Məhkəmə qərarları › İş №2(103)-2108/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2108/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2108/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh Rafıq oğluna qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5101/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh Rafıq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rafıq oğlundan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********74237 olan “Samsung Galaxy A40” markalı telefon üçün 600 manat ödənilməmiş hissə, 60 manat cərimə olmaqla, 660 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********74237 olan Samsung Galaxy A40 markalı telefon almış və nəticədə 660 manat borc yaranmışıdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu uil tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 600 manat (6 ay x 100 manat + 0 manat ilkin ödəniş) olan mobil telefon üçün ümumilikdə 660 manat olmaqla cavabdehdən 600 manat ödənilməmiş hissə Ş 180 manat cərimə (180 gün x 1 manat) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olunaraq 60 manat cərimə borcu yazılmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı iddia tələbinin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 3841 və 384.2-ci maddələrinə istinad etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5101/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********74237 olan “Samsung Galaxy A40” markalı telefon üçün 600 manat ödənilməmiş hissə, 60 manat cərimə olmaqla 660 (altı yüz altmış) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Rafıq oğlundan tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin qət edilmişdir (sədrlik edən: Fərid Əyyubov.) Qətnamədən Cavabdeh Rafıq oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5101/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh telefonu pulu vermədən, yəni ilkin ödəniş ödəmədən kreditə götürmüşdür. Həmin gündə telefon hərəkətsiz donmuşdur. Cavabdeh telefonu dərhal aparıb aldığı yerə özlərinə göstərmişdir. Onlar telefonun zavoddan qüsurlu olduğunu və xarab olduğunu bildirmişlər. Bundan sonra onlar cavabdehdən 50 manat pul tələb etdilər ki, yeni başqa bir telefonu versinlər. İddiaçı bildirmişdir ki, onlarda qayda belədir, istəmirsə telefonu qaytarıb çıxıb gedə bilər. Cavabdehə xarab telefon verdiklərindən və bundan sonra xarab telefonu başqa bir telefonla əvəzləşdirmək üçün cavabdehdən əsassız olaraq 50 manat pul tələb etdiklərindən bu cavabdehin haqlı etirazıma səbəb olmuş, o, iddiaçı ilə razılaşmamış, götürmüş olduğu telefonu qaytarmışdır. Yəni cavabdeh müqaviləyə əsasən iddiaçı təşkilatdan rəsmi şəkildə telefon götürsə də, faktiki olaraq telefon qüsurlu və xarab çıxdığından həmin telefonu aldığı gündə onlara qaytarmışdır. Digər tərəfdən cavabdeh məhkəməyə dəvət olunmamış, yəni ona məhkəməyə getmək üçün çağırış göndərməmişdir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Məcəllənin 386, 442, 445, 448, 462, 600, 601-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçı Y.Məmmədov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan sübutlara əsasən müəyyən edilir ki, “xxxx” MMC ilə Cavabdeh Rafıq oğlu arasında bağlanmış xx.xx.2019- cu il tarixli 00830249 saylı müqaviləyə əsasən iddiaçı İMEİ kodu **********74237 olan “Samsung Galaxy A40” markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə onun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş 600 manat pulu aylıq 100 manat olmaqla, xx.xx.2020-ci il tarixinə qədər hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 600 manat ödənilməmiş hissə, 60 manat cərimə olmaqla, 660 manat borcu vardır. “xxxx” MMC-nin Cavabdeh Rafıq oğluna ünvanladığı xəbərdarlıq məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Mülki Məcəllənin 581.1-ci maddəsinə görə, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin 581.2-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Mülki Məcəllənin 587.1-ci maddəsinə görə, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Mülki Məcəllənin 587.2-ci maddəsinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdeh iddiaçıdan aldığı mobil telefonda qüsur aşkar etdiyindən onun təmir edilməsini və ya yenisi ilə əvəz edilməsini istəmiş, lakin iddiaçı bunları etməkdən boyun qaçıraraq Mülki Məcəllənin sadalanan maddələrinin tələblərini pozmuşdur. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi öz izahatında mübahisələndirilən mobil telefonun cavabdeh tərəfindən təhvil verilməsini təsdiq etmişdir. Cavabdeh (alıcı) qüsurlu mobil telefonu iddiaçıya (satıcı) təhvil verdiyindən iddiaçının həmin telefonun dəyərinin ödənilməsi ilə bağlı olan iddia tələbinin təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur. Qeyd edilən hallara əsasən, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5101/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar