Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2159/2020 28.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azərişıq” X2rşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdeh ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh ASC-nin nümayəndəsi X3 və iddiaçının iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh ASC tərəfindən ona əsassız hesablanmış 350,70 manat məbləğində borcun onun şəxsi hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsində yerləşən 79 №-li fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçıya məxsus həmin yaşayış sahəsi cavabdeh ASC tərəfindən elektrik enerjisi ilə təmin olunur və bununla bağlı olaraq küçədə elektrik sayğacı quraşdırılmışdır. 2019-cu ilin oktyabr ayında iddiaçı onun ünvanına ASC tərəfindən göndərilmiş “Bildirişi” aldıqda ona məlum olmuşdur ki, elektrik enerjisindən istifadəyə görə ona 10,29 manat, əlavə sərfiyyata görə isə 350,70 manat borc hesablanmışdır. Əlavə sərfiyyatın hesablanmasının səbəbləri barədə maraqlandıqda iddiaçıya məlum olmuşdur ki, 2019-cu ilin sentyabr ayına cavabdeh ASCnin əməkdaşları iddiaçıya məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsində yerləşən 79 №-li fərdi yaşayış evinə aid elektrik sayğacına baxış keçirmiş və sayğaca müdaxilə ilə bağlı akt tərtib etmişlər. İddiaçı hesab edir ki, əlavə sərfiyyata görə borcun hesablanması qanunsuzdur. Belə ki, küçədə quraşdırılmış sayğaca onun tərəfindən hər hansı müdaxilə olunmamış, müdaxilənin kimin tərəfindən və hansı qaydada edilməsi ona bəlli deyil, ASC-nin əməkdaşları sayğaca baxış barədə aktı tərtib edərkən baxışda onun iştirakını təmin etməmişlər. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini, ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, US seriyalı, ******* №-li akt üzrə iddiaçıya hesablanmış 350,70 manat məbləğində borcun silinməsini qət etmişdir. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ASC-nin əməkdaşları iddiaçıya məxsus yaşayış sahəsinə aid elektrik sayğacına xx.xx.2019-cu il tarixdə baxış keçirən zaman sayğaca müdaxilə faktını aşkar etmiş və bu barədə US seriyalı, ******* №-li akt tərtib etmişlər. Bununla əlaqədar olaraq sayğac yenisi ilə əvəz edilmiş və əvvəlki sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyada sayğac müayinə olunduqda isə aşkar edilmişdir ki, sayğacın alt qapağının və dövlət möhürlərinin tamlığı pozulmuş, sayğacın “yük blokuna” müdaxilə olunmuşdur ki, bunun nəticəsində sayğac istifadə olunan elektrik enerjisinin həcmini az hesablayır. Bu səbəbdən də, hesablanma aparılmış, əlavə sərfiyyatın həcmi 5.010 kv.saat müəyyən edilmiş və iddiaçıya 350,70 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 №-li qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydalarının” (bundan sonra – Qaydalar) 8.32-ci bəndinə görə, məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik saycağını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün ancaq Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. İddiaçının mənzilinə aid quraşdırılmış sayğacın alt qapaq möhürü pozulmuş və sayğacın qapağında müdaxilə izləri aşkar olunmuşdur. Sayğaca müdaxilə edildiyi laboratoriya şəraitində öz təsdiqini tapmışdır və buna görə əlavə ödəniş hesablanmışdır. Lakin Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlilərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddia ərizəsinin məzmununa və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır, Rayon Məhkəməsi işin faktiki hallarını düzgün aydınlaşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin hallarına uyğun nəticəyə gəlmişdir. Belə ki, işdə olan sübutlara və məhkəmələrə verilmiş izahatlara əsasən əsasən müəyyən edilir ki, Yasamal rayonu, X.Dadaşov küçəsində yerləşən 79 №-li fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçıya məxsus həmin yaşayış sahəsi cavabdeh ASC tərəfindən elektrik enerjisi ilə təmin olunur və bununla bağlı olaraq küçədə elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2019-cu il tarixdə ASC-nin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydalarına” riayət olunmasını və elektrik enerjisi uçotunu yoxlamaq məqsədi ilə iddiaçının yaşadığı yaşayış sahəsinə aid elektrik sayğacına baxış keçirilmiş və həmin sayğacın alt qapaq möhürünün pozulması və sayğaca müdaxilə izləri aşkar olunmuşdur. Bu barədə ASC-nin əməkdaşları tərəfindən xx.xx.2019-ci il tarixli, SN seriyalı, 188714 №-li akt tərtib edilmişdir. Bununla əlaqədar olaraq həmin ünvanda yeni sayğac quraşdırılmış, əvvəlki sayğac isə yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyada sayğac müayinə olunduqda aşkar edilmişdir ki, sayğacın alt qapağının və dövlət möhürlərinin tamlığı pozulmuş, sayğacın “yük blokuna” müdaxilə olunmuşdur ki, bunun nəticəsində sayğac istifadə olunan elektrik enerjisinin həcmini az hesablayır. Müayinə ilə əlaqədar xx.xx.2019-cu il tarixdə müvafiq “Sayğacların və cərəyan transformatorların yaxlanılması barədə” Protokol tərtib edilmişdir. Bundan sonra ASC-nin Akt Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə əlavə sərfiyyatın həcmi 5.010 kv.saat müəyyən edilmiş və iddiaçıya 350,70 manat borc hesablanmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahiəsnin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus yaşayış sahəsinə aid elektrik sayğacı yaşayış sahəsinin daxilində deyil, sahədən kənarda, yəni küçədə quraşdırıldığından Məhkəmə hesab edir ki, akt və bu akt əsasında borcun hesablanması etibarsızdır. Çünki, yuxarıda adı çəkilən Qaydaların 8.32-ci bəndinə görə, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 7.11-ci bəndinə görə isə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Göründüyü kimi, elektrik sayğacı məişət abonentinə aid yaşayış sahəsinin daxilində deyil, sahədən kənarda, yəni abonentə məxsus olmayan sahədə quraşdılmışdırsa, Qaydalarda göstərilən pozuntulara görə abonent məsuliyyət daşımır. İşin hallarından göründüyü kimi hesablama uçot cihazı olan elektrik sayğacı iddiaçının cavabdehliyi sərhədində deyil, ASC-nin cavabdehliyi sərhədində yerləşdirilibdir. Buna görə də Məhkəmə hesab edir ki, elektrik sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə ASC-nin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “Azərişıq” X5 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-2159/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2159/2020
28.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver