Məhkəmə qərarları › İş №2(103)-2102/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2102/2021

26.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2102/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və zaminlik öhdəliyinə xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə tərəflərin arasında bağlanmış 29.09.2014-cü il tarixli, 4-M-1-0-1117- 14 №-li zaminlik müqaviləsi ilə bağlıdır. Belə ki, borcalan X1 ilə borcverən “Nikoyl”xxxx” ASC-nin (indiki Cavabdeh ASCnin) arasında 29.09.2014-cü il tarixdə kredit müqaviləsi bağlanıb və bank İlyas Tağıyevə kredit verib. İddiaçı ilə həmin bankın arasında bağlanmış 29.09.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən iddiaçı borcalanın həmin kredit müqaviləsi üzrə öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürüb. Lakin borcalan öhdəliyini lazımi qaydada icra etməyib, ona görə də bank başqa mülki işdə iddia ilə məhkəməyə müraciət edərək borcun ödənilməsini borcalan və zamindən tələb edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.12.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilib, kredit müqaviləsi üzrə borcun borcalan və zamindən tutulması qət edilib. Bundan sonra zamin hazırkı iddianı qaldırıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, zaminlik müqaviləsi etibarsız hesab olunsun və iddiaçının zaminlik öhdəliyinə xitam verilsin. Tələb onunla əsaslandırılıb ki, zaminlik müqaviləsindəki imza iddiaçıya məxsus deyil. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: Mülki Məcəllənin 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Hazırkı işdə mübahisələndirilən zaminlik müqaviləsi yazılı formada bağlanıb və tərəflər onu imzalayıblar. Qətnamə 3 səbəbdən dəyişdirilmədən saxlanılmalıdır. 1-ci, iddiaçı zaminlik müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirsə də o, borcalan İlyas Tağıyevin bankdan götürdüyü kreditə görə zamin durduğunu etiraf edib. Belə ki, o, bunu iddia ərzəsinin məzmununda yazılı şəkildə, birinci instansiya məhkəməsində verdiyi izahatda isə şifahi şəkildə etiraf edib. İddiaçı etirafı qeyd-şərtlə edib. O, bildirib ki, zamin durduğu zaman borc verilən pulun məbləğinin 15.000 ABŞ dolları olduğunu bilməyib, ona bildirilib ki, 2.000 ABŞ dolları borc götürülür. Bu isə onu təsdiq edir ki, məbləğ nəzərə alınmadan zaminliyin iddiaçının iradəsinə uyğun olduğunu iddiaçının özü etiraf edir. Məbləğə münasibətdə isə məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin məzmununda kreditin məbləği göstərilib: 15.000 ABŞ dolları. 2-ci, əgər zaminlik müqaviləsindəki imza iddiaçıya məxsus deyildirsə o, həmin müqaviləyə əsasən ondan borcun tutulması barədə Nizami Rayon Məhkəməsinin 09.12.2015-ci il tarixli qətnaməsini bu əsasla mübahisələndirə bilərdi. 3-cü, zaminlik müqaviləsindəki imzanın iddiaçıya məxsus olub-olmadığını xətt ekspertizası keçirməklə müəyyən etmək mümkündür. Lakin iddiaçı apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclsına gəlməmişdir. İddiaçı məhkəmə iclasına gəlmədən, ondan imza və yazı nümunələri alınmadan xətt ekspertizasının keçirilməsi mümkün deyil. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. . Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar