Məhkəmə qərarları › İş №2(103)-2169/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2169/2022

19.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2169/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(009)-1817/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı evin, 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa edilmiş 45 kv.m qanunsuz tikilinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı evin, 2 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Mənzilin pəncərəsinin qarşısında qanunsuz olaraq ev tikilmişdir. Evin divarına bitişik qanunsuz tikili səbəbindən iddiaçının mənzilinə yağış və qar yağıntılarının nəticəsində su sızması yaranır. Qanunsuz tikili yaşayış otağının eyvanının qarşısında olduğundan iddiaçıya narahatçılıq yaradır. Həmçinin gələcəkdə hər hansı yanğın hadisəsi baş verərsə, qanunsuz tikili səbəbindən qarşısını almaq mümkün deyildir. Odur ki, iddianın təmin olunması xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı evin, 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa edilmiş 45 kv.m qanunsuz tikilinin sökülməsi öhdəliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(009)- 1817/2021 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa olunmuş 5,1x9,0 m ölçüdə 3,9 m hündürlüyündə cavabdeh tərəfindən inşa olunmuş bir mərtəbəli tikilinin sökülməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa olunmuş 5,1x9,0 m ölçüdə 3,9 m hündürlüyündə cavabdeh tərəfindən inşa olunmuş bir mərtəbəli tikilinin sökülməsi vəzifəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 üzərinə qoyulması, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçıya verilməsi, iş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********; X5, kod:210005; müxbir hesab:AZ41NABZ********************; S.F.İ.F.T. Bik CTREAZ22) köçürülməsi qət edilmişdir. Cavabdehlərdən Cavabdeh2 və X4 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticələrin işin hallarına uyğun olmaması, iddiaçının digər şəxslərlə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcud olmasını məhkəmədən gizlətməsi, tikilinin inşa olunduğu torpaq sahəsinin daşınmaz əmlak kimi iddiaçının mülkiyyətində olmamasının nəzərə almaması, həmin əmlakı qanunvericiliyin tələbinə əməl edərək notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən alması, iddiaçının subyektiv hüququnun olmaması, tikinti obyektlərinin sökülməsi barədə məhkəməyə müraciət edilməsi kimi səlahiyyətlərin icrasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə həvalə edilməsi, məhkəmənin hansı cavabdeh tərəfindən tikilinin inşa edilməsini də müəyyən etməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi məhkəmə kollegiyasından təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia təmin olunmuş, Cavabdeh1 qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehlər Cavabdeh2 və X2 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia cavabdehlər Cavabdeh2 və X3 münasibətdə təmin olunmamalıdır. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı evin, 2 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan 18 iyun 2021-ci tarixli aktın surətindən görünür ki, Cavabdeh2 və X4 faktiki olaraq mübahisəli tikilidə yaşayırlar. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli, 10/3784 saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın divarına bitişik aparılmış tikinti işlərinə dair hər hansı bir icazə sənədləri iş materiallarında olmadığı və baxış zamanı təqdim edilmədiyi üçün, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun deyildir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın divarına bitişik 5,1x9,0 m. ölçüdə tikili inşa olunduğunu və bu da AZDTN 2.6-1 "Dövlət şəhərsalma Norma və Qaydaları”nın Yanğın əleyhinə tələblərin 2-ci bəndinə zidd olduğunu nəzərə alaraq, həmin tikili gələcəkdə baş verəcək hər hansı bədbəxt hadisənin (yanğın hadisəsinin) qarşısının alınması üçün təhlükəsizliyin təmin edilməsinə maneçilik yaradır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinə giriş pilləkən meydançasından olduğunu nəzərə alaraq, 5,1x9,0 m. ölçüdə tikilinin inşası iddiaçının öz mülkiyyətində olan yaşayış sahəsindən istifadə etməsinə məhdudiyyət və ya maneə yaratmır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli ünvana aid texniki pasportun məlumatları ilə həmin ünvanın faktiki vəziyyəti müqayisə olunduğu zaman Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinə bitişik və eyvanın qarşısında inşa olunmuş tikilinin qanunvericiliyin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, inşa olunan həmin tikili AZDTN 2.6-1 "Dövlət şəhərsalma Norma və Qaydalarının Yanğın əleyhinə tələblərə zidd inşa olunduğundan gələcəkdə baş verə biləcək yanğın hadisəsi zamanı təhlükəsizliyin təmin edilməsinə məhdudiyyətlər yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Cavabdehlər apellyasiya şikayətində iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olmamasını, bu tip iddiaların müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) tərəfindən qaldırılmalı olmasını göstərsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Çünki, yuxarıda da qeyd edildiyi kimi özbaşına tikili məhz iddiaçının xüsusi mülkiyyətində olan mənzilin qarşısında, ona bitişik şəkildə inşa olunmuş, eyni zamanda digər hallarla yanaşı, gələcəkdə baş verə biləcək yanğın hadisəsi zamanı təhlükəsizliyin təmin edilməsinə də məhdudiyyətlər yaradır. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçının əmlak mülkiyyətçisi kimi müvafiq tikilinin sökülməsini tələb etməkdə subyektiv hüquqlara malik olması aşkardır. Eyni zamanda qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə riayət olunmadan inşa edilmiş tikililərin sökülməsini tələb etmək hüququ səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) aid olsa da, qanuni əmlak mülkiyyətçiləri olan hüquqi və fiziki şəxslərin də analoji hüquqları istisna oluna bilməz, əksinə bu hüquq qanunla müdafiə olunur. Çünki, mülkiyyətin müdafiəsi isə konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Göründüyü kimi, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olmaması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bununla yanaşı, cavabdehlər apellyasiya şikayətində qanuni qüvvədə olan məhkəmə qərarına istinad etsələr də, işdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(009)-1171 saylı qətnaməsindən görünür ki, cavabdehlər həmin iş üzrə tərəf olmamışlar. Bununla yanaşı, həmin qətnamənin mövcudluğu iddiaçının hazırki iddia tələbini irəli sürmək hüququnu istisna etmir. Eyni zamanda, qeyd edilən qətnamədən görünür ki, mübahisəli tikilinin özbaşına tikili olması müəyyən edilməklə, müvafiq iddialar (yaşayış sahəsinə köçürülmə və s.) təmin olunmamışdır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı cavabdehlər Cavabdeh2 və X3 münasibətdə təmin etməkdə, yəni “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa olunmuş 5,1x9,0 m ölçüdə 3,9 m hündürlüyündə cavabdeh tərəfindən inşa olunmuş bir mərtəbəli tikilinin sökülməsi vəzifəsinin cavabdehlər Cavabdeh2 və X2 üzərinə qoyulması” hissədə əsassız olmuşdur. Birincisi, məhkəmə iddianın cavabdehlər Cavabdeh2 və X3 münasibətdə nəyə görə təmin olunmasını ümumiyyətlə əsaslandırmamışdır. Bununla yanaşı, işin faktiki hallarından göründüyü kimi, mübahisəli özbaşına tikili cavabdehlər Cavabdeh2 və X4 tərəfindən inşa olunmamışdır. Cavabdehlər apellyasiya şikayətində həmin əmlakı faktiki olaraq aldıqlarını qeyd etsələr də, qanunvericiliyin tələblərinə əsasən özbaşına tikili alqı-satqının predmeti ola bilməz. Cavabdehlər mübahisəli tikliyə qanuni əmlak hüquqlarının mövcudluğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bu səbəbdən də cavabdehlər əmlakın əldə olunması ilə bağlı zərər tələblərini özlərində saxlayırlar. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarının nəzərə alaraq hesab edir ki, iddia mübahisəli özbaşına tikilinin sökülməsi vəzifəsinin cavabdehlər Cavabdeh2 və X2 üzərinə qoyulması hissədə təmin oluna bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, qətnamə məhkəmə xərclərinin (iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaitinin, iş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və X1 tutulması hissədə) cavabdehlər Cavabdeh2 və X3 aid edilməsi hissədə də ləğv olunmalıdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddia cavabdehlər Cavabdeh2 və X3 münasibətdə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1817/2021 saylı 24 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1817/2021 saylı 24 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 12 saylı binanın 2 saylı mənzilinin divarına bitişik və eyvanın qarşısında inşa olunmuş 5,1x9,0 m ölçüdə 3,9 m hündürlüyündə cavabdeh tərəfindən inşa olunmuş bir mərtəbəli tikilinin sökülməsi vəzifəsinin cavabdehlər Cavabdeh2 və X2 üzərinə qoyulması və məhkəmə xərclərinin cavabdehlər Cavabdeh2 və X3 aid edilməsi” hissələrində ləğv olunsun, iddia həmin hissələrdə təmin olunmasın. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar