Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2148/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Cavabdeh nümayəndəsi Nümayəndə2 Arif oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 435/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********20000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitələri (PQ-4) (1/1), samovar (1/1), izolə edilmiş və xüsusi sahədə quraşdırılmış evləri qızdırmaq üçün su qızdırıcısı (1/1) istifadə edilir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq olaraq ******* və ******* nömrəli aktlar tərtib edilmişdir. Bununla bağlı qaz işləricilərindən kombinin maksimal saatlıq qaz sərfi 3,5 m3/saat, PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, QSSQ-nin maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində müvafiq olaraq 14904 m3 və 14904 m3 həcmində ziyanın vurulması və bu həcmlərdə qazın dəyərini təşkil edən 1.490,40 və 1.566,58, cəmi (1.490,40 + 1.566,58 = 3.056,98) 3.056,98 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə qərarlar qəbul edilmişdir. Hər iki akt cavabdehin nümayəndələri tərəfindən imzalansa da, xx.xx.2021-ci il tarixli aktda abonentin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmış, xx.xx.2021-ci il tarixli aktı isə istehlakçının nümayəndəsi qismində Cabbarzadə Qabil imzalamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanına əsassız hesablanmış cəmi 3.056,98 manat borcun silinməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Sözü gedən fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Təxminən 10 gün əvvəl smart kartla ödəniş etdikdən sonra tutulmaların olduğunu görmüşdür. Daha sonra ona bildirmişlər ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqqında” xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və s. aktlar tərtib olunmuşdur. Həmin aktda “sayğacdan kənar xətt çıxma” yazılmışdır. Cavabdehə müraciət edərək aktı, saldonu və digər sənədləri əldə etmişdir. Sənədləri əldə etdikdən sonra məlum olmuşdur ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqqında” akt əsasında 2.603,03 manat cərimə olunmuşdur. O, heç vaxt sayğaca müdaxilə etməmiş, qazdan qeyri-qanuni istifadə etməmişdir. Bundan başqa hesabdan çıxarışdan göründüyü kimi o, hər ay ödənişləri etmişdir. Bu həcmdə zərər məbləğinin yazılması qanunsuzdur.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-435/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********20000) hesablanmış 2.056,98 manat məbləğində borcun silinməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 40,56 manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X6)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2019-cu ilin fevral ayından 2021ci ilin noyabr ayınadək təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair (iddiaçının etiraf etdiyi haldan başqa) hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin qazdan istifadə qaydalarının pozulması ilə bağlı halların mövcüdluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aktlar tərtib edildiyi zaman istehlakçının iştirakı təmin edilməmiş, quraşdırılmış avadanlıqlara baxış keçirilmədən istehlakçı tərəfindən təbii qazdan istifadə edilməsi üçün hansı avadanlıqlardan istifadə oluması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatı, onun tərəfindən etiraf edilən məbləğdə nəzərə alınmalı və bu hal iddiaçının sayğacdan kənar təbii qazdan istifadəni təsdiq edən sübut kimi qəbul edilməlidir. Belə ki, iddiaçı həmin hissədə etirafedici izahat vermişdir. Buna görə də həmin halın cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə müəyyən edilmiş halı nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən 2019-cu il tarixdən 2021-ci il tarixədək təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi nəticəsində cavabdehə 1.000 manat dəyərində zərər dəymişdir. Göstərilən hal abonentin saldosu üzrə əvvəlki illər üzrə istifadə edilmiş qaz sərfinə uyğun gəlir. Bu səbəbdən, məhkəmə qeyd edilən məbləğdə təbii qazdan istifadə olunmasını ağlabatan hesab etmiş və iddiaçının abonent hesabına aktlar üzrə yazılmış cəmi 3.056,98 manat məbləğin 1.000 manat hissəsinin saxlanmalı, 2.056,98 manat hissəsinin abonent hesabından silinməli olduğu qənaətinə gəlmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14-cü, 76-cı, 77.1-ci, 124.1-ci, 217.4-cü, 218.3-cü, “Qaz təchizatı” Azərbaycan Respublikası Qanununun 20-ci, 21.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci, 9.1.5-ci maddəsinə və “Qazdan istifadə Qaydaları”nın 4.8-ci, 5.2-ci, 6.5-ci, 6.6-ci, 6.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Həmin aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Təqdim olunmuş aktlara hərtərəfli və tam baxılmamış qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aklına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonent tərəfindən Azəriqaz İB-yə dəymiş ziyan öz təsdiqini tapmış olardı. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və iş üzrə ekspertiza təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə qətnaməsində təmin edilən məbləği iddiaçının etirafı ilə əhatə etmişdir. Halbuki işin tam hərtərəfli araşdırılması ilə iddianın əsassız olduğu qənaətəniə gələ bilərdi.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 Arif oğlu apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi tələb edilsə də, qətnamə hüquqi nəticə etibarı ilə iddianın təmin edilən hissəsində mübahisələndirilir. Bu səbəbdən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən vurğulayır ki, iddiaçı barəsində 2 dəfə, yəni xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə akt tərtib edilmişdir. Hər iki akt iddiaçının kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsi əsası ilə tərtib edilmişdir. İddiaçı da bu aktlarla razılaşmayaraq, onları mübahisələndirmiş və hesablanmış cərimə məbləğinin silinməsini tələb etmişdir.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
23. Məhkəmə kollegiyası həmin aktlara münasibətdə qeyd edir ki, iddiaçının vurulmuş zərərin məbləği ilə bağlı etirafından (birinci instansiya məhkəməsində verdiyi izahatında 2021-ci ilin yanvar ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etdiyini, sonradan əlavə xətti ləğv etdiyini, əlavə xətt vasitəsi ilə maksimum 1.000 manat dəyərində təbii qazdan istifadə etdiyini bildirmişdir) və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən, habelə fotoşəkillərdən iddiaçının abonent olduğu ünvan üzrə təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə etdiyi müəyyən edilir.
24. Həmin ünvan üzrə təbii qazdan istifadəyə görə ödənişləri əks etdirən abonent məlumatlarına əsasən aktların əhatə etdiyi dövrdə, yəni 2020-ci ilin noyabr-2021-ci ilin yanvar ayları üçün (200 + 101 + 100 = 401) ümumilikdə 401 manat, 2021-ci ilin sentyabr – noyabr ayları üçün (50 + 100 = 150) isə ümumilikdə 150 manat məbləğində ödəniş edilmişdir. Bu da öz növbəsində aktların tərtib edildiyi ərəfədə həmin ünvan üzrə təbii qazdan qanuni əsaslarla da istifadə edildiyini təsdiq edir.
25. Məhkəmə kollegiyası zərər məbləği ilə bağlı qeyd edir ki, abonentin saldosunda iddiaçıya məxsus evdə təbii qazla işləyən 3 cihazın (1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4), samovar, izolə edilmiş və xüsusi sahədə quraşdırılmış evləri qızdırmaq üçün su qızdırıcısı) göstərildiyi halda, hər iki aktda və onların əsasında qəbul edilmiş qərarlarda itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 4 cihaz, o cümlədən kombi aparatı üzrə hesablanmışdır. Halbuki, iş materiallarında olan elektron çıxarışa əsasən iddiaçının mülkiyyətində olan evin ümumi sahəsi 82 kv.m. təşkil edir. Kombi aparatı su qızdırıcısı və dəmir sobanın funksiyalarını yerinə yetirir və evin ümumi ölçüsü nəzərə alındıqda, kombi aparatının mövcudluğu nəticə etibarı ilə qeyd edilən iki cihaza olan ehtiyacı aradan qaldırmış olur. Aktda cavabdehin əməkdaşlarının evə baxış keçirildiyi barədə də hər hansı qeyd aparılmamışdır.
26. Digər tərəfdən nəzərə alınmalıdır ki, iki akt üzrə hesablama ümumilikdə 6 ay və 24 saat üzrə aparılmışdır. Halbuki, kombi sistemi istisna olmaqla bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur. Real olaraq həmin evdə istifadə olunduğu halda belə, su qızdırıcısının (konkret olaraq isti su tələb olunduğu hallarda istifadə edilir) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Ümumiyyətlə bu cihazların təyinatı təhlükəsizlik baxımından da onların bütün gün ərzində istifadə edilməsini istisna edir. Bu səbəbdən məhkəmə kollegiyası təbii qazdan sayğacdan kənar istifadə edilməsi səbəbindən qənaət edilməməsi və nəticədə hər cihaz üzrə 24 saat ərzində istifadə edilməsi barədə mövqeyini əsassız hesab edir.
27. Məhkəmə kollegiyası iddiaçının etirafını, qeyd edilən cihazların təyinatına və istifadə edilməsi müddətinə dair nümayiş etdirilmiş mövqeyini, habelə aktların tərtib edildiyi dövr ərzində təbii qazdan istifadə edilməsinə görə aparılmış ödənişlərin məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq iddiaçının təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aktların əhatə etdiyi ümumi müddəti, habelə həmin ərəfədə iddiaçı tərəfindən təbii qazdan sayğac üzrə də istifadə edildiyini və bunun müqabilində ümumilikdə (401 + 150 = 551) 551 manat ödədiyini nəzərə alıb, bu müddət üçün zərərin 1.000 manat məbləğində hesablanmasını məqbul və ağlabatan hesab edir və iddiaçıdan bundan artıq zərər məbləğinin tutulmasına hər hansı əsas görmür. Bu da öz növbəsində cavabdehin dəlillərinin əsassız olduğunu təsdiq edir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
29. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-435/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.