Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2134/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ödənilməmiş əmək haqqının və digər ödənclərin tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6325/2021 saylı, 01.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin iyul, avqust, sentyabr (ödənilməmiş hissə), noyabr, dekabr aylarının, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarının əmək haqlarının və İddiaçı 02.09.2019-cu il tarixdən 16.06.2021-ci il tarixədək işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın), 2020-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə 06.08.2020-ci il tarixdən, 2020-ci ilin avqust ayının əmək haqqının gecikdirilməsinə görə 06.09.2020-ci il tarixdən, 2020-ci ilin sentyabr ayının əmək haqqının ödənilməmiş hissəsinin gecikdirilməsinə görə 06.10.2020- ci il tarixdən, 2020-ci il noyabr ayının əmək haqqının gecikdirilməsinə görə 06.12.2020-ci il tarixdən, 2020-ci il dekabr ayının əmək haqqının gecikdirilməsinə görə 06.01.2021-ci il tarixdən, 2021-ci il yanvar ayının əmək haqqının gecikdirilməsinə görə 06.02.2021-ci il tarixdən, 2021-ci il fevral ayının əmək haqqının gecikdirilməsinə görə 06.03.2021-ci il tarixdən, 2021-ci il mart ayının əmək haqqının gecikdirilməsinə görə 06.04.2021-ci il tarixdən, 2021-ci il aprel ayının əmək haqqının gecikdirilməsinə görə 06.05.2021-ci il tarixdən, 2021-ci il may ayının əmək haqqının gecikdirilməsinə görə 06.06.2021-ci il tarixdən, 2021-ci il iyun ayının əmək haqqının gecikdirilməsinə görə 17.06.2021-ci il tarixdən İddiaçı 02.09.2019-16.06.2021-ci illərdə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə 17.06.2021-ci il tarixdən başlayaraq həmin məbləğlərin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 1% hesablanmaqla müvafiq ödənclərin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6325/2021 saylı, 01.11.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2020-ci ilin iyul, avqust, sentyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üzrə ödənilməmiş əmək haqqı məbləği və 02.09.2019-cu il tarixdən 16.06.2021-ci il tarixədək dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiya məbləği) Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət mədaxilinə alınması qət edilmişdir (sədrlik edən: Fuad Abdıyev).
3. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd edilmiş hissədə ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 02.09.2019-cu il tarixdə “Xəzər Universiteti Dünya MəktəbiMMC ilə əmək müqaviləsi bağlayaraq həmin müəssisədə sinifdən xaric departamentində assistent vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti 16.06.2020-ci il tarixədək müəyyən olunmuşdur. Müqaviləyə əsasən əmək haqqının məbləği 490 manat müəyyən edilmişdir. Əmək müqaviləsinin müddəti bitdikdən sonra işəgötürənlə əldə edilmiş razılığa əsasən müqavilənin müddəti 16.06.2020-ci il tarixdən 16.06.2021-ci il tarixədək uzadılmış və müqaviləyə bu barədə əlavə edilmişdir. 14.06.2021-ci il tarixdə isə işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 55 nömrəli əmr verilmişdir. Bu əmrə görə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar 16.06.2021-ci il tarixdən əmək müqaviləmə xitam verilməsi əmr edilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, 2020-ci ilin iyul, avqust, noyabr və dekabr aylarının maaşları, 2020-ci ilin sentyabr ayının maaşının yarısı, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarının maaşları, həmçinin əmək müqaviləsinə xitam verilərkən işçinin müvafiq iş illərində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) ona ödənilməmişdir. Buna görə də İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək ödənilməyən əmək haqlarının, işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) və bu məbləğlərin ödənilməsinin gecikdirilməsinə görə qanunvericiliklə müəyyən edilmiş gecikdirilən hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödənclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 2020-ci ilin iyul, avqust, sentyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üzrə ödənilməmiş əmək haqqı məbləğinin və 02.09.2019-cu il tarixdən 16.06.2021-ci il tarixədək dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiya məbləği) Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulması qət edilmiş, iddiaqalan hissədə rədd edilmişdir. Məhkəmə “əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi” hissəsində iddia tələbini təmin etməmiş və mövqeyini belə əsaslandırmışdır ki, “əmək haqqının ödənilmədiyi dövrün bir hissəsi Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tədbirlərin həyata keçirildiyi (sərt karantin rejiminin tətbiq edildiyi) dövrə təsadüf edir. Bu da öz növbəsində cavabdeh tərəfindən əldə edilən gəlirin məbləğinə və buna uyğun olaraq, müxtəlif ödənişlərin həyata keçirilməsinə, o cümlədən əmək haqqının ödənilməsinə mənfi təsir göstərir, bu işdə sistemliliyin pozulmasına səbəb olur...” Maddi hüquq normasını düzgün tətbiq etmədiyinə görə məhkəmənin bu mövqeyi tamamilə səhvdir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində qeyd edilmişdir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İstinad olunan maddənin dispozisiyasından göründüyü kimi, fərdi əmək mübahisəsi yaratmayan əmək haqqının gecikdirilməsi işəgötürənin təqsiri üzündən baş verdikdə işəgötürən tərəfindən işçiyə gecikdirilən hər gün üçün ödənc verilməlidir. Hazırkı işdən göründüyü kimi, ödənilmədiyi iddia olunan əmək haqqı cavabdeh (işəgötürən) tərəfindən də inkar olunmamış və bu, işin mübahisə olunmayan halı kimi məhkəmə tərəfindən müəyyən edilmişdir. Yəni, əmək haqqı məbləği fərdi əmək mübahisəsi yaratmamışdır. Əmək haqqının əmək müqaviləsində və qanunvericilikdə göstərilən vaxtda ödənilməsi işəgötürənin vəzifəsi olsa da, bu günədək ödəməmiş və bu halın onun təqsiri üzündən baş verməməsini sübuta yetirə bilməmişdir. Məhkəmə isə cavabdehin mülahizədən ibarət izahatını işin sübuta yetirilmiş halı kimi qəbul edərək ona istinad etmişdir. Əmək Məcələsinin 172-ci maddəsinin 5-ci hissəsi hazırkı mübahisəyə tətbiq edilməli olduğu halda, məhkəmə tətbiq etməmişdir. Məhkəmə sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Bu isə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, cavabdehin nümayəndəsi pandemiya səbəbindən müəssisənin işləmədiyini, yəni bu gecikmənin işəgötürənin təqsiri üzündən baş vermədiyini qeyd etsə də, məhkəməyə bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə isə bununla bağlı heç bir araşdırma etmədən cavabdehin mülahizədən ibarət izahatını işin sübuta yetirilmiş halı kimi qəbul edərək ona istinad etmişdir. Baxılan iş üzrə cavabdehin qeyd etdiyi koronavirus (Covid-19) infeksiyasının mövcudluğu və bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi hamıya bəlli olsa da, məhz bu tədbirlərin hansı formada cavabdehə təsir etməsi, onun gəlirlərinin əhəmiyyətli dərəcədə azalması və həmin gəlirlərin işçilərin əmək haqqının ödənilməsi üçün yetərli olmaması barədə cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən bu halları, habelə əmək haqqını vaxtında ödəməməsinin qanuni əsasını sübutetmə yükü cavabdehin üzərində olmuşdur. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi koronavirus (Covid-19) infeksiyası ilə bağlıkeçirilən tədbirlər nəticəsində cavabdeh təşkilatın işləməməsi və onun gəlirlərinə təsir etməsi barədə yalnız cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunan qənaətini mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı tələblərinə uyğun olaraq əsaslandırmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq vəzifəsi daşıyan məhkəmə bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməlidir. Bu vəzifələri çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin və ya rədd edilməsi üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Lakin, məhkəmə prosessual qanunvericiliyin istinad olunan normasının tələbini pozaraq, sadəcə tərəflərin izahatlarını dinləməklə kifayətlənmiş, ümumiyyətlə tərəflərlə işin hallarına dair heç bir müzakirə və araşdırma aparmamışdır. Belə bir araşdırma və müzakirə aparılmadığına və cavabdeh təşkilatın əmək haqqının ödənilmədiyi dövrdə fəaliyyət göstərməməsi və bu səbəbdən əmək haqqının ödənilməsi üçün yetərli vəsaitə malik olmaması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyinə görə iddiaçının həmin halları təkzib etmək vəzifəsi olmamışdır. Çünki, cavabdeh öz etirazında göstərdiyi halı sübut etmədikcə, iddiaçının həmin halı təkzib etmə vəzifəsi yaranmır. Bu səbəbdən cavabdehin sübuta yetirilməyən mövqeyinin qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən qəbul edilməyəcəyini güman edən iddiaçının nümayəndəsi cavabdehin nümayəndisinin etirazında qaldırılan məsələlərin təkzib edilməsi ilə bağlı məhkəməyə sübutların təqdim edilməsinə ehtiyac görməmişdir. Odur ki, bununla bağlı sübutların apellyasiya mərhələsində nəzərə alınması üçün apellyasiya şikayətinə əlavə edirik. Belə ki, əmək haqqının ödənilmədiyi dövrdə pandemiya ilə bağlı dövlət tərəfindən bir sıra tədbirlər görülsə də, cavabdeh təşkilatın fəaliyyəti olmuş və onlayn qaydada şagirdlərlə olan dərsləri davam etdirmiş və bu dərslərə görə şagirdlərdən təhsil haqqı qəbul etmişdir. Bu, cavabdeh təşkilata məxsus rəsmi internet səhifəsində, habelə sosial şəbəkədə olan hesablarında paylaşılmış elanlar və məlumatlar əsasında təsdiq edilir. Bununla bərabər, onu da nəzərə almaq lazımdır ki, həmin müəssisədə bir şagirdin illik təhsil haqqı 8000-14.000 (dərslərin tədris olunduğu dilə və şagirdin oxuduğu sinifə görə təhsil haqqının məbləği dəyişir) manat təşkil etmişdir. Bu halda yüzlərlə şagirdin təhsil aldığı müəssisənin gəlirinin nə qədər olmasını adi riyazi hesablama ilə müəyyən etmək mümkündür. Ona görə də şagirdlərdən bu qədər yüksək məbləğdə təhsil haqqı alındığı halda, cüzi məbləğdə işçiyə verilən əmək haqqının ödənilə bilməməsi ağlabatan deyil. Əmək haqqının ödənilmədiyi dövrdə cavabdehin gəlir vəziyyətini müəssisənin bank hesablarına şagirdlər tərəfindən edilən köçürmələri və müəssisə tərəfindən vergi orqanına təqdim edilən bəyannamələri nəzərdən keçirməklə müəyyən etmək mümkündür. Bundan əlavə, o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixdə 1950 nömrəli Sərəncam qəbul edilmişdir. Həmin Sərəncamın 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş Nazirinin 04 aprel 2020-ci il tarixli sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdir. X2 “İqtisadi artıma və Sahibkarlığa dəstək” adlı İ hissəsinin 2-ci bəndində iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində görülən tədbirlərindən biri kimi iş yerlərinin azaldılmaması məqsədi ilə “pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi” üçün dövlət büdcəsindən 215 mln manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Daha sonra həmin Tədbirlər Planı çərçivəsində AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi” mexanizmi hazırlanmış və 4 mərhələdə (ayrı-ayrı dövrlərdə) pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi həyata keçirilmişdir. O cümlədən hazırki iş üzrə Cavabdeh də göstərilən həminmaliyyə dəstəyindən faydalanmış, yəni İİ və İV mərhələlər üzrə müəssisənin işçilərinin əmək haqqının bir hissəsi dövlət büdcəsinin vəsaiti hesabına qarşılanaraq müəssisənin bank hesabına müvafiq ödənişlər edilmişdir. Bu şəkildə dövlət dəstəyi göstərilən sahibkarlarla bağlı məlumatlar isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ictimaiyyət üçün açıqlanaraq mərhələlər üzrə dövlət dəstəyi alan həmin sahibkarların siyahısı nazirliyin internet səhifəsində yerləşdirilmişdir. Yuxarıda qeyd edildiyi kimi cavabdeh Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi” mexanizmi çərçivəsində İİ mərhələ üzrə 2020-ci ilin avqust və sentyabr ayları üzrə, İV mərhələ üzrə isə 2021-ci ilin mart və aprel ayları üzrə işçilərin əmək haqlarının ödənilməsini təmin etmək məqsədi ilə müvafiq maliyyə vəsaiti ilə təmin edilmişdir. Göründüyü kimi, əmək haqqının ödənilmədiyi dövrdə pandemiya səbəbindən məhz işçilərə əmək haqqı olaraq ödənilməsi məqsədi ilə dövlət tərəfindən ayrılan və Cavabdeh MMC-yə köçürülən vəsait də iddiaçıya ödənilməmiş və cavabdeh tərəfindən başqa məqsədlər üçün istifadə edilmişdir. Ən azından bu məbləğlərin belə iddaçıya verilməməsi açıq-aşkar cavabdehin təqsirsiz olmadığına dəlalət edir. Bundan əlavə, cavabdeh əmək haqqının ödənilməsinin gecikdirilməsini pandemiya ilə əlaqələndirsə də, işdən də göründüyü kimi, cavabdeh maneəsiz şəkildə müəssisələrin fəaliyyət göstərdiyi hazırkı vaxtda da iddiaçının əmək haqqını ödəmir. Qeyd olunan bu hallar birmənalı şəkildə əmək haqqının cavadeh tərəfindən ondan asılı olmayan səbəblərdən deyil, məhz qərəzli şəkildə ödənilməməsini bir daha təsdiq edir. Bundan başqa, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə işəgötürəndən tutulan ödənc mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyası, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasıdır. Ona görə də işəgötürən tərəfindən əmək haqqının ödənilməsinin gecikdirildiyi hallarda heç bir qanuni əsas olmadan işçinin ödənc tələbinin rədd edilməsi əmək qanunvericiliyində müəyyən edilən tərəflərin hüquq bərabərliyi, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, habelə əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinin heç birinə uyğun olmaz. Çünki, pandemiya səbəbindən cavabdehi qanunvericiliyin müəyyən etdiyi maliyyə məsuliyyətindən azad edərək onun mənafeyini nəzərə alan məhkəmə elə məhz pandemiya dövründə işəgötürəndən alacağı əmək haqqı hesabına özünün gündəlik dolanışığını təmin edən və onkolji xəstəliyi ilə bağlımüalicə alan və başqa gəlir mənbəyi olmayan işçinin əmək haqqının əsassız olaraq ödənilməməsinin işçiyə necə təsir etməsini və onu necə əlverişsiz vəziyyətə salmasını nəzərə almamış və məsələyə birtərəfli münasibət bəsləmişdir. Halbuki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Tərəflərin izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında 02.09.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı hər ay 490 manat əmək haqqı ödənilməklə sinifdən xaric departmentində assistent vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra əmək müqaviləsi 16.06.2020-ci il tarixində 1 il müddətinə, yəni 16.06.2021-ci il tarixinədək uzadılmışdır. Hüquqi dəyərləndirmə:
10. Kollegiya işin hallarına əsasən qeyd edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 02.09.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı hər ay 490 manat əmək haqqı ödənilməklə sinifdən xaric departmentində assistent vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra əmək müqaviləsi 16.06.2020-ci il tarixində 1 il müddətinə, yəni 16.06.2021-ci il tarixinədək uzadılmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə 14.06.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 16.06.2021-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı 2020-ci ilin iyul, avqust, sentyabr (ödənilməmiş hissəsi), noyabr, dekabr, 2021-ci ilin yanvar-iyun ayları üçün cavabdeh tərəfindən ona əmək haqqının, habelə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilmədiyini bildirir və həmin dövr üçün ödənilməmiş əmək haqqı və məzuniyyət pulunun tutulmasını tələb edir. İddiaçıya məxsus olan ödəniş kartı üzrə hesabdan çıxarışa əsasən iddiaçıya 2020-ci ilin iyul, avqust, sentyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar-iyun ayları üçün əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdə əmək haqqı ödənilməmişdir.
11. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:
12. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddənin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir;
14. 43-cü maddəsinin əbəndinə əsasən əmək müqaviləsində işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması əsas şərt və məlumat kimi mütləq göstərilməlidir;
15. 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir;
16. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir;
17. 172-ci maddənin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir;
18. 174-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.
19. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, hazırda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin tam deyil, iddianın rədd edilən hissədə ləğv edilməsini xahiş etdiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə - əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi hissəsində yoxlayır.
20. Kollegiya iddia tələbinin “əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi” hissəsində birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, əmək haqqının ödənilmədiyi dövrün bir hissəsi Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tədbirlərin həyata keçirildiyi (sərt karantin rejiminin tətbiq edildiyi) dövrə təsadüf edir. Bu da öz növbəsində cavabdeh tərəfindən əldə edilən gəlirin məbləğinə və buna uyğun olaraq, müxtəlif ödənişlərin həyata keçirilməsinə, o cümlədən əmək haqqının ödənilməsinə mənfi təsir göstərir, bu işdə sistemliyin pozulmasına səbəb olur.
21. İddiaçı apellyasiya şikayətində əmək haqqının vaxtında ödənilməməsinin cavabdehin təqsiri üzündən baş verməsinin sübuta yetirilməməsi halına istinad etmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi tələbi iddiaçı tərəfindən irəli sürüldüyündən həmin ödənişin vaxtında ödənilməməsini sübutetmə yükü də iddiaçının üzərinə düşür. Lakin iş materiallarında həmin halı təsdiq edən hər hansı bir sübut aşkar edilməmişdir.
22. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6325/2021 saylı, 01.11.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.