Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2148/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması, əmlakın hərracdan satılması və məhkəmə qətnamələri ilə tanınan borc məbləğinin əmlak hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması, Cavabdeh1 mülkiyyətinə qaytarılmış ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına Cavabdeh1 məhkəmə qətnamələri ilə iddiaçıya münasibətdə üzərinə qoyulmuş pul öhdəliklərinin icrasına yönəldilməsi, dövlət rüsumunun və ödənilən vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 hal-hazıradək iddiaçıya 80.000 manatadək borcu yaranmış, o, müxtəlif üsul və vasitələrdən istifadə edərək borc məbləğini ödəməkdən yayınmışdır. Belə ki, Cavabdeh1 14 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə 53.000 manat pul vəsaitini borc alaraq 14 oktyabr 2017-ci il tarixədək ödənilməsini öhdəsinə götürmüş, lakin müqavilə öhdəliyini icra etməmiş, mülkiyyətində olan əmlakların formal qaydada 3-cü şəxslərin adına rəsmiləşdirilməsinə nail olmuşdur. Cavabdeh1 Xətai Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli icra sənədi, 2(011)-634/2020 saylı, 22 yanvar 2020-ci il tarixli icra sənədi və Cavabdeh5ndə olan iddiaçıya münasibətdə digər icra sənədləri üzrə könüllü icra tədbirlərini təmin etmək əvəzinə, 2011-ci il tarixdən faktiki mülkiyyətində olan ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv.m sahədən ibarət 5 otaqlı 100 nömrəli mənzili 2020-ci il tarixdə dövlət qeydiyyatına aldırmışdır. Cavabdeh hazırkı mənzil ilə bağlı mülkiyyət hüququnu 2020-ci ildə öz adına dövlət qeydiyyatına aldırmış, bundan sonra əmlakı satıb üzərində olan borc öhdəliyini icra etmək əvəzinə icra sənədlərinin icrasından yayınmaq məqsədilə eyni vaxtda notariat kontoruna müraciət edib bağışlama müqaviləsi əsasında əmlakı formal olaraaq 07 noyabr 1994-cü il təvəllüdlü oğlu Cavabdeh2 adına keçirmişdir. Sözügedən formal hərəkət nəticəsində məhkəmə aktlarının icrasına maneə törədən uydurma əqd bağlanmış və əmlak hüquqlarının pozulmasına növbəti cəhd edilmişdir. Sözügedən uydurma əqdlərin mövcudluğu icra mərhələsində məlum olmuş və borclu Cavabdeh1 mülkiyyətində olan əmlakların özgəninkiləşdirilməsinə qadağa olmasına baxmayaraq 2017-ci ildən, yəni borc öhdəliyi üzrə məhkəmə mübahisəsi yarandığı zaman borclu Cavabdeh1 daşınar və daşınmaz əmlakları üçüncü şəxslərin adına rəsmiləşdirilməsinə nail olmuş və bu qaydada uydurma əqdlərin bağlanması icra edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, rayon məhkəməsinin qətnaməsi nə milli qanunvericiliyin tələblərinə uyğun deyil, nə də ki X4 Məhkəməsinin formalaşdığı hüquqi dəyərləndirmə konsepsiyasının şərtlərinə cavab vermir. Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad edərək birldirir ki, uydurma əqd əhəmiyyətsizdir. Qanunvericilikdən də görünür ki, uydurma əqdi ifşa etmək üçün 2 hal aşkar edilməlidir: 1. Əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqd bağlanması şərti nəzərdə tutulur. Belə əqdlər heç bir niyyətdən doğmur. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəziəflərin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olmalıdır. 2. Əqdin məqsədi (Uydurma əqd başqalarını aldatmaq üçün bağlanılır). Uydurma əqdlər, yaranmış və ya gələcəkdə yaranacağı istisna edilməyən əlverişsiz şəraitdən qanunsuz yolla çıxmaq niyyəti ilə uydurulur. Nəzərə alınmalıdır ki, cavabdeh məhkəmə qətnamələri əsasında ona borclu olduğunu bilir. Bu səbəbdən ona olan borcunu ödəməkdən yayınmaq məqsədilə, 19 sentyabr 2020-ci ildə dövlət reyestrində öz adına daşınmaz əmlakı qeydiyyatdan keçirdikdən dərhal sonra, yəni 13 oktyabr 2021-ci ildə daşınmaz əmlakı oğlu Cavabdeh2 adına keçirmişdir. Burada yeganə məqsəd ona olan borclarını ödəməkdən yayınmaq üçün öz adında əmlakın olmaması görüntüsünü yaratmaq niyyətidir. Borcu ödəməkdən yayınmaq məqsədilə öz adında olan əmlakları öz adından çıxarması hətta həyat yoldaşının adında olmuş birgə əmlakları da 2018-2021-ci illərdə özgəninkiləşdirməklə borcu qaytarmaqdan hazırkı vaxta qədər yayınmağa nail ola bilmişdir. Cavabdehin oğlu ilə əmlakın bağışlanmasına dair bağladığı əqd həm uydurma, həm də yalan əqddir. Uydurma halları ilə əlaqədar dəlilləri qeyd edib. Bu əqdin yalan əqd olması ilə əlaqədar isə bunları bildirir: Yalan əqd başqa bir əqdi pərdələmək məqsədilə bağlanılır. Yalan əqddə mahiyyət etibarı ilə görünüş üçün bağlanılır. Uydurma əqddən fərqli olaraq yalan əqd tərəflərin əsl iradə ifadələrinə əsaslanan digər bir əqdi pərdələmək məqsədilə bağlanır. Yalan əqdlə pərdələnmiş əqd qanuni və qanunsuz ola bilər. Uydurma və yalan əqdlər ümumiyyətlə əqdlərin mahiyyətinin əsas göstəricisi olan keyfiyyətlərə malik deyil. Bu əqdlər əhəmiyyətsiz əqddir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, borclu Cavabdeh1 məsuliyyətdən yaxa gurtarmaq, öhdəliyin icrasından yayınmaq məqsədilə mülkiyyətində olan (daşınar və daşınmaz) əmlakları formal qaydada 3-cü şəxslərin adına rəsmiləşdirilməsinə nail olmuşdur. Belə ki, Cavabdeh1 2011-ci ildən özünə məxsus olan ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzil yalnız 9 (doqquz) il sonra yəni 19.09.2020-ci il tarixdə öz adına dövlət qeydiyyatına aldırmış, əmlaka dair müvafiq çıxarış aldıqdan sonra Cavabdeh1 icra orqanlarını (eyni zamanda onu bir tələbkar olaraq) aldadaraq tez-tələsik 13.10.2020-ci il tarixdə notariat qaydada uydurma əqd olan "bağışlama müqaviləsi"nin rəsmiləşdirilməsinə və icra mərhələsində iddia tələbi yönəldilə bilən adı gedən daşınmaz əmlakı oğlu Cavabdeh2 adına formal keçirilməsinə nail olmuşdur. Bununla da məhkəmə qətnamələri üzrə borcu ödəməkdən yayınaraq əmlakı və maddi imkanının olmadığı görüntüsünü yaratmışdır. Halbuki cavabdeh müqavilədən irəli gələn və eyni zamanda qətnamələrlə tanınan öhdəliyi vaxtında icra etməli, buna dair heç bir məhdudiyyət yaratmamalıdır. Borclu Cavabdeh1 əmlakı Dövlət reyestrində öz adına keçirəndən dərhal sonra oğlu Cavabdeh2 adına bağışlama müqaviləsi əsasında rəsmiləşdirməyinin səbəbi ilə bağlı tutarlı cavab verə bilməmişdir. Cavabdehin niyyəti açıq formada aydın olmasına baxmayaraq, bu hal düzgün aydınlaşdırılmamışdır. Aşkar və mübahisəsizdir ki, borclu (ata) Cavabdeh1 ona borcu olduğu səbəbindən daşınmaz əmlakla bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılan bağışlama müqaviləsi uydurma əqddir. Bu əqd özü özlüyündə əhəmiyyətsizdir, heç bir hüquqi nəticələrə səbəb olmur, yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır, məhkəmə isə bu məsələyə diqqət yetirməmiş və məhkəmə araşdırmasında mübahisəsiz müəyyən edilən hallara obyektiv hüquqi qiymət verilməsindən əsassız olaraq çəkinmişdir. İşin faktiki halları ilə təsdiq olunur ki, borclu Cavabdeh1 2011-ci ildən etibarən faktiki olaraq əmlakın sahibi olmaqla ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə mülkiyyət hüququ dövlət reyestrində yalnız 19.09.2020-ci il tarixdə qeydiyyata alındıqdan sonra cəmi 24 gün keçdikdə yəni 13.10.2020-ci il tarixdə bu əmlakı tez-tələsik 07.11.1994-cü il təvəllüdlü Cavabdeh2 "bağışlamış" və bu əqdin yeganə məqsədi qətnamələr üzrə verilmiş icra sənədlərindən irəli gələn öhdəliklərin icrasından yayınmaq, habelə icra prosesini geçikdirmək və maneələr yaratmaq olmuşdur. Əslində iddia tələbinə münasibətdə iş üçün əhəmiyyəti olan bütün hallar sübut edilmişdir. Lakin məhkəmə sübutları düzgün qiymətləndirməmiş və səhv nəticəyə gəlmişdir. İşə baxan birinci instansiya məhkəməsi qüvvədə olan qanunvericiliyin tələblərinə əməl etməmiş, qanunsuz və formal məzmunlu, əsaslandırılması olmayan qətnamə qəbul etmiş, cavabdehlərin (ata-oğulun) yalnız görünüş üçün bağladıqları, hüquq və öhdəlikləri əmələ gətirməyən uydurma bağışlama müqaviləsini hüquqi baxımdan qanuni saymışdır. Məhkəmənin 2(103)-8405/2021 saylı, 27.10.2021-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh1 eyni dövrdə mülkiyyətində olan "VAZ 21214-minik" markalı, 90-EG311 d/q/n və “Mersedes Benz 220 minik” markalı 10-0K-220 d/q/n avtomobillərlə bağlı icra sənədlərinin icra prosesində nəqliyyat vasitələrinin 3-cü şəxslərin adına uydurma əqd əsasında keçirilməsi təsdiq olunmuş və mübahisə üzrə müvafiq məhkəmə aktı da qəbul edilmişdir. Lakin hazırki işə baxan birinci instansiya məhkəməsi mülki qanunvericiliyin şərtlərini pozaraq mübahisəli 13.10.2020-ci il tarixli bağışlama müqaviləsinin şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını əsas götürmüş, məhkəmə iclasında sübuta yetirilən tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almadan qanunsuz və əsassız yekun akt qəbul etmişdir. Həmçinin işə baxan birinci instansiya məhkəməsi işin müvafiq mübahisəsiz hallarını, o cümlədən bağışlama müqaviləsinə qədərki vəziyyəti, tərəflərin qarşılıqlı münasibətlərini, cavabdehin (borclunun) tələbkar (iddiaçı) qarşısında çoxsaylı öhdəliklərini, onların icra edilməsi prosesinə maneələrin törədildiyini, habelə Avropa Məhkəməsinin məhkəmə qətnaməsinin icra olunması ilə bağlı formalaşdığı təcrübəni ümumiyyətlə nəzərə almamışdır. Konstitusiya Məhkəməsinin qərarından irəli gələn hüquqi mövqeyi səhv təsfir etmişdir. Birinci instansiya məhkəməsi MM-in 324.5, 340, 404-cü maddələrində müəyyən edilən tələblərə əməl etməmiş və maddi hüquq normaların şərtlərini kobud qaydada pozmuşdur. Göründüyü kimi, mülki qanunvericiliyə görə, müqavilənin mahiyyət və şərtləri müəyyənləşdirilərkən əsas olan hərfi məna deyil, tərəflərin həqiqi iradə və niyyətləridir. Çünki əqd və onun ən geniş yayılmış növü olaraq müqavilə sırf onu bağlayanların iradə və niyyətləri sayəsində əmələ gəlir. Məhz bu səbəblə də MM-in 324.5, 404.1 və 404.2-ci maddələrində tənzimləmələr nəzərdə tutulmuşdur. İddianın rədd edilməsi üçün cavabdeh tərəf heç bir sübut təqdim etmədiyi halda, məhkəmə iddianın inkar edilməsinə dair heç bir sübut və dəlil olmadan iddianı rədd etmişdir. İş üçün əhəmiyyəti olan hallar sübut olunduğu halda, məhkəmə səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəkili X2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 389.1, 340, 340.2, 337.1, 337.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarına istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, göstərilən münasibətlər əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı olduğundan hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində (əqdlərin etibarsızlığı) olan müddəalar tətbiq edilməlidir. Hazırkı iş üzrə əqdin etibarsız hesab edilməsi ilə bağlı hər hansı əsasın olması məhkəmə tərəfindən aşkarlanmamışdır. Belə ki, sözügedən müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmış, müqavilə bağlanarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmışdır. Odur ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olmaqla rədd edilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması” hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbinin bu hissəsi törəmə tələb olduğundan, bu tələbin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinin təmin olunub olunmamasından asılıdır. Odur ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Göründüyü kimi, 6 saylı NK-nın 4Ə-1972 reyestr nömrəli 13 oktyabr 2020-ci il tarixli bağışlanma müqaviləsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmiş, bu səbəbdən qeyd edilən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi yaxud ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamə bütövlükdə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 340.1-ci maddəsi nəzərdən keçirilə bilər. Lakin bu işin faktiki halları Mülki Məcəllənin 337, 340.1 maddələrinin dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxır. İkincisi, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Üçüncüsü, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən bağışlama müqaviləsi görünüş üçün bağlanan uydurma əqd hesab oluna bilməz. Çünki, uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən bağışlama müqaviləsinin uydurma əqd olduğunu yalnız iddiaçı iddia edir. Müqavilənin tərəfi olan şəxslər isə bu müqaviləni hansısa formada heç vaxt mübahisələndirməmişdir. Demək ki, bu əqdin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü kimi, bağışlama müqaviləsini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. Dördüncüsü, iddiaçı ilə Cavabdeh1 arasında məhkəmə mübahisələri gedərkən, eləcə də iddiaçının istinad etdiyi icra sənədləri Bakı şəhəri Cavabdeh5 icraatında olduğu ilk dövrlərdə bağışlanan əmlak Cavabdeh1 mülkiyyətində olmamışdır. Yəni, bağışlanan mənzil özü mübahisəli olmuş, digər şəxslərlə Cavabdeh1 arasında məhkəmə mübahisəsinin predmeti olmuşdur. İddiaçının təqdim etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli 2(011)-6760/2021 nömrəli qətnaməsindən lz bəlli olur ki, həmin mübahisələr yenə də davam edir. Ona görə də qeyd olunan mənzil Cavabdeh1 adına daşınmaz əmlakın Dövlət reyestrində 19.09.2020-ci ildə qeydə alındıqdan sonra 13.10.2020-ci ildə həmin mənzili digər cavabdeh olan oğlu Cavabdeh2 bağışlaması heç də iddiaçıya olan borcunu ödəməkdən yayınmaq məqsədilə etməsi kimi qiymətləndirilə bilməz. Buna görə də Cavabdeh1 icra sənədi üzrə öhdəliyini yerinə yetirməkdən yayınmaq, qərəzli boyun qaçırmaq məqsədi güdməsi və bağışlama müqaviləsinin formal xarakter daşımaqla uydurma (əhəmiyyətsiz) əqd olması sübuta yetirilməlidir. Bu halları sübut etmək yükü isə iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçının gətirdiyi dəlillər mötəbər hesab edilə bilməz. Əksinə, apellyasiya baxışı zamanı Cavabdeh1 oğlu Cavabdeh2 ailə qurması ilə əlaqədar həmin mənzili oğluna bağışlamasını bildirmişdir. Beşincisi, mübahisəli mənzilin bağışlanan vaxt hər hansı bir məhkəmə aktı ilə yaxud icra sənədi üzrə üzərində hansısa məhdudiyyətin olmamasına baxmayaraq, hansısa şəxs qarşısında yaranmış yaxud yarana biləcək öhdəliyə görə Cavabdeh1 öz əmlakı üzərində sərəncam verməyi necə qadağan etmək olar. Əlbətdə ki, bu cür yanaşma şəxsin mülkiyyəti üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər ki, bu da konstitusion prinsipin pozulması ilə nəticələnər. Düzdür, qanuni qüvvəyə minmiş icra sənədinin icrası sözsüz və birmənalı olaraq təmin edilməlidir. Ancaq bunun təmin edilməsi icra qurumunun vəzifəsidir və borclu bundan qərəzli olaraq yayınırsa barəsində qanunvericilikdə nəzərdə tutulan məcburi icra tədbirləri, eləcə də inzibati və cinayət məsuliyyəti nəzərdə tutan ciddi tədbirlər görmək səlahiyyətləri vardır. Altıncısı, işdən görünür ki, mübahisəli mənzilə dair Cavabdeh2 mülkiyyət hüququ artıq 19 oktyabr 2020-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin mənzilin tam mülkiyyətçisidir. Buna baxmayaraq, iddiaçı həmin mənzilin qanuni əsaslarla Cavabdeh2 aid olmadığını düşünür. Lakin apellyasiya şikayətində göstərdikləri dəlillər onun əsaslı olduğuna dəlalət etmir və qətnamənin ləğvinə səbəb olacaq dərəcədə əhəmiyyətli təsiri ola bilməz. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6934/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2148/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2148/2022
04.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver