Məhkəmə qərarları › İş №2(103)-2153/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2153/2023

16.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2153/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi, ərarvadın birgə mülkiyyəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların nümayəndələri (vəkilləri) Vəkil iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzil üzərində tam pay üzrə mülkiyyət hüququnun tanınması, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh1 14 noyabr 1987-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından xx.xx.1988-ci il tarixdə Ayaz, xx.xx.1992-ci il tarixdə Ağabacı adını verdikləri uşaqları dünyaya gəlmiş, nikahlarına 2013-cü ildə məhkəmə qətnaməsi əsasında xitam verilmiş, nikahın pozulması xx.xx.2017-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır.

2. ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil 11 may 1990-cı il tarixdə X2 adına mülkiyyət hüququ üzrə qeydə alınmış, xx.xx.1990-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X4 tərəfindən 4000 manata İddiaçı satılmışdır.

3. İddiaçı və Cavabdeh1 uşaqları ilə birlikdə 2005-ci ilə qədər sözügedən mənzildə yaşamış, mənzil daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xx.xx.2021ci il tarixdə tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

4. Həmin mənzildə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pasport qeydiyyatındadırlar.

5. İddiaçıla Cavabdeh1 nikahda olduqları dövrdə İddiaçı adına sərəncam əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi massiv 4, keçid 2 ünvanında torpaq sahəsi ayrılmış, həmin sahədə yaşayış evi inşa edilmişdir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə və evin bölünməsi” tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanlı mənzilə istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

7. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi massiv 4, keçid 2 ünvanında yerləşən 19 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

8. Qeyd olunan qətnamə ilə müəyyən olunmuşdur ki, sözügedən ev İddiaçıla Cavabdeh1 nikahda olduqları dövrdə birgə vəsait hesabına tikilən evdir və İddiaçı evdən istifadə hüquqları vardır.

9. Hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi massiv 4, keçid 2 ünvanında yerləşən 19 saylı evdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayırlar.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı (iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1, 5 saylı mənzildən istifadə hüquqlarına 3000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı həmin iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzili valideynləri tərəfindən təxminən 1980-ci ilin sonlarında baş etibarnamə ilə pulu tam ödənilməklə milliyyətcə rus olan Azərbaycan vətəndaşından alınmış, satıcı mənzilini satandan sonra Rusiya Federasiyasına köçmüşdür. Sonradan valideynləri mənzili onun adına rəsmiləşdirmişlər, hazırda mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 ilə 14 noyabr 1987-ci il tarixdə rəsmi nikaha daxil olmuş və valideynləri ilə birlikdə yuxarıda qeyd edilən mənzildə yaşamış, orada yaşayarkən nikahlarından xx.xx.1988-ci il tarixdə Ayaz, xx.xx.1992-ci il tarixdə isə Ağabacı adını verdikləri uşaqları doğulmuşdur. Birgə nikah dövründə ünvan 3 ünvanında sərəncam əsasında iki torpaq sahəsi (6 sot + 6 sot) almış, həmin sahədə üç yataq otağı, bir qonaq otağı və bir mətbəxdən ibarət ev tikmişdir. 2005-ci il tarixdən ailə üzvləri ilə birlikdə yeni tikdirdikləri evə köçüb orada yaşamışlar. Xasiyyətləri uyğun gəlmədiyindən Cavabdeh1 ilə olan nikahları 2013-cü ildə məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulandan sonra o, ünvan 4 ünvanda tikdirdikləri fərdi yaşayış evində, cavabdehlər isə ünvan 5 ünvanda yaşamışlar. Bir müddət sonra cavabdehlərlə aralarında razılaşma olmuş və cavabdehlər onun icazəsi ilə gəlib onunla birlikdə fərdi yaşayış evində yaşamışlar. Əvvəllər münasibətləri normal olsa da, sonradan cavabdehlər onunla yola getməmiş və 2019-cu ilin mart ayında onu evdən qovmuşlar. Mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilini də kirayəyə verməklə onu həmin mənzilə buraxmırlar. Ona görə də bacısı Təranənin yaşadığı ünvan 6 ünvanında müvəqqəti yaşayır. Bu səbəblə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 2, 19 saylı evə köçürülməsi və evin bölünməsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(002)-732/2021 saylı qətnaməsi ilə iddiası qismən təmin olunaraq həmin ünvana istifadə hüququ tanınsa da, evin bölünməsi ev dövlət reyestrindən qeydiyyatdan keçmədiyi üçün təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmiş, bundan sonra həmin ünvana köçüb yaşamaq istəsə də, cavabdehlər buna imkan verməmişlər. Göstərilən ünvanda yaşayarkən cavabdehlərlə dəfələrlə münaqişələri olub, hətta cavabdehlərdən Ayaz həyətdə saxladığı avtomobilin təkərlərini doğramış, avtomobilin pəncərə şüşələrini qırmış və avtomobilinə digər xəsarətlər yetirmişdir. Bununla bağlı DİN-in 102 xidmətinə müraciət etmiş, polis orqanlarında araşdırma da aparılmışdır. Altmışdan çox yaşı var, bu münaqişələr onu həddindən çox yormuş və səhhətinə çox pis təsir etmişdir, cavabdehlərlə də bir yerdə yaşamaları mümkün deyil. Ona görə də, bütün bu mübahisə və münaqişələrə son qoymaq üçün qərara gəlmişdir ki, məhkəməyə müraciət etməklə cavabdehlərin mülkiyyətində olan mənzildən istifadə hüququna müəyyən miqdarda kompensasiya ödənilməklə xitam verilməsini xahiş etsin. Qanunvericilik də buna imkan verir. Digər tərəfdən, cavabdehlərin köçüb daimi yaşadıqları, onun tərəfindən tikilmiş fərdi yaşayış evi də vardır. Qanunvericiliyin tələbinə görə tərəflər arasında razılaşma olmadıqda, mülkiyyətçinin tələbinə əsasən müəyyən miqdarda kompensasiya verilməklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilə bilər. Cavabdehlər onun tərəfindən artıq yaşayış sahəsi ilə təmin edilmişlər. Yəni, tərəfindən tikilmiş fərdi yaşayış evində yaşamaqla qeydiyyatda olduqları, onun xüsusi mülkiyyətində olan mənzildən daha yaxşı şəraitdə yaşayırlar. Həmin evi də onlara vermişdir, demək ki, onlar əlavə olaraq mənzil kirayə haqqı ödəməyəcəklər. Ona görə də imkanlarını maksimum nəzərə alaraq cavabdehlərə 3000 manat civarında kompensasiya ödəmək qərarına gəlmişdir. Hesab edir ki, mübahisənin bu cür həlli daha ədalətli olar, o da, bu yaşında sakit və stressiz (gərginliksiz) qalan həyatını yaşayar. Mübahisə ilə bağlı mediasiya təşkilatına da müraciət etmiş, lakin aralarında razılıq olmamışdır.

12. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilinin Cavabdeh1 ilə olan birgə nikah dövründə əldə edilmiş vəsait hesabına əldə olunmaması, həmin mənzilin atası Umudun vəsaiti hesabına əldə olunması nəzərə alınaraq, mənzilin digər 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması və cavabdehlərə kompensasiya ödənilmədən onların mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı müvafiq tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilində yaşayan rus millətindən olan Vladimir adlı şəxs yaşamaq üçün Rusiyaya köçmək istədiyindən atası Umud Məmmədov 1980-ci illərin sonlarında etibarnamə əsasında həmin mənzilin pulunu tam ödəməklə Vladimirdən almış, 1990-cı ildə isə valideynlərinin təklifinə əsasən həmin şəxslə mübahisəli ünvana dair aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin alqı-satqı müqaviləsi Cavabdeh1 ilə olan birgə nikah dövrünə düşsə də, mənzili atası almışdır. Bu faktı Cavabdeh1 məhkəmə gedişində vermiş olduğu ifadəsində də təsdiq etmiş oldu, bunu şahidlər də təsdiq edirlər. Cavabdeh1 xalası qızıdır, valideynlərinin maddi imkanı, eləcə də, onun və təzə gəlin kimi cavabdehin elə bir imkanı yox idi ki, həmin ərəfədə ev alsınlar. Həmçinin 2013-cü ildə məhkəmə qaydasında nikahları pozulsa da, cavabdeh həmin mənzili mübahisələndirməmişdir, bu onu təsdiq edir ki, mənzil birgə nikah dövründə əldə etdikləri vəsait hesabına deyil, atası tərəfindən alınmışdır. Hazırda cavabdehlər həmin mənzili kirayəyə vermiş, ona mənzildə də, fərdi yaşayış evində də yaşamağa imkan vermədiklərindən kompensasiya ödənilməklə mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Mülkiyyətində olan mənzilin alınması cavabdehlə olan birgə nikah dövrünə düşsə də, mənzili valideynləri aldığından, iddia tələbini dəyişdirməklə daşınmaz əmlakın digər ½ hissəsinə mülkiyyət hüququnun tanınması və cavabdehə kompensasiya ödənilmədən mənzilə olan istifadə hüququna xitam verilməsi qərarına gəlmişdir. Qanunvericiliyin tələbinə görə cavabdehlərin mənzilə istifadə hüquqları vardır, eləcə də, Ali Məhkəmənin 26 sentyabr 2007-ci il tarixli Plenum qərarının mahiyyətinə görə onun tərəfindən cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə sonunculara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməlidir. Birgə nikah dövründə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, keçid 2, 19 nömrəli fərdi yaşayış evi tikmiş, cavabdehlər 2005-ci il tarixdən bütün şəraiti olan həmin ünvana köçməklə orada yaşayırlar. Bunu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-732/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi də təsdiq edir. Belə olan halda, cavabdehlərə kompensasiya ödəməsinə də lüzum qalmır. Çünkü bütün şəraiti geniş olan və rahat fərdi yaşayış yerinə malik olmaqla daimi olaraq orada yaşayırlar.

14. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək İzahatında göstərmişdir ki, iddiaçının bacısıdır, qardaşı, evində öz oğlu tərəfindən döyülmüşdür. 1998-ci ildə mənzili valideynləri qardaşı üçün etibarnamə ilə almışlar, alqı-satqı isə sonradan qardaşının adına bağlanmışdır. Qardaşı həyət evinə köçdükdən sonra, həmin mənzili kirayə vermiş, boşandıqdan sonra keçmiş həyat yoldaşı və övladları oraya köçmüşlər. 2017-ci ilin aprel ayının 26-da nikahları pozulmuş, evin sənədlərini iddiaçının yoldaşı gizlətdiyinə görə proses uzun çəkmişdir. Qardaşı müraciət edib sənədləri əldə edənə qədər uzun müddət keçmişdir. Bu səbəblə qardaşının adına çıxarış 2021-ci ildə alınmışdır. Ev valideynləri tərəfindən 1980-ci illərin axırlarında alınmışdır. Cavabdehlər hal-hazırda massiv 4 ünvanda yaşayırlar. Köçürülmələri ilə bağlı qətnamə vardır. Digər mənzili isə kirayə vermişlər və iddiaçının yaşayış yeri yoxdur.

15. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mənzil 1990-cı ildə birgə nikah dövründə alınmışdır. Tibb işçisidir, ailə quranda mənzili qayınatası və qayınanası almış, pulunu o, xırda-xırda yoldaşına vermişdir ki, atasıgilə versin.

16. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 1987-ci ildə atası və anası ailə qurmuşlar, nənəsigilin evinə köçmüşlər. İddia tələbi ilə razı deyil. Həmin evi kirayəyə vermişdir, hazırda həyət evində yaşayırlar. Kirayəçini mənzildən çıxarıb mənzili boşaltmışdır, mənzili təmir edib ailə qurub, ora köçmək istəyir. Atası onları 2009-cu ildə qarın altında evdən qovub.

17. Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırda 4-cü massivdə, həyət evində yaşayırlar. Evin 4 otağı var.

18. Məhkəmənin şahid qismində dindirdiyi X6 ifadəsində göstərmişdir ki, evi qardaşına almaları üçün o tapmış, Eyvazın həmin vaxt 25-26 yaşı olmuşdur. Qardaşı Umud 1990-cı ildə təxminən 4-5 min rubl pulu Volodyaya ödəyib mənzili almışdır. Cavabdehlər hazırda həyət evində yaşayırlar.

19. Məhkəmənin şahid qismində dindirdiyi X5 ifadəsində göstərmişdir ki, rəhmətlik Umud kişi ilə qonşu olmuşlar. 30 il bundan əvvəl Rəhilə, yəni Umudun yoldaşı yanına gəlmiş və demişdir ki, Umud Eyvaza ev alıb. Umud kişi böyük yük maşınında, Rəhilə də tibb bacısı işləyirdi. Demişdir ki, pul yığmışlar və Eyvaza ev almışlar. Bu hadisə təxminən 30 il əvvəl olub. Eyvazın o vaxtlar ikinci uşağı yox idi.

20. Birinci instansiya məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzili üzərində tam pay üzrə mülkiyyət hüququnun tanınması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsinə ehtiyacları olmadığına görə kompensasiya ödənilmədən onların Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

21. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

21.1. İddiaçı Cavabdeh1 ilə ailə qurmuş, onların nikahlarından iki övladları doğulmuşdur (iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh2). Tərəflər nikahda olduqları dövrdə mübahisə edilən mənzil iddiaçının adına alınmışdır və mənzil tam pay üzrə xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyatdan keçirilməklə adına çıxarış təqdim olunmuşdur. 21.2. Sərəncam əsasında alınmış torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, cavabdehlər həmin evdə yaşayırlar və mübahisəli mənzilin şəraitinə nəzərən daha geniş, şəraitli, rahat evdir. 21.3. Mübahisəli mənzil cavabdehlər tərəfindən kirayə verilmişdir. İddiaçı nə mübahisəli mənzildə, nə də sonradan inşa edilmiş fərdi yaşayış evində yaşaya bilmir, çünki tərəflər arasında münasibətlər korlanıb. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, iddiaçı fərdi yaşayış evində yaşaya bilmir, övladı olan Cavabdeh2 iddiaçıya məxsus daşınar əmlaka (avtomobilə) sinirlənərək ciddi zərər vurmuşdur, tərəflər arasında olan münasibətlərin nə dərəcədə gərgin olması işin faktiki hallarından aşkar görünür. 21.4. Məhkəmənin gedişatı zamanı müəyyən olundu ki, mübahisəli mənzil tərəflərin birgə nikahları dövründə alınsa da, mənzil faktiki olaraq iddiaçının valideynləri tərəfindən alınmışdır, iddiaçının atası və anası pul vəsaiti toplayaraq (ikisi də əmək qabiliyyətli şəxslər olmaqla, iddiaçının atası yük avtomobili idarə etmiş, anası isə tibb bacısı işləmişdir, sovet dönəmində sabit qazancları olmuşdur və pul yığmaq (birikdirmək, toplamaq) imkanları olmuşdur) oğulları İddiaçı mübahisəli mənzili almışlar. Mübahisəli mənzilin İddiaçı adına valideynləri tərəfindən alınmasını cavabdehlər etiraf edirlər. 21.5. İşin mübahisə edilən halı ondan ibarətdir ki, Cavabdeh1 alınmış mənzilin pulunu iddiaçının atasına hissə-hissə ödədiyini bildirir. Lakin cavabdehin bildirdikləri işin faktiki halları ilə uzlaşmır. Təqdim olunmuş sübutlar, habelə cavabdehlərin özlərinin izahatlarından aşkar şəkildə görünür ki, mübahisəli mənzil iddiaçının əmək qabiliyyətli və işləyən valideynləri tərəfindən pul yığılaraq əldə olunmuşdur, cavabdeh tərəf həmin mənzilin alınmasına hər hansı vəsait sərf etməmişdir. Bu səbəbdən, həmin mənzil tərəflərin ümumi birgə mülkiyyəti hesab edilmir. 21.6. Mübahisə edilən mənzil tərəflərin birgə vəsaiti hesabına deyil, məhz iddiaçının valideynlərinin vəsaiti hesabına iddiaçının adına alınmışdır. Bu səbəbdən, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzili üzərində tam pay üzrə mülkiyyət hüququ tanınmalıdır. Düzdür, mənzil daşınmaz əmlakın dövlət reyestrində tam pay üzrə iddiaçının adına qeydiyyatdan keçmişdir. Lakin alqı-satqı müqaviləsinin bağlanması tarixi tərəflərin birgə nikah dövrünə təsadüf etdiyindən, mənzilin 1/2 hissəsinin deyil, tam şəkildə iddiaçının mülkiyyətində olmasının vurğulanması hüquqi müəyyənlik baxımından zəruridir. 21.7. İddianın cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair hissəsinə hüquqi qiymət verərək, məhkəmə qeyd edir ki, bu hissədə də iddia əsaslıdır və təmin edilməlidir. 21.8. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarından göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. 21.9. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. 21.10.İşin faktiki hallarından aydın şəkildə görünür ki, cavabdehlər birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evində yaşamaqla, onların mübahisəli mənzilə (yaşayış sahəsinə) ehtiyacları yoxdur. 21.11. İddiaçı isə mülkiyyətində olan mənzildən məhrum edilməklə yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, istifadə hüququ tanınmış fərdi yaşayış evinə köçüb yaşaya bilmir, bu səbəbdən bacısıgildə qalmağa məcburdur. 21.12.Sözügedən fərdi yaşayış evinin şəraiti, genişliyi və s. göstəriciləri mübahisəli mənzillə müqayisədə daha yaxşıdır və cavabdehlər davamlı şəkildə həmin fərdi yaşayış evində yaşayırlar. Bu səbəbdən, onlara hər hansı kompensasiya məbləğinin təklif edilməsinə, kompensasiya ödənilməsinə, məhkəmə tərəfindən kompensasiya məbləğinin müəyyən və təyin olunmasına zərurət yoxdur.

22. Mövqeyini əsaslandırarkən məhkəmə, Mülki Məcəllənin 157.1-ci və 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına istinad etmişdir.

23. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdehlər onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığı, əsassız olaraq guya mənzilin iddiaçının valideynləri tərəfindən alındığının cavabdehlər tərəfindən etiraf edildiyinə əsaslandığı, halbuki belə bir etiraflarının olmadığı, iddiaçının heç bir mötəbər sübuta əsaslanmayan izahatına istinadən qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışlar. Şikayətdə vurğulanmışdır ki, iddiaçı 1987-ci ildə Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra onlar Eyvazın atasıgildə yaşamış, xx.xx.1988-ci il tarixdə oğulları Ayaz doğulmuş, Eyvaz heç bir yerdə işləmədiyindən və yeni ailənin dolanışığı valideynlərinin üzərinə düşdüyündən Eyvazın anası onları evdən qovmuş, ucuz ev tapıb kirayədə qalmışlar. 1990-cı ildə Eyvazın bibisi Rəfiqə Cavabdeh1 bildirmişdir ki, 3000 rubla münasib mənzil tapıb, köməkləşib alsınlar. Şərti də belə olmuşdur ki, çatışmayan pulu borc verir, lakin mənzil Eyvazın adına rəsmiləşdirilsin. Mənzil alındıqdan sonra hər ay qayınanasının tələbinə əsasən Eyvazın vasitəsilə borc qaytarılmışdır. Mənzilin Cavabdeh1 tərəfindən alındığı ilkin iddia ərizəsində onların istifadə hüquqlarına 3000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməsi istəyi, eyni zamanda iddiaçının nümayəndələrinin ilkin izahatları ilə də təsdiqlənir. Lakin cavabdehlərin bununla razılaşmadıqlarını gördükdən sonra iddia tələbi dəyişdirilmiş, mənzil alındıqdan 32 il sonra guya məhkəmənin gedişində mənzilin Eyvazın valideynləri tərəfindən alındığı iddiaçının nümayəndəsinə məlum olmuşdur.

Apellyasiya şikayətinə qarşı etiraz

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

25. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmə onun söylədiklərini qətnamədə təhrif olunmuş şəkildə əks etdirmiş, ümumiyyətlə danışmasına imkan verməmiş, iddiaçı ilə nikah dövründə şəxsən özünün qazancı hesabına alınan ev üzərində hüququndan onu məhrum etmişdir. Tibb bacısı işlədiyi üçün normal qazancı olmuş, evə görə aldıqları borcu məhz özü qaytarmışdır. 1990-cı ildən 2005-ci ilə qədər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilində birlikdə yaşamış, həmin dövr ərzində mənzildə təmir işlərini həyata keçirmiş, 2005-ci ildə hazırda yaşadıqları həyət evinə köçmüşlər. Həmin həyət evi özbaşına tikilidir, oraya qeydiyyata düşmələri mümkün deyil, Eyvazın da oraya köçüb yaşamasına heç vaxt etiraz etməmişlər. 2013-cü ildə boşandıqdan sonra yenidən barışmış, bir müddət yenidən həm həyət evində, həm də mənzildə yaşamışlar. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilinə Eyvazın hüququ olduğu kimi, onun və övladlarının da hüququ var və bu hüquqdan məhrum edilə bilməzlər.

26. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 2 saylı evin 5 saylı mənzilini bir müddət kirayəyə vermiş olsalar da, hazırda orada özü qalır. Ailə qurub həmin mənzildə yaşamaq istəyir. Mənzil atası ilə anasının əmlakıdır, övladlar olaraq onların mənzilə haqqları var. Ataları onlara heç vaxt atalıq etməmişdir, indi də analarının minbir zəhmət hesabına aldığı mənzildən məhrum etmək istəyir.

27. Məhkəmə iclasında iştirak edən Ağabacı Məmmədov da qardaşının və anasının izahatları ilə bənzər məzmunda izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

28. Cavabdehlərin nümayəndələri (vəkilləri) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, qətnamənin qanunsuz olduğunu bildirmişdir.

29. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

36. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

37. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

38. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

39. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı

40. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.

01 iyun 2000-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsi

41. Maddə 23. Ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilibedilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzrlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da onlar əmlak üzərində bərabər hüquqa malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır.

42. Maddə 29. Nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah müddətində onların hədiyyə şəklidə və ya vərəsəlik qaydasında aldıqları əmlak onlardan hər birinin öz mülkiyyətidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

46. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

52. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

53. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

54. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

55. İddiaçının iddia tələbləri iki hissədən ibarətdir: 1) Mübahisəsi gedən mənzil üzərində tam pay üzrə mülkiyyət hüququnun tanınması; 2) Cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi.

56. ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin İddiaçıla Cavabdeh1 nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edildiyi işin mübahisələndirilməyən halıdır; bununla belə iddiaçı, birinci tələbi üzrə faktiki hal kimi, həmin mənzilin iddiaçı ilə birgə əldə etdikləri qazanc hesabına deyil, valideynlərinin (atasının) vəsaiti hesabına alındığını irəli sürməkdədir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).

58. Qeyd olunmalıdır ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə belə bir iddianı irəli sürən tərəfin üzərinə düşməkdədir.

59. Kollegiya hesab edir ki, iddiaçı müvafiq tələbini mötəbər dəlillərlə sübuta yetirə bilmədiyi kimi, ümumiyyətlə belə bir tələbin irəli sürülməsində onun hansı hüquqi mənafeyinin olduğu da qeyri-müəyyəndir.

60. Çünkü, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə (§ 41), məhkəmələr tərəfindən, ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçirilir.

61. Yuxarıda qeyd olunduğu kimi, mübahisəsi gedən mənzil onsuz da tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır; işin hallarından isə aydın olur ki, hazırkı dövrədək Cavabdeh1 tərəfindən mənzilin bölünməsi barədə iddia irəli sürülməmişdir.

62. Bu isə o deməkdir ki, hazırda tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmış vəziyyətdə olan mənzilin üzərində onun “tam pay üzrə mülkiyyət hüququnun tanınması” faktiki olaraq mümkün deyildir – mənzilin birgə vəsait hesabına alınmadığı barədə irəli sürdüyü arqumentlərə isə, Cavabdeh1 tərəfindən ona qarşı müvafiq iddia tələbi irəli sürüləcəyi halda qiymət verilə bilər.

63. Kollegiya, iddiaçının ikinci tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsassız hesab edir.

64. Belə ki, məhkəmə həmin tələbi təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarındakı hüquqi mövqelərə istinad etmişdir; halbuki, tərəflər arasında mübahisəli hüquq münasibətləri Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən deyil, xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən (§ 36-37) yaranmış, Cavabdeh1 mənzilin birgə mülkiyyətçisi olması, digər cavabdehlər isə onun (onların) övladları olmaları etibarilə mənzildən istifadə hüququ əldə etmişdir.

65. Sözügedən evə dair həmin dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış olması fərqli nəticəyə gəlinməsinə əsas yarada bilməz; belə ki, daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur.

66. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı barədə hüquqi akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsasları Mülki Məcəllənin 14-cü maddəsində sadalanmışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur.

67. Həmçinin qeyd olunmalıdır ki, mübahisəsi gedən mənzilin xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınması, onun mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqlarının olduğuna dəlalət edir - Avropa Məhkəməsinin presedentləri baxımından isə qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

68. Beləliklə, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə istifadə hüquqlarının olduğu işin mübahisəsiz halıdır və bu səbəblə də iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir.

69. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü təsbit edir. “R. Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007ci il tarixli qərarındakı hüquqi mövqeyə görə isə, bu imkan xx.xx.2000-ci il tarixinə qədər yaranmış istifadə hüquqları üçün də mümkündür.

70. Bu baxımdan iddiaçı, cavabdehlər Ayaz və Ağabacı Məmmədov(a)lara qarşı kompensasiya ödənilməklə onların mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. Cavabdeh1 qarşı isə onun belə hüququ mövcud deyil – çünkü hazırkı dövrədək Cavabdeh1 mənzilin birgə mülkiyyətçisi olduğu prezumpsiyası qüvvədədir.

71. Beləliklə, cavabdehlər Ayaz və Ağabacı Məmmədov(a)lara qarşı yönələn iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “R. Ağalarovun şikayəti üzrə” 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

72. İddiaçı cavabdehlərə kompensasiya qismində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi massiv 4, keçid 2 ünvanında yerləşən 19 saylı evi təklif edir – hansı ki, qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilmişdir ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaqla yanaşı, İddiaçıla Cavabdeh1 nikahda olduqları dövrdə birgə vəsait hesabına tikilən evdir və İddiaçı evdən istifadə hüquqları vardır. Sözügedən qətnamə ilə həm də İddiaçı həmin evə köçürülməsi qət olunmuşdur (§ 6, 7, 8).

73. Bu kontekstdə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin kompensasiya qismində təklif olunan həmin özbaşına tikilinin cavabdehlər Ayaz və Ağabacı Məmmədov(a)ların ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün yetərli əvəz olmasına dair gəldiyi nəticə əsaslı deyildir.

74. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir (§ 38, 39); cavabdehlər Ayaz və Ağabacı Məmmədov(a)ların isə mübahisəli mənzildən daimi yaşamaq üçün getdikləri təkzib olunmaqdadır. Çünkü işdəki sübutların məcmusu onların mənzili birdəfəlik tərk etdikləri, beləliklə də mənzilə dair hüquqlarının itirilməsinə (kompensasiya ödənilmədən) münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğu qənaətinə gəlməyə əsas vermir.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1693/2022 saylı iş üzrə 16 avqust 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzil üzərində tam pay üzrə mülkiyyət hüququnun tanınması, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbləri təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar