Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2162/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbinə dair iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad ləğv edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və sair tələbinə dair" mülki iş üzrə barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5745/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 mıhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə verərək qətnamənin gələcəkdə icrasının təmin edilməsi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5745/2021 saylı qərardadı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və sair tələbinə dair" mülki iş üzrə iddiaçıların müvəqqəti təminat tədbirinə dair ərizəsi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.
4. Daha sonra Cavabdeh6 ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2167/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3934/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə Cavabdeh6 müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsi təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 5745/2021 saylı qərardadının ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi və qərardadın icrasının Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından və icraya yönəldiyi üçün ərizə təmin edilməli, daşınmaz əmlakın üzərinə qoyulmuş həbs götürülməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
7. İddiaçılar İddiaçı2 və İddiaçı1 şikayətlə məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 saylı, xx.xx.2023-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, işdən də göründüyü kimi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh3 mülkiyyətindədir. Bu halda, belə bir ərizə ilə müraciət etmək hüququ da elə məhz mülkiyyətçiyə məxsusdur. Ərizəçi Cavabdeh6 işdə cavabdeh statusuna malik olması ona mübahisəli əmlakla bağlı görülmüş tədbirin ləğv edilməsi üçün ərizələr vermək hüququnu vermir. Məhkəmə isə buna diqqət yetirmədən mübahisəli əmlakla heç bir hüquqi bağlılığı (marağı) olmayan şəxsin ərizəsi əsasında müvəqqəti təminat tədbirini ləğv etmiş və ərizəçinin bu barədə müvafiq subyektiv hüquqa malik olub-olmamasını yoxlamamışdır. Məhkəmənin özünün də istinad etdiyi MPM-in 162.1-ci maddəsinin məzmunundan da görünür ki, belə bir ərizəni hüquq və maraqlarına toxunulan şəxslər verə bilər. Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarının mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 saylı, xx.xx.2023-ci il tarixli qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).
13. Həmin Məcəllənin 162.1-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər.
14. Məcəllənin 162.3-cü maddəsində qeyd edilir ki, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN İ № *** **** saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi 9 ünvanında yerləşən torpaq sahəsini Cavabdeh3 satmışdır.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddia tələbi ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakla bağlı xx.xx.2017-ci il tarixdə 19 saylı Dövlət Notariat X1, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqısatqısına dair 4Ə-54 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı xx.xx.2018-ci il tarixdə 19 saylı Dövlət Notariat Kontorunda Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış daşınmaz əmlakın alqısatqısına dair 4Ə-7 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
18. Cavabdeh6 daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5745/2021 saylı qərardadının ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir.
19. Birinci instansiya məhkəməsinin qərardadı ilə ərizə təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı halda daşınmaz əmlakın Cavabdeh3 mülkiyyətinə verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçıların tələbi təmin edilmədiyi və bununla bağlı qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldığı üçün əmlakın üzərində həbsin olması mülkiyyətçinin mülkiyyət hüquqlarının həyata keçirməsinə mane olur.
20. İddiaçıların şikayətinin dəlili ondan ibarətdir ki, müvəqqəti təminat tədbirinin ləğvi ilə bağlı ərizə mülkiyyətçi Cavabdeh3 tərəfindən verilməli olduğu halda, buna hüququ olmayan şəxs Cavabdeh6 tərəfindən verildiyi üçün təmin edilməməlidir.
21. Məhkəmə kollegiyası şikayətinin dəlili əsassız hesab edərək qeyd edir ki, Mülki Prosessual qanunvericiliyin tələbinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə ləğv edilə bilər. İş materiallarındam göründüyü kimi, müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizə ilə müraciət edən şəxs Cavabdeh6 iş üzrə cavabdeh, eyni zamanda daşınmaz əmlakın mülkiyyətçisi olan Cavabdeh3 oğludur.
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh6 ərizəsinin təmin edilməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
23. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 158, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev