”na əsasən aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təminat altına alınır: dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri.

3. İddiaçı sığorta şirkətinə müraciət etmiş, sığorta şirkəti tərəfindən yazılı qaydada bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.21.1-ci yarımbəndinə sığorta ödənişi həmin yarımbənd ilə müəyyən edilən sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir. Sözügedən yarımbəndin 6-ci abzasına əsasən üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq Səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənədin olması sığorta ödənişinin edilməsi üçün əsasdır. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əsasən “Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir”. "xxxx" ASC tərəfindən Zərdab rayon Polis şöbəsinə göndərilən sorğulara (xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il) cavab olaraq hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini əks etdirən məlumatlar göndərilməmiş, sığorta hadisəsinin baş vermə halı Zərdab rayonu Polis şöbəsi tərəfindən təsdiq edilməmiş və bu səbəbdən sığorta hadisələrinin araşdırılması və tənzimlənməsi ilə bağlı hərəkətlərin edilməsi mümkün olmamışdır.

4. İddiaçı tərəf də məhkəmə araşdırması zamanı dəfələrlə şifahi qaydada polisə müraciət etdiyini bildirmişdir. Şifahi müraciətin cavabı olaraq ona hazırkı məsələnin araşdırılmasının onların səlahiyyətlərinin daxilində olmadığı bildirilmiş və hər hansı sənəd verilməsindən imtina edilmişdir.

5. İş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, məsələnin yerində araşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zərdab rayon X2 mütəxəssisləri tərəfindən 2022-ci il 10 iyun tarixində arpa sahəsinə baxış keçirilmiş və sahədə xəstəlik və zərərvericilərin populyasiya sıxlığının iqtisadi ziyanlı həddi keçmədiyi aşkar edilmişdir. Sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitkilərin inkişaf etmədiyi və tamamilə məhv olduğu müəyyən edilmişdir.

6. "xxxx" ASC Zərdab rayon Polis şöbəsinə ünvanladığı məktubdan görünür ki, sığorta hadisəsinin tənzimlənməsi ilə bağlı sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını və (və ya) səbəbini, hadisənin baş vermə vaxtını, hadisənin baş vermə yerini və koordinatlarını, bitkinin növünü, əkin sahəsinin ölçüsünü və sığortalını ad, soyadını əks etdirən sənədlərin təqdim edilməsi istənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhv edilmiş 24 ha torpaq sahəsinə görə 26543 manat sığorta ödənişinin Aqrar Sığorta Fondu adından "xxxx" ASCdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Zərdab rayonu Çallı kəndində yerləşən 32,6 ha torpaq sahəsi reyestrdən çıxarış əsasında iddiaçıya məxsusdur. Həmin torpaq sahəsində 2021-ci ilin noyabr ayında iddiaçı tərəfindən dənli bitki olan arpa əkilmişdir. Həmin torpaq sahəsində baş verə biləcək risklərin (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri) qarşısının alınması məqsədi ilə Aqrar Sığorta Fondu adından “X6 Sığorta Şirkəti” ASC ilə 01 dekabr 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Bu barədə iddiaçıya X3 və Bitkiçilik Məhsullarının Sığortası üzrə Sığorta Şəhadətnaməsi verilmişdir. Sığorta ödənişi kimi iddiaçı tərəfindən 421,37 manat aqrar sığortalı kimi sığorta haqqı ödənilmişdir. Aqrar Sığorta müqavilələrinin bağlanmasına dair razılaşmanın 1 nömrəli əlavəsindən görünür ki, 32,6 ha torpaq sahəsinin sığorta məbləği 36055,60 manatdır. Daha sonra Zərdab rayon mexaniki suvarma idarəsi tərəfindən torpaq sahəsinə su verilmədiyindən 32,6 ha torpaq sahəsinin 24 ha hissəsi zədələnmişdir. Bununla bağlı iddiaçı müvafiq dövlət qurumlarına və eləcə də Kənd Təsərüffatı Nazirliyinə müraciət etmişdir. Kənd Təsərüffatı Nazirliyinin 28 iyun 2022- ci il tarixli məktubundan da görünür ki, iddiaçının müraciəti əsasında yerində araşdırılmış, Kənd Təsərüffatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zərdab rayon X2 mütəxəssisləri tərəfindən 10 iyun 2022-ci il tarixdə arpa sahəsinə baxış keçirilmiş və sahədə xəstəlik və zərərvericilərin populyasiya sıxlığının iqtisadi ziyanlı həddi keçmədiyi aşkar edilmişdir. Sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitkilərin inkişaf etmədiyi və tamamilə məhv olduğu müəyyən edilmişdir. Bununla bağlı iddiaçı dəfələrlə Aqrar Sığorta Fonduna müraciət etsə də X9 16 dekabr 2022-ci il tarixli məkubu ilə X3 və bitkiçilik məhsullarının sığortası üzrə BS- **********-XS saylı sığorta müqaviləsi əsasnda sığortanın arpa sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən iddiaçıya sığorta ödənişlərinin verilməsindən imtina edilmişdir. İmtina məktubundan sonra iddiaçı məsul şəxsin qəbulunda olmuş və ona bildirmişlər ki, imtinaya əsas torpaq sahəsində əkilmiş arpanın məhv olması ilə bağlı onlarda məlumat olsa da, ərazi üzrə polis idarəsinin müvafiq arayışı olmalıdır. Belə ki, həmin arayışda torpaq sahəsində əkilmiş arpanın suyun verilməməsi nəticəsində məhv olması göstərilməlidir. Daha sonra iddiaçı Zərdab rayon Polis İdarəsinə müraciət edərək arayışın verilməsini xahiş etmişdir. Polis İdarəsindən isə belə bir arayışın verilməsi onların səlahiyyətində olmamasını bildirmişlər. Bununla bağlı təkrar olaraq müxtəlif dövlət orqanlarına müraciətlər ünvanlasa da, müraciətlərə baxılmamışdır. Bu səbəbdən iddiaçı hazırda məhv olmuş 24 ha torpaq sahəsinə görə sığorta şəhadətnaməsi üzrə 26543 manat ödəniləcək məbləğin ona verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(011)- 5251/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq "xxxx" ASC-dən vurulmuş zərərə görə 26543 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

10. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus torpaq sahəsində yerləşən əkin sahəsinə vaxtında suvarılmadığına görə ziyan dəymişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı məktubdan görünür ki, sığorta şirkəti sığorta hadisəsinin üçüncü şəxslərin hərəkətləri nəticəsində baş verdiyini bildirmişdir. Eyni zamanda, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.21.1-ci yarımbəndinin 6-cı abzasına istinad edərək sığorta ödənişinin üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd mövcud olduğu halda həyata keçirildiyini bildirmişdir. Cavabdeh bənddə qeyd olunan səlahiyyətli orqanın polis olduğu qənaətinə gələrək arayışın məhz həmin orqandan təmin edilməsini həm iddiaçıya bildirmiş, həm də özü müstəqil surətdə orqana müraciət etmişdir. Məhkəmə istinad olunan hala münasibətdə qeyd etmişdir ki, polis orqanlarının səlahiyyətinə qanunvericilik cinayətin əlamətlərini əks etdirən və inzibati xətanın tərkibini təşkil edən hüquqpozmaların araşdırılmasını aid etmişdir. Hazırkı işin hallarından sığorta hadisəsinin cinayət hadisəsi və ya inzibati xəta nəticəsində baş verməsi halı aşkar edilmir. Bunun əksi olaraq iddiaçının özünün aidiyyatı qurum olaraq Kənd Təsərrüfatı Nazirliyinə müraciəti əsasında ona verilmiş cavabdan görünür ki, istinad olunan qərarın 6-cı yarımbəndində qeyd edilən məlumatları əks etdirən cavab məktubu təqdim edilmişdir. Məktubun mətnində bitkinin növü (arpa), torpaq sahəsinin həcmi və ziyanın dəymə səbəbi açıq olaraq göstərilmişdir. Məhkəmə qeyd edir ki, yarımbənddə qeyd edilən müvafiq səlahiyyətli dövlət orqanı Kənd Təsərrüfatı Nazirliyi qəbul edilməklə iddiaçıya tələb edilən sığorta ödənişi verilməli idi. Eyni zamanda, məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdə sığorta hadisəsinin baş verməsi nəticəsində vətəndaşın aidiyyatı səlahiyyətli orqana müraciət etməli olduğu göstərilsə də, bu orqanın hara olması öz əksini tapmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna və milli qanunvericilik normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, qanun müəyyən olmalıdır. Hər hansı normadakı qeyri-müəyyənlik vətəndaşın ziyanına yozula bilməz. Odur ki, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasında haqlıdır. Məhkəmə iddia ərizəsi üzrə tələb edilən məbləğə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf nə araşdırması zamanı, nə də tərəflər arasında baş verən yazışmalarda dəymiş ziyanın məbləğini mübahisələndirməmiş, bununla bağlı hər hansı etiraz və ya sübut məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 883.1, 922.1, 922.2, 926.1, 926.3-cü, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, məhkəmə qətnamədə öz mövqeyini yalnız bir hal üzərindən qeyd etmişdir və orada gəldiyi nəticə də yalnış olmuşdur. Məhkəmə bildirir ki, hazırkı işin hallarından sığorta hadisəsinin cinayət hadisəsi və ya inzibati xəta nəticəsində baş verməsi halı aşkar edilmir. Bunun əksi olaraq iddiaçının özünün aidiyyatı qurum olaraq Kənd Təsərrüfatı Nazirliyinə müraciəti əsasında ona verilmiş cavabdan görünür ki, istinad olunan qərarın 6-cı yarımbəndində qeyd edilən məlumatları əks etdirən cavab məktubu təqdim edilmişdir. Məktubun mətnində bitkinin növü (arpa), torpaq sahəsinin həcmi və ziyanın dəymə səbəbi açıq olaraq göstərilmişdir. Məhkəmə qeyd edir ki, yarımbənddə qeyd edilən müvafiq səlahiyyətli dövlət orqanı Kənd Təsərrüfatı Nazirliyi qəbul edilməklə iddiaçıya tələb edilən sığorta ödənişi verilməli idi. Lakin birinci instansiya məhkəməsi məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.21.1-ci yarımbəndinin 6-cı abzasında qeyd olunanlara tamlığına baxmamışdır. Belə ki həmin normada qeyd olunur ki, üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd. Məhkəmə faktı təsdiq etməyən sənədə əsaslanaraq sığorta ödənişinin verilməli olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi Kənd Təsərrüfatı Nazirliyinin məktubunda yuxarıda sadalanan hallar öz əksini tapmamış, sadəcə sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitgilərin inkşaf etmədiyi və tamamilə məhv olduğu qeyd olunmuşdur. MPM-in 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Hətta qətnamədə iddia ərizəsinə istinadən qeyd olunmuşdur ki, “Aqrar sığorta haqqında” Azərbaycan RespublikasıQanunun 17.1-ci maddəsinə əsasən “Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir”. Göründüyü kimi məhkəmə aidiyyət məsələsinə də diqqət yetirməmişdir. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinin məzmunundan göründüyü kimi sığorta ödənişin tam, qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərarı Aqrar Sığorta Fondu qəbul edir. Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə uyğun olaraq, mülki məhkəmə icraatı zamanı cavabdeh əsl cavabdeh ilə əvəz olunmalı idi. Yəni tələbin yönəldilməli olduğu şəxs "xxxx" ASC deyil Aqrar Sığorta Fondudur. Fond aqrar sığorta ilə bağlı əməliyyatlarını, habelə aqrar sığorta sisteminin idarə edilməsini idarəedici qurum, yəni "xxxx" ASC vasitəsilə həyata keçirir. İdarəedici qurum Fondun adından bağlanmış sığorta müqavilələri üzrə öhdəlik daşımır və sığorta ödənişlərinin edilməsindən imtina qərarları və ödənişlərin edilməsi Fond tərəfindən həyata keçirilir. Beləliklə, sığorta müqavilələri sığortalı ilə idarəedici qurum arasında bağlanır, lakin həmin müqavilələr Fondun adından bağlanır və bütün öhdəliklər Fonda məxsusdur. Ümumilikdə Məhkəmə işə baxarkən, faktiki hallara, təqdim edilmiş sənədlərə diqqət yetirilməmiş, əlavə olaraq aidiyyət məsələsi və tərəfin əvəz edilməsi məsələsinə baxılmaması nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Aqrar sığorta sistemi – kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının (bundan sonra kənd təsərrüfatıməhsullarının istehsalçısı) buQanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Məhkəmə qətnamədə “İcbari sığortalar haqqında” Azərbaycan RespublikasıQanununa istinad etmişdir. Halbuki onun əvəzinə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinad edilməlidir. Aqrar sığorta müqaviləsi icbari deyil könüllülük prinsipi əsasında bağlanır. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunu məhkəmə tərəfindən tətbiq edilməmişdir. Azərbaycan Respublikasında aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlımünasibətləri tənzimləyən, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarınımüəyyən edən bir nomrativ hüquqa akta instinad edilməmişdir. Əlavə olaraq, Qanunun 17.1-ci maddəsinə əsasən “Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan RespublikasınınQanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir”. Mülki Məcəllənin 885-1-ci maddəsi məhkəmə tərəfindən tətbiq olunmalı olduğu halda tətbiq edilməmişdir. Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər bu Məcəllə, “Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Məhkəmə nəzərə almalıdır ki, sığorta münasibətlərində istənilən zərər deyil yalnız sığorta hadisəsi baş verməsi halənda dəymiş zərər üzrə ödəniş həyata keçirilir. Məhkəmə zərər faktını deyil sığorta hadisəsini baş vermə halını əsaslandırmalıdır. Belə ki, sığorta təminatı verilməmiş və (və ya) istisna edilmiş risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.21.1-ci yarımbəndi Həmin normada qeyd olunur ki, üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd. Məhkəmə faktı təsdiq etməyən sənədə əsaslanaraq sığorta ödənişinin verilməli olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi Kənd TəsərrüfatıNazirliyinin məktubunda yuxarıda sadalanan hallar öz əksini tapmamış, sadəcə sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitgilərin inkşaf etmədiyi və tamamilə məhv olduğu qeyd olunmuşdur. Sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Məhkəmə tərəfindən sığorta hadisəsi faktı hər hansı formada aydınlaşdırılmamış və sübuta yetirilməmişdir. Birinci instransiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, sığorta təminatı verilməmiş və (və ya) istisna edilmiş risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi hesab edilmir. müvafiq maddələrinə istinad edilməlidir. Aqrar sığorta müqaviləsi icbari deyil könüllülük prinsipi əsasında bağlanır. Məhkəmənin əsaslandığı hal sığorta hadisəsi kimi sübut edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasını məhkəmədən xahiş etdi.

16. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 885-1. Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər bu Məcəllə, “Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

18. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.1. aqrar sığorta sistemi – kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının (bundan sonra kənd təsərrüfatı məhsullarının istehsalçısı) bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi; Maddə 16.2. Sığorta hadisəsi araşdırılarkən aqrar sığortalıdan yalnız qanunda və sığorta qaydalarında nəzərdə tutulmuş sənədlər tələb edilir. Maddə 17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. Maddə 17.2. Aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”: 1.21.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:

6. üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd; 1.22.1. Aşağıdakı hallarda Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər:

1. baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə; 2.2.1. Sığorta məhsulunun şərtləri ilə müəyyən olunmuş aşağıda qeyd olunan bir və ya bir neçə risk nəticəsində kənd təsərrüfatı bitkilərinə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir:

9. üçüncü şəxslərin hərəkətləri.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamənin ləğv olunaraq iddianın təmin olunması tələb edildiyindən, qətnamə apellyasiya şikayəti və dəlillər üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.

23. Məhkəmə kollegiyası imtinanın əsası kimi göstərilən məhz polis şöbəsindən arayışın təqdim olunmasının zəruriliyi ilə razılaşmasa da, apellyasiya şikayətinin dəlillərindən birini məhz sığorta hadisəsinin baş verib – verməməsi təşkil etdiyindən ilkin olaraq bu istiqamətdə araşdırma aparılmasını məqsədəmüvafiq hesab edir.

24. İddiaçı sığorta hadisəsinin baş verməsini üçüncü şəxsin hərəkətlərinin mövcudluğu ilə əsaslandırmış və iddianın faktiki əsası kimi ona istinad etmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Zərdab X8 Mərkəzinin 25 iyul 2022-ci il tarixli məktubunda 25 ha arpa sahəsi əkildiyi, bundan 1 ha sahədə bitiş alındığı, lakin toxum suyunun vurulmaması səbəbindən 24 ha sahədə bitiş alınmadığı qeyd olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 28 iyun 2022-ci il tarixli məktubunda da qeyd olunmuşdur ki, sahənin vaxtında suvarılmaması nəticəsində 24 ha ərazidə bitkilərin etmədiyi və tamamilə məhv olduğu müəyyən edilmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, bu məktublarda qeyd olunan xüsusatlar məhsulun məhv olmasının məhz üçüncü şəxsin (şəxslərin) hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, məhsulun məhv olması yalnız suyun müvafiq orqan tərəfindən verilməməsi nəticəsində baş verə bilməz, digər səbəblər də mövcud ola bilər, məsələn su verilsə də, həmin suyun sahəyə vurulmaması, toxumun standartlara cavab verməməsi və s. Bu zaman bir nüansı da qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndində sığorta ödənişinin verilməsi üçün zəruri olan sənədlərin siyahısında göstərilən sənədlərdən biri də toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatıdır. Birinci instansiya məhkəməsinə bu sənəd təqdim olunmasa jda, apellyasiya mərhələsində belə bir sənədin mövcud olub – olmaması aydınlaşdırılmış, lakin bu barədə heç bir sübut təqdim olunmamışdır.

26. Cavabdehin sığorta ödənişinin verilməsindən imtinasının mahiyyəti də ondan ibarətdir ki, zərər mövcuddursa, zərərin kimin təqsiri (hərəkət və ya hərəkətsizliyi) üzündən əmələ gəlməsi təsdiq olunsun. Çünki, zərərin ödənildiyi təqdirdə sığortalının reqres qaydasında həmin zərəri təqsirli şəxsdən tələb etmək hüququ yaranır.

27. Zərərin məhz toxum suyunun vurulmaması səbəbindən yaranması məsələsini araşdırarkən bir məqama da diqqət yetirmək lazımdır ki, məhsul məhv olmazdan əvvəl suyun vurulmaması ilə bağlı iddiaçının aidiyyatlı təşkilatlara, həmçinin sığortaçıya məlumat verməsi də təsdiqini tapmır. Suyun vurulmaması iddiaçıya yalnız məhsul məhv olduqda məlum ola bilməzdi, belə ki, iddiaçı və ya onun tərəfindən sahəyə nəzarət edən şəxslərə suyun verilməməsi məhsulun məhvindən öncə də məlum olsa da, iddiaçı yalnız toxumlar məhv olduqdan sonra müvafiq orqanlara müraciət etmişdir. Halbuki, istər sığorta qanunvericiliyində, istərsə də müqavilədə zərərin azaldılmasına yönəlmiş hərəkətlərin edilməsi sığortalının üzərində düşür.

28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız olmuş, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd olunmalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(011)-5251/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(011)- 5251/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar