Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2114/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq qəbul edilmiş akta əsasən hesablanmış cərimənin silinməsi” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq qəbul edilmiş akta əsasən hesablanmış cərimənin silinməsi tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4463/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq qəbul edilmiş akta əsasən hesablanmış cərimənin silinməsi barədə iddiası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4463/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş R № 243773 saylı, 19 mart 2022-ci il tarixli (abunə haqqında arayışda xx.xx.2022-ci il göstərilib) aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 633,76 manat məbləğində cərimə borcunun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13, 17-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6, 8.32-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, tərtib olunan R № 243773 saylı, 19 mart 2022-ci il tarixli akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İstehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borc silinməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: "xxxx" ASC-nin R № 243773 saylı, 19 mart 2022-ci il tarixli aktına əsasən "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğac axan cərəyanı tam qeyd etmir;- "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan məlum olur ki, Qəmbər İnsanova məxsus ünvan 2 ünvanına dair cəmi 676,28 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan arayışdan məlum olur ki, R № 243773 saylı, 19 mart 2022-ci il tarixli akta əsasən (16+1292,85+9=1317,85; 1317,85-684,09=633,76) 633,76 manat borc hesablanmışdır;- “Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında” xx.xx.2013- cü il tarixli, AZ-İ № 007156 saylı şəhadətnamənin surətindən məlum olur ki, X1 “Vahid” soyadına dəyişdirilmişdir (iş.səh. 12, 26, 43). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4463/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən - iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsini və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə istinadən qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinin (abunə kodu: **********V0026) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı mənzilə məxsus elektrik sayğacının axan yükü hiss etməməyi müəyyən edilmişdir və xx.xx.2022-ci il tarixli R 243773 saylı müvafiq akt tərtib olunmuşdur. Akt "xxxx" ASC-nin əməkdaşları F.Rzayev, R.Novruzov və E.Zərbəliyev tərəfindən imzalanmışdır. Abonentin nümayəndəsi hissəsində “iştirak etmədi” (qapını açan olmadı) qeyd edilmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən xx.xx.2022-ci il tarixli R 243773 saylı akt üzrə 10.245 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 1318 manat müəyyən edilməklə abonentin (kod **********V0026) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli ƏN 01/006263 saylı protokola əsasən aktın hesabatına yenidən baxılmışitirilmiş elektrik enerjinin bərpası məqsədi ilə abonentə 6.219 kvts-( 684,09 manat) azalma edilərək, 633,76 manat məbləğində hesabat təqdim edilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, iddiaçıya məxsus sayğaca baxış keçirilərkən sayğacın üzərində sərfiyyatın oxunulmadığını, komissiya üzvlərinin tərtib edilmiş sənədlərə baxaraq 180 gün üçün itirilmiş elektrik enerjisi həcminin abonentə əlavə sərfiyyat kimi hesablandığını, sonra abonentin komissiyaya müraciət etdiyini, komissiyanın məbləği 90 gün üçün itirilmiş elektrik enerjisinə müvafiq azaltdığını bildirmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra – “Qaydalar”) 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi həyata keçirir. 6.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X2 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X2 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 10.9. Enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar.10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi: “10.18.9. elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə; 10.18.9-2. bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə; 10.18.10. elektrik enerjisinin paylanmasında, satılmasında, elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər normativ sənədlərin tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X2 Agentliyinin tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə borcludur.”
9. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 13-cü maddəsində göstərilmişdir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 560, 1096-1097; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 78.1, 80-82, 106.2, 119, 372, 385- 390-cı maddələrinə istinadən hesab edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
11. İddia edilən borcun əsaslı olmasını sübutetmə yükü aktı və borcu müəyyən edən cavabdehə mənsub olsa da, borcun yaranma əsaslarının qanunsuz müdaxilə ilə bağlı olduğunu qeyd etsə də, bunun səbəblərini sübut edə bilməmiş, araşdırılmanın istehlakçıya məlumat verilmədən aparılması təsdiq edilmişdir. Elektrik enerjisinin qənaətedici olmayan sərfiyyatı əsaslarını dövlət əmlakının talanması təşkil edir və bu hallara nəzarət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Enerjitəchizatı müəssisəsi iddiaçı tərəfindən müvafiq borcun ödənilməsi üçün vaxtında zəruri tədbirlər həyata keçirməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının və ya digər şəxsin müvafiq cinayət təqibi və ya inzibati xəta haqqında icraatlar həddində hərəkətsizliyi mülki icraat çərçivəsində araşdırmanın xüsusiyyətlərinə və prosessual məhdudiyyətlərə müvafiq iddia edilən halların tam araşdırılmasına imkan vermir.
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün faktiki və hüquqi istinadlar müəyyən etmədiyindən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh tərəfindən tərtib edilmiş akt, onun özü tərəfindən sonradan təkzib edildiyindən (sərfiyyat dəyişdirildiyindən), əhəmiyyətsizdir və borcun onun əsasında müəyyən edilməsi də əsaslı ola bilməz. Diqqətə çatdırılmalıdır ki, cavabdehin istinad etdiyi dəlillər və sübutlar arasında ziddiyyətlər müəyyən edilir, onların (aktın əsaslılığı, sonradan sərfiyyatın dəyişməsi üzrə hərəkətlər və s.) mötəbərliyi təmin olunmur. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4463/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.