Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2147/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)-377/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh1 (bundan sonra, cavabdeh) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş ünvan 3A ünvanda yerləşən binanın 4cü mərtəbəsində, 2 otaqlı, 326 saylı mənzilin dəyəri olan 105000 manat pul vəsaitinin ½ hissəsinin, yəni 52500 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş, 2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Nikaha daxil olduqdan sonra cavabdehin ailə üzvlərinə məxsus ünvan 1 mənzil 6 ünvana gəlin köçmüş və orada yaşamışlar. Sonradan məcbur olaraq bir müddət kirayədə və atasına məxsus evdə yaşamış, nəhayət xx xxxxxx 2016-cı ildə cavabdehin adına ünvan 3A ünvanda yerləşən binanın 4-cü mərtəbəsində, 2 otaqlı, 326 saylı mənzil əldə etmişlər. Onların münasibətləri kəskin olaraq pisləşdiyi və boşanma ərəfəsində olduqları vaxtda, yəni xx xxxxx 2018-ci il tarixdə mənzil cavabdeh tərəfindən satılaraq Cavabdeh2 adına keçirilmişdir. Cavabdehlə aralarında bir neçə məhkəmə mübahisələri olsa da, hazırki mübahisəli mənzilə dair sənədlər onda olmadığı üçün əmlak bölgüsünə dair iddia qaldıra bilməmişdir. Müqavilə və maliyyə arayışının əldə edilməsi məqsədi ilə dəfələrlə «xxxx» MTK-ya müraciət etməyinə baxmayaraq mənzilə dair həmin sənədlərin ona təqdim edilməsindən imtina edilmişdir. Nəhayət vəkili tərəfindən «xxxx» MTK-ya sorğu göndərilmiş və sorğunun cavabından məlum olmuşdur ki, birgə nikah dövründə əldə etdikləri mənzil xx xxxxx 2018-ci il tarixdə cavabdeh tərəfindən Cavabdeh2 satılaraq sonuncunun adına keçirilmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyə əsasən, mübahisəli mənzilin 2018-ci il tarixə olan real bazar qiyməti 105000 manat təşkil etmişdir. Göründüyü kimi, cavabdehlər arasında bağlanmış müqavilədə göstərilən qiymət reallığı əks etdirmir və deklarativ xarakterli göstərilmişdir. Belə olan halda birgə nikah dövründə əldə etdikləri ünvan 3 A ünvanda yerləşən binanın 4-cü mərtəbəsində, 2 otaqlı, 326 saylı mənzilin onun razılığı və xəbəri olmadan cavabdeh tərəfindən satıldığı üçün, həmin mənzilin dəyərinin yarısını cavabdehdən tələb etmək hüququ yaranır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)- 377/2020 saylı qətnaməsi ilə (hakim Babək Qasımov) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddiasının təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi hüquq normalarının düzgün tətbiq olunmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin xx xxxx 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaları, nikahlarından uşaqlarının olmaması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 33K saylı bağ sahəsi bərabər paylara bölünməklə, bu əmlakın ½ hissəsinə iddiaçı Cavabdeh1, ½ hissəsinə cavabdeh İddiaçı qıznın mülkiyyət hüququnun tanınması, cavabdeh İddiaçı mülkiyyətində olan «Kia Optima» minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil bərabər paylara bölünməklə, bu əmlakın ½ hissəsinə iddiaçı Cavabdeh1, ½ hissəsinə cavabdeh İddiaçı mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930-cu məhəllə ünvanda yerləşən J binasının, 8-ci (yaşayış binasının 7-ci) mərtəbəsində ümumi sahəsi 125,76 kv.metr olan 3 otaqlı mənzilin dəyərindən ödənilmiş 98438 manat məbləğində pulun ½ hissəsi, yəni 49219 manat məbləğində pulun cavabdeh İddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi qismən – «Mercedes Benz GL-550» markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, «Mercedes Benz GL-550» markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 23500 manat pulun cavabdeh İddiaçı tutularaq Cavabdeh1 xeyrinə verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Həmçinin, işdə olan «xxxx» MTK-nın xx xxxxxx 2020-ci il tarixli 05 saylı məktubundan görünür ki, «xxxx» MTK-nın inşa etdiyi binanın 5-ci girişində, 4-cü mərtəbəsində, 2 otaqlı 326 saylı mənzil ilkin olaraq X5 tərəfindən xx xxxxxx 2013-cü ildə alınmışdır. Lakin xx xxxxxx 2016-ci ildə qalan pulu ödəyə bilmədiyi üçün həmin mənzili MTK-ya qaytarmış və ödədiyi pulu geri almışdır. Həmin gün, yəni xx xxxxxx 2016-cı ildə həmin mənzil Bakı şəhər, Yeni Suraxanı sakini Cavabdeh1 satılmışdır (mexaniki olaraq səhvən 1-ci satış tarixi yazılmışdır). xx.xx.2018-ci ildə həmin mənzil Cavabdeh1 ərizəsi əsasında Cavabdeh2 adına keçirilmişdir. Hal-hazırda ünvan 3 ünvanında «xxxx» MTK-nın inşa etdiyi binanın 5-ci girişində, 4-cü mərtəbə, 326 saylı, 2 otaqlı mənzil Cavabdeh2 məxsusdur. İşdə olan «xxxx» Hüquq və Konsaltin Şirkətinin xx xxx 2020-ci il tarixli, LP-048/20 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 3A ünvanında yerləşən 326 saylı mənzilin 2018-ci il tarixdə olan bazar qiyməti 105000 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən aşağıdakıları göstərmişdir: - «xxxx» MTK-nın inşa etdiyi binanın 326 saylı mənzili ilkin olaraq X5 tərəfindən xx xxxxxx 2013-cü ildə alınmışdır. Daha sonra X5 həmin mənzili maliyyə çətinliyi ilə əlaqədar (borcu müqavilində) Cavabdeh1 vermişdir. Sonra xx.xx.2018-ci ildə həmin mənzil pul müqavilində Cavabdeh1 ərizəsi əsasında Cavabdeh2 adına keçirilmişdir. Hazırda ünvan 3 ünvanında «xxxx» MTK-nın inşa etdiyi binanın 5-ci girişində, 4-cü mərtəbə, 326 saylı, 2 otaqlı mənzil Cavabdeh2 məxsusdur. Göründüyü kimi qeyd olunan mənzil cavabdeh tərəfindən xx xxxxxx 2016-cı il tarixdə, yəni İddiaçı Tahir qızı ilə nikahda olduqları müddət ərzində əldə edilmiş və birgə nikah dövründə satılmışdır. - İddiaçı iddia tələbində cavabdeh arasında münasibətlərin kəskinləşdiyi və boşanma ərəfəsində olduqlarından mübahisəli mənzilin xx xxxxx 2018-ci il tarixdə cavabdeh tərəfindən satılmasını göstərmiş, lakin mənzilin satılmasından təxminən bir ay sonra, yəni xx xxx 2018-ci il tarixdə iddiaçı tərəfindən 72000 manata Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 33K saylı bağ sahəsi alınmışdır və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnamsindən görünür ki, İddiaçı etiraf etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 33K saylı bağ sahəsinin alınması üçün Cavabdeh1 da vəsait qoymuşdur. Eyni zamanda məhkəmə də həmin bağ sahəsinin tərəflərin birgə vəsaiti hesabına alınması nəticəsinə gəlmişdir. Tərəflərin birgə vəsaiti hesabına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 33K saylı bağ sahəsi alınması, həmin vaxt onlar arasında münasibətlərin pis olması halını istisna edir. Göründüyü kimi mübahisəli mənzil satılarkən tərəflər arasında hər hansı mübahisə olmamış, həmin əmlak birgə nikah dövründə satılmış və əmlakın satılması nəticəsində əldə edilən vəsait ailəyə sərf edilmişdir. - İddiaçı iddia tələbində qeyd etmişdir ki, mübahisəli mənzil onun razılığı və xəbəri olmadan Cavabdeh2 satılmışdır. Lakin xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iddiaçı izahat verərəkən bildirmişdir ki, Cavabdeh1 ona tapşırmışdır ki, mübahisəli mənzilin işiq və qaz kartlarını Cavabdeh2 versin. Qeyd olunanlar iddiaçının iddia tələbində mənzilin satılmasından xəbəri olmaması halını istisna edir. - Mübahisə predmeti olan ünvan 3A mənzil 326 ünvanında yerləşən mənzil birgə nikah dövründə əldə edilmiş, tərəflər birgə nikahda olarkən cavabdeh tərəfindən özgəninkiləşdirilmiş, həmin dövrdə tərəflərin ailə münasibəti pis olmamış və mübahisəli mənzilin satışından əldə olunan vəsait nikah dövründə ailə məsrəfləri üçün xərclənmişdir. Belə ki, həmin dövrdə iddiaçının adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 33K saylı bağ sahəsi alınmış və iddiaçı özü də etiraf etmişdir ki, bu bağ sahəsinin alınmasına cavabdeh tərəfindən vəsait qoyulmuşdur. Bundan başqa iddiaçı məhkəmə iclasında qeyd edilən mənzilin ailə məsrəfləri üçün xərcləndiyini təkzib edən real sübutları məhkəməyə təqdim etməmişdir. - İddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 33K saylı bağ sahəsinin alınması üçün ödənilən 72000 manat məbləğində pulun başqa vəsait hesabına formalaşdırılmasına dair, həmçinin hazırda mübahisə predmeti olan mənzilin satılması ilə əldə edilən vəsaitin ailə məsrəfləri üçün xərclənmədiyinə dair sübut təqdim edilməmiş, qeyd olunan hal məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM-nin) 32.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM-nin) 225.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. MM-nin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. AM-nin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. AM-nin 36-cı maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir və mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. AM-nin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qeyd edilməlidir ki, iddiaçı ilkin tələbində – «xxxx» MTK ilə Cavabdeh2 arasında ünvan 3 A ünvanda yerləşən binanın 4-cü mərtəbəsində, 2 otaqlı, 326 saylı mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin (dəyəri 45852 manat) birgə nikah dövründə əldə edilmiş hesab edilməklə 1/2 hissəsinə payının tanınmasını xahiş etsə də, sonradan MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəyişdirmiş, əqdin etiğbarsızlığını tələb etməmiş, yalnız mənzilin satılması nəticəsində onun dəyərinin yarısını, yəni 52500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yəni, iddiaçının dəyişdirilmiş tələbinə görə mənzilin satılması ilə bağlı əqd mübahisələndirilməmişdir. İddiaçı mənzilin satıldığı dövrdə ailə münasibətlərinin kəskinləşməsini və s. əsas gətirməklə mənzilin dəyərinin payına uyğun olaraq yarısının cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Belə olan halda, hazırki mübahisə üzrə yoxlanılmalı olan hal, mənzilin satılması zamanı tərəflərin münasibətlərinin həqiqətən kəskin olması, mənzilin satış pulunun cavabdehdə qalması, ailəyə sərf olunmaması və s.-dir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli mənzil xx xxxxx 2018-ci il tarixdə, yəni tərəflərin birgə yaşadıqları müddətdə satılmışdır. Çünki, həmin mənzilin satılmasından təxminən bir ay sonra (xx xxx 2018-ci il tarixdə) iddiaçının adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 33K saylı bağ sahəsi alınmış, həmin daşınmaz əmlak isə məhkəmə qərarları ilə birgə nikah dövründə əldə olunmuş əmlak kimi tərəflər arasında bölünmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı etiraf etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 33K saylı bağ sahəsinin alınması üçün Cavabdeh1 da vəsait qoymuşdur. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, İddiaçı iddia tələbində mübahisəli mənzilin onun razılığı və xəbəri olmadan Cavabdeh2 satılmasını qeyd etsə də, xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iddiaçı izahat verərəkən bildirmişdir ki, Cavabdeh1 ona tapşırmışdır ki, mübahisəli mənzilin işiq və qaz kartlarını Cavabdeh2 versin. Qeyd olunanlar iddiaçının iddia tələbində mənzilin satılmasından xəbəri olmaması halını istisna edir. Həmçinin, cavabdeh da etirazında bildirmişdir ki, mübahisəli mənzil cavabdehin məlumatı və razılığı ilə satılmış, 1 ay sonra daha baha qiymətə yeni daşınmaz əmlak (Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 33K saylı bağ sahəsi) əldə etmişlər ki, həmin əmlak da məhkəmə tərəfindən birgə nikah dövründə əldə olunmuş əmlak kimi aralarında bölünmüşdür. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarlarına əsasən tərəflərin birgə nikah dövründə əldə olunmuş bütün əmlakları (daşınmaz və daşınar) bölünmüş, lakin həmin vaxtı iddiaçı hazırki daşınmaz əmlakın da bölünməli olmasını tələb etməmiş, mənzillə bağlı ümumiyyətlə fikir bildirməmişdir. İddiaçı həmin vaxtı mübahisəli mənzillə bağlı sənədləri əldə edə bilməməsini, bu səbəbdən də mənzilin bölünməsini tələb etməməsini göstərsə də, əvvəlki məhkəmə icraatı zamanı bu halı məhkəmənin diqqətinə çatdıra, MPM-nin 78-ci maddəsinə əsasən məhkəməyə sübutların əldə olunması barədə vəsatət verə və s. prosessual hüquqlarından istifadə edərək, müvafiq tələbini irəli sürə bilərdi. Mübahisəli mənzilin özgəninkiləşdirilməsindən bir ay sonra əldə edilmiş digər daşınmaz əmlak məhkəmə qərarı ilə tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edildiyi halda, iddiaçının mübahisəli mənzilin satıldığı zamanı ailə vəziyyəti ilə bağlı bildirdikləri əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzil tərəflərin birgə yaşadıqları dövrdə özgəninkiləşdirilmiş və əmlakın satılması nəticəsində əldə edilən vəsait ailəyə sərf edilərək qısa müddət sonra yeni daşınmaz əmlak əldə olunmuş, həmin əmlak isə məhkəmə qərarına əsasən birgə nikah dövründə əldə olunmuş əmlak kimi tərəflər arasında müvafiq paylara uyğun bölünmüşdür. Belə olan halda isə, iddiaçı mübahisəli mənzilin dəyərinin yarısının cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmamışdır. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbini ümumi mülahizələri ilə əsaslandırmağı çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçı tərəfin izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)-377/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)-377/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2147/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2147/2021
23.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver