Məhkəmə qərarları › İş №2(103)-2132/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2132/2022

15.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2132/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-7305/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus mənzilə əsassız hesablanmış 886,45 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən 26 saylı binanın 3 otaqdan ibarət, ümumi sahəsi 145 kv.m olan 12 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyətindədir və 2008-ci ildən ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Bu dövr ərzində bütün kommunal ödənişlər, o cümlədən sudan istifadəyə görə ödənişlər onun tərəfindən vaxtlı-vaxtında ödənilir. 26.08.2021-ci il tarixdə cavabdehin əməkdaşı su sayğacının göstəricilərini qeydiyyata almaq üçün mənzilə daxil olub, əlindəki xüsusi cihazla su saygacının göstəricilərini qeyd etmək istədikdə, cihaz heç bir məlumat verməmiş, yəni borcu müəyyən edə bilməmiş və su borcunu əks etdirən qəbzi çap edərək təqdim etmək mümkün olmamışdır. Həyat yoldaşı bunun səbəbini soruşduqda, cavabdehin əməkdaşı özünün də anlamadığını bildirmiş və əlaqə saxlayacağını deyərək mənzili tərk etmişdir. Təxminən bir ay sonra 22.09.2021-ci il tarixdə su borcuna dair qəbzdə 886,45 manat borc qeyd olunmuş, 06.10. 2021-ci il tarixdə məsələni aydınlaşdırmaq üçün Cavabdeh ASC-nin Xətai rayon idarəsinə getmiş və idarənin metrologiya və abonentlərlə iş bölmələrində danışıqlar apardıqdan sonra qərarlaşmışlar ki, mənzilindəki su saygacı yenisi ilə əvəzlənsin, köhnə sayğac isə rəy alınması üçün ASCnin xüsusi laboratoriyasına təqdim edilsin. 08.10.2021-ci il tarixdə idarənin əməkdaşları mənzilə gələrək, yeni su sayğacı quraşdırmış, sayğacın dəyişdirilməsinin təsdiq edən sənədi və köhnə sayğacı laboratoriyaya təqdim etmək məqsədi ilə ona təhvil vermişlər. 28.10.2021-ci il tarixdə saygacı və verilən sənədi ASC-nin X1 laboratoriyasına təqdim etmiş, laboratoriyanın əməkdaşı sayğaca və sənədə baxaraq su sayğacını yoxlamağa qəbuldan imtina etmiş, sənəddə və sayğacın üzərində yazılan sayğacın nömrələri və plombanın üzərində və sənəddə olan rəqəmlərin fərqli olduğunu bildirmişdir. Həmçinin, sayğacın üzərində əks olunan son göstərici və sənəddə yazılan son göstəricinin uygun gəlmədiyini bildirmiş, o, bu deyilənləri akt formasında yazıb ona verməsini tələb etdikdə belə bir səlahiyyəti olmadığını bildirmiş və ona laboratoriyanın müdürinə müraciət etməsini məsləhət görmüşdür. Laboratoriyanın müdirinin qəbulundan olduqdan sonra sayğac yoxlamaq məqsədi ilə qəbul edilmiş və təqdim edilmiş rəylə tanış olduqda ona məlum olmuşdur ki, sayğacın istismar müddəti başa çatıb, təmirə və istismara yararsızdır. Eyni zamanda, rəydə qeyd edilir ki, sayğaca müdaxilə aşkar edilməyib. Beləliklə, cavabdeh ASC-nin nəzdində olan laboratoriyanın verdiyi rəy onu deməyə tam əsas verir ki, su sərfiyatına dair ona yazılan borc yanlışdır, əsassızdır və qanunsuzdur. Abonent kartından görünür ki, sayğacın bu hadisədən öncəki son göstəricisi 29.03.2021-ci ildə fiksə edilib və bu göstərici - 1782 olub, növbəti dəfə saygacin göstəricisi isə 26.08.2021-ci il tarixində faktiki yazılsa da, abonent kartında bu tarix 03 avqust kimi qeydə alınıb və bu dəfə göstərici - 2699 olub, yəni 4 ay 4 ərzində su sərfiyatı 2699-1782=917 kubametrə bərabərdir. Abonent kartından görünür ki, sayğac 01.06.2009-cü il tarixdə quraşdırılıb və 29.03.2021-ci il tarixədək (12 il ərzində) su sərfıyyatı cəmi - 1782 kubametr təşkil etdiyi halda, 2021-ci ilin cəmi 4 ayı ərzində sərfiyyat 917 kubometr olub. Çox absurd bir məsələdir. Bundan başqa, saygacın laborator yoxlanılmasının məhz cavabdehin tabeliyində olan qurum tərəfindən keçirilməsi qanunaziddir, hesab edir ki, bu yoxlamanı müstəqil laboratoriya həyata keçirməli idi. Həmçinin, rəydə abonentin yoxlamada iştirak etdiyi qeyd edilsə də, əslində onun iştirakı və yaxud qanuna uygun olaraq hal şahidlərinin iştirakı təmin eddilməyib. Lakin laboratoriyanın veridiyi rəy tam obyektivdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)- 7305/2021 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması və şikayətin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mübahisəli borcun sayğac göstəricisinə əsasən yaranmış borc olması, 01.06.2009-cu ildə quraşdırılmış köhnə sayğac 08.10.2021-ci il tarixdə çıxarılarkən üzərindəki göstəricinin 2750 m3 olması (bunun mexaniki su sayğacının təmiri və dəyişdirilməsi barədə iş əmrinə öz əksini tapması və iddiaçı tərəfindən imzalanması), iddiaçı tərəfindən isə həmin sayğac üzrə 667,28 manat məbləğində ödəniş edilməsi, sayğac üzrə normal oxunmanın 22.02.2019-cu il tarixdə həyata keçirilməsi və həmin vaxt sayğacın göstəricisinin 1760 m3 olması, bu tarixdən 08.08.2021ci il tarixədək, yəni 30 ay ərzində sayğac üzrə normal oxununmanın mümkün olmaması, göstərilən dövr ərzində müvafiq aylarda müqayisəli sərfiyyat hesablanması, 2019-cu ilin aprel ayından 2021-ci ilin aprel ayınadək ümumiyyətlə sərfiyyat verilməməsi, buna səbəb pandemiya şəraiti ilə əlaqədar iddiaçının qapısının bağlı olması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən 22.09.2021-ci il tarixdə çap olunmuş hesab-fakturaya əsasən iddiaçıya məxsus mənzildə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 876,45 manat əvvəlki, 10 manat isə cari olmaqla, ümumilikdə 886,45 manat borc yazılmış, sayğacın göstəricisi 03.08.2021-ci il tarixə 2699 m3, 22.09.2021-ci il tarixə isə 10 m3 qeyd olunmuşdur. İddiaçıya məxsus abonent kartından görünür ki, 2010-cu ildən 2019-cu ilədək iddiaçının sudan istifadəyə görə cavabdehə heç bir borcu olmamış, əksinə artıq ödənişlər etmişdir. 2019-cu il üzrə isə cəmi 0,50 manat borc yaranmışdır. İddiaçı tərəfindən 2015-ci il üzrə cəmi 69 m3, 2016-cı il üzrə cəmi 180 m3, 2017-ci il üzrə 213 m3, 2018-ci il üzrə (17.01.2018-16.02.2018 və 29.05.2018-28.06.2018 aralığında) cəmi 12 m3, 2019-cu il üzrə (22.02.2019-25.03.2019 və 19.04.2019-20.05.2019 aralığında) cəmi 41 m3, 2021-ci il üzrə isə (29.03.2021-28.04.2021 – 11 m3, 23.04.2021-24.05.2021 – 5 m3, 24.05.2021-23.06.2021 – 6 m3, 21.06.2021-21.07.2021 – 5 m3, 03.08.2021-02.09.2021 – 901 m3, 22.09.2021-22.10.2021 – 10 m3) cəmi 938 m3 su sərf olunmuşdur. 08.10.2021-ci il tarixli “18 mexaniki su sayğacının təmiri və dəyişdirilməsi barədə” ******* nömrəli iş əmrindən görünür ki, iddiaçıya məxsus mənzildə quraşdırılmış SSS markalı, 37983 nömrəli köhnə sayğac İSS 15 m markalı, 21749211 nömrəli yeni sayğacla əvəz olunmuş və könhə sayğacın 22.09.2021-ci il tarixə son göstəricisi 1750 m3 göstərilmişdir. Bundan sonra, köhnə sayğac yoxlanılması üçün Cavabdeh ASC-nin Nəzarət ölçü cihazları İdarəsi “X1 Laboratoriyası”na təqdim olunmuş və 28.10.2021-ci il tarixli, 39783/012945 saylı rəyə əsasən müəyyən olunmuşdur ki, sayğacın istismar müddəti başa çatmışdır, sayğaca müdaxilə aşkar olunmadı, sayğac təmir və istismara yararsızdır. Hazırda iddiaçı 22.09.2021-ci il tarixli hesab-fakturaya əsasən cavabdeh tərəfindən ona əsassız hesablanmış 886,45 manat borcun silinməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddiaçıya məxsus mənzil üzrə abonent hesabına istifadəyə yararsız və istismar müddəti başa çatmış sayğac əsasında əsassız olaraq yüksək məbləğdə borc yazılmışdır. Həmçinin, sayğaca müdaxilə olmadığı da müəyyən edilmişdir. Cavabdeh tərəfindən borcun hansı səbəbdən yaranması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq, mübahisənin hüquqi həlli ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, 17.07.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Göründüyü kimi, su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməli, istehlakçı isə ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Cavabdeh iddiaçıya məxsus mənzilə mübahisələndirilən sərfiyyatı yazmaqla bunu onun əvvəlki illər üzrə borclarının qalması ilə əsaslandırmağa çalışmışdır. Baxılan işdə olan iddiaçıya məxsus abonent kartından isə görünür ki, iddiaçı müvafiq illər üzrə (2010-2018) ona hesablanmış suyun dəyərini ödəmiş və buna görə borcu qalmamış, əksinə artıq ödənişləri olmuşdur. 2019-cu il üzrə cəmi 20,50 manat dəyərində sərfiyyat yazılmış və həmin il üzrə onun 0,50 manat borcu yaranmışdır. 2020-ci il üzrə sərfiyyat olmadığından ödəniş edilməmişdir. 2021-ci il üzrə isə 19.02.2021-ci il tarixdə iddiaçı tərəfindən 30 manat ödənilmiş 29.03.2021-ci ildən 21.07.2021-ci il tarixədək cəmi 27 m3 sərfiyyat qeyd olunmuş və iddiaçı tərəfindən həmin il üzrə sonuncu dəfə 21.05.2021-ci il tarixdə 18 manat ödəniş edilmiş, bununla da 21.07.2021-ci ilədək olan sərfiyyat üçün artıqlaması ilə ödənilmişdir. Bununla yanaşı, apellyasiya şikayətində sayğac dəyişdirilərkən göstəricisinin 2750 3 m olması qeyd edilsə də, işdə olan sayğacın yenisi ilə əvəz olunması barədə tərtib edilmiş 08 oktyabr 2021-ci il tarixli sənəddən görünür ki, orada sayğacın son göstəricinin 1750 m3 olması göstərilmiş və bu hal tərəflərin imzası ilə təsdiq olunmuşdur. Cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı həmin sənədin digər nüsxəsini təqdim etsə də, həmin nüsxədə müəyyən əlavələrin, eyni zamanda sayğacın son göstəricisinə düzəlişin (ilk rəqəmdə qaralama olması açıq-aşkar görünür) edilməsi görünür. Cavabdehin nümayəndəsi eyni sənədin nüsxələrində olan fərqliliklərə aydınlıq gətirə bilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası həmin sənədin sübut kimi qəbul edilməsini mümkün saymır. Eyni zamanda, işdən görünür ki, cavabdehin nümayədəsi birinci instansiya məhkəməsində iştirak etmiş, lakin sənədin həmin nüsxəsini məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 372.2-ci maddəsinin tələbinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə MPM-nin 371 vəm 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir. «L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Göründüyü kimi, qanunverici apellyasiya instansiyasına yeni sübutların təqdim olunmasına məhdudiyyətlər nəzərdə tutulmuşdur. Cavabdeh tərəf isə qeyd edilən sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Belə olan halda, həmin sübutun apellyasiya icraatı zamanı qəbul edilməsi prosessual hüquq normalarının tələblərinə ziddir. Xüsusilə qeyd olunmaldır ki, əvvəlki sayğacın istismar müddətinin başa çatması, təmirə və istismara yarasız olması barədə cavabdeh təşkilatın lobarator rəyi olduğu halda, onun göstəricisini mötəbər sayaraq iddiaçıya yüksək borc məbləğinin hesablanması qanuni, ədalətli və obyektiv sayıla bilməz. Bununla yanaşı, cavabdehin nümayəndəsi iddiaçı tərəfindən uzun müddət ödənişlərin olunmamasını, sayğacın göstəricinin oxunması üçün gedildikdə qapının bağlı olması və s. bu kimi gəlillər irəli sürsə də, işdə olan mübahisələndirilən faktura qəbzində son ödənişin 26 may 2021-ci il tarixdə 18 manat olmaqla həyata keçirilməsi qeyd olunmuşdur. Eyni zamanda, cavabdeh tərəf keçən müddət ərzində (əgər həqiqətən uzun müddət ərzində ödənişlər olmamışsa və yüksək məbləğdə borc mövcud olmuşsa) iddiaçıya xəbərdarlıq edilməsi, əks halda suyun verilməsinin dayandırılması və s. bu istiqamətində də məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh etirazının (həmçinin apellyasiya şikayətinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-7305/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-7305/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar