Məhkəmə qərarları › İş №2(103)-2110/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2110/2022

22.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2110/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, 13.01.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan 9a saylı mənzilin texniki sənədlərdə nəzərdə tutulmuş əvvəlki vəziyyətinə qaytarılması təmin edilərək, mənzil daxilində özbaşına tikilmiş sanitar qovşağın sökülərək texniki sənədlərdə nəzərdə tutulmuş, həyətdəki sahəyə köçürülməsi, yaşayış sahəsi üzərində özbaşına quraşdırılmış, texniki sənədlərdə olmayan bütün kommunikasiya xətlərinin ləğv edilməsi və ona dəymiş 2000 manat maddi ziyanın və 1000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 333,0 manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh 15 noyabr 2021-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 10-1.3-cü və 361-ci maddələrinə riayət edilmədən verildiyi üçün geri qaytarılmışdır. Qətnamədən İddiaçı və Cavabdeh 25 noyabr 2021-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.12.2021-ci il tarixli, 2(103)- 12094/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş apellyasiya instansiya məhkəməsində olduğu zaman, yəni 14 dekabr 2021-ci il tarixdə apellyator İddiaçı apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə birlikdə müraciət etmişdir. Mülki iş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, 13 yanvar 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.12.2021-ci il tarixli, 2(103)-12094/2021 saylı qərardadı əsasında geri qaytarılmışdır. Həmçinin, 14 dekabr 2021-ci il tarixdə İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə baxılması 31 yanvar 2022-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. Cavabdeh 25 yanvar 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, 24.11.2021-ci il tarixdə apellyasiya şikayətinin elektron qaydada verdiyini bildirmiş və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh tərəfindən 26 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, 13 yanvar 2022-ci il tarixli qərardadından şikayət verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, 26 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün 2(009)-720/2021 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.12.2021-ci il tarixli, 2(103)-12094/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətləri geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, 13 yanvar 2022-ci il tarixli qərardadı ilə tərəflərin apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.12.2021-ci il tarixli, 2(103)-12094/2021 saylı qərardadı əsasında geri qaytarılmışdır. Cavabdeh 25.01.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərkən apellyasiya şikayətini elektron qaydada verdiyini qeyd etmişdir. Lakin, buna baxmayaraq, 26.01.2022ci il tarixdə təyin edilmiş prosessual müddətin bərpa edilməsi barədə hərəkətlərin nəticəsini gözləmədən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, 13 yanvar 2022-ci il tarixli qərardadından şikayət vermişdir. Birinci instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq apellyasiya şikayətlərini geri qaytarmışdır və Cavabdeh şikayətini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, 13 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar