Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-217/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “qanuni sahib kimi hüquqlarının pozulmasının aradan qaldırılması, girişin qarşısındakı hasarın sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanuni sahib kimi hüquqlarının pozulmasının aradan qaldırılması, girişin qarşısındakı hasarın sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğludan ibarət tərkibdə Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “qanuni sahib kimi hüquqlarının pozulmasının aradan qaldırılması, girişin qarşısındakı hasarın sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il AR DƏDRX-nin Çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 56A, “Yelkən” b/y-nın A sektorunda yerləşən 0.0350 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il AR DƏDRX-nin çıxarışının surətindən görünür ki, Bakı şəhəri, ünvan ünvanında yerləşən 0.0432 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir.
3. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, “Yelkən” b/y-nın A sektoru, 39a saylı bağ sahəsi ünvanında yerləşən 0.0432 ha torpaq sahəsinin hasara alınmasına icazə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 56A, “Yelkən” b/y-nın A sektorunda yerləşən ona məxsus bağ evinin texniki pasportunda göstərilən darvazanın qarşısında darvaza ilə üzbəüz istiqamətdə inşa edilmiş daş hasarın 5 metr enində cavabdehin qüvvəsi və vəsaiti hesabına sökülməsi və onun ümumi istifadədə olan küçəyə çıxışının təmin edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 56A, “Yelkən” b/y-nın A sektorunda yerləşən bağ evi və torpaq sahəsi (0,0350 ha) onun xüsusi mülkiyyətindədir. Mülkiyyətində olan əmlakın texniki pasportu da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsi tərəfindən tərtib edilmişdir. Bağı evinin və torpağın texniki pasportunda onun ümumi yola çıxışı olduğu yer (darvazanın yeri), hasarının sərhədləri, habelə həyətdə evinin yeri göstərilmişdir. Qeyd edilən texniki pasporta əsasən mülkiyyətində torpaq sahəsinin 3 tərəfi qonşuların mülkiyyətində olan torpaq sahələridir, arada daş hasar vardır, bir tərəfi ümumi istifadədə olan yoldur, onun giriş-çıxışı da həmin yol tərəfdə olan darvazadan müəyyən edilmişdir. Lakin hazırda o, mülkiyyətində olan torpağından ümumi yola çıxa bilmir.Ümumiyyətlə həyətdən çıxa bilmir. Çünki darvazanın qarşısı cavabdeh tərəfindən daş hasarla hörülərək hasarlanmışdır. Cavabdehin qeyd edilən qanunsuz hərəkəti nəticəsində bir yanğın hadisəsi olarsa, və ya onun və ailə üzvlərinin səhhətində problem yaranarsa nə yanğınsöndürən maşın, nə də təcili tibbi yardım avtomobili onun evinə yaxınlaşa bilməyəcək, qapıdan girə bilməyəcəklər. Cavabdehin onun mülkiyyətinə girişin qarşısını hörməsi ilə o və ailə üzvləri öz qanuni sahibliyində olan evdən və torpaqdan istifadə, evə və torpağa sahiblik etmək, evin və torpağın sahibi kimi evimdən təhlükəsiz və maneəsiz istifadə etmək hüquqları pozulmuşdur.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh X4 aid hissədə icraata xitam verilmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 üzərinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 56A, "Yelkən" b/y-nın A sektorunda yerləşən iddiaçıya məxsus bağ evinin texniki passportunda göstərilən darvazanın qarşısında inşa edilən daş hasarın (darvaza ilə üzbəüz istiqamətdə) 5 metr enində cavabdehin qüvvəsi və vəsaiti hesabına sökülməsi və iddiaçının ümumi istifadədə olan küçəyə çıxışının təmin edilməsi vəzifəsinin qoyulması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına təqdim edilmiş iddiaçıya məxsus texniki pasportdan göründüyü kimi, İddiaçı məxsus olan torpaq sahəsindən ümumi yola çıxış və eyni zamanda həmin hissədə darvaza nəzərdə tutulmuşdur. Eyni zamanda təqdim edilmiş ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus olan darvazanın qarşısında cavabdeh tərəfindən daş hasar inşa edildiyi və həmin daş hasarın iddiaçıya məxsus torpaq sahəsinin texniki pasportunda nəzərdə tutulmuş ümumi yola çıxışının qarşısında inşa edildiyi müəyyən edilmişdir. Qeyd olunan hal eyni zamanda təqdim edilmiş fotoşəkillərdə də öz əksini tapır. Hazırkı işin hallarından məlum olur ki, cavabdeh qanunsuz hasar inşa etmişdir və onun inşa etdiyi hasar iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə maneə törədir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 180.1, 180.4-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə o qədər qərəzli olmuşdur ki, hətta iddiaçının iddia tələbinin mahiyyətini tam başa düşməmişdir. Belə ki, ümumiyyətlə iddiaçının darvazasının qarşısında daş hasar inşa edilməmişdir. Məhkəmənin qeyd etdiyi hasar qonşu torpaq sahələrinin sərhədlərini müəyyən edən hasar olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən deyil, iddiaçının bacısı iddiaçıya məxsus torpaq sahəsinin ilkin mülkiyyətçisi tərəfindən çəkilmişdir. İkinci hasar mövcud deyil və ümumiyyətlə mövcud olmamışdır. İkincisi, İddiaçı məxsus torpaq sahəsinin texniki pasportunda nəzərdə tutulmuş ümumi yola çıxışı olan darvaza əvvəllər olduğu kimi indi də yerindədir. Onun qarşısında hasar tikilməsi ümumiyyətlə mümkün deyil, çünki yolun hissəsinə düşür. Üçüncüsü, ekspert rəyi həqiqətləri əks etdirmədiyindən, işin obyektiv tam və hərtərəfli araşdırılması məqsədilə yerli baxış keçirilməsi, əlavə ekspertiza təyin olunması məhkəmədən xahiş olunsa da məhkəmə hansısa maraqlar naminə imtina etmiş və bununla da Cavabdeh2 mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, məhkəmənin qeyd etdiyi kimi daş hasarın (darvaza ilə üzbəüz istiqamətdə) 5 metr enində cavabdehin qüvvəsi və vəsaiti hesabına sökülməsi və iddiaçının ümumi istifadədə olan küçəyə çıxışının təmin edilməsi vəzifəsi qoyulması Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi qanunsuz yolla alınaraq iddiaçının istifadəsinə verilməsi deməkdir. Cavabdeh2 nümayəndəsi və vəkili şifahi vəsatət verərək (yazılı vəsatət verilməsinə şərait yaradılmadığından) ekspert rəyi həqiqətləri əks etdirmədiyindən, işin obyektiv tam və hərtərəfli araşdırılması məqsədilə yerli baxış keçirilməsi, əlavə ekspertiza təyin olunmasını, mübahisə edilən torpaq sahələri “Yelkən” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən ayrılığından və bağların və yolun sxemi həmin bağçılıqda saxlandığından “Yelkən” Bağçılıq Yoldaşlıq Cəmiyyətini üçüncü şəxs qismində cəlb olunması məhkəmədən xahiş olunsa da məhkəmə imtina etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, əvvəl darvaza yox idi, sonradan qoyulmuşdur. Cavabdeh iddiaçıdan əvvəl alğı-satqı etmişdir.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, o, torpağı alanda orada həmin hasar var idi. Həmin hasarı o tikməyib, hasarlı vəziyyətdə alıb. O, alanda darvaza orada yox idi, sonradan darvaza qoyulub.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, rəy ilə razı deyil. Ekspert rəyi mütəxəssis rəyinə istinad edib. O zaman ekspert niyə rəy tərtib edib. Rəydə ziddiyyətlər var. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi koordinatlar daxilində olduğu yazılıb həm də, cavabdehin giriş-çıxışı iddiaçının həyətindən keçdiyi yazılıb. Bu da çox absurd fikirdir. Dövlət vətəndaşın mülkiyyət hüququnu qorumağa borcludur. Cavabdeh2 mülkiyyət hüququ pozulub. Verilən ekspert rəyi mücərrəddir. Yerli baxış keçirilsə aydın olar ki, iddiaçının yola çıxışları var. Bağ evini bacı-qardaşı iki yerə bölüblər. Hasar cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sərhədindədir. Torpaq sahəsi onlardan öncə başqasının qeydiyyatında olub. Onlar ilkin sənəd almayıblar. Hasarı onlar tikməyiblər. İddiaçının 2019-cu ilə qədər darvazası olub, yola çıxışı da olub. Qardaşı ilə bağışlanan zaman bölünüb, iddiaçı özünə yol saxlamayıb.
16. İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, hasar sökülməlidir ki, həyətə rahat girib-çıxa bilsinlər. Bu gündə həyətdən çıxanda digər qonşunun ərazisindən keçirlər.
17. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, cavabdehin çəkdiyi fotoşəkillər nə zaman harada çəkilib bilinmir. Ekspert rəyində detallı şəkildə göstərilib. İddiaçının darvazası torpaq alınanda da olub.Texniki pasportda darvazanın yeri göstərilib. Cavabdeh torpağı alanda gəlib baxmalı idi ki, darvaza və hasar orada var. Cavabdeh iddiaçının darvazasının qarşısında hasar tikilə bilməz. İddiaçı darvazadan çıxa bilmir. Şəkillərdən aydın olur ki, hasar tikilib. Torpaq bağışlanma yolu ilə iddiaçı və qardaşı arasında bölünüb. Əvvəl amma tam olub. Niyə qardaşının həyətindən iddiaçı çıxmalıdır. Darvazının qarşısına hasar hörmək iddiaçının hüququnu pozmuşdur. Malalanmış hasardır. Texniki pasportda iki giriş-çıxış olmuşdur. Sahənin bölünməsi cavabdehin özbaşına tikməsinə yol vermir. Darvazanın qarşısını cavabdeh tikə bilməzdi. Giriş-çıxışı bilə-bilə cavabdeh niyə torpaq sahəsini alırdı. İddiaçının mülkiyyət hüququ var. Sxemdən də aydın olur ki, üçbucaq formasında bir ərazidir. Belə torpaq sahəsi niyə alınsın. Darvazanın qabağından hörülmüş hasarın sökülməsini istəyirlər. Hasara daxil edilməmiş ərazi olduğu üçün Bakı Ərazi İdarəsinə sorğu verilməli idi. İlkin hüququnun kimə məxsus olması aydınlaşdırılacaqdı. Yola çıxışın təmin olunmasını cavabdehin ərazisindən keçməklə istəyirlər. Servitut tələbi yoxdur, istəmirlər. Ancaq hasarın sökülməsini tələb edir.2019-cu ildə qarşı tərəf torpaq sahəsini alıb. Tikilən kimi onlar şikayətlər ediblər. Əvvəllər iddiaçı qonşunun torpağından gəlib-gedib, heç bir problem də olmayıb.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 560.2.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
24. Belə ki, iddiaçı tələbində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 56A, “Yelkən” b/y-nın A sektorunda yerləşən ona məxsus bağ evinin texniki pasportunda göstərilən darvazanın qarşısında darvaza ilə üzbəüz istiqamətdə inşa edilmiş daş hasar 5 metr enində cavabdehin vəsaiti hesabına sökülməsini xahiş edir.
25. İşin halları odur ki, xx.xx.2021-ci il tarixli Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 56A, “Yelkən” b/y-nın A sektorunda yerləşən iddiaçıya məxsus bağ evinin texniki pasportunda iki tərəfdən darvaza nəzərdə tutulmuşdur. Darvazının birindən birbaşa yola çıxış nəzərdə tutulurdu. Həmin darvazanın olduğu sahə iddiaçının nümayəndəsinin bildirdiyinə görə qardaşı ilə onun arasında əmlak bölünərkən qardaşına bölünüb verilən hissədə qalmışdır. İndi iddiaçı iddia edir ki, həmin sahə artıq başqa şəxsin mülkiyyətində olduğundan, digər darvazanın qarşısındakı hasar sökülməklə onun yola çıxışı təmin olunmalıdır.
26. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 142595 nömrəli ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Kamran Müzəffərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: İddiaçı məxsus bağ evinin (**********35-11301 reyestr nömrəli) texniki pasportunda göstərilən ərazinin darvazası qarşısına daş hasar inşa edilib. Qeyd edilən daş hasar İddiaçı məxsus torpaq sahəsinin texniki pasportunda nəzərdə tutulmuş ümumi yola çıxışının qarşısını tutmaqla ümumi yola çıxmağa manaeçilik törədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Yekən bağçılıq-yoldaşlığın ayrıca daxilində yerləşir. Həmin daş hasar cavabdehə məxsus bağ sahəsinin plan və ölçüsündə öz əksini tapmasa da qeyd olunan hasar cavabdehin mülkiyyətində olan torpaq sahəsi (bağ sahəsi) ilə iddiaçıya məxsus bağ evinin ərazisinin ortaq sərhəd xətti üzərində yerləşir. İddiaçının mülkiyyətində olan bağ evinin (**********35-11301 reyestr nömrəsi) texniki pasportuna əsasən ümumi istifadə yoluna bir yol var. Həmin yol cavabdehin mülkiyyətində olan ərazinin (0.0432 ha) daxilindədir. Yuxarıda qeyd olunduğu kimi iddiaçının mülkiyyətində olan bağ evinin (**********35-11301) reyestr nömrəli) texniki pasportuna əsasən ümumi istifadə yoluna bir yol var. Həmin yol cavabdehin mülkiyyətində olan ərazinin (0.0432 ha) daxilindədir. İddiaçının və cavabdehin mülkiyyətində olan torpaq sahələri bir-birilə həmsərhəddir. Vahid elektron kadastr baza məlumatlarına əsasən 39a saylı bağ sahəsii 56a sağ sahəsinin şimal istiqamətində yerləşir. Bağçılıq-yoldaşlığın bölgü sxemində aralarında yol nəzərdə tutulmayıb.
27. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı dindirilmiş mütəxəssis X2 izahatında bildirir ki, hasar hər iki tərəfin ortaq xətti üzərində inşa edilib. Hasarlamanı kim edib bilmir. Torpaq sahəsinin sxemində və plan-ölçüdə bir xətt göstərilib. Hasarın bir hissəsi bir qonşuya digər hissəsi digər qonşuya düşür. İki qonşu arasında bir hasar var. İddiaçının sərhədindən ana yola qədər məsafə var. Ortaq xətt hasarın ortasından keçir. İddiaçının ərazisi bölünüb. Faktiki istifadəsində olan bölünən sahədəndir. Texniki pasportunda həm bölünən sahədən, həm də mübahisə yaranan sahədən yol göstərilib. Qonşu sahə ilkin olaraq Sərvər Musayevin adına qeydiyyata alınıb. Vətəndaşın sənədində olan yolu dəyişə bilmərik. Təkrar müraciət edildiyi halda da qonşu kimi qeyd edilir. Qonşuluqda olan torpaq sahəsinin sərhədləri şərtidirsə, yerində müəyyən edilə bilmədiyi üçün koordinatları sorğu etməklə bazadan məlumatı alırlar. İddiaçının əvvəlki torpaq sahəsi 400 kv.metr olub. İlkin torpaq sahəsində texniki pasportda giriş-çıxış iki tərəfli göstərilib. Hər iki tərəfdən yola çıxış olub. Avtomobil yolu iddiaçının sahəsindən aralıdadır. Orada boş torpaq sahəsi qalıb ki, onu müəyyən etmək olmayıb. Bağlar idarəsinin sxemi Bakı Ərazi İdarəsinin elektron bazasından əldə olunub. Bəzi sualların cavabı elektron kadastrdan əldə edilib. Yolun nəzərdə tutulması barədə sənəd yoxdur. İlkin qeydiyyat aparılması üçün təqdim edilən sxemlər və mütəxəssi rəyləri var. Sxem-plan əgər idarənin kadastr məlumatına uyğundursa qeydiyyat aparılır. Faktiki vəziyyətdə koordinatda sürüşmə yoxdur. Bölgü olunan sahə qeydiyyatdan keçibsə ümumi istifadə yoluna girişçıxışı təmin edilməlidir. Darvazının qarşısında daş hörgüsü olub. Ehtimal edir ki, hasarlanma darvaza qoyulandan sonra olub. Hasarın malalanmasını xatırlamır. Uzun müddət keçib. Qapalı sahə olduğu üçün bölgü olunan sahə bir-birinin giriş-çıxışını təmin etməlidirlər. İlkin sənəddə iddiaçının sənəddə çıxışı var idi. Darvazadan giriş-çıxış nəzərdə tutulub. Vaxtı ilə yola giriş-çıxış nəzərdə tutulub. Bölgü aparılan zaman qonşuluqdakı vəziyyəti bilmir. 3-cü sualın cavabını koordinatları verməklə elektron baza məlumatından əldə ediblər.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bağ sahəsinə dair xx.xx.2021-ci il tarixli texniki pasportda cavabdeh ilə sərhəddə darvaza öz əksini tapsa da tərəflərin bağ sahələri arasında yol nəzərdə tutulmayıb. Darvazadan çıxdıqda yol yoxdur, cavabdehin mülkiyyətində olan sahəyə giriş olunur. O cümlədən qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli texniki pasportunda iddiaçıya məxsus bağ sahəsində iki darvaza göstərilir. Digər darvazadan isə yola çıxış olmuşdur. Lakin bağ sahəsi iddiaçı ilə qardaşı arasında bölündüyündən, yola birbaşa çıxışı təmin edən darvaza olan sahə qardaşında qaldığından iddiaçının həmin yola çıxışı bağlanmışdır. İddiçı isə hazırda həmin sahədən yola çıxış tələb etməyərək cavabdehdən hasarın sökülərək cavabdehə məxsus torpaq sahəsindən keçməklə yola çıxış verilməsini tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilindən bir daha dəqiqləşdirildi ki, iddiaçı daşınmaz əmlakın servitutla yüklülüyünü tələb etmir. İddiaçı darvazanın qarşısında inşa edilmiş hasarın sökülərək küçəyə çıxışının təmin edilməsini tələb edir.
29. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, “Yelkən” b/y-nın A sektoru, 39a saylı bağ sahəsi ünvanında yerləşən 0.0432 ha torpaq sahəsinin hasara alınmasına icazə verilmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddia təmin edilməməlidir.
31. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli texniki pasportda mübahisələndirilən hissədə darvazanın göstərilməsinə istinad edir. Lakin həmin texniki pasportdan da müəyyən olunur ki, mübahisələndirilən hissədə darvaza göstərilsə də həmin darvaza birbaşa yola çıxışı təmin etmək üçün qoyulmamışdır. Çünki həmin texniki pasporta fotoşəkildən də müəyyən olunur ki, sözügedən darvazadan sonra qonşuya aid sahə başlayır. Həmin texniki pasportda həmçinin yola çıxışı təmin edən digər tərəfdə darvaza öz əksini tapmışdır. Ekspertin verdiyi rəydən də müəyyən olunur ki, torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən Yelkən bağçılıq-yoldaşlığın ayrıca daxilində yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən 39a saylı bağ sahəsi 56a sağ sahəsinin şimal istiqamətində yerləşir. Bağçılıq-yoldaşlığın bölgü sxemində aralarında yol nəzərdə tutulmayıb. Ekspert rəyi ilə müəyyən olunur ki, sözügedən hasar cavabdehin mülkiyyətində olan torpaq sahəsi (bağ sahəsi) ilə iddiaçıya məxsus bağ evinin ərazisinin ortaq sərhəd xətti üzərində yerləşir.
32. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 89/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh2 qarşı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 56A, “Yelkən” b/y-nın A sektorunda yerləşən ona məxsus bağ evinin texniki pasportunda göstərilən darvazanın qarşısında darvaza ilə üzbəüz istiqamətdə inşa edilmiş daş hasarın sökülməsi və onun ümumi istifadədə olan küçəyə çıxışının təmin edilməsi vəzifəsinin qoyulması barədə iddia tələbi təmin edilməməlidir.
33. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh2 qarşı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 56A, “Yelkən” b/y-nın A sektorunda yerləşən ona məxsus bağ evinin texniki pasportunda göstərilən darvazanın qarşısında darvaza ilə üzbəüz istiqamətdə inşa edilmiş daş hasarın sökülməsi və onun ümumi istifadədə olan küçəyə çıxışının təmin edilməsi vəzifəsinin qoyulması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat məbləğində pul İddiaçı Cavabdeh2 xeyrinə tutulsun. 100 (yüz) manat məbləğində ekspertiza xərcləri İddiaçı tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev