Məhkəmə qərarları › İş №2(103)-215/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-215/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-215/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(006)-4316/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, «xxxx» QSC ilə arasında bağlanmış 17 mart 2015-ci il tarixli, LD********** saylı «Qarant» depozit müqaviləsinə əsasən 30000 ABŞ dolları və 17 mart 2015-ci il tarixli LD********** saylı «xxxx» depozit müqaviləsinə əsasən 500 ABŞ dolları məbləğində QSC «xxxx» KB-yə qoyduğu depozitin 30000 manat hissəsinin kompensasiya kimi, kompensasiya ilə əmanət arasındakı 19443,55 manat fərqin isə «xxxx» QSC-nin əmlakı hesabına cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» QSC ilə iddiaçı arasında bağlanmış 17 mart 2015-ci il tarixli LD********** saylı «Qarant» depozit müqaviləsinə əsasən, 30000 ABŞ dolları pul vəsaitini illik 12 faizlə bir il müddətinə depozitə qoyulmuşdur. Depozit müddəti bitdikdən sonra iddiaçı dəfələrlə Banka müraciət edərək, əmanətini faizlərlə birlikdə ona qaytarılmasını tələb etsə də, Bank hər dəfə bir bəhanə ilə depozitin qaytarılması vaxtını uzatmışdır. Eyni zamanda, Bankla iddiaçı arasında bağlanmış 17 mart 2015-ci il tarixli LD********** saylı «xxxx» depozit müqaviləsinə əsasən, 500 ABŞ dollarını illik 15 faiz olmaqla, 60 ay müddətinə depozitə qoyulmuşdur. 01 oktyabr 2016-cı il tarixində isə, QSC «xxxx» KB ləğv edilmişdir. İddiaçı 18 yanvar 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək, 17 mart 2015-ci il tarixli LD********** saylı «Qarant» depozit müqaviləsinə əsasən 30000 ABŞ dolları və 17 mart 2015-ci il tarixli LD********** saylı «xxxx» depozit müqaviləsinə əsasən 500 ABŞ dolları məbləğində QSC «xxxx» KB-yə qoyduğu depozitin kompensasiya olaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh özünün 25 yanvar 2019-cu il tarixli **********480 nömrəli məktubu ilə iddiaçıya cavab verərək, 29285,26 ABŞ dolları tələbinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi ilə müəyyən olunmuş qaydada ona ödəniləcəyi bildirilmişdir. Lakin bu günədək, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir ödəniş edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(006)- 4316/2019 saylı qətnaməsi ilə (hakim Solmaz Mustafayeva) iddia rədd edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, işin obyektiv araşdırılmaması, iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 17 mart 2015-ci il tarixli, LD********** saylı «Qarant» depozit müqaviləsinə əsasən banka qoyulmuş 30000 ABŞ dollarının faizi 12 faiz olmaqla qorunan əmanət olmuşdur. Yəni, həmin pul vəsaitinin 30000 manat hissəsi kompensasiya formasında qaytarılmalı idi. Lakin, bank iddiaçının hər hansı razılığı və sərəncamı olmadan həmin pul vəsaitini iddiaçının digər hesabına, yəni 17 mart 2015-ci il tarixli LD********** saylı «xxxx» depozit müqaviləsi üzrə hesaba mədaxil etmişdir. Həmin müqavilə üzrə faiz dərəcəsi 15 faiz olduğundan qorunmayan əmanət olmuş, bu səbəbdən də kompnensasiya verilməmişdir. Hesab edir ki, bankın hərəkəti qanunsuz olmaqla, iddiaçının hüqqularını pozmuşdur. Bununla yanaşı, müqavilənin müddəti bitdikdən sonra ona xitam verilməsi barədə müraciətlər olmadıqda müddət eyni tarixə uzadılmış hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə bank arasında həqiqətən 17 mart 2015-ci il tarixli, LD********** saylı «Qarant» depozit müqaviləsi bağlanmış və müqaviləyə əsasən 30000 ABŞ dolları pul vəsaiti, bir il müddətinə, illik 12 faiz olmaqla əmanətə qoyulmuşdur. Müddət başa çatan vaxtı, yəni 18 mart 2016-cı il tarixdə iddiaçı banka müraciət edərək, pul vəsaitinin 3500 ABŞ dolları hissəsini məxaric etmiş, qalan 26500 ABŞ dolları hissəsinin isə digər hesaba, yəni 17 mart 2015-ci il tarixli LD********** saylı «xxxx» depozit müqaviləsi üzrə hesaba köçürülməsini xahiş etmişdir. Bu səbəbdən də 26500 ABŞ dolları həmin hesaba köçürülmüş, hesab üzrə faiz dərəcəsi isə 15 faiz olmuş, sığorta hadisəsi baş verən zamanı iddiaçının adına yalnız bir əmanət hesabı olduğundan və həmin müqavilə üzrə faiz dərəcəsi yüksək olduğundan kompensasiya verilməmişdir. Lakin, məhkəmə kollegiyasının da tələb etməsinə baxmayaraq İddiaçı tərəfindən pul vəsaitinin digər hesaba köçürülməsi barədə razılıq və ya sərəncamı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Hesab edir ki, iddiaçının razılığı olmadan da pul vəsaiti digər hesaba köçürülə bilərdi. Çünki, müqavilənin müddəti bitmişdi və bank onu uzatmaq istəməmişdir. Belə olan halda isə müqaviləyə xitam verilmiş sayılır və bank hesab üzrə pul qalığını iddiaçının digər hesabına köçürmək hüququna malik olur. Bununla yanaşı, 02 mart 2016-cı il tarixdən etibarən banklar tərəfindən qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz, millia valyuta üzrə isə 15 faiz olmuşdur. İddiaçı isə müqavilə üzrə faizlərin aşağı salınması üçün müraciət etməmişdir. Belə olan halda iddiaçının əmanəti tam sığortalanmış hesab edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan QSC «xxxx» KB ilə əmanətçi İddiaçı arasında bağlanmış 17.03.2015-ci il tarixli, LD********** saylı «Qarant» depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 30000 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan QSC «xxxx» KB ilə əmanətçi İddiaçı arasında bağlanmış 17.03.2015-ci il tarixli, LD********** saylı «xxxx» depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən daxil olmuş 500 ABŞ dolları məbləğində olan pul məbləğini (əmanəti) qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün illik 15 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 60 ay müddətinə bağlanmışdır. İşdə olan İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanan 18 yanvar 2019-cu il tarixli ərizənin surətindən görünür ki, o, 17 mart 2015-ci il tarixli, LD********** saylı «Qarant» depozit müqaviləsinə əsasən 30000 ABŞ dolları və 17 mart 2015-ci il tarixli LD********** saylı «xxxx» depozit müqaviləsinə əsasən 500 ABŞ dolları məbləğində «xxxx» QSC-yə qoyulan depozitin 30000 manat hissəsinin kompensasiya olaraq ona ödənilməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. İşdə olan ləğv prosesində olan QSC «xxxx» KB-nın «kreditor tələblərinin qeydiyyatı» barədə 24.10.2016-cı il tarixli, 0423 saylı qəbzindən görünür ki, İddiaçı ləğv prosesində olan QSC «xxxx» KB qarşısında 29241 ABŞ dolları məbləğində olan kreditor tələbi qeydə alınmışdır. İşdə olan hesabdan çıxarışdan görünür ki, 03.03.2015-ci il tarixdə QSC «xxxx» KBdə İddiaçı məxsus depozit hesabı açılmış və 30000 ABŞ dolları həmin hesaba mədaxil edilmiş, 18.03.2016-cı il tarixdə isə həmin məbləğ həmin hesabdan məxaric edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən məhz cavabdehin təqdim etdiyi hesabdan çıxarışa əsaslanaraq 30000 ABŞ dolları depozitin iddaçı tərəfindən məxaric olunması nəticəsinə gəlmişdir. İddiaçı isə apellyasiya şikayətində həmin pul vəsaitini məxaric etməməsini bildirmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi izahatında, həmçinin apellyasiya şikayətinə yazılı etirazında göstərmişdir ki, iddiaçı bankda sığorta hadisəsi baş verməmişdən əvvəl, yəni 18 mart 2016-cı il tarixdə müraciət edərək 30000 ABŞ dollarına dair bağlanmış depozit müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar 3500 ABŞ dolları hissəsini məxaric etmiş, qalan vəsaitin isə 17 mart 2015-ci il tarixli, LD********** saylı digər depozit müqaviləsinə (500 ABŞ dolları olan) köçürülməsini xahiş etmişdir. Beləliklə, 17 mart 2015-ci il tarixli, LD********** saylı depozit müqaviləsinə xitam verilmiş, sığorta hadisəsi baş verən tarixə yalnız bir müqavilə mövcud olmuş, həmin müqavilə üzrə əmanət cəlb olunan tarixdən etibarən qorunmayan əmanət statusunda olmuşdur (illik 15 faiz dərəcəsi olmuşdur). Cavabdehin nümayəndəsi, həmçinin 3500 ABŞ dolları pul vəsaitinin iddiaçı tərəfindən məxaric olunmasına dair 18 mart 2016-cı il tarixli bank sənədinin və hesabdan çıxarışların surətlərini təqdim etmişdir. İddiaçının nümayəndəsi qeyd edilən hallara etiraz edərək, iddiaçı tərəfindən 30000 ABŞ dolları depozit üzrə 18 mart 2016-cı il tarixdə 3500 ABŞ dolları pul vəsaitinin məxaric olunmamasını, təqdim olunmuş sənəddə olan imzanın iddiaçıya məxsus olmamasını, ümumiyyətlə iddiaçı tərəfindən 30000 ABŞ dolları depozitin digər depozit hesabına (500 ABŞ dolları yerləşdirilən hesaba) köçürülməsi ilə bağlı sifarişin verməməsini göstərmişdir. Bu səbəbdən də apellyasiya icraatı zamanı qeyd edilən halların tam, hərtərəfli və obyektiv yoxlanılması üçün məhkəmə mühasibatlıq və xəttşünaslıq ekspertizalarının təyin edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2021-ci il tarixli, 9/3392 nömrəli ekspertiza rəyindən görünür ki, QSC «xxxx» KB ilə İddiaçı arasında bağlanmış 17.03.2015-ci il tarixli, LD********** saylı «Qarant» depozit müqaviləsi üzrə İddiaçı hesabına 17.03.2015-ci il tarixdə mədaxil edilmiş 30000 ABŞ dolları məbləğində pul vəsaitinin 3500 ABŞ dolları İddiaçı tərəfindən məxaric edilmiş və həmin müqavilə üzrə qalıq 26500 ABŞ dolları 13 mart 2016-cı il tarixdə İddiaçı 17 mart 2015-ci il tarixli, LD********** saylı «xxxx» depozit müqaviləsinə köçürülmüşdür. Həmçinin qeyd edilməlidir ki, tələb olunmasına baxmayaraq İddiaçı tərəfindən imza nümunələri təqdim olunmadığından (iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək iddiaçının ölkə hüdudlarından kənarda olmasına görə imza nümunələrinin təqdim olunmasının mümkün olmamasını göstərmişdir) xəttşünaslıq ekspertizasının keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası MPM-nin 97.5-ci maddəsinə əsasən iddiaçının qeyd edilən hissədə etirazını rədd edilmiş hesab edir və 3500 ABŞ dolları pul vəsaitinin məhz iddiaçı tərəfindən məxaric olunması nəticəsinə gəlir. Göründüyü kimi, işdə olan sübutlarla 17.03.2015-ci il tarixli, LD********** saylı «Qarant» depozit müqaviləsi üzrə iddiaçı tərəfindən yalnız 3500 ABŞ dolları vəsaitin məxaric olunması, 26500 ABŞ dollarının isə hesabda qalması müəyyən olunur. Lakin, cavabdeh iddiaçının razılığı və müvafiq sərəncamı olmadığı halda, həmin pul vəsaitini iddiaçının bankda olan digər hesabına (17 mart 2015-ci il tarixli, LD********** saylı «xxxx» depozit müqaviləsi) köçürmüş, bununla da istər qanunvericiliyin tələblərini, istərsə də müqavilə şərtlərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 944.2-ci maddəsinə əsasən əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. Mülki Məcəllənin 957.1-ci maddəsinə əsasən hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Mülki Məcəllənin 957.4-cü maddəsinə əsasən əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Mülki Məcəllənin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Həmçinin tərəflər arasında bağlanmış 17.03.2015-ci il tarixli, LD********** saylı «Qarant» depozit müqaviləsində pul vəsaitinin iddiaçının sərəncamı (razılığı) olmadan silinməsi və başqa hesaba köçürülməsi ilə bağlı hər hansı razılaşma şərti mövcud deyildir. Göründüyü kimi istər qanunvericiliyin tələbləri, istərsə də tərəflər arasında bağlanmış müqavilə şərtləri nəzərə alınmaqla iddiaçıya məxsus pul vəsaitinin sonuncunun sərancamı və ya digər formada razılığı olmadan silinməsi istiqamətində cavabdehin hərəkəti qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Xüsusilə qeyd edilmişdir ki, cavabdeh iddiaçının əmanət hesabında qalmış 26500 ABŞ dolları pul vəsaitini iddiaçının digər hesabına köçürməklə, iddiaçının vəziyyətini də ağırlaşdırmış, əmanəti qorunmayan əmanət statusuna çevirmişdir. Belə ki, əvvəlki əmanət illik 12 faizlə qoyulduğundan qismən qorunan (30000 manat hissədə) əmanət olmuş, lakin digər əmanət illik 15 faizlə olduğundan qanunvericiilyin tələblərinə əsasən qorunmayan əmanət statusunda olmuşdur (Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 24 fevral 2015-ci il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli və xarici valyutada 12 faiz olmuşdur). Cavabdeh tərəf də məhz bu hala istinad edərək, iddiaçıya kompensasiya ödəməkdən imtina edir. «Əmanətlərin sığortalanması haqqında» Qanunun preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən: əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir (2.1.1-ci maddə); qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Fond tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2-ci maddə); sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9-cu maddə); kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir (2.1.11-ci maddə). «Əmanətlərin sığortalanması haqqında» Qanunda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Fonda verilir. Sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi Fondun əsas funksiyası və vəzifəsidir. Fond iştirakçı bankın öhdəlikləri üzrə kompensasiya ödədikdə həmin məbləği reqres qaydasında bankdan tələb edir (Qanunun 4.1.8-ci maddəsi). «Əmanətlərin sığortalanması haqqında» Qanunun 26.1-ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. «Əmanətlərin sığortalanması haqqında» Qanunun 27-ci maddəsində sığorta hadisəsi baş verdikdə kompensasiyanın ödənilməsi qaydaları müəyyənləşdirilmişdir. Belə ki, həmin Qanunun 27.1-ci maddəsinə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Həmin Qanunun 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər, qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Tərəflər arasında bağlanmış 17.03.2015-ci il tarixli, LD********** saylı «Qarant» depozit müqaviləsinin 8.2-ci bəndinə əsasən Bakıən cəlb etdiyi əmanətlər Azərbaycan Respublikası qanunvericiliyi və Bankın reqlamentinin tələblərinə müvafiq sığortalanır. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş faizdən çox olmayan əmanətin 100 faizi həcmində, lakin 30000 manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. Göründüyü kimi, müqavilədə də əmanətin qorunan əmanət olması, əmanətin 100 faizi həcmində, lakin 30000 manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilməli olması xüsusilə qeyd edilmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin digər etirazları (müqaviləyə xitam verilmiş sayılması, bu səbəbdən də iddiaçının razılığı olmandan pul vəsaitinin digər hesaba köçürülməsi və s.) ilə də razılaşmayaraq qeyd edir ki, iddiaçı həmin hissədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız ümumi mülahizələrdən çıxış etmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci maddəsinə əsasən müqaviləyə hər hansı əlavə və dəyişiklik tərəflərin qarşılıqlı razılığı əsasında və yazılı şəkildə həyata keçirilir. Müqavilənin 2.7-ci bəndindən isə görünür ki, müqavilənin müddəti bitdikdən sonra tərəflər başqa razılığa gəlməmişlərsə müqavilə uzalıdmış hesab edilir. Həmçinin qeyd edilməlidir ki, əgər müqaviləyə bank tərəfindən xitam verilmişdirsə, o zaman hansı əsasla hesabda olan pul vəsaitinin iddiaçıya deyil, bankda olan digər hesaba köçürülməli olmasını cavabdeh tərəf əsaslandıra bilməmişdir. İddiaçının nümayəndəsi etirazında həmçinin göstərmişdir ki, 02 mart 2016-cı il tarixdən etibarən banklar tərəfindən qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə isə 15 faiz olmuşdur. İddiaçı isə müqavilə üzrə faizlərin aşağı salınması üçün müraciət etməmişdir. Belə olan halda iddiaçının əmanəti tam sığortalanmış hesab edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilən etirazla da razılaşmayaraq bildirir ki, iddiaçının tələbi əmanətin tam sığorta olunması ilə bağlı deyildir. İddiaçı yalnız 30000 manat hissədə kompensasiya tələb edir və tələbini müqavilə faizinin 12 faiz olması, həmin faiz dərəcəsinin həmin vaxtı qanunvericiliyin tələblərinə uyğun olması və s. bu istiqamətdə əsaslandırır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən əmanəti sığortalanmaqla, qanunvericiliyin tələblərinə əsasən qorunan (sığortalanmış - kompensasiya edilən) əmanət hesab olunmuşdur və 30000 manat hissəsi «Əmanətlərin sığortalanması haqqında» Qanunun 27-ci maddəsinə uyğun olaraq kompensasiya qismində ödənilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia qalan hissədə (kompensasiya ilə əmanət arasındakı 19443,55 manat fərqin isə «xxxx» QSC-nin əmlakı hesabına cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi) təmin oluna bilməz. Çünki, həmin hissədə pulun ödənilməsi kredit tələb kimi qanunla müəyyən olunmuş qaydada həyata keçirilə bilər. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən həmin olunmalı, cavabdehdən xarici valyutada olan əmanətin 30000 manat həcmində hissəsi ABŞ dolları ilə kompensasiya formasında («Əmanətlərin sığortalanması haqqında» Qanunun tələblərinə uyğun olaraq) tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 150 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(006)-4316/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(006)-4316/2019 saylı qətnaməsi ləğv edilsin, iddia qismən təmin olunsun. Cavabdehdən xarici valyutada olan əmanətin 30000 (otuz min) manat həcmində hissəsi ABŞ dolları ilə kompensasiya formasında («Əmanətlərin sığortalanması haqqında» Qanunun tələblərinə uyğun olaraq) tutularaq iddiaçının xeyrinə verilsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərci cavabdehə aid edilsin. Cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 150 (bir yüz əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar