Məhkəmə qərarları › İş №2(103)-2132/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2132/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2132/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1081/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 35.000 manat pulun və ödənilmiş 195 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1081/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X3 birgə qaydada 35.000 manat məbləğində pul vəsaitinin və 195 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

3. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi, habelə ödənilmiş 98 manat məbləğində rüsumun əvəzinin cavabdehdən tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1081/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

5. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7725/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və Cavabdeh1 apellyasiya şikayətinin vaxtında verilməsi məsələsinə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1081/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1081/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, apellyasiya qaydasında baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir.

8. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər; 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər; 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər; 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

9. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı ilk növbədə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1081/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə isə (reyestr məlumatları) poçt vasitəsi ilə Cavabdeh1 və Cavabdeh2 göndərilmişdir. İş materiallarında olan poçt qəbzinə əsasən həmin qətnamə xx.xx.2023-cü il tarixdə Cavabdeh1 (i.v. səhifə 43), xx.xx.2023-cü il tarixdə isə Cavabdeh2 (i.v. səhifə 42) təqdim edilmişdir. Lakin Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Almaniya Federasiyasının Franfurkt şəhərinə getmişdir. Bu hal onun pasportunun aidiyyəti səhifələrində olan ölkədən çıxması barədə sərhəd məntəqələrində vurulmuş ştampla təsdiq olunur.

10. Nəzərə alınmalıdır ki, qeyd olunan qətnamə xx.xx.2023-cü il tarixdə məhz Cavabdeh1 (bundan sonra yalnız bu cavabdehə istinad olunduğundan ismin müvafiq halında cavabdeh) qeydiyyatda olduğu ünvan 1 ünvanı üzrə poçt qəbzinə “Qəhrəmanli” qeyd olunmaqla və imza edilməklə qəbul edilmişdir. Onun tərəfindən verilmiş apellyasiya şikayətində də həm faktiki, həm də rəsmi qeydə alındığı ünvan qismində məhz bu ünvan göstərilmişdir. Bu da öz növbəsində bügünədək onun həmin ünvanla hüquqi bağlılığının olmasını təsdiq edir, eyni zamanda, xx.xx.2023-cü il tarixdə poçt qəbzinə imza etməklə qətnaməni qəbul etmiş şəxsin həmin ünvanda yaşamaqla cavabdehlə əlaqəli şəxs olmasını istisna etmir. Hər bir halda, cavabdeh bu ünvanın və ya orada yaşayan şəxslərin ona hər hansı aidiyyətinin olmadığını bildirmir.

11. Digər tərəfdən cavabdeh xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının hüdudlarından kənarda olması səbəbdən xx.xx.2023-cü il tarixdə qətnamənin onun tərəfindən qəbul edilməsinin qeyri-mümkün olduğunu, poçt qəbzində olan imzanın ona hər hansı aidiyyətinin olmadığını, həmin ünvanda yaşamadığını, qətnamənin onun nümayəndəsi və vəkili tərəfindən yalnız xx.xx.2023-cü il tarixdə rəsmi imza edilməklə alındığını iddia etsə də, onun xx.xx.2023-cü il tarixdən qısa müddət sonra həmin qətnamə barəsində tam məlumat əldə etdiyi öz təsdiqini tapır. Belə ki, onun nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, eyni zamanda ərizəyə onun adından verilmiş etibarnamə, vəkil orderi, özünə aid şəxsiyyət və vəkil vəsiqəsinin surətini əlavə edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsində cavabdehin tərəf olduğu işə baxılan zaman Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1081/2023 saylı qətnaməsi barədə məlumat əldə etdiyini, cavabdehin daimi əsaslarla hazırda Almaniya dövlətində yaşadığını və qətnaməni almadığını bildirmiş və həmin qətnamənin surətinin əldə edilməsinin və onun iş üzrə elektron sistemə əlavə olunmasının təmin edilməsini xahiş etmişdir. Bundan sonra o, cavabdehin vəkili və nümayəndəsi olaraq xx.xx.2023-cü il tarixdə işə əlavə edilmişdir (“Elektron məhkəmə” informasiya sistemində Vəkil1 bu iş üzrə proses iştirakçısı, yəni cavabdehin nümayəndəsi və vəkili kimi qeydə alınmışdır). Bununla belə, cavabdehin vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixdə artıq iş, o cümlədən iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamə barədə tam məlumatlı olmuş. Həmin tarixdən də qətnamədən şikayət vermə müddətinin axımı başlamışdır. Buna baxmayaraq, həmin tarixdən etibarən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ərzində qətnaməni mübahisələndirməmişdir (ondan apellyasiya şikayəti verməmişdir). Halbuki, 5 il 1 gün müddətinə verilmiş və xx.xx.2027-ci il tarixədək qüvvədə olan xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən Vəkil1 qeyd edilən qətnamədən apellyasiya şikayəti vermək səlahiyyəti olmuşdur.

12. Belə olan halda, həmin qətnamənin rəsmi qaydada təqdim edilməsi barədə Cavabdeh1 xx.xx.2023-cü il tarixli ərizəsinin apellyasiya şikayətinin verilməsi müddətinin axımı baxımından hər hansı hüquqi əhəmiyyəti qalmır. Artıq müəyyən edildiyi kimi, onun həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət xx.xx.2023cü il tarixdə bitmişdir. Qeyd edilənlər (xx.xx.2023-cü il tarixli ərizənin mövcud olmasına baxmayaraq, özünü qətnamədən məlumatsız kimi göstərərək, xx.xx.2023-cü il tarixdə yenidən və artıq başqa vəkil vasitəsilə ərizə ilə müraciət edib, qətnamənin rəsmi qaydada təqdim edilməsini xahiş etməsi) xx.xx.2023-cü il tarixli ərizənin cavabdeh tərəfindən hüquqdan sui istifadə kimi qiymətləndirilməsi üçün əsas yaradır. Belə ki, hazırda cavabdeh qeyd edilən qətnamə əsasında verilmiş icra vərəqəsinin icrası ilə bağlı öz vəzifələrini kobudcasına pozmasına və qətnaməni bügünədək icra etməməsinə baxmayaraq, müddət keçdikdən sonra apellyasiya şikayətinin verilməsi hüquqlarını həyata keçirməyə çalışır.

13. Məhkəmə kollegiyası öz qənaəti ilə bağlı xüsusilə o halı da qeyd edir ki, cavabdeh xx.xx.2022-ci il tarixdən daimi əsaslarla Almaniya dövlətində yaşamasına istinad etsə də, bu hal ona Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddiaçı qismində cavabdeh X2rşı “əmlak bölgüsü” tələbi ilə iddia qaldırmağa və mübahisə üzrə həmin məhkəmə tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti verməyə maneə olmamışdır. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsindən iki ay sonra, yəni həmin ərəfədə qəbul edilmişdir. Başqa sözlə, həmin vaxt cavabdehin həm məhkəmə mübahisəsi sahəsində təcrübəsi, ona hüquqi xidmət göstərən iki vəkili (nümayəndəsi), həm də apellyasiya şikayətinin verilməsi üçün müddətlər barədə məlumatı (ən azı xx.xx.2023-cü il tarixdə ərizə verən vəkili vasitəsi ilə) olmuşdur.

14. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halların hər hansı birinə diqqət yetirməyərək, bu istiqamətdə ümumiyyətlə hər hansı araşdırma aparmamışdır. Məhz bu səbəbdən səhv olaraq birmənalı şəkildə Cavabdeh1 xx.xx.2022-ci il tarixdən Almaniya dövlətində yaşamasını və bu baxımdan xx.xx.2023-cü il tarixli xəbərnamənin onun tərəfindən imzalanmasının qeyri-mümkünlüyünü əsas götürmüş və qətnamənin rəsmi olaraq xx.xx.2023-cü il tarixdə əldə edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

15. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılmasına və bunun üzürlü səbəbləri göstərilməklə müddətin bərpası barədə ərizənin verilməməsinə baxmayaraq, onun apellyasiya şikayətini mümkün hesab edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1081/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya müddətin buraxılması səbəbindən qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 360-cı, 363-cü, 366-cı, 399-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1081/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar