Məhkəmə qərarları › İş №2(103)-21/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-21/2021

22.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-21/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh Kərimov X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Kərimov X6 və Bakı şəhəri 39 saylı notariat kontoruna qarşı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair ilk, cavabdeh Kərimov X4 iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli 2(011)-1144/2017 saylı qətnaməsindən İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə və iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kərimov X6 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli 2(008)-952/2018 saylı qətnaməsindən X18 Ağa Kərim tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 39 saylı notariat kontoruna və Kərimov X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən Kərimov X4 adına verilmiş 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, Meyransa Osat qızından miras qalmış ünvan 1 ünvanına dair Kərimov X6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən bir sıra məsələlər nəzərə alınmamış, şəhadətnamə qanun pozuntusu ilə verilmişdir. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evinin 1/3 hissəsi 30 sentyabr 1967-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən evin mülkiyyətçisi Meyransa Osat qızı tərəfindən X10 bağışlanmışdır. X16 vəfat etdikdən sonra gəlini X11 Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək qayınatasına məxsus Sabunçu rayonu Ramana qəsəbəsi V.Vəliyev küçəsində yerləşən 1 saylı tikilinin hüquqi qeydiyyata alınmasını xahiş etmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 30 iyul 1997-ci il tarixdə mərhum X10 məxsus olmuş tikilinin hüquqi qeydiyyata alınması və X8 lazımi sənədlərin təqdim olunması barədə sərəncam verilmişdir. Cavabdeh Kərimov X6 mübahisə predmeti olan evə vərəsəlik haqqında şəhadətnamə verilərkən bütün əmlak mirasa daxil edilmiş və 1/3 hissədə X10 bağışlanmış əmlak mirasdan çıxılmamışdır. Halbuki həmin evdə əlavə tikililər də inşa edilmiş və ev hal-hazırda “A” və “B” hissələrindən ibarətdir. Notarius tərəfindən miras açıldığı məqamadək naturada olan və sonradan əlavə edilən tikililər müəyyən edilmədiyinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi andan etibarsız hesab olunmalıdır. Cavabdeh Kərimov X7 məhkəməyə qarşılıqlı iddia verərək Bakı şəhəri 4 saylı Notariat kontorunda 30 sentyabr 1967-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, nənəsi Meyransa Osat qızı ilə X16 arasında 30 sentyabr 1967-ci ildə bağlanmış bağışlama müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, həmin yaşayış evi 1963-cü ildən onların istifadəsində olmuş, o həmin mənzildə doğulmuş, nənəsi Meyransa Osat qızının adına texniki pasport tərtib edilmişdir. Nənəsinin vəfatından sonra əmlakın qanun üzrə yeganə vərəsəsi olaraq notariat kontoruna müraciət etmiş və vərəsəlik şəhadətnaməsi əldə etmişdir. Daha sonra həmin evə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Hazırda fərdi yaşayış evi “A” və “B” tikililərindən ibarətdir və onun üzərində mülkiyyət hüququ Kərimov X6 məxsusdur. 30 sentyabr 1967-ci il tarixli bağışlama müqaviləsi hüquqi əsaslara söykənmir. Belə ki, həmin müqavilə nənəsi Meyransa Osat qızı tərəfindən imzalanmamış, həmin dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 230 və 245-ci maddələrinin tələblərinə uyğun olaraq yerli zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsində qeydə alınmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli 2(011)- 1144/2017 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddiaya dair hissədə dəyişdirilməsini, ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilk iddia ərizəsinin məzmununa uyğun olmaqla işə baxılarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Digər mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kərimov X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına dair 19.08.2016-cı il tarixdə Meyransa Osat qızına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın və həmin ünvana dair 24 sentyabr 2016-cı il tarixdə Kərimov X6 verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, yəni “B” tikilisinə aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli 2(008)- 952/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək 19 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Meyransa Osat qızına verilmiş RX seriyalı ******* nömrəli çıxarış və həmin evə dair 24 sentyabr 2016-cı il tarixdə Kərimov X6 verilmiş RX seriyalı ******* nömrəli çıxarış qismən, “B” tikilisinə aid hissədə etibarsız hesab edilmişdir. Kərimov X7 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin iş üzrə mübahisəyə baxılarkən işin bütün halları araşdırılmamış, həmin məhkəmənin tərəflər arasında başqa mülki iş üzrə 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallar nəzərə alınmamışdır. Belə ki, hazırkı iddianı qaldırarkən iddiaçılar 30 sentyabr 1967-ci il tarixli bağışlama müqaviləsinə istinad etsələr də, X9 hədiyyəni qəbul etməməsi və həmin bağışlama müqaviləsinin özü-özlüyündə etibarsız əqd olması 17 avqust 2017-ci il tarixli qətnamə ilə müəyyən olunmuşdur. Bundan əlavə mülki qanunvericiliyə əsasən gəlin qayınatanın vərəsəsi olmadığından, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Buna görə də məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya icraatı mərhələsində Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hər iki iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Kərimov X7 öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli 2(011)-1144/2017 saylı qətnaməsi qismən, yəni ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək ilkin iddia təmin edilməli, cavabdeh Kərimov X4 apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli 2(008)-952/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri 39 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunmuş 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 04.10.1967-ci ildə ölmüş Meyransa Osat qızının vərəsəsi Kərimov X7 miras əmlakdan tam irs almalıdır və daşınmaz əmlakın dövlət reyestrindən 19.08.2016-cı il tarixli çıxarışa əsasən Meyransa Osat qızının mülkiyyətində olan ünvan 2 ünvanındakı 0,08503 ha torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin vərəsəsidir. İş materiallarında olan Bakı şəhəri 4 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunmuş 30 sentyabr 1967-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Meyransa Osat qızı mülkiyyətində olan Bakı şəhəri Ramana qəsəbəsi Hüsü Hacıyev küçəsində yerləşən 1 saylı yaşayış evinin 1/3 hissəsini X10 bağışlamışdır. Meyransa Osat qızı savadsız olduğuna görə onun xahişi ilə bağışlama müqaviləsini X1 imzalamışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 30 iyul 1997-ci il tarixli 820 nömrəli sərəncamından görünür ki, X11 ərizə ilə müraciət edərək mərhum qaynatası X10 məxsus Ramana qəsəbəsi V.Vəliyev küçəsi 1 saylı tikilinin hüquqi qeydiyyata alınmasını xahiş etmiş, mərhum X5 qəsəbəsi V.Vəliyev küçəsi 1 saylı 15,8 kv.m, 19.4 kv.m 2 yaşayış otağından, 10,1 kv.m mətbəxtdən, 14,2 kv.m giriş otağından, 11,4 kv.m bağlı eyvandan və həyətyanı sahədə 6,1 kv.m toyuq damından, 7,0 kv.m hamamdan, 2,8 kv.m ayaqyolundan ibarət olmaqla 186,2 kv.m torpaq sahəsində yerləşən mülkün hüquqi sahibi hesab edilmişdir. İş materiallarında olan 19.08.2016-cı il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sabunçu rayonu Ramana qəsəbəsi V. Vəliyev küçəsi ev 47 ünvanındakı 0,08503 ha torpaq sahəsi və üzərində tikilmiş 143,3 m² sahəsi olan fərdi yaşayış evi üzərində Meyransa Osat qızının mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan 24.09.2016-cı il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və texniki pasporta əsasən Sabunçu rayonu Ramana qəsəbəsi V. Vəliyev küçəsi ev 47 ünvanındakı 0,08503 ha torpaq sahəsi və üzərində tikilmiş 143,3 m² sahəsi olan fərdi yaşayış evi Kərimov X4 mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin 12 oktyabr 2016-cı il tarixli 17 saylı arayışına əsasən ünvan 3 ünvanı Sabunçu rayonu Ramana qəsəbəsi V. Vəliyev küçəsi ev 1 ünvanıdır. Beləliklə, iş materiallarından görünür ki, 30 sentyabr 1967-ci il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 5 ünvanı Hüsü Hacıyev küçəsi ev 1) mülkiyyətçisi Meyransa Osat qızı evin 1/3 hissəsini X10 bağışlamış, X16 vəfat etdikdən sonra gəlini Umudova (Mehdiyeva) Rəna Həmid qızı ərizə ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək mərhum qaynatası X10 məxsus olmuş Ramana qəsəbəsi V.Vəliyev küçəsi 1 saylı tikilinin hüquqi qeydiyyata alınmasını xahiş etmiş, onun müraciəti əsasında 30 iyul 1997-ci il tarixli 820 nömrəli sərəncamla mərhum X5 qəsəbəsi V.Vəliyev küçəsi 1 saylı 15,8 kv.m, 19.4 kv.m 2 yaşayış otağından, 10,1 kv.m mətbəxtdən, 14,2 kv.m giriş otağından, 11, 4 kv.m bağlı eyvandan və həyətyanı sahədə 6,1 kv.m toyuq damından, 7,0 kv.m hamamdan, 2,8 kv.m ayaqyolundan ibarət olmaqla 186,2 kv.m torpaq sahəsində yerləşən mülkün hüquqi sahibi hesab edilmişdir. Sözügedən sərəncam qüvvədədir, iddiaçı tərəfindən həmin sərəncamın ləğv edilməsinə dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iş materiallarında olan Ramana qəsəbəsi Hüsü Hacıyev küçəsi ev 1 ünvanına dair Meyransa Osat qızının adına tərtib olunmuş texniki pasportla (2-ci cild i.v.44-45, 140-147) Sabunçu rayonu Ramana qəsəbəsi V.Vəliyev küçəsi 47 nömrəli yaşayış evinə dair texniki pasportu müqayisə etdikdə, yeni texniki pasportda əlavə tikililərin qeydə alınması, evin “A” və “B” tikililərindən ibarət olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4cü maddəsinə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli qətnaməsindən İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kərimov X6 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair ilkin iddiasını ona görə təmin etməmişdir ki, onlar mübahisə predmeti olan əmlakla bağlı subyektiv hüquqa malik olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kərimov X6 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməyə subyektiv hüquqları olmuşdur. Belə ki, iddiaçılar mübahisələndirilən evdə pasport qeydiyyatında olmaqla orada yaşayırlar və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmiş fərdi yaşayış evinin bütünlüklə miras əmlak kimi Kərimov Qurban X3 iddiaçıların həmin evə dair istifadə və sair hüquqlarının pozulmasına səbəb ola bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak kimi göstərilən fərdi yaşayış evinin hazırkı sahəsi miras açılarkən mövcud olmuş sahəsindən artıq olduğundan, miras əmlaka daxil edilmiş əlavə tikililərdə iddiaçılar yaşadığından, Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən Kərimov X4 adına verilmiş 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Kərimov X6 qarşı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiasını rədd etməklə birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilməsini xahiş etsə də, qətnamənin hansı səbəblərə görə dəyişdirilməli olmasını əsaslandırmamış və qətnamənin dəyişdirilərək necə formulə edilməsini göstərməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X12rşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli qətnaməsindən X19 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 19.08.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Meyransa Osat qızına verilmiş RX seriyalı ******* nömrəli çıxarış və həmin evə dair 24.09.2016-cı il tarixdə Kərimov X6 verilmiş RX seriyalı ******* nömrəli çıxarışı qismən, “B” tikilisinə aid hissədə etibarsız hesab etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, həmin çıxarışlar verilərkən fərdi yaşayış evinin “B” tikilisinin miras açılan vaxtda mövcud olmaması, həmin tikilinin sonradan inşa olunması nəzərə alınmamışdır. İddiaçılar məhkəmə iclasında həmin reyestrin məzmununun qeyridəqiqliyini sübuta yetirmişlər. Buna görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli 2(008)-952/2018 saylı qətnaməsindən Kərimov X4 apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli 2(011)- 1144/2017 saylı qətnaməsi qismən, yəni ilkin iddia tələbinin rədd edilməsi ilə bağlı hissədə ləğv edilsin. İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən Kərimov X4 adına verilmiş 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamə İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti üzrə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kərimov X4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli 2(008)- 952/2018 saylı qətnaməsi Kərimov X4 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar