Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2144/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq yazılmış cərimənin silinməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-3985/2021 saylı iş üzrə qəbul etdiyi 21 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Möhsin Səlim” məscidinə (kod: **********20000) əsassız olaraq hesablanmış 592.412,62 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qafqaz Müsəlmanları İdarəsinin 19 dekabr 2019-cu il tarixli, 464 saylı əmri ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinə imam müavini vəzifəsinə təyin edilmişdir və hazırda da həmin vəzifəni icra edir. Bundan bir neçə ay sonra, yəni 2020-ci ilin əvvəllərində Cavabdeh İB tərəfindən məscidə qaz verilməsi dayandırılmış, məscidin sayğacı bloka salınmışdır. Bununla bağlı qaz idarəsinə getdikdə iddiaçıya “Möhsin Səlim” məscidinin Cavabdeh İB-yə 2014-2015-ci illərdən qalma 592.412,62 manat məbləğində borcunun olması bildirilmişdir. İddiaçıya abonentin saldosu təqdim edilmiş, saldoda qeyd edilən borc məbləği göstərilsə də həmin borcun hansı səbəbdən yaranması ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-3985/2021 saylı iş üzrə qəbul etdiyi 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinə **********20000 saylı saylı abunə koduna hesablanmış 592.412,62 (beş yüz doxsan iki min dörd yüz on iki manat altmış iki qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Tərəflərindən təqdim olunmuş sübutlara (aktlara) hərtərəfli və tam baxılmayıb. Qanuni əsaslarla tərtib olunmuş aktlara əsasən cavabdeh tərəfindən heç bir ödəniş olunmadığı açıq-aşkar görsənir. Buna baxmayaraq, hakim təqdim etdikləri sübutları nəzərə almamış və qətnamə qəbul edərkən onlara əsaslanmamışdır. İddiaçı müqavilədə qeyd olunan qurğuların (qaz plitəsi, dəmir soba, buxar sobası və s.) mövcud olduğunu və bir neçə il bundan əvvəl kənd əhalisinə məscid tərəfindən şifahi olaraq məscidin dövlət tərəfindən çəkilmiş qaz xəttinə quraşdırılması ilə bağlı icazə verildiyini etiraf etməyinə baxmayaraq məhkəmə bu halları nəzərə almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər aşkar edilməmişdir. Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidində abonent saldosunda qeyd edilmiş PQ-4 tipli qaz plitəsi, dəmir soba və buxar sobası müəyyən edilməmişdir. Lakin ekspertizanın rəyi iddiaçı tərəfin məhkəmədə verdiyi ifadələrə ziddir. Bununla bağlı, təkrar ekspertiza keçirilməsi üçün həm məhkəmə prosesində şifahi vəsatət verilməsinə baxmayaraq hakim iddiaçının və nümayəndənin ifadələri arasındakı, həmçinin cavabdeh tərəfindən təqdim olunmuş aktlarla ekspert rəyi arasındakı ziddiyyətləri nəzərə almadan təkrar ekspertizanın keçirilməsini təmin etməmişdir. Bununla yanaşı, ekspertin məhkəmə iclasına dəvət olunması məqsədi ilə iş təxirə salınsa da növbəti iclasda ekspertin iştirakı olmadan əsassız qərar qəbul edilmişdir. Məhkəmə iddiaçının 592.412,62 manat məbləğində borcun hansı sübutlara əsaslanaraq sildiyini əsaslandırmamış ekspertin əsassız rəyini qanuni və əsaslı hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsinin əmri ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Möhsin Səlim məscidinə imam müavini vəzifəsinə təyin edilmişdir. Məscid əvvəllər Cümə Məscidi kimi tanınsa da hal-hazırda rəsmi adı “Möhsin Səlim” məscidi adlanır. Həmçinin məscidin şəhadətnaməsi eləcə də nizamnaməsi mövcuddur bu barədə sənədləri də təqdim edir. Həmçinin bildirir ki, Məscidin rəsmi ruhanisi olaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə eyni zamanda vəkili ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcini qeyd etmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan 24 iyun 2006-cı il tarixli məişət qaz sayğaclarının quraşdırılması, yoxlanılması, istismara qəbulu və abonentə təhvili haqqında aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinə qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinin 2015-ci ilin avqust ayına 592.412,62 manat borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər aşkar edilməmişdir. Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidində abonent saldosunda qeyd edilmiş PQ-4 tipli qaz plitəsi, dəmir soba və buxar sobası müəyyən edilməmişdir. Hazırda İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Möhsin Səlim” məscidinə (kod: **********20000) əsassız olaraq hesablanmış 592.412,62 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 16 iyun 1993-cü il qərarından çıxarışla müəyyən edilir ki, Bakı şəhər Binə Qəsəbəsi “Möhsin Səlim” dini qurumun nizamnaməsinin qeydə alınması və onun rəsmi fəaliyyətinə icazə verilməsi qərara alınmışdır. Təqdim edilmiş Bakı şəhər Binə Qəsəbəsi “Möhsin Səlim” dini qurumun nizamnaməsindən görünür ki, icma vəqf mülkiyyəti ilə yanaşı yardımçı təsərrüfat da yarada bilər; icmanın şəri işləri təhsilli din xadimi, maliyyə-təsərrüfat və təftiş işləri isə dindarların ümumi razılığı ilə həyata keçirilir; icmanın bəzi şəri və bütün maliyyə işləri dindarların ümumi razılığı ilə həyata keçirilir; icmanın hüquqi şəxs kimi əmlakı və bankda hesabı olur; icmanın xüsusi blankı, möhür və ştapmı vardır. Eyni zamanda 09 iyun 1197-ci il tarixli dövlət qeydiyyat haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, “Cümə” məscidi dini icması dövlət qeydiyyatına alınmışdır. (identifikasiya kodu 3059743) Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Həmin Məcəllənin 49.3-ci maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi Bakı şəhər Binə Qəsəbəsi “Möhsin Səlim” dini qurumu hüquqi şəxs kimi nizamnaməsi təsdiq edilmiş və 09 iyun 1197-ci il tarixli dövlət qeydiyyat haqqında şəhadətnamə ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, “Cümə” məscidi dini icması dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı isə müəyyən edilmişdir ki, İddiaçı Qafqaz Müsəlmanları İdarəsinin 19 dekabr 2019-cu il tarixli, 464 saylı əmri ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Möhsin Səlim” məscidinə imam müavini vəzifəsinə təyin edilmişdir və hazırda da həmin vəzifəni icra edir. Həmçinin İddiaçı apellyasiya baxışı zamanı izahatında bildirmişdir ki, Məscid əvvəllər Cümə Məscidi kimi tanınsa da hal-hazırda rəsmi adı “Möhsin Səlim” məscidi adlanır. Məhkəmə kollegiyası qeyd edir ki, “Möhsin Səlim” məscidi ayrıca hüquqi şəxs kimi qeydiyyatdan keçsə də, iddiaçı fiziki şəxs qismində hazırki iddianı qaldırmaqla “Möhsin Səlim” məscidinə hesablanmış borcun silinməsini tələb etmişdir, həmçinin iddiaçının “Möhsin Səlim” məscidinin adından çıxış etməsi üçün müvafiq səlahiyyətlərə məxsus olması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu isə o deməkdir ki, İddiaçı “Möhsin Səlim” məscidinə hesablanmış borcun silinməsi barədə iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də apellyasiya şikayətinin təmin olunması mümkün deyildir. Məhkəmə kollegiyası izah edir ki, hazırki iddia tələbi ilə yalnız “Möhsin Səlim” məscidi hüquqi şəxs kimi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə və işin hallarına uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-3985/2021 saylı iş üzrə qəbul etdiyi 21 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh İB-yə qarşı “Möhsin Səlim” məscidinə (kod: **********20000) əsassız olaraq hesablanmış 592.412,62 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə dair dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2144/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2144/2022
11.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver