Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2098/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7915/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və Cavabdeh2 ilə birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində tikdikləri fərdi yaşayış evinin sökülməsinin əvəzi olaraq Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh2 ödənilmiş 65851 manat pulun yarısı olan 32925 manat pulun Cavabdeh2 alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7915/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən mübahisəli fərdi yaşayış evinin reyesterdə qeydiyyata alınmamasını əsas göstərib. Bununla bağlı qeyd edir ki, mübahisəli evin reyestrdə qeydiyyata alınmaması işin mübahisəsiz halıdır. Lakin, həmin evin reyestrdə qeydə alınmaması mübahisəli əmlakın mövcud olmadığı, tikintisi üçün pul sərf edilmədiyi, iddiaçı və cavabdeh tərəfindən istifadə edilmədiyi, realizə edilərək pul vəsaitinin əldə edilmədiyi mənasını vermir. İş materiallarına əlavə edilmiş sübutlara əsasən mübahisəli fərdi yaşayış evi ilə bağlı cavabdehlər arasında xx xxxxxx 2017-ci il tarixli müqavilə bağlanıb. Müqaviləyə əsasən istifadə və sahiblik hüququ olan Bakı şəhərinin Binəqədi rayonu ərazisində Motodrom adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evinin dövlət əhəmiyyətli layihənin inşası məqsədilə sökülməsinin qarşılığında Cavabdeh2 65.851 manat pul ödənilib. Qeyd edilən evin onunla Cavabdeh2u istifadə və sahibliyində olması işin mübahisəsiz halıdır. Həmin əmlakın mülkiyyət hüququ ilə cavabdehə məxsus olmaması iddiaçının həmin əmlaklarının dəyərinin yarısının cavabdehdən tələb etmək hüququnu məhdudlaşdırmır. Mübahisəli əmlak mülkiyyət hüququ ilə cavabdehə məxsus olmadığı və hazırda söküldüyü üçün cavabdehə qarşı həmin əmlakın bölünməsi tələbi irəli sürülmür, yalnız cavabdehdən evin dəyərinin yansı tələb edilir. İşin faktiki hallanna əsasən cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəflər arasında nikahın pozulmasından 3 il müddət bitmədən digər Cavabdeh2 müqavilə münasibətlərinə cəlb etmiş və bu zaman Cavabdeh2 ailə vəziyyəti yoxlanılmayıb, müqavilə ilə maraqlanna toxunan şəxslərin dairəsi müəyyən edilməyib. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində istifadə hüququ olan fərdi yaşayış evinin söküntüsü nəticəsində ödənilən kompensasiyanın ona ödənilməli olan hissəsi Cavabdeh2 mülkiyyətinə keçib. Odur ki, cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilə bağlandığı andan etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin təmin edilməməsinin digər əsası kimi, mübahisəli evin nikahdan əvvəl tikilməsini göstərmişdir. Bununla bağlı qeyd edir ki, məhkəmənin mübahisəli evin tikintisinin nikahdan əvvəl baş verməsi nəticəsinə cavabdehin qohumları (ata və anası) və bəzi hallarda Kəlbəcər rayonundan olan şahid ifadələrinə əsasən gəlməsi qanuni və əsaslı deyil. Əlavə olaraq bildirir ki, cavabdeh məhkəməyə mübahisəli evin nikahdan əvvəl tikilməsinin təsdiq edən hər hansı maddi sübut təqdim etməmiş, yalnız ifadələri ziddiyyətli olan qohum-qardaşı məhkəməyə şahid qismində təqdim etmişdir. Məhkəmənin işin bu halını yalnız şahid ifadələrinə əsasən müəyyən etməsi məhkəmənin 1-ci baxış iclasında nümayəndəsinə məlum olmuş, nümayəndəsinin iddiaçı tərəfin də, evin nikah dövründə tikildiyini təsdiq edə biləcək şahidlərinin olduğunu və bu səbəbdən də, məhkəmə iclasının təxirə salaraq iddiaçı tərəfə vaxt verilməsini xahiş etməsinə baxmayaraq məhkəmə 1-ci baxış iclasında işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.Eyni zamanda hətta mübahisəli fərdi yaşayış evi nikahdan əvvəl tikildiyi halda belə onun həmin evdə cavabdehlə nikaha daxil olduğu 2002-ci il tarixdən nikahının pozulduğu 2014-cü ilədək fasiləsiz yaşaması işin mübahisəsiz halıdır. Bu hal cavabdeh və onun şahidləri tərəfindən inkar edilmir, həmçinin məhkəmənin qətnaməsində işin mübahisəsiz halı kimi qeyd edilmişdir. Belə olduğu təqdirdə onun həmin fərdi yaşayış evində istifadə və sahiblik hüququmun olması təsdiqini tapır və iddia tələbinin bu faktla bağlı da əsaslı olması sübuta yetirilir.Şahidlərin, xüsusilə də, cavabdehin atası X3 evin Məmməd Hümbətov tərəfindən tikilməsi və ona məxsus olması için həqiqi halı deyil. Əgər belə olsaydı, xx xxxxxx 2017-ci il tarixli müqavilənin tərəfi Məmməd Hümbətov olardı. Məhkəmə iddia tələbinin təmin edilməməsinin əsası kimi, onun həmin evin tikintisində iştirak etməsi və pul sərf etməsi barədə sübutların olmamasını göstərib. Bununla bağlı bildirir ki, mübahisəli fərdi yaşayış evinin tikintisində şəxsən iştirak etmiş, hətta bu iştirak fiziki formada da olub, yaxın qohumları da tikinti işlərinə fiziki köməklik ediblər. Evin tikintisi uzun müddətli olaraq, mərhələli formada həyata keçirilib. Evdə yaşaması işin mübahisəsiz halıdırsa deməli, tikintidə iştirak etməyi də mübahisəsizdir. Məhkəmə tikintiyə nəğd pul sərf etməsi halına istinad edə bilməzdi. Belə ki, işləməyən, sabit qazancı olmayan şəxslər birgə nikah dövründə qazanılan əmlakdan öz paylarını tələb etmək hüququnu itirmirlər (Ailə Məcəlləsi maddə 32.3).Bundan başqa, birinci instansiya məhkəmə mübahisə predmeti olan xx xxxxxx 2017-ci il tarixli müqaviləni cavabdehlərdən tələb edərək iş materiallarına əlavə etməmişdir. xx xxxxxx 2017-ci il tarixli müqavilənin cavabdehlərdən tələb edilərək dəlillərinin yoxlanılması mübahisənin tam, obyektiv və hərtərəfli araşdırılması baxımından zəruridir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx xxxxxx 2019-cu il tarixli 02/09-11-31/914 saylı məktubundan göründüyü kimi, iddiaçının nümayəndəsi mübahisələndirilən müqavilənin əldə edilməsi üçün icra hakimiyyətinə sorğu ilə müraciət etsə də, icra hakimiyyəti müqavilənin məhkəmə qərardadı əsasında verilə bilməsini qeyd edib. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2608/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə X11 arasında bağlanmış xx.xx.2004-cü il tarixldə Kəlbəcər rayon VVADQ şöbəsində bağlanmış, 82 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 02/09-11- 31/914 saylı, xx.xx.2018ci il tarixli məktubundan görünür ki, Xocəsən-Avtovağzal ərazi mənzil tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülməsi ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanında yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinin köçürülməsinə xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 65581 manat kompensasiya ödənilmişdir.Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin 02/748 saylı, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh2 ailəsi Bakı şəhəri Binəqədi rayonu Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının yaxınlığından kompensasiya ödənilərək köçürülmüşdür. xx.xx.2007-ci il tarixli Aktın surətindən görünür ki, X18, X16 və X2 rayonundan məcburi köçkün düşmüş X3 ilə üzvləri ilə birlikdə Binəqədi rayonu, Motodrom yaşayış sahəsində 1998-ci ildən onların qonşuluğunda 43 saylı evdə yaşamasını imzaları ilə təsdiq etmişlər. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, X15, X5, X21 və X1 rayonundan məcburi köçkün düşmüş X4 çoxdan tanıdıqlarını, əvvəllər Motodrom yaşayış massivində bir məhəllədə yaşadıqlarını, 1997-ci ilin aprel-may aylarında Məmməd Hümbətovun sifarişi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində ona məxsus olan təxminən 2 sota yaxın həyətyanı sahəsində onun üçün ümumi sahəsi 108 kv.metrdən ibarət, uzunluğu 12 metr, eni 10 metrdən ibarət olan birmərtəbəli ev tikmələrini, təmir xərcini və onların zəhmət haqqını Məmməd Hümbətovun ödəməsini öz imzaları ilə təsdiq etmişlər. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən alınmış şahid ifadələri ilə müəyyən edilmişdir ki, mübahisəli ev tərəflər nikaha daxil olmamışdan qabaq Cavabdeh2 atası üçün 1997ci ildə tikilmiş, daha sonra isə ona verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinin tələblərinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinin tələblərinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Göründüyü kimi qanunvericiliyə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların birgə nikahı zamanı, ümumi gəlirləri hesabına əldə edilən əmlak aid edilir. Lakin, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi və Ailə Məcəlləsinin normalarından da göründüyü kimi mübahisəli əmlaka dair ər-arvadın payının müəyyən edilməsi üçün ilk növbədə həmin əmlakların ər-arvadın birgə mülkiyyəti olub-olmaması müəyyən edilməlidir. Hazırkı halda isə mübahisəli ev özbaşına tikili olmaqla Azərbaycan Respublikası ƏMDK tərəfindən dövlət qeydiyyatına alınmamış və ər-arvadın ümumi mülkiyyəti kimi qiymətləndirilə bilməz. İş materialları ilə mübahisəli evin tərəflərin nikahının bağlanmasından qabağ, yəni, 1997-ci il tarixdə tikilməsi müəyyən edilmişdir. Bu hal şahid ifadələri ilə təstiq edilmişdir. İddiaçı apellyasiya şikayətində bu halı təkzib etsə də, istinad etdiyi halları təstiq edən, eyni zamanda şahid ifadələrinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını tələb etsə də, bu barədə hər-hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7915/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-2098/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2098/2020
03.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver