Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2133/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qȧrşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(011)-3785/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında iddiaçının yaşadığı ünvan 1 ünvanı üzrə 984,6 manat məbləğində borc yazılmışdır. 2.İddiaçı həmin aktlar üzrə hesablanmış borcu qanunsuz hesab edərək, silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3.İddiaçı Cavabdehnə qarşı qaz sərfiyyatına görə hesablanmış 984,96 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, ev 21 ünvanında yaşayır. Cavabdehlə olan müqaviləyə əsasən həmin ünvanda yerləşən evi qazla təchiz edilmiş və həmin ünvana smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. Bu yaxınlarda Cavabdeh tərəfindən iddiaçının evinə qazın verilməsi dayandırılmış, iddiaçı bu barədə Cavabdehnə bildirdikdə isə barəsində 2018-ci illərdə qazdan qanunsuz istifadəyə görə aktların tərtib edilməsi, həmin aktlara əsasən iddiaçıya 984,96 manat borcun hesablanması bildirilmişdir. Lakin ona bu barədə heç bir sənəd təqdim edilməmiş, o yalnız onlara müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etdikdə, onlar iddiaçıya sənədləri təqdim edərək, borcun silinməsindən imtina etmişlər. Cavabdeh tərəfindən aktlar tərtib edilən zaman onun iştirakı təmin edilməmiş, onun bu burədə məlumatı olmamışdır. Halbuki, Cavabdeh əməkdaşları heç bir zaman onların həyətində olmamış, həmin həyətdə heç bir qanunsuz qoşulma halı aşkar etməmişlər. 5.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 21 dekabr 2022-ci il tarixli, 2(011)-3785/2022 saylı qətnaməsi ilə (hakim-Əminə Abbasova) iddia təmin edilərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu:**********00350) üzrə İddiaçıSəmədxan oğluna hesablanmış 984,96 (doqquz yüz səksən dörd manat, doxsan altı qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etmişdir. 6.İş materiallarından görünür ki, ünvan 3 ünvanında quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli aktda “sayğacın flyans birləşmələrində plomb aşkar olunmadı” qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli aktda “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkar olundu” qeyd edilmişdir. Həmin aktlar əsasında iddiaçıya qanunsuz istifadə etdiyi qazın dəyərinə görə borc hesablanmış, 984.96 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. 7.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/1096 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqat obyekti olan bir ədəd metaldan hazırlanmış boruya baxış keçirildi. Baxış keçirilən zaman borunun səthində korroziya əlamətləri var idi. Təqdim edilmiş boru hissəsi lupa vasitəsilə böyüdülərək tədqiq edildikdə boru hissəsinin üzərində kənar müdaxiləyə xarakterik izlər aşkar edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. 8.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/1452 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata bir ədəd metaldan hazırlanmış boruya baxış keçirildi. Baxış keçirilən zaman borunun səthində qaynaq izləri vardır, həmin sahədə rəngin dəyişməsi (qaralma) əlamətləri müşahidə olunur. Təqdim edilmiş boru adi gözlə təbii işıq altında və xüsusi böyüdücü lupanın köməyi ilə müxtəlif ölçülərdə böyüdülərək tədqiq edildi. Tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilmədi. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir. 9.Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyriqanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 984,96 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. 10.Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 984,96 manat məbləğində borc silinməlidir. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9, 6.5, 5.2-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 119.2, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12.Cavabdeh "Azəriqaz" İB qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun əvəzinin iddiaçıdan tutularaq cavabdehin hesabına ödənilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə iddiaçı tərəfindən Cavabdeh İB-yə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini silməklə iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən azad etmiş, gələcək illərdə iddiaçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulmaq kimi onda yeni motivasiya və stimul yaratmışdır. Bundan başqa ekspert məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verməmiş və verilən rəyin nəticə hissəsi tədqiqatın müfəssəl təsvirinə uyğun olmamışdır. Belə ki, tədqiqat prosesinin təsviri hissəsində “baxış keçirilən zaman borunun səthində qaynaq izləri vardır, həmin sahədə rəngin dəyişməsi (qaralma) əlamətləri müşahidə olunur” qeyd olunsa da, nəticə hissəsində “Tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilmədi.” qeyd olunmuşdur. Qazpaylayıcı metal borunun üzərində qaynaq izlərinin müşahidə olunması, iddiaçı tərəfin ona məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsinə dəlalət verir. Həmçinin, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, S uraxanı rayonu, Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində yerləşən fərdi yaşayış evlərini qazla təmin qazpaylayıcı xəttə Suraxanı RPİ-nin baş leytenantı Emil İsmayılovun və Suraxanı Qaz İdarəsinin əməkdaşları tərəfindən birgə baxış keçirilmiş, baxış aktla rəsmiləşdirilmiş və sayğac nömrəsi STS**********7 olan abonentin ərazi üzrə sayğacdan kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli baxış aktı xx.xx.2022-ci il tarixində iş üzrə elektron sənədlər bölməsindən mülki işə əlavə edilmiş, lakin məhkəmə tərəfindən həmin baxış aktına sübut qismində hüquqi qiymət verilməmiş, eləcə də aktda adı keçən əməkdaşlar şahid qismində dindirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
15.İş üzrə iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq 16.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17.Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 18.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 19.Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.. 20.Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 21.Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 22.Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 23.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 26.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(011)-3785/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 28.Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/1452 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata bir ədəd metaldan hazırlanmış boruya baxış keçirildi. Baxış keçirilən zaman borunun səthində qaynaq izləri vardır, həmin sahədə rəngin dəyişməsi (qaralma) əlamətləri müşahidə olunur.Təqdim edilmiş boru adi gözlə təbii işıq altında və xüsusi böyüdücü lupanın köməyi ilə müxtəlif ölçülərdə böyüdülərək tədqiq edildi. Tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilmədi. 29.İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmamışdır. 30.Kollegiya hesab edir ki, iş üzrə birinci instansiya mərhələsində keçirilmiş kompleks məhkəmə trasoloji və mühəndis-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir 31.Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının istehlakçı kimi qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları ilə öz təsdiqini tapmadığından, cavabdehin zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı olmaması ilə bağlı məhkəmənin mövqeyini əsaslı hesab etməklə qeyd edir ki, iddia tələbi düzgün olaraq təmin edilmişdir. 32.Kollegiya apellyatorun ekspert tərəfindən verilən rəyin nəticə hissəsinin tədqiqatın müfəssəl təsvirinə uyğun olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, ekspert rəyində açıq aşkar qeyd olunmuşdur ki, baxış keçirilən zaman borunun səthində korroziya əlamətləri var idi. Təqdim edilmiş boru hissəsi lupa vasitəsilə böyüdülərək tədqiq edildikdə boru hissəsinin üzərində kənar müdaxiləyə xarakterik izlər aşkar edilməmişdir. 33.Kollegiya qeyd edir ki, ekspert rəyində cavabdehin dəlil kimi istifadə etdiyi qeyd olunanlar uyğunsuzluq deyil, sadəcə olaraq ekspert tərəfindən ekspert rəyinin təsviri hissəsində tədqiqat nəticəsində aşkar olunmuş faktlar göstərilmiş, sonda nəticə hissəsində isə belə nəticəyə gəlinmişdir ki, izlər kənar müdaxiləyə xarekterik deyil. 34.Buna görə də, kollegiya apellyatorun qeyd olunan dəlilini əsassız hesab edərək, qətnamənin ləğvi üçün əsas hesab etmir. 35.Bundan əlavə cavabdeh tərəf birinci instansiya məhkəməsində işə baxılarkən məlumatlı olmuş, lazımi sübutların təqdim olunması üçün kifayət qədər vaxta malik olmuşdur. 36.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 37.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 38.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 39.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 40.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(011)-3785/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz .
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov