Məhkəmə qərarları › İş №2(103)-2126/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2126/2025

14.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2126/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (üçüncü şəxs ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) cavabdeh X2 (prosessual hüquqi varisi Cavabdeh) qarşı iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızıdan və X4 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçının atası X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

2. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0162 ha və həmin ünvanda yerləşən ümumi sahəsi 0.034 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələri xx.xx.2019-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır.

3. xx.xx.2023-cü il tarixli reyestrdə 4Ə-1249 sayla qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə ünvan 2 ünvanında yerləşən sahəsi 0,034 ha olan torpaq sahəsinin, eyni tarixli 4Ə-1250 sayla qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında 0,0162 ha olan torpaq sahəsi tam hissədə X8 tərəfindən (etibarnamə əsasında nümayəndəsi Cavabdeh) mərhumun bacısı X2 bağışlanmış və xx.xx.2023-cü il tarixdə sonuncunun adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir.

4. Yuxarıda sadalanan daşınmaz əmlakların bağışlanması müqavilərinin imzalanması prosesində X7 əvəzinə etibar edilən şəxs qismində Cavabdeh çıxış etmişdir. Cavabdeh verilmiş etibarnamənin qüvvədə olma müddəti xx.xx.2027-ci il tarixədək olmuşdur.

5. X8 xx.xx.2023-cü il tarixdə, X3 isə xx.xx.2024-cü il tarixdə ölmüşdür.

6. 26.10.2023-cü il tarixdə verilmiş və reyestrdə 2V-122 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X7 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2224 ünvanında yerləşən ümumi sahəsi 387,3 kv.m olan bağ evindən və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0,1016 ha olan torpaq sahəsindən ibarətdir.

7. 09.09.2023-cü il tarixli reyestrdə 2V-732 sayla qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X3 ölən günə kimi ona məxsus olan bütün əmlakını xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh vəsiyyət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) cavabdeh X2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0162 ha olan torpaq 3 sahəsinin cavabdeh X2 bağışlanılmasına dair 4Ə-1250 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışılanma müqaviləsinin və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,034 ha olan torpaq sahəsinin cavabdeh X2 bağışlanılmasına dair 4Ə-1249 reyestr nömrəli, xx.xx.2023cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında həmin torpaq sahələrinə dair cavabdeh X1 adına verilmiş **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli və **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun atası X7 adına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, adı gedən torpaq sahələrinin bağışlanılması müqavilələrinin imzalanması prosesində X7 əvəzinə etibar edilən şəxs qismində Cavabdeh çıxış etmişdir. Belə ki, Cavabdeh həmin müqavilələri atasının ona xx.xx.2017-ci il tarixdə verdiyi etibarnamə əsasında imzalamışdır. Qeyd edir ki, Cavabdeh atasının qardaşı oğlu, X3 isə atasının bacısıdır, onların hər ikisi ünvan 6 ünvanında qeydiyyatdadırlar və orada yaşayırlar, atası isə ölənədək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2224 ünvanında qeydiyyatda olmuş və orada yaşamışdır. Atasının yaşadığı evlə Cavabdeh və X1 yaşadığı ev bir-birinin yanındadır və atası yaşadığı evdə öldüyündən Cavabdeh və X3 atası ölərkən onun yanında olmuşlar, dəfn və yas mərasimlərində iştirak etmişlər. Göründüyü kimi, adı gedən torpaq sahələri atasının öldüyü tarixdən (xx.xx.2023) təxminən 2 ay sonra (xx.xx.2023) atasının xx.xx.2017-ci il tarixdə Cavabdeh verdiyi etibarnamə əsasında atasının etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh atasının öldüyünü bilməsinə baxmayaraq adı gedən əmlakların X2 bağışlanılmasına dair müqavilələri imzalamışdır. Atasının verdiyi etibarnamə əsasında onun ölümündən sonra Cavabdeh tərəfindən həmin etibarnamə üzrə istənilən hərəkətin edilməsi, o cümlədən adı gedən bağışlanma müqavilələrinin imzalanması isə qanunsuzdur və adı gedən bağışlanma müqavilələri etibarsızdır. Halbuki, həmin torpaq sahələrini (miras əmlak kimi) yeganə varis kimi o qəbul etməlidir və onun hüquqları pozulmuşdur. X3 əsassız varlanmışdır. Belə ki, mülki qanunvericiliyə əsasən atasının ölməsi ilə onun Cavabdeh verdiyi etibarnamənin qüvvəsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Belə olan halda isə, həmin etibarnamə əsasında Cavabdeh imzaladığı 40-1250 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli və 40-1249 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlanma müqavilələri etibarsızdır (həmin müqavilələr əhəmiyyətsiz əqdlərdir).

10. Hazırkı iş üzrə iddia xx.xx.2023-cü il tarixdə qaldırılmış və iddia ərizəsində cavabdeh kimi X3 da göstərilmişdir. Zərifə Məmmədova iş birinci instansiya məhkəməsinin icraatında olarkən vəfat etdiyindən məhkəmə onu prosessual hüquq varisi olan oğlu - Cavabdeh ilə əvəz etmişdir.

11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-67/25 saylı iş üzrə 08 yanvar 2025ci il tarixli qətnaməsi ilə (hakim E.Rüstəmov) iddia qismən təmin edilmiş, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0162 ha olan torpaq sahəsinin X2 bağışlanılmasına dair 4Ə-1250 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışılanma müqaviləsi və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat ofisində təsdiq edilmiş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,034 ha olan torpaq sahəsinin X2 bağışlanılmasına dair 4Ə-1249 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında həmin torpaq sahələrinə dair X1 adına verilmiş **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli və **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mərhum X8 öz əmlakının idarə olunması və digər hərəkətlərin edilməsi üçün Cavabdeh etibarnamə vermiş, sonuncu da X7 ölümündən sonra bağışlama müqavilələri bağlayaraq onun əmlakını mərhumun bacısı X2 bağışlamışdır. Bundan da aydın olur ki, Cavabdeh faktiki olaraq xitam verildiyini bildiyi etibarnamə əsasında, yəni buna səlahiyyəti olmadan bağışlama müqaviləsini həyata keçirmişdir. Bununla da qanunvericiliyin əqdlərin bağlanması üçün subyektlərlə bağlı müəyyən edilmiş tələbi pozulmuşdur. Məhkəmə iddia tələbinin torpaq sahələrinə dair mülkiyyət hüququnun X7 adına qaytarılmasına münasibətdə qeyd edir ki, bağışlanma müqavilələri və çıxarışların etibarsız hesab edilməsi hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi üçün əsas hesab edildiyinə görə, bu barədə qətnamədə xüsusi qeyd edilməsinə lüzum yoxdur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4, 337.5, 367.1.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-nin 8-ci maddəsində təsbit olunan hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozaraq onu cavabdeh kimi işə cəlb edərək iddiaçının maraqlarına üstünlük vermişdir. Əgər hamı qanun qarşısında bərabərdirsə nəyə görə mərhumun vərəsəsi o olmadığı aşkar olduğu halda məhkəmə onu cavabdeh kimi tanıyıb iddiaçının maraqlarına uyğun qətnamə qəbul etmişdir. İddia tələbinə cavab verməli olan şəxs deyil. Nə də mərhumun vərəsəsidir, həmin əmlaklar üzərində hüququ yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 365.1.7. Etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia qismən təmin edildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

25. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.

26. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

27. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə görə, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

28. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

29. Kollegiya hesab edir ki, hazırkı iddia tələbinin əsaslı olub-olmaması yuxarıda qeyd edilən qanunvericilik normaları əsasında və onların şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Qərarındakı hüquqi yanaşmaya uyğun şəkildə müəyyən edilməlidir.

30. Baxılan işdə birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almış, göstərilən maddi və prosessual hüquq normalarına uyğun bir araşdırma aparmış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmışdır.

31. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

32. Mülki Məcəlləyə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (359.1).

33. Göründüyü kimi, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Əksinə, qanunun imperativ tələbindən göründüyü kimi təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunla müəyyən edilmiş qaydada təmsilçiyə etibarnamə vermiş şəxs bağlanmış müqavilənin onun iradə ifadəsini əks etdirmədiyini o halda mübahisələndirə bilər ki, etibarnamə qanunsuz olsun və ya təmsilçi etibarnamə ilə ona həvalə edilmiş səlahiyyətlərdən kənara çıxsın.

34. Mülki Məcəlləyə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. (maddə 363.1). Etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir (maddə 365.1.7).

35. Baxılan iş üzrə X8 tərəfindən öz əmlakının idarə olunması və digər hərəkətlərin edilməsi üçün Cavabdeh verdiyi etibarnamə onun ölməsi ilə qüvvədən düşmüş, sonuncu isə buna səlahiyyəti olmadan bağışlama müqaviləsini bağlamış, əqdin subyektiv tərkibinə aid edilən şərtini pozmuşdur.

36. Kollegiya qeyd edir ki, iddia ilk öncə X2 qarşı irəli sürülmüş, sonuncu xx.xx.2024-cü il tarixdə vəfat etmiş, onun övladı olan Cavabdehin prosessual hüquq varisi qismində məhkəmə prosesinə cəlb edilmişdir. Hazırkı iş üzrə Cavabdeh vərəsə olmaması onun cavabdehin prosessual hüquq varisi qismində işə cəlb edilməsinə mane olmur. Belə ki, Cavabdeh hazırkı vəziyyətdə mübahisədə hüquqi vəziyyəti cavabdeh Zərifə Məmmədovanın prosessual hüquq varisidir. Digər tərəfdən, bağışlama müqavilələri qanunvericiliyin tələblərini pozmaqla bağlandığından həmin hərəkətin hüquqi nəticəsi olaraq ilkin vəziyyət bərpa olunmalıdır.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Zərifə Məmmədovanın ölümündən sonra vərəsəlik işinin açılıb-açılmaması, yaxud Cavabdeh anasının ölümündən sonra mirası qəbul edib-etməməsi hazırkı işə baxılmasına hər hansı formada təsir etmir. Belə ki, o, iş üzrə cavabdeh yox, cavabdehin prosessual hüquq varisi kimi işdə iştirak etməyə cəlb olunmuşdur.

38. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın əsaslı olması ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar