Məhkəmə qərarları › İş №2(103)-2109/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2109/2024

09.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2109/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh İB-nə (bundan sonra, cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh İB əməkdaşları tərəfindən tərtib olunmuş akta görə hesablanmış 8812,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia təmin edilmiş, Azəriqaz” İB tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********04580) hesablanmış 8812,80 manat (səkkiz min səkkiz yüz on iki manat səksən qəpik) manat məbləğində borcun silinməsi, həmçinin cavabdehdən 130 manat ekspertiza tədqiqatının dəyəri və 108,12 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçı tərəfindən qanunsuz qoşulma halının müəyyən olunması, bu barədə aktın tərtib olunması, aktlın qanuni olması, müdaxilə faktının aşkar olunması, ekspert rəyində kənar qoşulma halının aşkar olunmadığı qeyd olunsa da, kənar xəttin ləğv olundğu halda ekspertin bunu müəyyən etməsinin mümkün olmaması, əlavə sərfiyyatın düzgün hesablanması, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orda göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, müvafiq akt 30 dekabr 2022-ci il tarixdə tərtib olunmuş, aktda abonentin və ya onun hər hansı ailə üzvünün iştirakı qeyd olunmamışdır. Bununla yanaşı, bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və ya cinayət təqibi orqanına təqdim olunmamış, pozuntuya görə əlavə sərfiyyat birbaşa abonent saldosuna hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 30 dekabr 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən X5 barəsində Cavabdeh İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2022-ci il tarixli akt tərtib edilmiş, aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. İşdə olan 30 dekabr 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən Cavabdeh İB tərəfindən dəymiş ziyanın bərpasına dair hesabat aparılmış və itirilmiş qazın həcmi 73440m3 hesablanmış, hesablanmış zərərin abonent tərəfindən ödənilməsi qərara alınmışdır. İşdə olan **********04580 kodlu abonent saldosuna əsasən X2 abonent hesabına 2023-cü ilin dekabr ayı üzrə 8812,80 manat məbləğində borc əlavə edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə doğulmuş, atası X3r. İşdə olan “Ölüm haqqında şəhadətnamə”yə əsasən X5 (iddiaçının atası) 05 aprel 2020-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli məhkəmə-trasoloji və məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən fərdi yaşayış evi üzrə tədqiqata təqdim edilmiş qaz sayğacının və borcunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Ekspertizanın dəyəri 130 manat məbləğində təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən göstərmişdir ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə, bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin və ya fərdi yaşayış evində yaşayan digər şəxslərin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən fərdi evi üzrə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi də öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən, cavabdeh tərəfindən iddiaçının atası olan məhrum X5 barəsində tərtib edilmiş akt əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən fərdi evi üzrə 8812.80 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Həmçinin qeyd olunmalıdır ki, «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Abonent hesabına borcun hesanlanmasına dair əsaslar həmçinin cavabdeh qrum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. İlkin olaraq qeyd edilməlidir ki, akt abonent kimi X2 barəsində tərtib olunmuş və aktda sonuncunun aktı imza etməkdən imtina etməsi xüsusi olaraq qeyd edilmiş, lakin işdə olan ölüm haqqında şəhadətnaməyə əsasən sonuncu daha əvvəl, yəni xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Belə olan halda, abonent kimi X2 aktı imza etməkdən imtina etməsi barədə həmin qeyd əsassız olmaqla, formal yazılmışdır. Bu hal həmçinin aktın qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, abonentin hər hansı ailə üzvünün iştirakı təmin olunmadan tərtib olunması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Eyni zamanda, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza zamanı qaz sayğacının və borcunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədənin aşkar edilməməməsi, qaz sayğacından kənar xətlərin çəkilməsinin müşahidə olunmaması da müəyyən edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qeyd edilməlidir ki, ««Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Qanuna yuxarıda qeyd edilən norma əlavə edilmiş, qeyd olunan maddi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Yuxarıda da qeyd edildiyi kimi, sayğacdan kənar qanunsuz qoşulması barədə akt 30 dekabr 2022-ci il tarixdə, yəni göstərilən norma qüvvədə olduğu vaxt tərtib olunmuş və həmin akta əsasən əlavə sərfiyyat kimi hesablanmış müvafiq pul vəsaiti tələb olunmuşdur. Analoji məsələ, sonradan həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qanunverici açıq-aşkar müəyyən etmişdir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Yalnız bundan sonra, yəni istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh isə bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda isə cavabdeh sayğaca müdaxilə olunması əsası ilə müvafiq pul vəsaiti hesablamaqda və onu tələb etməkdə haqlı olmamışdır. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Bu səbəbdən də şikayət təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunması nəticəsinə gəldiyindən, haqlı olaraq məhkəmə xərclərini (ekspertiza xərci və dövlət rüsumu) cavabdehə aid etmişdir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar