Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2138/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 qarşı “zərərin əvəzinin ödənilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh “xxxxxxxxxxxxxx” MMC ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 136 saylı müqavilə öhdəliklərinin icra olunmamasının davam etməsi və həmin öhdəliklərin lazımınca yerinə yetirilməməsinə görə xx.xx.2016-cı il tarixdən hazırkı iddia ərizəsi üzrə məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər gecikdirilən hər ay üçün mənzilin tam dəyəri kimi cavabdehə ödənilmiş 39.865,20 manat pul vəsaiti hesabından, pulun zaman dəyəri nəzəriyyəsindən irəli gələn cari dəyərinin Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq faizlərin, müqavilə öhdəliklərinin icra edilməməsinin 13 il ərzində və hazırkı vaxta qədər davam etməsi və öhdəliklərin lazımınca yerinə yetirilməməsi səbəbindən iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində maneələr yaradılmasının müstəqil nəticəsi olaraq dəymiş mənəvi ziyanın əvəzi kimi 10.000 manatın tutularaq iddiaçıya ödənilməsi, məhkəmə qətnaməsinin icra olunması vəzifəsinin hazırda “xxxxxxxxxxxxxx” MMC-nin səlahiyətlərini icra edən və onun mülkiyyətində olan əmlakın, o cümlədən, sərnişin liftlərinin istismarından fayda (pul vəsaiti) əldə edən “Cavabdeh2“ MMC-nin üzərinə qoyulması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, 2000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxxxxxxxxxxx” MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv, şikayətdə göstərilən əsaslar üzrə iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddianın birinci tələbi üzrə işin mahiyyəti baxımından məhkəmənin Mülki Məcəllənin 752.1-ci maddəsinə istinadı və təsviri yanlışdır. Belə ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi ünvan üzrə binanın və binalar kompleksinin sifarışçi təşkilatı Cavabdeh2 MMC və podratçı təşkilatı “xxxxxxxxxxxxxx” MMC-dir. MM-in 752.1-ci maddəsi bu təşkilatlar arasında bağlanmış podrat müqaviləsinə şamil edilə bilər. Hazırkı işə münasibətdə iddiaçının sifarişlə bağlı müqavilə əsasında cavabdehə verdiyi pul vəsaitinin müqabilində cavabdeh üzərinə öhdəlik götürmüşdür. Bu hissədə məhkəmə MMin 385.1, 386.1, 442 və 448.2-ci maddələrinin tələblərini nəzərə almamışdır. Eyni zamanda, məhkəmə nəzərə almamışdır ki, 2008-ci ildən başlayaraq müxtəlif təqvim dövrlərində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair anoloji tələbin təmin edilməsi barəsində Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur. İddianın ikinci tələbi üzrə dəymiş mənəvi ziyanın əvəzi kimi 2000 manat tutulması normal düşüncə tərzi ilə ağlabatan deyil. Belə ki, 13 il ərzində iddiaçıya dəymiş mənəvi ziyanın hər bir günü üçün cavabdedən 42 qəpik tutulması tam absurddur. İddianın üçüncü tələbi üzrə də məhkəmənin qənaəti qanunsuz və qərəzlidir. Belə ki, məhkəmə iddiaçının təkrar vəsatəti əsasında cavabdehlərin məhkəmədə iştirakını təmin etməli, yaxud müvafiq qurumlara müraciət və ya sorğu verməklə işə dair mühüm sənədlərin məhkəməyə təqdim edilməsi üzrə mühüm hərəkətlər etməli idi. İddiaçının əldə etdiyi sənədlərin məzmunundan aydın olur ki, Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə “xxxxxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan binalar kompleksi, o cümlədən, iddiaçının mənzili yerləşən bina tam şəkildə Cavabdeh2 MMC-nin balansına verilmiş və həmin bina kompleksi MMC-nin direktoru Cavabdeh3 tərəfindən idarə olunur. Həmçinin, “xxxxxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan sərnişin liftlərinin istismarından Cavabdeh2 MMC-nin pul əldə etməsi faktı ilə bağlı Cavabdeh3 etirafı həmin sənədlərdə öz əksini tapmışdır. Bundan başqa, məhkəmə MPM-in 167.1-ci maddəsinin tələblərinə riayət etməmiş, çəkişmə prinsipinə əməl edilməsi üzrə hüquqi hərkətlər etməmişdir. İş üzrə xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmədə cavabdehlərin iştirakının təmin edilməsi barədə vəsatət səsləndirmişdir. Nümayəndə qeyd etmişdir ki, cavabdelərin iştirakını təmin etmədən, onlarda olan hüquqi əhəmiyyətli sənədlər təqdim edilmədən məhkəmənin düzgün qənaətə gəlməsi mümkünsüzdür. İş üzrə qəbul edilmiş qətnamədə isə həmin vəsatət barədə məlumat yoxdur. Qətnamədə, həmçinin iddianın mahiyyəti düzgün hüquqi mövqedən tam açıqlanmamış və iddiaçının Cavabdeh2 MMC və onun direktoruna qarşı hansı səbəbdən iddia qaldırması barədə əsaslar öz əksini tapmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirmişdir ki, təmsil etdiyi şəxslə cavabdeh “xxxxxxxxxxxxxx” MMC ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin 6.2.4-cü və 6.2.5ci maddələrinə görə, tikilən yaşayış binası müvafiq qaydada Dövlət Komissiyasına, habelə tikinti qurtardıqda sifarişçiyə mənzilə sahibliyi haqqında şəhadətnamə sənədləri iddiaçıya təhvil verməlidir. Cavabdehlər, bu öhdəliklərini yerinə yetirmədikləri üçün iddia tələbləri tam təmin etməlidir. Ona görə də, şikayətin təmin olunmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, iddiaçı Kimya Abdulayeva ilə cavabdeh “xxxxxxxxxxxxxx” MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında xx.xx.2006-cı il tarixli, 136 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1, 2.1, 6.1.2, 6.2.2, 6.2.4 və 6.2.5-ci bəndlərinə əsasən, sifarişçinin sifarişinə əsasən podratçı, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində 2 otaqlı, 50 saylı, 94,2 kv.m mənzilini tikib sifarişçiyə təhvil verilməsini, sifarişçi isə öz növbəsində onun tikilən mənzili qəbul edib haqqını ödəməyi öhdələrinə götürürlər. Podratçı müqavilədə göstərilən bütün şərtləri icra edib səkkiz ay müddətində mənzili, daxili naxış, cihaz və daxili qapılar olmamaq şərtilə sifarişçiyə təhvil verir. Sifarişçi tikintinin gedişatına nəzarət edir, müqavilədə göstərilən öhdəlikləri vaxtında və keyfiyyətli yerinə yetirir, tikilən yaşayış binası müvafiq qaydada Dövlət Komissiyasına, habelə tikinti qurtardıqda sifarişçiyə mənzilə sahibliyi haqqında şəhadətnamə sənədləri təhvil verməlidir. İddiaçı mənzilin dəyərini tam ödəmişdir. Qeyd olunanlar iddia ərizəsi, xx.xx.2006-cı il tarixli, 136 saylı müqavilə, xx.xx.2006-ci il tarixli kassa mədaxil orderi və işdə olan digər sənədlərlə təsdiqlənir. İddiaçı, cavabdeh tərəfindən qeyd olunan müqavilə bəndləri üzrə öhdəliklərinin icra olunmadığına istinad edərək mənzil üçün ödədiyi pul məbləğinin bank uçot dərəcəsinə müvafiq faizlərinin tutulması və digər tələbləri irəli sürmüşdür. Məhkəmə kollegiyası mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçının tələbi cavabdehlər tərəfindən müqavilə öhdəliyinin pozulmasına əsaslanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Tərəflər arasında xx.xx.2006-cı il tarixli, 136 saylı müqavilə bağlandığı üçün iddia tələblərinə həmin əqddən irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verilməlidir. Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh “xxxxxxxxxxxxxx” MMC, sifarişçinin (iddiaçının) sifarişinə əsasən podratçı, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində 2 otaqlı, 50 saylı, 94,2 kv.m mənzilini tikib sifarişçiyə təhvil verilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin iddiaçı qarşısındakı əsas öhdəliyi pulun ödənilməsi deyil, əşyanın (mənzilin) verilməsi olmuşdur. Hazırkı işdə “xxxxxxxxxxxxxx” MMC-nin müqavilədə nəzərdə tutulmuş mənzili iddiaçının sahiblik və istifadəsinə verməməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, həmin öhdəliyin icra edilməməsinə görə iddiaçının müqavilədən imtina etməsi halı və ödədiyi pul məbləğinin geri qaytarılması tələbi mövcud deyil. İddia ərizəsindən belə aydın olur ki, sözügedən mənzil hazırda iddiaçının sahiblik və istifadəsindədir. Lakin o, binanın müvafiq qaydada Dövlət Komissiyasına, habelə mənzilə sahibliyi haqqında şəhadətnamə sənədlərinin təhvil verilməməsinə (müqavilənin 6.2.4 və 6.2.5-ci bəndlərinin yerinə yetirilməməsinə) istinad edərək ödədiyi pulun bank uçot faizinin tutulmasını və digər tələbləri irəli sürür. Göründüyü kimi, cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin müqavilə üzrə ödənilmiş pul məbləğini iddiaçıya ödəmək öhdəliyi yoxdur. Başqa sözlə, tərəflər arasındakı müqavilə ləğv edilmədiyi (mənzil iddiaçının sahiblik və istifadəsində olmaqla, cavabdehə qaytarılmadığı) üçün “xxxxxxxxxxxxxx” MMC iddiaçının pul vəsaitini qanunsuz şəkildə özündə saxlamış sayılmır. Bu səbəbdən həmin pula bank uçot dərəcəsi ilə faiz hesablanması və cavabdehdən tutulması yolverilməzdir. Çünki, belə faizin məhz pul öhdəliyinin icra edilməməsinə (ödənilməsinin gecikdirilməsinə) görə tutulması qanunda açıqca təsbit olunmuşdur. Mülki Məcəllənin “Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət” başlıqlı 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göstərilənlərə əsasən, “xxxxxxxxxxxxxx” MMC-nin iddiaçıya pul qaytarmaq öhdəliyi olmadığı üçün birinci instansiya məhkəməsinin bank uçot faizinin tutulması tələbinin rədd edilməsi barədə gəldiyi nəticə əsaslıdır. Bundan əlavə, Kollegiya, tutulmuş mənəvi zərərin əvəzinin həcminin artırılması üçün əsas görmür. Belə ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Kollegiya onu da qeyd edir ki, Cavabdeh2 MMC, iddiaçı ilə bağlanmış müqavilənin tərəfi olmadığı üçün həmin əqddən irəli gələn öhdəliklərin icra olunmaması ilə bağlı dəymiş mənəvi zərərə görə tutulan pul məbləğinin icra olunması vəzifəsinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması tələbi də əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7117/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev
Məhkəmə qərarları › İş №2(103)-2138/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2138/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver