Məhkəmə qərarları › İş №2(103)-2132/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2132/2023

16.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2132/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə1, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(011)-4499/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 38B saylı fərdi yaşayış evi İddiaçı istifadə və sahibliyindədir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla cavabdehə **********20000 nömrəli abonent kodu verilmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktına əsasən birliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 38B saylı fərdi yaşayış evində quraşdırılmış sayğaca keçirilmiş baxış nəticəsində təbii qazdan sayğacdan kənar istifadə edildiyi müəyyən edilmiş və itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 11.448 m3 həcmdə ziyanın vurulması qeyd edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən 1.373,76 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir.

3. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 38B saylı fərdi yaşayış evinə aid abonentin saldosuna əsasən həmin ünvanda təbii qazla işləyən 4 gözlü qaz plitəsi, samovar və qızdırıcı radiator peçi mövcuddur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/1451 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 38B saylı fərdi yaşayış evi üzrə tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilmədi.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 1.373,76 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, hazırda ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Cavabdeh İB-nin əməkdaşları 2020-ci ildə yaşadıqları ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yenisi ilə əvəz etmişlər. Yeni qaz sayğacı quraşdırılan zaman köhnə qaz sayğacı üzrə hər hansı borc olmamışdır. Bir müddət qazdan istifadə edəndən sonra evdəki su qızdırıcı cıhazında nasazlıq yaranmışdır. Həmin cihazı özləri təmir etdikdən sonra onun alt hissəsində su xətti ilə qaz xəttinin yerini dəyişik salaraq, su xəttini səhf olaraq qaz xəttinə qoşmuşdurlar. Buna görə də evin bütün qaz borularına su dolmuş və nəticədə qazın verilməsi bir müddət dayandırılmışdır. Bununla bağlı Cavabdeh İB-yə müraciət etmişlər. Lakin müraciətdən sonra bir neçə gün keçməsinə baxmayaraq, nasazlıq aradan qaldırılmamışdır. Həmin ərəfədə qış mövsümü və evdə körpə uşaqlar olduğu üçün məcbur olub evdə olan qaz borularını qaz sayğacına qədər sayğaca müdaxilə edilmədən özləri sökmüşlər. Məqsədləri qaz borularına dolmuş suların boşaldılması olmuşdur. Nəticədə borularda olan suları boşaldaraq, evə qazın verilməsini bərpa etmişdilər. Lakin boruları sökən zaman onlardan xəbərsiz Cavabdeh İB-nın əməkdaşları qaz sayğacına baxış keçirmiş və onların qaz sayğacına müdaxilə etməsini düşünmüşdür. Nəticədə birliyin əməkdaşları tərəfindən əsassız olaraq 1.373,76 manat məbləğində cərimə yazılmışdır. Bununla bağlı o, cərimənin yazılması əsaslarını araşdırmaq üçün birliyə etdiyi müraciətinə cavab olaraq, ona evdə olan qaz sayğacına müdaxilə etdiklərinə görə cərimə yazıldığı bildirilmişdir. Bu borcun silinməsi üçün birliyə şifahi olaraq, müraciət etsə də, bunun bir nəticəsi olmamışdır. Yaşadıqları evdə yalnız qaz plitəsindən, su qızdırıcısından və kombi sistemindən istifadə edilməsinə baxmayaraq, qeyd edilən aktda evdə samovardan (kalonkadan) və qızdırıcı radiator peçindən istifadə edildiyi bildirilmişdir. Əlavə cihazların göstərilməsi evdə qaz sərfiyyatını artıq göstərmək üçün lazım olmuşdur. O, qaz sayğacına müdaxilə etməmişdir. Bu səbəbdən tətbiq edilən cərimə borcu silinməlidir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(011)- 4499/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 3 ünvanında fərdi yaşayış evi (abonent kodu:**********20000) üzrə İddiaçı hesablanmış 1.373,76 (min üç yüz yetmiş üç manat, yetmiş altı qəpik) manat məbləğində borcun silinməsi, 33,73 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X7)

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayacısına məxsus şəbəkəyə qoşularaq, sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 1.373,76 manat məbləğində borc silinməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.8-ci, 4.9-cu, 5.2-ci, 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçıdan tutularaq Cavabdeh İB-nin hesabına ödənilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh İB-yə məxsus ümumi qazpaylayıcı küçə qaz xəttinə kustar üsulla özbaşına qoşulmaqla yaşadığı ünvan 4 ünvanında ona məxsus fərdi yaşayış evinə özbaşına qaz xətti çəkmiş, təbii qazdan qanunsuz istifadə etməklə Cavabdeh İB-yə 1.373,76 manat məbləğində maddi zərər vurmuşdur. İddiaçı bu təqsirli hərəkətlərinə görə mülki hüquqi məsuliyyət daşıyır, bu səbəbdən də vurmuş olduğu maddi zərərin əvəzini Cavabdeh İB-yə ödəməyə borcludur. Birinci instansiya məhkəməsi isə iddiaçının təqsirli və qanunazidd hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silməklə iddiaçını mülki hüquqi məsuliyyətindən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmiş, gələcək illərdə iddiaçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulmaq kimi onda yeni motivasiya və stimul yaratmışdır. Məhkəmə tərəfindən iş üzrə təyin edilmiş məhkəmə-trasoloji və mühəndis-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatı nəticəsində tərtib edilmiş ekspert rəyinin təsviri hissəsində qaz borusunun səthində qaynaq izlərinin olması göstərilsə də, nəticə hissəsində tədqiqata təqdim edilən borcunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədənin aşkar edilmədiyi göstərilmişdir. Nəticədə ekspert məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verməmiş və verilən rəyin nəticə hissəsi tədqiqatın müfəssəl təsvirinə uyğun olmamışdır. Halbuki, qazpaylayıcı metal borunun üzərində qaynaq izlərinin müşahidə olunması, iddiaçı tərəfin ona məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsinə dəlalət edir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və iddia ərizəsində göstərilənlərdən əlavə, iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evinin 4 otaqlı olduğunu, evdə su qızdırıcıdan, qaz plitəsindən və kombi sistemindən istifadə edildiyini, orada ümumilikdə 5 nəfər şəxsin daimi əsaslarla yaşadığını, ay ərzində 30-40 manat dəyərində təbii qazdan istifadə etdiklərini bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

17. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya tərəfindən real olaraq qanunsuz qoşulma halına yol verib-vermədiyi, həmin evdə yaşayan şəxslərin və istifadə olunan cihazlar və onların sayı aydınlaşdırmamış, habelə aktın əhatə etdiyi aylarda istifadə edilmiş təbii qazın həcminin müəyyən edilməsi üçün iddiaçıya aid abonent saldosu araşdırmamışdır. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

24. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu səbəbdən yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

25. İddiaçı və onun ailə üzvləri (iddiaçı tərəfin etirafına əsasən cəmi 5 nəfər) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində daimi əsaslarla yaşayır. Həmin ev 4 otaqlıdır və hüquqi vəziyyətinə görə özbaşına tikili olmaqla, iddiaçıya məxsusdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla iddiaçıya **********20000 nömrəli abonent kodu verilmişdir. Abonentin saldosuna əsasən həmin fərdi yaşayış evində təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsinin (PQ-4), 1 ədəd samovar və 1 ədəd qızdırıcı radiatorun istifadə edildiyi göstərilsə də, iddiaçı evdə su qızdırıcıdan, qaz plitəsindən və kombi sistemindən istifadə edildiyini etiraf edir. Qeyd edilənlər öz növbəsində hər ay təbii qazdan istifadə edildiyini təsdiq edir.

26. Cavabdehin əməkdaşları tərəfindən həmin evdə olan qaz sayğacına xx.xx.2022ci il tarixdə keçirilmiş baxış zamanı sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində ümumilikdə 11.448 m3 həcmində ziyanın vurulması əsası ilə eyni tarixli akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən ( 1 m3 0,12 manatdan hesablanmaqla) 1.373,76 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir. Aktda iddiaçının aktı imza etməkdən imtina etdiyi göstərilmişdir. Lakin iddiaçı keçirilən baxış barədə ona hər hansı məlumatın verilmədiyini, o cümlədən aktın tərtib edilməsində iştirak etmək üçün dəvət edilmədiyini bildirir.

27. Cavabdehin əməkdaşları həmin aktı xx.xx.2022-ci il tarixdə tərtib etsə də, zərər məbləğini 90 gün əvvəli əhatə etməklə hesablayır. Müddət etibarı ilə cavabdeh qanuna zidd əməlin əvvəli kimi 01 yanvar 2022-ci il tarixini, sonu kimi isə xx.xx.2022-ci il tarixini əsas götürür. Bu baxımdan ilk öncə cavabdehin qanunsuz qoşulmasının həqiqətən də aktın tərtib edildiyi, yəni xx.xx.2022-ci il tarixdən 90 gün əvvəl baş verdiyi müəyyən edilməlidir. Lakin cavabdeh qanunsuz qoşulmanın xx.xx.2022-ci il tarixdən əvvəl baş verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Belə olan halda, iddiaçının real olaraq təbii qazdan qaz xəttindən kənar istifadə etməsi, habelə aktda aparılmış hesablamaların düzgün olması gənaətinə gəlmək üçün yalnız bu aktın mövcudluğu kifayət deyil. Bu da öz növbəsində mübahisə ilə bağlı başqa sübutların, o cümlədən abonentin saldosunun araşdırılması zərurətini yaradır.

28. İddiaçıya aid abonent saldosuna əsasən isə aktın əhatə etdiyi 2022-ci ilin yanvar ayında 32,40 manat, 2022-ci ilin fevral ayında 29,28 manat, mart ayında isə 34,80 manat dəyərində təbii qazdan istifadə edilmiş və 2022-ci ilin yanvar ayı üçün 33 manat, fevral ayı üçün 35,40 manat məbləğində ödəniş edilmiş, lakin 2022-ci ilin mart ayı üçün hər hansı məbləğdə ödəniş edilməmişdir. Başqa sözlə, 2022-ci ilin mart ayında iddiaçı ailəsi ilə birlikdə qeyd edilən ünvanda yaşamaqla yuxarıda göstərilən 3 cihaz üzrə ümumilikdə 34,80 manat dəyərində təbii qazdan istifadə etmiş, lakin bu məbləği ödəməmişdir.

29. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edilən aktın etibarlılığını iddiaçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsinin müəyyən edilməsi hissəsində qəbul edir və bununla bağlı vurğulayır ki, aşkar edilmiş pozuntularla bağlı akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməsə də, iddiaçı tərəfindən şəbəkəyə qanunsuz qoşulması və təbii qazdan sayğacdan kənar istifadə etməsi bu aktdan başqa, iş materiallarında olan digər sənədlərlə, o cümlədən abonentin saldosu ilə tam sübuta yetir. Başqa sözlə, iddiaçı təbii qazdan sayğacdan kənar istifadə etmiş, onun bu təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti) nəticəsində cavabdehə maddi zərər vurulmuşdur və həmin məbləğ silinə bilməz, əksinə iddiaçı tərəfindən cavabdehə ödənilməlidir.

30. Lakin məhkəmə kollegiyası aktda və akt əsasında qəbul edilmiş qərarda aparılmış hesablama, yəni vurulmuş maddi zərərin məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, aktlara əsasən hər bir cihaz üçün hesabat 24 saat üzrə aparılmışdır. Halbuki, kombi sistemi istisna olmaqla bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur. Su qızdırıcısı isə konkret olaraq isti su tələb olunduğu hallarda istifadə edilir) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Ümumiyyətlə bu cihazların təyinatı təhlükəsizlik baxımından da onların bütün gün ərzində istifadə edilməsini istisna edir. Bu səbəbdən məhkəmə kollegiyası təbii qazdan sayğacdan kənar istifadə edilməsi səbəbindən qənaət edilməməsi və nəticədə hər cihaz üzrə 24 saat ərzində istifadə edilməsi barədə mövqeyini əsassız hesab edir.

31. Məhkəmə kollegiyası cihazların təyinatına və istifadə edilməsinə dair yuxarıda nümayiş etdirilmiş mövqeyi, habelə abonentin saldosu üzrə 2022-ci ilin mart ayı üzrə göstəriciləri nəzərə alıb, hesab edir ki, zərər məbləği 34,80 manat təşkil edir. Bu göstərici 2022-ci ilin yanvar (32,40) – fevral (29,28), habelə 2021-ci ilin dekabr (35,80) aylarının sərfiyyat göstəricilərinə yaxındır. Məhz bu məbləğ cavabdehə vurulmuş maddi zərər məbləği kimi qəbul edilməli və cavabdeh tərəfindən hesablanmış 1.373,76 manat cərimə məbləğindən çıxılmalı (1.373,76 – 34,80 = 1.338,96), qalan 1.338,96 manat məbləğində pul cavabdeh tərəfindən əsassız olaraq hesablanmış cərimə məbləğ kimi silinməlidir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aparılmış məhkəmə trasoloji və mühəndis-texniki ekspertizası üzrə tərtib edilmiş ekspert rəyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin rəydə qaz borusunun səthində rəngin dəyişməsi (qaralma) əlamətləri müşahidə olunduğu deyil, olunmadığı qeyd edilmişdir. Bununla yanaşı borunun səthində qaynaq izlərinin olduğu göstərilsə də, bu məsələyə aydınlıq gətirilməmiş, o cümlədən qaynaq izlərinin yaranma səbəblərinə münasibət bildirilməmiş və nəticədə borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməməsi barədə rəy verilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edilən rəyi mötəbər sübut kimi qəbul etmir.

33. Məhkəmə kollegiyası əsassız hesablanmış cərimənin məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 33,40 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

34. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4499/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 38B saylı fərdi yaşayış evi (abonent kodu **********20000) üzrə Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1.338,96 manat məbləğində borc silinməli, İddiaçı ödəməkdən azad edildiyi 33,40 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalı, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

35. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-387-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(011)-4499/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən 38B saylı fərdi yaşayış evi (abonent kodu **********20000) üzrə Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1.338,96 (bir min üç yüz otuz səkkiz manat, doxsan altı qəpik) manat məbləğində borc silinsin. İddiaçı ödəməkdən azad edildiyi 33,40 (otuz üç manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar