Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2106/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4685/2024 saylı, 26 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, B-340-AAE-23 nömrəli avtomobil alqısatqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı modeli Changan UNİ V buraxılış ili 2023 olan avtomobili dəyəri tam ödənilədək texniki saz halda cavabdehin istifadəsində verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, cavabdeh isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə borc yaranmışdır.
2. Avtomobil iddiaçıya xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir.
3. İşin apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, cavabdehlə bağlanmış müqavilə xx.xx.2024-cü il tarixində MMC tərəfindən birtərəfli qaydada ləğv edildikdən (xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən) və “Changan UNİ-V” markalı (VİN:LS5A2DKEXPA292692), ** JS *** d.q.n.-lı avtomobil Şirkətə geri qaytarıldıqdan sonra avtomobilin geri qaytarıldığı günə mövcud olmuş xərcləri Şirkət hesabına aradan qaldırılmış (********** nömrəli, xx.xx.2024cü il tarixli icra edilmiş xidmətlərə dair akta əsasən; həmin akta əsasən təmir işləri xx.xx.2024-cü il tarixində başa çatmışdır) və avtomobil yenidən satışa çıxarılmışdır; Şirkətlə “X5” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli C-143-AAE-24 nömrəli müqaviləyə əsasən satıcı “Changan UNİ-V” (VİN:LS5A2DKEXPA292692) markalı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür; Qeyd olunan müqavilənin dəyəri 42.266 manat məbləğində müəyyən edilməklə avtomobil həmin qiymətə satılmışdır; Hal-hazırda sonuncu müqavilə qüvvədə olmaqla “Changan UNİ-V” markalı (istehsal ili: 2023; VİN: LS5A2DKEXPA292692) avtomobil “X5” MMC-nin istifadəsindədir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin Cavabdeh qarşı əldən çıxmış fayda olaraq 4.001 (dörd min bir) manat əsas borc, 890 (səkkiz yüz doxsan) manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 5.040 manat olmaqla ümumilikdə 9.931 (doqquz min doqquz yüz otuz bir) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2023-cü il tarixli B-340-AAE-23 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 66.330,00 (altmış altı min üç yüz otuz) manat müəyyən edilən Changan Uni-V markalı, buraxılış ili 2023 olan (VİN: LS5A2DKEXPA292692), rəngi qara metalik) avtonəqliyyat vasitəsi alıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh 4.290,00 (dörd min iki yüz doxsan) manat ilkin ödəniş etmiş, 62.040.00 (altmış iki min qırx) manat qalan məbləğin isə xx.xx.2023-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1,034.00 (bir min otuz dörd) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmiş (sonuncu ödəniş xx.xx.2024-cü il tarixində olmuşdur), bununla bağlı iddiaçı tərəfindən cavabdehə gecikdirilən ödənişlərin təmin edilməsinə, əks təqdirdə müqaviləyə xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixində xəbərdarlıq göndərilmiş, şifahi danışıqlar aparılmış lakin bu da heç bir nəticə vermədiyi və cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni iki aydan artıq müddətdə iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə müqavilə predmeti olan 10JS057 qeydiyyat nömrəli Changan Uni-V markalı avtomobil xx.xx.2024-cü il tarixində cavabdehin sahibliyindən geri götürülmüş, həmçinin iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B-340-AAE-23 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildirilir ki, Avtomobil iddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilmiş, avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş Changan UniV markalı, buraxılış ili 2023 olan (VİN: LS5A2DKEXPA292692) avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 5040.00 (beş min qırx) manat müəyyən edilmiş və qeyd edilən həcmdə İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda cavabdeh tərəfindən ödənişin edildiyi son tarix olan xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə əldən çıxmış fayda olaraq 4,001.00 (dörd min bir) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 890.00 (səkkiz yüz doxsan) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması nəticəsində İddiaçı MMC-yə ümumilikdə 9,931.00 (doqquz min doqquz yüz otuz bir) manat miqdarında zərər dəymişdir. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli B-340-AAE-23 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4685/2024 saylı 26 dekabr 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2023-cü il tarixli, B-340-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqaviləyə əsasən ödənilməyən 1933 manat (min doqquz yüz otuz üç manat) məbləğində əsas borc, 200 manat (iki yüz manat) məbləğində cərimə borcu və Changan UNİ-V markalı, 10JS057 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi kimi 366 manat (üç yüz altmış altı manat) olmaqla, ümumilikdə 2499 manat (iki min dörd yüz doxsan doqquz manat) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B- 340-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqaviləyə əsasən cavabdeh tərəf öz üzərinə düşən öhdəliyi vaxtlı-vaxtında yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə sonuncu aylıq ödəniş xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin ödənilməyən 4001 manat məbləğində əsas və 890 manat məbləğində isə cərimə borcu, pretenziya məktubuna əsasən isə xx.xx.2024-cü il tarixinə 1933 manat məbləğində əsas və 1045 manat məbləğində cərimə borcu yaranmışdır. Göründüyü kimi iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
8. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab etmişdir ki, hazırki mülki iş üzrə xx.xx.2023-cü il tarixli, B-340-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqaviləyə əsasən əsas borc məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır.
9. İddia tələbinin dəbbə borcunun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır.
10. Budan başqa məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaçı nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu müddətdə onun tərəfindən avtomobilə 5040 manat məbləğində maddi ziyan dəyməsini iddia etsə də, məhkəmə araşdırması zamanı nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması zamanı şirkət tərəfindən təhvil-təslim aktının tərtib edilmədiyi müəyyən edilmişdir. Bu, özündə iddianın sözügedən hissədə əsassızlığına dəlalət edir. Belə ki, iş materiallarından göründüyü kimi avtomobil cavabdehə verildiyi zaman təhvil-təslim aktı tərtib edilsə də, avtomobil geri alındığı zaman bu tələbə iddiaçı tərəfindən riayət edilməmişdir və bu halda isə avtomobilə iddia edilən həcmdə ziyan vurulmasını sübut etmə vəzifəsi birbaşa iddiaçının üzərindədir. İddiaçı isə hazırki tələbini yalnız iş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi”nə dair aktla əsaslandırır. Hansı ki, həmin aktla cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya təhvil verilən Changan UNİ-V markalı, 10JS057 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5040 manat məbləğində maddi ziyan dəyməsi qeyd edilmişdir. Məhkəmə sözügedən aktı yalnız müəyyən hissədə əsaslı hesab etmişdir.
11. Belə ki, məhkəmə cavabdehin məhkəmə iclası zamanı izahatına əsasən tərəflər arasında akt üzrə ön sağ qanadaltı, ön sağ qanadın salaçkası, ön sağ qanadın dəyişdirilməsi, ön sağ qanadın ağır təmiri və ön sağ qanadın tam rənglənməsi hissəsində mübahisənin olmadığını müəyyən etmişdir. Həmin hissələrə münasibətdə məhkəmə akt üzrə qeyd edilən məbləği (cəmi 366 manat) yetərli hesab edərək iddia tələbinin həmin hissədə qismən təmin edilməli olması qənaətinə gəlir. Hesablanan 366 manat məbləğ isə mülki iş üzrə iddiaçı tərəfindən tərəfindən təqdim edilən qüsur aktına və cavabdehin izahatına əsasən avtomobilin ön sağ qanad hissəsinə aid dəyişilməli ehtiyat hissələri və işçilik haqları olmuşdur. Belə ki, bu hissələrə ön sağ qanadın salaçkası (10 azn), ön sağ qanadaltı (71 azn), ön sağ qanadaltı dəyişdirilməsi (15 azn), ön sağ qanadın ağır təmiri (100 azn), ön sağ qanadın tam rənglənməsi (120 azn), ümumi cilananma isə (200 manat münasibətdə yalnız sağ qanad olduğu üçün 50 manat) həcmdə müəyyən edilmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 600.1, 601.1 və 600.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4685/2024 saylı 26 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müqavilənin 3.2.6-cı bəndinə və onun “c” yarımbəndinə əsasən, Alıcı müqavilənin digər şərtlərini, ... , yalnız Alıcı bu Müqavilədə nəzərdə tutulan öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda Satıcı, Alıcıya əvvəlcədən xəbərdarlıq etmədən Müqaviləyə xitam verə bilər ... . Əhəmiyyətli pozuntu dedikdə həmin pozuntunun nəticəsində aşağıdakı hallardan ən azı birinin baş verməsi ... başa düşülür: c) Alıcı müqavilə üzrə ödənişlərini tam və vaxtında ödəmədikdə və ya ödəməkdən boyun qaçırdıqda. d) Alıcının eyni öhdəliyini 2 (iki) dəfə və ya daha çox pozması. Cavabdeh müqavilənin qüvvədə olduğu dövrdə heç bir mötəbər əsas olmadan aylıq annuitet ödənişlərin verilməsindən imtina etmiş, bundan sonra 2 aydan çox müddətdə avtomobili idarə etmiş, sonda isə xx.xx.2024-cü il tarixində avtomobili iddiaçıya məxsus servis müəssisəsinə təqdim etmişdir. Cavabdehlə 2024-cü ilin iyun ayınadək ödənişlərin edilməsi və avtomobilin təhvil alınması ilə əlaqədar danışıqlar aparılmış, danışıqlar nəticə vermədiyindən Müqavilənin istinad olunan “d” yarımbəndinə əsasən annuitet ödənişlərin 2 ardıcıl dəfə, yəni xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək gecikdirildiyinə görə müqavilə iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə bildiriş göndərilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Hazırkı iş üzrə iddia tələbinin mahiyyəti müqavilənin ləğv edildiyi tarixədək hesablanmış əsas borc və borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi tələbi ilə bağlıdır. İşə baxmış məhkəmənin qətnaməsinin 20-ci bəndində qeyd olunur: Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə sonuncu aylıq ödəniş xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin ödənilməyən 4001 manat məbləğində əsas və 890 manat məbləğində isə cərimə borcu, pretenziya məktubuna əsasən isə xx.xx.2024-cü il tarixinə 1933 manat məbləğində əsas və 1045 manat məbləğində cərimə borcu yaranmışdır. Qətnamənin 21-ci bəndində qeyd olunur: Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2023-cü il tarixli, B- 340-AAE-23 nömrəli avtomobil alqı-satqısı üzrə müqaviləyə əsasən əsas borc məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Məhkəmə işin qeyd olunan halını araşdırarkən sözügedən xx.xx.2024-cü il tarixli məktubun məzmununa diqqət yetirmədən onu yekun tələb məktubu kimi nəzərdən keçirmişdir. Halbuki, qeyd olunan məktubun göndərildiyi vaxt avtomobil hələ cavabdehin sahibliyində olmuşdur və məktub aylıq annuitet ödənişlərin gecikdirildiyinə görə xəbərdarlıq edilməsi xarakterində olub, ödənişlərin edilməsi tələbini əks etdirmişdir. Həmin məktubun məzmununda iddiaçının müqaviləyə xitam vermək iradə ifadəsinə dair heç bir qeyd əks olunmamışdır. Nəzərə alınsa ki, həmin xəbərdarlıq iddiaçının cavabdehi ödənişlərin edilməsinə təşviq etməyə yönəlmişdir və dolayısı ilə iddiaçının müqavilə münasibətlərinin qorunub saxlanması iradəsini ifadə etmişdir, bu halda həmin məktubun pretenziya məktubu hesab edilməsi qeyri-mümkündür. Təsadüfi deyil ki, avtomobil qeyd olunan məktubun çatdırılmasından da təxminən bir ay sonra iddiaçıya təhvil verilmiş, 2024-cü ilin iyun ayınadək aparılmış danışıqların nəticəsiz qalmasından sonra müqavilənin xx.xx.2024-cü il tarixindən birtərəfli qaydada ləğv edilmiş hesab edilməsinə dair bildiriş isə cavabdehə xx.xx.2024-cü il tarixində göndərilmişdir. Buna görə də müqavilə üzrə borc müqavilənin ləğv edildiyi anadək – xx.xx.2024-cü ilədək hesablanmışdır. İşə baxmış məhkəmə qeyd olunan nüanslara diqqət yetirməmiş, sonda gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. İş üzrə birinci instansiya məhkəməsinin qərarının 27-ci bəndində qeyd olunur: hazırki iş üzrə iddiaçı nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu müddətdə onun tərəfindən avtomobilə 5040 manat məbləğində maddi ziyan dəyməsini iddia etsə də, məhkəmə araşdırması zamanı nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması zamanı iddiaçı tərəfindən təhvil-təslim aktının tərtib edilmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, bu, özündə iddianın sözügedən hissədə əsassızlığına dəlalət edir. Avtomobilin iddiaçıya qaytarılması zamanı yazılı təhvil-təslim aktının tərtib olunmaması zərərin olmadığını istisna edə bilməz. Nəzərə alınsa ki, iddiaçının əsas fəaliyyəti avtomobil alğı-satqısı üzrə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsidir və iddiaçı geri qaytarılmış avtomobilin yenidən satılması üzrə zəruri bütün tədbirləri görməlidir, bu halda geri qaytarılmış avtomobilin istər texniki, istərsə də kosmetik bütün xərclərinin çəkilməsi iddiaçının daxili qaydaları və işgüzar dövriyyə adətləri ilə tələb olunur. Hazırkı iş materiallarında olan aktda qeyd olunan xərclərin də böyük hissəsi məhz avtomobilin yenidən satılması üçün cari təmirlə bağlı, yəni “rasxodnik” hesab olunan ehtiyat hissələri və kosmetik xərclərin çəkilməsi ilə əlaqədardır. Məhkəmə isə avtomobilə zərər dəyməsi faktını araşdırarkən cavabdehin qismən etirafını nəzərə alaraq zərəri həmin hissədə təmin etmişdir. Hansı ki, cavabdehin həmin məbləğlə razı olmadığı halda qeyd olunan məsələnin xüsusi bilik tələb edən məsələ olmasından dolayı ekspertiza təyin edilməsi mümkün olduğu halda buna diqqət yetirilməmişdir. Bununla da cavabdeh sadalanan maddi hüquq normalarının tələblərini pozmuş, qeyd olunan faktlar birinci instansiya məhkəməsinə verilmiş ərizələrdə məhkəmənin diqqətinə çatdırılmış, lakin məhkəmə qeyd olunan hallara hüquqi qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 23.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 26.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 27.443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 28.445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 29.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 30.448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 31.567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 32.601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 33.600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 34.606.1-ci maddəsinə əsasən, əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 35.606.4-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
36. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).
37. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
38. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
41. Belə ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında bağlanmış “Avtomobil alqı-satqısı üzrə” xx.xx.2023-cü il tarixli B-340-AAE-23 saylı müqaviləyə əsasən satıcıiddiaçı müqavilənin şərtlərinə əsasən modeli “Changan Uni-V” markalı, buraxılış ili 2023 olan (VİN: LS5A2DKEXPA292692), rəngi qara metalik) avtomobili dəyəri tam ödənilənədək texniki saz vəziyyətdə alıcının-cavabdehin istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür.
42. Cavabdehin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirmədiyi, müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyi, yəni müqavilə şərtlərinin tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda, lazımi şəkildə ödənişləri həyata keçirmədiyi, bununla da satıcının hüquqlarını pozduğu işin mübahisələndirilməyən halıdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xeyrinə əldən çıxmış fayda olaraq 4.001 manat, cərimə borcu olaraq 890 manat və avtomobilə dəymiş real zərər (təmir (servis) xərcləri) olaraq 5.040 manat məbləğində pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Birinci instansiya məhkəməsi iddianın əldən çıxmış faydaya aid hissəsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyini (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır) nəzərə alaraq əsaslı olduğunu qeyd etmiş, məbləği xx.xx.2023-cü il tarixli, B-340-AAE-23 nömrəli “Avtomobil alqı-satqısı üzrə” müqaviləyə əsasən əsas borc məbləğinin ödənilməsi barədə cavabdehə pretenziya məktubunun (iradə ifadəsinin təsdiqindən) göndərildiyi tarixdən hesablanmalı olduğu qənaətinə qəlmişdir.
44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Alıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni satıcının müəyyən məbləğdə pul - müqavilə qiymətini almaq hüququnu pozduqda satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququnun yaranmasına əsasdır.
45. Verilmiş əşyanın geri qaytarılmasını tələb etməyən satıcı, alıcı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməsini tələb edə bilər.
46. Beləliklə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini, həmçinin gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
47. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyindən, yəni satıcının müəyyən məbləğdə pul-müqavilə qiymətini almaq hüququnu pozduğundan satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququ yaranmışdır. Belə ki, yuxarıda sadalanan normaların məzmununa görə alıcı tərəfindən müqavilə şərtləri pozulduğu halda qeyd edilən seçim iddiaçıya aid olur.
48. Hazırkı halda da müəyyən edilir ki, iddiaçı əşyanın cavabdehin sahibliyindən alınaraq ona qaytarılmasını təmin etməklə hüququnun realizəsi üsullarından məhz bu formanı seçmişdir. Belə olan halda iddiaçının, avtomobilin gec təhvil verildiyinə istinadən xx.xx.2024-cü ilədək əldən çıxmış fayda kimi maddi zərərin hesablanaraq qarşı tərəfdən tutulmalı olması barədə tələbi məhkəmə kollegiyası əsaslı hesab etmir.
49. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin oluna bilməzsə) rədd edilir.
50. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.
51. Tərəflər arasında bağlanmış “Avtomobil alqı-satqısı üzrə” xx.xx.2023-cü il tarixli, B- 340-AAE-23 nömrəli müqavilədə, avtomobilin müqaviləyə xitam verildikdən sonra təhvil verilməsinin gecikdirildiyi təqdirdə alıcının əldən çıxmış fayda olaraq pul vəsaitinin ödənilməli olması öhdəliyi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilən maddələrin məzmununa görə də iddiaçının tələb etdiyi formada zərərin ödənilməsini tələb etməsi istisna olunur.
52. İddiaçı irəli sürdüyü bu tələbi əsaslandırmaq məqsədilə tərəflər arasında bağlanmış müqavilənin lizinq müqaviləsinin ünsürlərini özündə ehtiva etdiyini, həmin müqavilənin lizinq müqaviləsi kimi təfsir edilməli olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası müqavilənin şərtlərini mülki qanunvericiliyin müvafiq normaları ilə müqayisəli şəkildə təhlil aparaq iddiaçının bu mövqeyinin əsaslı olmadığı qənaətinə gəlir.
53. Belə ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Nisyə alqı-satqı müqaviləsi isə əşyanın alıcıya verildikdən müəyyən müddət sonra və ya qrafik üzrə (əşyanın hissə-hissə ödənilməsi) ödənilməsinə imkan verən alqı-satqı müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş növlərindən biridir. Həmin müqavilə əsasında yaranan məsələlərin tənzimlənməsi Mülki Məcəllənin ayrıca fəsli ilə həyata keçirilir.
54. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı müqavilənin, özündə əks etdirən şərtlərə görə lizinq müqaviləsi kimi təfsir edilməsi, yəni müqaviləyə xitam verildikdən sonra cavabdehin müqavilə predmeti olan avtomobildən istifadə etməsi üçün əldən çıxmış fayda şəklində pulun ödənilməli olması ilə əlaqədar iddiaçının mövqeyi səhvdir.
55. Belə ki, iddiaçı mübahisəli müqaviləyə görə alıcının əldə olunan əmlak üzərində mülkiyyət hüququnun ödənişlər tam şəkildə həyata keçirilənədək yaranmamasına istinad etsə də, kollegiya Mülki Məcəllənin 606.1-ci maddəsinə əsasən qeyd edir ki, daşınar əşyanın nisyə alqı-satqısı müqaviləsi üzrə satıcının alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamaq (mülkiyyət hüququnun saxlanması haqqında qeydşərt) imkanının müqavilədə nəzərdə tutulması yolveriləndir.
56. Bundan başqa mülki qanunvericiliyə görə lizinq alanın müqavilə ləğv olunduqdan sonra ödənişləri geri tələb etmək hüququ yoxdur. Halbuki mübahisəli müqavilənin 3.2.5-ci bəndinin a) yarımbəndi ilə satıcının müqaviləyə birtərəfli qaydada xitam verildiyi halda avtomobi ani likvid dəyəri ilə üçüncü şəxslərə satmaq, satış məbləği alıcının borcunu tam bağladıqda yerdə qalan məbləğinin alıcıya geri qaytarmaq öhdəliyi nəzərdə tutulmuşdur.
57. Daha sonra, hazırkı müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikindən göründüyü kimi, cavabdehin ilkin ödənişi etdikdən sonra ödənməli olduğu qalan məbləğ, 60 aya bölünmüş xalis alış qiymətindən ibarətdir. Halbuki lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir.
58. Ümumiyyətlə müqavilənin adından həmin müqavilənin avtomobilin alqı-satqısı barədə olması aydın müəyyən edilir və iddiaçının istinad etdiyi qeyri-müəyyənliklər cavabdeh-alıcının ziyanına şərh edilməməlidir.
59. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda mübahisələndirilən qətnamənin – bu iddia tələbinin qismən təmin olunan hissəsi hazırda apellyasiya baxışının predmeti olmadığından, yəni cavabdeh tərəfindən mübahisələndirilmədiyindən qətnamə bu hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Mübahisələndirilən qətnamədən həmçinin görünür ki, birinci instansiya məhkəməsi iddiaçıya real zərər formasında maddi zərərin vurulduğu ilə əlaqədar qismən razılaşaraq sərgilədiyi mövqeyini nəqliyyat vasitəsinin qaytarılması zamanı şirkət tərəfindən təhviltəslim aktının tərtib edilmədiyini qeyd etmiş, iddianı - cavabdeh tərəfindən etiraf edilimiş hissəsində təmin etmişdir.
61. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
62. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması həmin hallara istinad edən tərəfin birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
63. Kollegiya Mülki Məcəllənin 21-ci maddənin müddəalarını nəzərə alaraq qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulsa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
64. Qeyd edilməlidir ki, tərəflər arasında müqaviləyə vaxtından əvvəl xitam verilməsi nəticəsində avtomobilin likvid dəyərə satılması imkanı nəzərdə tutulmuşdur. İddiaçı tələbində dəymiş real zərərin miqdarı olaraq avtomobilə dair çəkilmiş təmir-bərpa işlərinin dəyəri, yəni nəqliyyat vasitəsinin əmtəə dəyəri ilə bağlı itkilərin məbləği - əmlakın zədələnməsindən və sonrakı təmirindən sonra avtomobilin bazar dəyərinin aşağı düşməsini nəzərə alaraq real zərərin ödənilməsini tələb edir.
65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etməyi zəruri sayır ki, cavabdehin istifadəsində olmuş avtomobilin getdikcə bazar dəyərinin aşağı düşməsi ağlabatandır. Bu səbəbdən müqavilədə də avtomobilin likvid dəyərinə uyğun satılmalı olması müəyyən edilmişdir.
66. Bundan başqa avtomobilin buraxılış ilini, yəni təzə olması, avtomobilin cavabdehin istifadəsində olması müddəti, təhvil alınma zamanı təhvil-təslim aktının tərtib olunmaması, vəziyyəti ilə əlaqədar şəkillərin çəkilməməsi nəzərə alaraq hesab edir ki, çəkilməsi ehtimal edilən xərclərə həqiqətən ehtiyac olduğu barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Tərəfindən işə apellyasiyada baxış zamanı təqdim edilmiş sənədlərin mötəbər sübut olaraq cavabdehin ziyanına qiymətləndirilməsi yolverilməzdir. Belə ki, istinad olunan bu sənədlər yuxarıda sadalanan işin halları ilə təkzib olunur.
67. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
68. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 366 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kollegiyanın qənaətinə görə də birinci instansiya məhkəməsinin həmin məbləğə dair gəldiyi nəticə əsaslı hesab olunmalıdır
69. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2.7-ci bəndinə əsasən iddiaçının avtomobili geri götürmək, onu satışa çıxartmaq, avtomobilin satışından əldə olunan məbləğ ilə alıcının borcunu tam bağlamaq mümkün olmadığı təqdirdə qalıq borcunun ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Lakin hazırda iddiaçı iddia ərizəsində tələb etdiyi məbləğlərin ödənilməli olmasını əsaslandırarkən müqavilənin bu bəndinə əsaslanmır. Qeyd olunan bu hallar da birinci instansiya məhkəməsində araşdırma predmeti olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, hazırkı qətnamə müqavilənin müvafiq bəndinə əsasən iddiaçının yenidən məhkəməyə müraciət etməsini istisna etmir.
70. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4685/2024 saylı 26 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində iddiaçı Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev