Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2151/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-328/2024 nömrəli 16 yanvar 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akta görə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ, dəmir soba və İran sobasıdır. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 36720 m3 həcmində dəymiş ziyan hesablanmışdır.
2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta görə həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacsız qeyriqanuni istifadə edilməsi halı müəyyən edilmişdir. Avadanlıqlar - PQ-4, QSSQ, dəmir soba və İran sobasıdır. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən xx.xx.2023cü il tarixli ******* saylı akt əsasında 18360 m3 həcmində dəymiş ziyan hesablanmışdır.
3. Abonent saldosuna görə abonent hesabına akt əsasında 2022-ci ilin dekabr ayında 4406,40 manat və 2023-cü ilin mart ayında 2203,20 manat məbləğində borc yazılmışdır. Həmin ünvana xx.xx.2023-cü il tarixdə smart tipli “Zenner G4T” markalı **********398 saylı sayğac quraşdırılmışdır.
4. Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyinin Bakı X3 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2023-cü il tarixli, 03-13514 saylı müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir.
5. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Xaşəxuna mövsümü bağları bağ sahəsi ünvanına smart tipli **********398 saylı sayğac quraşdırılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birlik tərəfindən ona məxsus Bakı şəhəri Xəzər rayonu Xəşəxuna mövsümü bağları bağ sahəsi ünvanına 2 akt əsasında əsassız hesablanmış cəmi 6609,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, sözügedən ev ona məxsusdur. Ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Cavabdeh təşkilat tərəfindən qazın alqısatqısına dair müqavilə əsasında birinci dəfə 2022-ci il tarixdə qaz sayğacı quraşdırılmaqla məişət qazı verilmişdir. 2022-ci ildə köhnə qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Bundan sonra qeyd edilən cərimə yazılmışdır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 yanvar 2024-cü il tarixli 2(003)-328/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağları, bağ sahəsi ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00076) hesablanmış 6009,60 manat məbləğində borcun silinməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, cavabdehdən 80,09 manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair (iddiaçının etiraf etdiyi haldan başqa) hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin qazdan istifadə qaydalarının pozulması ilə bağlı halların mövcudluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aktlar tərtib edildiyi zaman istehlakçının iştirakı təmin edilməmiş, quraşdırılmış avadanlıqlara baxış keçirilmədən istehlakçı tərəfindən təbii qazdan istifadə edilməsi üçün hansı avadanlıqlardan istifadə olunması müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının məhkəmə iclasında verdiyi izahatı, onun tərəfindən etiraf edilən məbləğdə nəzərə alınmalı və bu hal iddiaçının sayğacdan kənar təbii qazdan istifadəni təsdiq edən sübut kimi qəbul edilməlidir. Belə ki, iddiaçı həmin hissədə etirafedici izahat vermişdir. Buna görə də həmin halın cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Lakin, iddiaçının etiraf etdiyi məbləğ 2 akt əsasında yazılmış borc məbləğlərinə münasibətdə uyğunluq təşkil etmir. İddiaçının 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayınadək sayğacdan kənar xətlə istifadə etməsi nəticəsində etiraf etdiyi 3 ay müddətdə orta sərfiyyat nəzərə alınmaqla 600 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanlara əsasən etiraf olunan məbləğdən başqa, digər aktların tərtib edilməsinə əsas olmuş hallar sübut olunmadığından həmin aktlar əsasında cavabdehdən dəymiş ziyanın tələb edilməsi əsassızdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəllənin 14.2, 76.1-76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, aktlar iddiaçı tərəfindən vurulmuş zərərləri sübut edir. Aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmiş, abonentin həmin aktları imzalamaqdan imtina etməsi onların qanunsuz olduğuna dəlalət etmir. Aktlar tərtib edilərkən çəkilən fotoşəkillərdən görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
17. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
18. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
19. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. 01.05.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
21. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
22. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
23. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
24. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
25. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
26. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
27. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
36. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktlara görə iddiaçı təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etmişdir. xx.xx.2023cü il tarixdə sayğac quraşdırılmışdır.
37. Əvvəla Kollegiya qeyd edir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Yalnız istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər.
38. Hazırki iş üzrə iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilməmişdir.
39. Bununla belə iddiaçı birinci instansiya məhkəməsində göstərmişdir ki, əlavə xəttdən cəmi 1 dəfə sayğac quraşdırılmamışdan əvvəl müəyyən vaxt aralığında istifadə etmişdir. Sayğac quraşdırıldıqdan sonra əlavə xətti kəsilmişdir. Lakin, bu 2-3 ay kimi qısa müddətdə baş vermişdir və yazılan borc məbləği çox şişirdilmişdir.
40. Belə olan halda məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının 2022-ci ilin dekabr ayından 2023 cü ilin mart ayınadək sayğacdan kənar xətlə istifadə etməsi nəticəsində etiraf etdiyi 3 ay müddətdə orta sərfiyyat nəzərə alınmaqla 600 manat məbləğində borcu yaranmışdır.
41. Abonent saldosundan da müəyyən edilir ki, abonent tərəfindən 2022-ci ilin noyabr ayına qədər mütəmadi ödənişlər edilmişdir.
42. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-328/2024 nömrəli 16 yanvar 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdeh tərəfindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.