Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2163/2021 21.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və zərərin əvəzinin ödənilməsi” barədə ilkin, Cavabdeh2 İddiaçı qarşı “qeyriyaşayış sahəsinə çəkilən xərclərin əvəzinin tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixdə qəbul etdiyi qərardaddan İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında (birinci mərtəbə) yerləşən qeyriyaşayış sahəsini xx.xx.2019-cu il tarixli müqavilə əsasında 1 il müddətinə Cavabdeh1 MMC-nə icarəyə verdiyini, ötən müddət ərzində MMC-nin icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini və müqavilə müddəti bitdikdən sonra sahəni tərk etmədiyini bildirmiş, buna görə də MMC-dən və onun qanuni təmsilçisi Cavabdeh2 9600 manat icarə haqqının, əldən çıxmış faydaya görə 9600 manatın, icarə haqqının qanunsuz olaraq ödənilməməsinə görə illik bank faiz uçot dərəcəsi (7%) nəzərə alınmaqla 2 il üçün 1344 manatın və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı, iddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə də əlavə edərək, sözügedən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması və həmin sahədən istifadənin həm cavabdehə, həm də üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını istəmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin olunması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 verdiyi şikayət birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilərək xx.xx.2020-ci il tarixli qərardadın ləğv olunması və iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəyə yenidən baxılması qərara alınmış, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə isə ərizə təmin edilməmişdir. İddiaçı nümayəndəsinin xx xxxxxx 2020-ci il tarixli qərardaddan verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, hakim iddiaçının ərizəsini əvvəl təmin etdiyi halda sonradan belə qərardad qəbul etməklə qanunvericiliyin tələblərinə əməl etməmiş, bununla həm də prosessual normaları kobud şəkildə pozmuş, mülkiyyətçinin hüquqlarının xələl görməsinə şərait yaratmış, müqavilənin müddətinin artıq bitmiş olmasını nəzərə almamışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası şikayətçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Kollegiya hesab edir ki, göstərilən növdə iddianı təmin tədbirlərinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, ilkin iddiaçının iddiası üzrə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilmədiyi kimi, ümumiyyətlə onun tələb etdiyi iddianı təmin tədbiri ilə iddiasının mümkün təmin edilməsi halında qəbul ediləcək qətnamənin gələcəkdəki icrası arasında əlaqə də mövcud deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, ilkin iddiaçı MMC ilə bağladığı icarə müqaviləsinin ləğvini tələb etməmiş, ödənilmədiyini iddia etdiyi icarə haqqının, həmçinin bu vəsaitin vaxtında ödənilməməsinə görə məruz qaldığını bildirdiyi ziyanın əvəzinin tutulmasını istəmişdir. Bu isə o deməkdir ki, mübahisəyə mahiyyəti üzrə baxılana qədər icarədarın fəaliyyətinin dayandırılması, yaxud onun icarə sahəsindən çıxarılması, mövcud olmayan tələbin faktiki təmin olunması nəticəsini yaratmaqla, tərəflər arasında əlavə məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər; belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir. Kollegiya onu da qeyd edir ki, hətta ilkin iddiaçı müqavilənin ləğvini, yaxud icarədarın icarə obyektindən çıxarılmasını tələb etsə idi belə, görülməsini istədiyi təmin tədbiri, iddiasının təmin edilməsi halında qətnamənin icrasını təmin etmək məqsədinə, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən halların aradan qaldırılmasına deyil, faktiki olaraq iddia tələbinin təmini demək olardı. Bu nəticəyə gələrkən kollegiya həmçinin nəzərə alır ki, iş materiallarından Cavabdeh2 da qarşılıqlı iddia tələbi irəli sürdüyü aydın olur; hansı ki, o, iddiasında, icarəyə götürdüyü əmlakın təmirinə 206 000 manatdan artıq vəsait xərclədiyini irəli sürməklə müqavilənin ləğvinə etiraz etməkdədir. İlkin iddiaçının, əmlakının üzərinə həbs qoyulması məzmunlu təmin tədbirinin görülməsinə xahişinə münasibətdə isə qeyd olunmalıdır ki, belə bir xahiş iddianı təmin tədbiri institutunun yuxarıda göstərilən məqsədlərinə və ümumiyyətlə bu institutun mahiyyətinə uyğun deyildir; çünkü qanunverci cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması imkanını nəzərdə tutur. Digər tərəfdən qeyd olunmalıdır ki, iddianı təmin tədbirlərinin tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac olmasa da, bu tədbirlərin görülməsi üçün ilkin zəruri sübutların verilməsi və ilkin əsaslandırılmanın aparılaraq bununla bağlı dəlillərin təqdim edilməsi zəruridir. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Bu baxımdan nəzərə almaq lazımdır ki, ilkin iddiaçının ərizəsində görülməsi xahiş edilən iddianı təmin tədbirinin zərurilik meyarları da kifayət qədər əsaslandırılmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6089/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2163/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2163/2021
21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver