Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2139/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair ilkin, Cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), X25 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi Vəkil3, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair ilkin, Cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(007)-2071/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(007)- 2973/2022 saylı qətnaməsinə əsasən X6 ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh1 bağışlamasına dair Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci il tarixdə bağlanaraq reyestrdə 4-Ə352 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21 may 2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin satılmasına dair X12 ilə alıcı X30 arasında Cəlilabad rayon 1 saylı notariat ofisində bağlanılmış və reyestrdə 4Ə-344 nömrə ilə qeydə alınmış 03 may 2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin X16 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 may 2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğv olunması qət edilmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(007)- 2973/2022 saylı qətnaməsi 10 fevral 2023-cü il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad Rayon 1 saylı Notariat ofisinin 18 may 2023-cü il tarixli, 624 saylı məktubundan görünür ki, ünvan 4 küçəsi 127 inzibati bina ünvanında qeydiyyatda olan İddiaçı ərizəsi əsasında mərhum X3ndan qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açılmış və İddiaçı, Cavabdeh1 və X7 mərhum X6 qanun üzrə vərəsələri olması müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad Rayon 1 saylı Notariat ofisinin 18 may 2023-cü il tarixli, 622 saylı məktubundan görünür ki, X8 məxsus ünvan 5 ünvanında yerləşən mənzilin bağışlamasına dair 05 may 2021-ci il tarixli, 4-Ə352 reyestr nömrəli müqavilə və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin alqı-satqısına dair 03 may 2021-ci il tarixli, 4Ə-344 reyestr nömrəli müqavilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(007)-2973/2022 saylı qətnaməsi əsasında ləğv edilmiş və bu barədə müvafiq qeyd aparılmışdır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 25 may 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil 21 may 2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatda alınmış, lakin Masallı regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 özgəninkiləşdirilmişdir. Cavabdeh2 həmin mənzilə mülkiyyət hüququ 03 avqust 2022-ci il tarixdə qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil üzərinə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16(007)-43/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil 17 iyul 2019-cu il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş 4Ə-352 reyestr nömrəli, 05 may 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.
8. AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə X19 (Cavabdeh1 əvəzinə) ilə Cavabdeh2 arasında ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 83.1 kv.m olan mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır, həmin mənzilin müqabilində Cavabdeh2 Cavabdeh1 satdığı tam hissəni 61433,70 manat qiymətinə almışdır.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 37 saylı evin 31 saylı mənzilinin alqı – satqısına dair Masallı regional “ASAN Xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, sonuncunun həmin mənzil üzərində 03 avqust 2022-ci il tarixdə qeydə alınmış mülkiyyət hüququnun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, X4 ilə X3 1991-ci ildə ailə həyatı qurublar. Birgə nikahdan 16 iyul 1992-ci ildə bacısı İlahə, 28 noyabr 1994-cü ildə bacısı Ləman, 10 fevral 1998-ci ildə isə o özü doğulmuşdur. Onlar Rusiya Federasiyasının Kemerov vilayətinin Novokuznetsk şəhərində yaşamışlar. Bacıları Rusiya Federasiyasının vətəndaşlığını almışlar. Atası orada ticarətlə məşğul olmuş və onlar ilin müəyyən müddətini Rusiyada, müəyyən müddətini isə Bakı şəhərində qalmışlar. Böyük bacısı İlahə 2009-cu ildə X30 ilə ailə həyatı qurmuş, onların birgə nikahdan iki uşaqları var və hazırda Rusiya Federasiyasının Kemerov vilayətinin Novokuznetsk şəhərində qeydiyyatda olmaqla orada yaşayırlar və onların hər ikisi Rusiya vətəndaşıdır. X4 24 noyabr 2013-cü ildə, anaları X12 isə 04 sentyabr 2020-ci ildə vəfat etmişdir. X2 adına ünvan 6 ünvanında, ümumi sahəsi 80,10 kvadratmetr olan daşınmaz əmlakı - evi olmuş, həmin mənzilə anasının adına 17 iyul 2019-cu ildə çıxarış verilmişdir. X3 vəfat etdikdən sonra Rusiya Federasiyasının vətəndaşı olan, Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhəri, Kurako prospekti 4, mənzil 25-də qeydiyyatda olan və yaşayan bacısı Cavabdeh1 05 may 2021-ci il tarixdə, yəni anasının ölümündən 8 ay sonra anasının adına ünvan 7 ünvanda olan daşınmaz əmlak olan yaşayış evini, Cəlilabad rayon notariat ofisinin 4Ə-352 reyestr nömrəli 05 may 2021-ci il tarixli "bağışlama müqaviləsi" əsasında tərtib edilmiş ********** qeydiyyat nömrə ilə öz adına çıxarış almışdır. Bundan başqa X2 adına olan ünvan 3 ünvanında yerləşən 0,015 ha həyətyanı torpaq sahəsi Cəlilabad rayon notariat kontorunun 03 may 2021-ci il tarixli 4Ə344 qeydiyyat nömrəli “alqı-satqı” müqaviləsinə əsasən X1. Həmin torpaq sahəsi X16 adına 26 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmışdır. O, həm “bağışlama” müqaviləsinin, həm də “alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli 2(007)-2973/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli 2(007)-2973/2022 nömrəli qətnaməsi 10 ferval 2023-cü il tarixdə qanuni qüvvəsini almış və qətnamə icra olunması üçün 13 fevral 2023-cü ildə aidiyyəti üzrə göndərilmişdir. Bununla bağlı ərizəsi əsasında mərhum anası X5 qalmış əmlak barəsində qanun üzrə vərəsəlik işi açılmış və o göstərilən ünvanlardakı mülklərə, yəni daşınmaz əmlaklara çıxarış almaq istəyərkən müəyyən olunmuşdur ki, bacısı Cavabdeh1 X2 ölümündən sonra onun adından Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci ildə bağlanmış reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş "bağışlama” müqaviləsinə əsasında əldə etdiyi ünvan 5 ünvanda yerləşən mənzilini onun iddia ərizəsinə məhkəmədə baxılan zaman Masallı regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli "alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh2 özgəninkiləşdirmişdir. Həmin mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ 03 avqust 2022-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. O 2021-ci ildən, yəni anası X13 öldükdən sözügedən mənzildə yaşayır. Bu günə kimi həmin mənzilə alıcı qismində gələn olmamış və kimsə ona mənzili aldığını bildirməmişdir. Bütün bunlar göstərir ki, bacısı İlahə saxta yolla mənzili öz xeyrinə özəlləşdirmək məqsədi ilə indiyə kimi mənzillə maraqlanmayan, mənzilə gəlib baxmayan Lənkəran rayonunda yaşayan Cavabdeh2 satmışdır. Rusiya Federasiyasının vətəndaşı olan Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhəri, Kurako prospekti 4, mənzil 25 ünvanında qeydiyyatda olan və yaşayan bacısı Cavabdeh1 Azərbaycan Respublikası ərazisində qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olması barədə məlumat yoxdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsindən verilmiş 10 may 2023-cü il tarixli arayışdan görünür ki, Şükürova X15 rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla, orada yaşayır.
11. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 37 saylı evin 31 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 31 iyul 2022-ci ildə Masallı Regional “ASAN Xidmət” mərkəzində ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 83.1 kv/m olan məzillə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin ikinci səhifəsinin son abzasında xüsusi notarius X9 tərəfindən təsdiqlənib ki, özgəninkiləşdirilən əmlakın Cavabdeh1 məxsus olması yoxlanılıb. Alqı-satqının həyata keçirilməsi üçün hər hansı bir mane olmayıb. Mənzilin ipoteka yüklülüyü, vərəsəlik predmeti və alqı-satqıya mane olacaq digər hər bir hansı halın olmadığı müəyyən ediləndən sonra rəsmiləşdirilib. 31 iyul 2022-ci il tarixdə alqı-satqı müqaviləsinə görə, 701 №-li məktuba əsasən Notariusun “Kapital bankın” Cənub fillialında olan depozit hesabına 61433,70 manat köçürülüb. Müqavilə əsasında həmin əmlaka onun adına daşınmaz əmlakın dövlət reyestirindən çıxarılış verilib, icbari sığortası həyata keçirlərək, 50 manat sığorta haqqı ödənilib. Ödənilən qəbzlər onu təsdiqləyir ki, alıcı kimi aldığı bu evlə bağlı mübahisə olduğunu bilməmişdir. Əgər bilsəydi evin alınmasına görə 61433,70 manat pul köçürməzdi və bu evi sığorta etdirib 50 manat da əlavə köçürməzdi. Mənzil alınarkən tərəfindən baxış keçirilib, vəziyyəti qənaətbəxş olmaqla yanaşı həmin vaxt evdə kənar şəxs olmayıb. Mənzillə bağlı hər hansı problemli bir danışıq olmamış, ev sahibi İlahə xanımın və ailəsi haqqında xoş sözlər deyilmişdir. Hazırda ailə vəziyyəti ilə əlaqədar qaynanası ilə birlikdə yaşadığından daimi olaraq mənzildə yaşamasa da, həmin mənzil onun mülkiyyətindədir. Son vaxtlar həyat yoldaşı ilə danışıqlar zamanı evə köçməyə qərar vermişlər. 2023-cü ilin 05-08 iyul ayında mənzilə gedib evə aid qalan əşyalarını qoymaq istəyərkən qapının açarının dəyişdirildiyini görmüşdür. Qapını döydükdən sonra dəqiqləşdirmişdir ki, evdə tanımadığı şəxs yaşayır. Həmin şəxs mənzilinin qapısını qıraraq evinə girib. Hadisə barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə mənzili əsassız olaraq zəbt edən şəxsin oradan çıxarılmasını tələbi ilə məlumat vermişdir. Lakin onlar bu mübahisənin məhkəmə qaydasında həll edilməli olduğunu bildirdilər. Artıq yaşadıqları müddət ərzində işıq, qaz və sudan istifadə etməklə xeyli miqdarda borc yığıblar. Eyni zamanda evə daşıdığı əşyaları da ya satıblar, ya da istifadə edirlər. Bu barədə məlumatı yoxdur. Sonradan ona məlum olub ki, mənzilini zəbt edən evi aldığı İlahə adlı şəxsin bacısı Aynurədir.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(007)- 2071/2023 nömrəli qətnaməsi ilə ilkin iddia təmin olunaraq Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 5 ünvanında yerləşən mənzilə dair bağlanmış və Masallı regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli "alqı-satqı” müqaviləsi etibarsız, Cavabdeh2 adına 03 avqust 2022-ci il tarixdə qeydiyyata alınmış həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir.
14. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh2 mənzil barədə suallar verilən zaman ziddiyyətli cavablar vermiş, alqı-satqı müqaviləsinin təxminən 62000 manat müqabilində bağlandığını qeyd etdiyi halda, barəsində toplanmış material üzrə Nizami RPİ-nin 24-cü PŞ-də izahat verən zaman həmin məbləğin 170000 manat təşkil etməsi ilə bağlı yaranmış ziddiyyətli məqamlara (qeyd olunan mənzilin real bazar qiymətinin daha yüksək olması məhkəmə iclasında inkar olunmamışdır) aydınlıq gətirə bilməmiş, əksinə məhkəmə araşdırması zamanı sözügedən alqı-satqı müqaviləsi bağlandığı dövrdə ilkin iddia üzrə iddiaçının həmin mənzildə yaşadığı, alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması məlum olmuş, qarşılıqlı iddia üzrə iddiaçı tərəf bunun əksini sübuta yetirə bilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabp 2022-ci il tarixli, 2(007)-2973/2022 saylı qətnaməsində göstərilən hallar da məhkəmə araşdırması zamanı nəzərə alınmışdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2-ci, 324.4, 324.5, 337.1, 337.4, 385.1, 442-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı – ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişlər.
17. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Aynurənin xalasıdır, “Corona” xəstəliyi vaxtı bacısı açarı onlara vermişdir. Bacısını dəfn etdikdən sonra, yeddisində evə gedəndə onlara məlum olmuşdur ki, evin açarı dəyişdirilib. Sonra polisin nəzarəti ilə Füzuli qapını açmışdır. O zaman hələ ev satılmamışdı. Füzuli qonşunu pulu ilə öz tərəfinə çəkmişdir. Qonşu bu səbəbdən onları görəndə hay-küy salmışdır. Birinci instansiya məhkəməsi bu şahid ifadəsinə qiymət verərəkən nəzərə almamışdır ki, təqdim olunan CD diskdə olan videogörüntü çəkilib, ev satışa çıxarılarkən Aynurəgil o mənzildə olmamışdır. Bundan başqa Aynurəyə məhkəmə tərəfindən suallar verilərkən bildirmişdir ki, o həmin mənzilə qapını açmaq üçün polis çağırmış və polis onlara qapını açıb evə girməyə yardımçı olmuşdur. İddiaçıya məhkəmədə qarşı tərəf olan qarşılıqlı iddiaçının vəkili tərəfindən hansı polis tərəfindən belə hərəkətə yol verildiyi soruşulsa da cavab verməmişdir. Buradan aydın olur ki, o həmin mənzilə özbaşına daxil olmuş və içəri girərkən polisə müraciət etməmiş,“buna dair sübut nə sübut təqdim edə bilərsiniz? “ sualına cavab verməyərək məhkəməyə sübut təqdim edə bilməmişdir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənləır bir daha onu təsdiq edir ki, Şahid2 məhkəmə iclasında bildirdiyi ifadələr həqiqəti əks etdirmir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Aynurənin qonşusudur. 1991-ci ildən orada yaşamışdır. Həmin evdə çoxları yaşamış və çıxmışdır. Beş il olar ki, onlar həmin evi alıblar, evdə Aynurə yaşamışdır. Evə kiminsə almaq üçün baxmağa gəldiyini və ya hər hansı bir əşya gətirdiyini görməmişdir. Bu şahid ifadəsinə gəldikdə isə Cavabdeh1 nümayəndəsi Vəkil3 tərəfindən təqdim edilmiş 17 oktyabr 2022- ci il tarixli aktdan (elektron sistemə yerləşdirilib) məlum olur ki, mübahisəli binada və eyni blokda yaşayan qonşular X21 və X10 akta imza edərək aktın tərtib olunduğu vaxtadək bu mübahisəli mənzilə Cavabdeh1 və onun əri Əliyev Elnurun olduğunu və onları qonşusu kimi tanıdığını bildirmişlər. Yuxarıda qeyd edilənə baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsində bu sənədə hüquqi qiymət verilməmişdir. Həmin akt elektron kabinetə yerləşdirilsə də bu sənəddə olan qonşuların bildirdiyi fikrə və ziddiyətli olan məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsində olan ziddiyyətə aydınlıq gətirilməmişdir. Bundan başqa o da qeyd edilməlidir ki, Cavabdeh1 nümayəndəsi Vəkil3 tərəfindən 17 oktyabr 2022-ci il tarixli akt məhkəmə iclasında təqdim edilsə də onun ifadəsinə aydınlıq gətirilməmiş, guya cavabdehin iştirakı olmadan məhkəmə prosesi aparılmışdır. Əgər elektron kabinetə diqqət yetirilsə məlum olar ki, həqiqətən də bu akt sistemə yerləşdirilib və məhkəmə iclasında təqdim edilmişdir. Hesab edirik ki, məhkəmənin qətnaməsi bu əsasa görə də qanunsuz, maddi və prosessual hüquq normalarına ziddir və əsassızdır. İş materiallarında Cavabdeh2 mənzilin zəbt edilməsinə dair polisə müraciəti və təhqiqat araşdırması var. 20. Cavabdeh2 nümayəndə və vəkillə təmsil olunmasına baxmayaraq özü şəxsən məhkəmə prosessində iştirak etmiş, hakimin və tərəflərin suallarını cavablandırmış, mənzili olduğu kimi təsvir etmişdir. Məhkəmə Cavabdeh2 alqısatqı müqaviləsinin təxminən 62000 manat müqabilində bağlandığını qeyd etdiyi halda, barəsində toplanmış material üzrə Nizami RPİ-nin 24-cü PŞ-də izahat verən zaman həmin məbləğin 170000 manat təşkil etməsini ziddiyyətli məqam kimi qimətləndirmişdir. Əslində Cavabdeh2 məhkəmədə sualları cavablandırarkən bu məqama aydınlıq gətirib. Özüözlüyündə bu fakt alqı-satqını bir daha təsdiqləyir və Cavabdeh2 vicdanlı alıcı olduğunu sübut edir. İşin obyektiv araşdırılmasının təmin etmək üçün Cavabdeh2 həyat yoldaşı X22 şahid qismində dindirilmimşdir. Məhkəmə qətnaməsində qeyd edib ki, guya məhkəmə araşdırması zamanı alqı-satqı müqaviləsini bağlayan tərəflərin hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması məlum olmuş, qarşılıqlı iddia üzrə iddiaçı tərəf bunun əksini sübuta yetirə bilməmişdir. Lakin prosessdə onların tanışlığı barədə heç bir sübut olmayıb ki, tərəf də onun yalan olduğunu sübuta yetirsin. Məhkəmə hesab edib ki, əgər şahid Rusiya Federasiyasının, Kemerovo vilayətində olubsa bu zaman onlar tanışdılar. Lakin onların tanış olması barədə iş materiallarında nə də ki, məhkəmə prosessində heç bir hal olmayıb. Məhkəmə yalnız öz qətnaməsinə don geyindirmək üçün faktı yalnış təsvir edərək əsassız qətnamə çıxarmaq üçün əsaslandırma kimi qəbul edib. Şahid özü ifadəsində iş ilə əlaqədar oradan keçdiyini demişdir, çünki səyyar ticarətlə məşğul olur və Rusiya Federasiyasının 90 faiz vilayət və şəhərlərində olub. Bu əsas vermir ki, tərəfin min bir əziyyətlə pul toplayıb aldığı mənzilin onun əlindən alınmasına səbəb olsun. Rusiya Federasiyasının, Kemerovo vilayətinin sahəsi 95.5 kvm, əhalisi ******* nəfərdir. Rusiya Federasiyasında da təxminən 3 milyona yaxın azərbaycanlı yaşayır, onların orada tanınma ehtimalı da 1/3 milyona nisbətinə bərabrdir. Məhkəmə vicdanlı alıcı məsələsinə, İddiaçı mülkiyyətçi Cavabdeh2 mülkiyyət hüququnu pozmasına qiymət verməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarındakı mövqeyə görə mülki qanunvericiliyə əsasən əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdeh1 nümayəndəsi Vəkil3 və Cavabdeh2 nümayəndəsi Vəkil2 məhkəmə iclasında apelyasiya şikayətləri ilə eyni məzmunlu izahat verərək şikayətlərin təmin olunmasını məhkəmədən xahiş etdilər.
20. İddiaçı və onun nümayəndəsi apellyasiya şikayətlərinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdilər.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxiledildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 18 iyul 2018-ci il tarixli Qərarı: ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004-cü il tarixli Qərarı: ... Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 15 sentyabr 2014-cü il tarixli Qərarı: ... Mülki qanunvericiliyə əsasən ,əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı: ... Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
27. Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı: ... Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iş üzrə yeni qətnamə qəbul olunaraq, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.
32. Qüvvədə olan mülki qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka üçüncü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.
33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Cavabdeh1 müqaviləni bağlayarkən onun icarə ifadəsi vicdanlılıq prinsipinə uyğun olmamışdır. Yəni, daşınmaz əmlak üzərində onun hüquqları qeydə alınsa da, məhkəmə mübahisəsinin getdiyi, iş məhkəmənin icraatında olduğu dövrdə həmin əmlakı özgəninkiləşdirilməsi həm qanunun tələblərinə, həm də vicdanlılıq prinsiplərinə zidd olmuşdur.
34. Hazırkı mübahisə üzrə əsas araşdırılmalı xüsusat digər Cavabdeh2 vicdanlı olub – olmamasıdır.
35. İlkin iddia ərizəsində əqdin etibarsızlığı tələbi irəli sürülsə də, ərizənin hüquqi əsaslandırma hissəsində ümumi normalar kimi Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 337.5-ci normalarına istinad olunmuş, konkret olaraq əqdin hansı əsaslarla etibarsız hesab olunması, məsələn yalan və ya uydurma əqdi olması, yaxud digər əsaslara etibarsız hesab edilməli olması əksini tapmamışdır.
36. Birinci instansiya məhkəməsinin qətnaməsində də demək olar ki, eyni normalara istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm iddiaçının, həm də birinci instansiya məhkəməsinin əsaslandığı hallar ona əsas verir ki, işin halları Mülki Məcəllənin 340.1 maddəsi baxımından qiymətləndirilməli, əqdin uydurma, yəni, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olub – olmaması araşdırılmalı və yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 vicdanlı alıcı olub – olmaması araşdırılmalıdır.
37. Əqdin etibarsızlığı ilə bağlı məhkəmənin gəldiyi qənaət 2 halla əsaslandıılmışdır: Müqavilədə evin qiymətinin 61433,70 manat göstərilməsinə baxmayaraq Cavabdeh2 polis bölməsinə izahat verərkən evi 170000 manata aldığını bildirməsi və müqaviləni bağlayan tərəflərin hər ikisinin Rusiya Federasiyasının Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması.
38. Birinci instansiya məhkəməsi qeyd olunan xüsusatları bu cür əsaslandırmışdır ki, “alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması məlum olmuş, qarşılıqlı iddia üzrə iddiaçı tərəf bunun əksini sübuta yetirə bilməmişdir.” Məhkəmə kollegiyası bu hal üzrə sübutetmə yükünün cavabdehin üzərinə qoyulması ilə razılaşmır. Çünki əqdin etibarsızlığı tələbini irəli sürən şəxs iddiaçıdır və etibarsızlıq üçün əsas olan halları sübuta yetirmək də məhz onun vəzifəsidir.
39. Müqavilədə evin qiymətinin 61433,70 manat göstərilməsinə baxmayaraq Cavabdeh2 polis bölməsinə izahat verərkən evi 170000 manata aldığını bildirməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu halı etibarsızlıq üçün əsas kimi qeyd etsə də, bu halın məhz hansı səbəbdən etibarsızlıq üçün əsas olması məsələsinə aydınlıq gətirməmişdir. Apellyasiya instansiyası məhkəməsində qiymətlə bağlı xüsusat araşdırılarkən iddiaçı tərəf də qeyd etmişdir ki, evin dəyəri 90000 – 120000 manat aralığındadır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, evin dəyərinin cavabdehin ərizəsində müqavilədə göstərilən qiymətdən fərqli göstərilməsi müstəqil olaraq əqdin əhəmiyyətsizliyi, etibarsızlığına əsas verən hal kimi qiymətləndirilə bilməz.
40. Birinci instansiya məhkəməsinin əqdin etibarsızlığı üçün əsaslandığı digər hal isə “alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması”dır və bu hal ilə bağlı cavabdehin özünün verdiyi izahata istinad olunur.
41. İş materiallarının 125-128-ci vərəqələrində olan 02 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokolunda Cavabdeh2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Yoldaşım ticarətlə məşğuldur, Rusiyaya gəlib gedir. Bakıda da ticarətlə məşğul olub. Yoldaşım Novokuznetsk şəhərinə gəlib - gedirdi”. Göründüyü kimi Cavabdeh2 qətnamədə qeyd olunduğu kimi izahatında, “alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması” barədə heç bir izahat verməmiş, ona verilən suallara cavab olaraq, həyat yoldaşının ticarətlə məşğul olduğunu, Rusiyaya gedib – gəldiyini və məhz sualda Novokuznetsk şəhərinin adı çəkildiyindən həmin şəhərə də gedib – gəldiyini qeyd etmişdir.
42. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən Cavabdeh2 nümayəndəsi tərəfindən məhkəməyə alqı – satqı ərəfəsində iddiaçının orada yaşamadığını təsdiq edən sübut kimi evin bəyənilib dəyərləndirilməsi ilə bağlı həmin evdə çəkilmiş fotoşəkillər və video çəkilişlər təqdim olunsa da, həmin sübutlar birinci instansiya məhkəməsində təqdim olunmadığından və iddiaçı tərəfindən bu sübutların araşdırılmasına etiraz edildiyindən məhkəmə kollegiyası tərəfindən sübut kimi qiymətləndirilərək araşdırılmamışdır.
43. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh2 əldə etdiyi əmlakla bağlı üçüncü şəxslərin iddialarından xəbərdar olması öz təsdiqini tapmır və buna görə də o, vicdanlı alıcıdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə görə də mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır, gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
44. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ilkin iddia rədd, qarşılıqlı iddia təmin olunmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(007)- 2071/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(007)- 2071/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma barədə qarşılıqlı iddiası təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 37 saylı evin 31 saylı mənzilindən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.