Məhkəmə qərarları › İş №2(103)-2110/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2110/2023

07.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2110/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 dekabr 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus və Bakı şəhəri, H.Əliyev küçəsi, bina 15-də yerləşən, sahəsi 61,8 kv.metr olan zirzəminin üstündə yerləşən və Cavabdeh məxsus “S-Lady” mağazasına qalxan və cavabdeh tərəfindən qanunsuz inşa etdirilmiş pilləkənin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh mağazanı əldə etdikdən sonra iddiaçıya məxsus sahənin bir hissəsini zəbt edərək orada pilləkən inşa etdirmişdir. Bu hal iddiaçının mülkiyyət hüququnu pozur və mülkiyyətində olan zirzəmi sahəsindən istifadə etməsinə maneə yaradır. İddiaçı, pozulmuş hüququnun bərpası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etsə də, RİH, iddiaçıya xx.xx.2021-ci il tarixli, 9/8-60151 saylı məktub göndərərək, müraciətində qeyd edilən məsələnin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə münasibəti barədə məlumat

3. Cavabdeh iddiaya qarşı etiraz vermiş və bildirmişdir ki, o, qanuni əsasla və müvafiq dövlət təşkilatlarının razılı ilə pilləkən inşa etdirmiş və bu zaman iddiaçıya məxsus sahəni zəbt etməmişdir. Pilləkən iddiaçının zirzəmisinə giriş-çıxışına heç bir maneə törətmir. Odur ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, mübahisəli pilləkən cavabdehə məxsus qeyri-yaşayış sahəsinə aid “Texniki pasportda” nəzərdə tutulub və “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2ci bəndlərinə habelə tikinti norma və qaydalarına uyğun inşa olunmuşdur. Həmin pilləkən iddiaçıya hər hansı bir maneçilik törətmir. Göründüyü kimi, iddiaçı, pilləkənin ona aid sahəyə giriş-çıxışa maneə törətdiyini bildirsə də, bu hal öz təsdiqini tapmır. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

8. İddiaçı işə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

9. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki işdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə cavabdehə məxsus qeyri-yaşayış sahəsi qonşu sahələrdir. İddiaçıya məxsus qeyri yaşayış sahəsi ünvan 1 ünvanındakı binanın zirzəmisində, cavabdehə məxsus qeyriyaşayış sahəsi isə həmin binanın birinci mərtəbəsində yerləşir. Həmin sahələr üzərində iş üzrə tərəflərin mülkiyyət hüquqları “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmışdır.

12. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və işdə olan fotoşəkillərdən bəlli olur ki, hər iki sahəyə giriş Hüseynbala Əliyev küçəsindədir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə giriş həmin küçədən binaya doğru, üzü aşağı olan pilləkən marşı vasitəsi ilə, cavabdehə məxsus qeyri-yaşayış sahəsinə isə giriş həmin küçədən binaya doğru, üzü yuxarı olan pilləkən marşı vasitəsi ilə həyata keçirilir.

13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Texniki pasportdan” və “Qeyri-yaşayış sahəsinin indiki vəziyyətinin əks olunduğu eskizdən” görünür ki, cavabdehə məxsus olan qeyriyaşayış sahəsi dörd tikilidən ibarətdir, qeyri-yaşayış sahəsindən küçə tərəfə qapı açılmış və qeyri-yaşayış sahəsinə giriş-çıxış üçün pilləkən marşı və meydançası mövcuddur.

14. İddiaçı iddia edir ki, cavabdeh ona məxsus sahənin bir hissəsini zəbt edərək orada pilləkən inşa etdirmişdir. Bu hal onun mülkiyyət hüququnu pozur və mülkiyyətində olan zirzəmi sahəsindən istifadə etməsinə maneə yaradır. O, pozulmuş hüququnun bərpası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etsə də, RİH tərəfindən heç bir tədbir görülməmişdir.

15. Nəsimi Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlandığı xx.xx.2021-ci il tarixli, 9/S-60-151 saylı məktubdan görünür ki, RİH, iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında (yuxarıda qeyd edilən pilləkən ilə bağlı) yaranmış mülki mübahisə məhkəmə müstəvisində həll oluna bilər. Buna görə də, iddiaçı, həmin məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət etməlidir.

16. Rayon Məhkəməsi iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin obyektiv həlli üçün xüsusi biliyin lazım olmasını nəzərə alaraq xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi 10/5645 saylı, xx.xx.2022-ci il tarixli rəyi alaraq tədqiq etmişdir. Həmin rəydən görünür ki, tədqiq olunan qeyri-yaşayış sahələrinə dair tərtib edilmiş “Texniki pasport” məlumatları müqayisə edilərkən, cavabdehin mülkiyyətində olan qeyriyaşayış sahəsində giriş-çıxış üçün inşa edilmiş pilləkənin “Texniki pasportun” göstəricilərinə uyğun olması, iddiaçı ilə cavabdehə məxsus qeyri-yaşayış sahələrinə girişçıxış yollarının (keçidin) ayrı-ayrılıqda yanaşı sahələrdə yerləşməsi, hər iki sahəyə sərbəst giriş-çıxışın mümkün olması, cavabdehi sahəsinə aid pilləkənın iddiaçının sahəsinə girişçıxışına maneçilik yaratmadığı müəyyən olunur.

17. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatları nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.).

18. Məhkəmə qeyd edir ki, qanunverciliyin sadalanan normalarına əsasən iddiaçının hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ o zaman yaranır ki, (birinci hal) mübahisəli pilləkən qanunsuz inşa edilmiş olsun və (ikinci hal) iddiaçının hər hansı maraq və hüquqlarını pozsun. Lakin iş üzrə sübutları bir-biri ilə əlaqəli şəkildə tədqiq edilərkən müəyyən edilir ki, yuxarıda qeyd edilən hər iki hal (nə birlikdə, nə də ayrıayrılıqda) mövcud deyil.

19. Bunu nəzərə alan Məhkəmə bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM; 77.1. və 14.2.). Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi də qeyd edilən əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur.

20. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 dekabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar