Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2171/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: sudan istifadəyə görə borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X4 ilə Cavabdeh ASC arasında bağlanmış 01 iyul 2007-ci il tarixli 20773824 saylı müqaviləyə əsasən onun yaşadığı fərdi yaşayış evinə su xətti çəkilmiş, **********000 saylı abonent kodu verilmiş və sayğac quraşdırılmışdır. X5 xx.xx.2015-ci ildə vəfat etmişdir. İddiaçı Baba Kazımovun oğludur. İddiaçının yaşadığı ünvanda sayğacdan kənar xətt aşkarlanmış, 06 sentyabr 2022-ci il tarixli akt tərtib edilmiş və 240 manat borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 085227 nömrəli, 06 sentyabr 2022-ci il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi, ona hesablanmış 240 manat debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda yerləşən həyətdə iki fərdi yaşayış evi var. Evin birində o öz ailəsi ilə, digərində isə əmisi öz ailəsi ilə birlikdə yaşayır. X1 ilə Cavabdeh ASC (bundan sonra cavabdeh) arasında bağlanmış 01 iyul 2007-ci il tarixli 20773824 saylı müqaviləyə əsasən onun yaşadığı fərdi yaşayış evinə su xətti çəkilmiş, **********000 saylı abonent kodu verilmiş və sayğac quraşdırılmışdır. Əmisinin yaşadığı evə isə ayrı su xətti çəkilmiş, ayrı abonent kodu verilmişdir. Cavabdehin nümayəndələri hər ay onun sayğacına baxış keçirərək, sayğacın göstəricilərini qeydə almışlar. 06 sentyabr 2022-ci ildə də cavabdehin nümayəndələri onların həyətinə gələrək, hər dəfə olduğu kimi sayğaca baxış keçirmiş, həyətdə əmisinin su xəttinə qoşulmuş şlanqı göstərərək, su xəttinə sayğacdan kənar qoşulmağını ona irad tutmuş, onun barəsində akt tərtib ediləcəyini ona bildirmişlər. O, onlara həmin xəttin və xəttin üzərində olan şlanqın əmisinə məxsus olmasını, həmin şlanqla əmisinin həyətdə olan ağacları sulamasını bildirmişdir. Lakin 22 sentyabr 2022-ci il tarixdə cavabdehin əməkdaşları onun həyətinə gələrək, onun barəsində akt tərtib edilməsini, akta əsasən isə ona 240 manat məbləğində su pulu hesablanmasını bildirmiş, borcunu vermədiyi halda su və kanalizasiya xəttini kəsəcəklərini demişlər. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 085227 nömrəli, 06 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, guya aparılan araşdırma zamanı onun həyətində sayğacdan kənar xətt aşkar edilmişdir. Halbuki, onun həyətində sayğacdan kənar heç bir su xətti olmamış, onların həyəti ümumi həyət olduğuna görə əmisinin su xəttini qəsdən onlar sayğacdankənar xətt kimi aktlaşdırmışlar. Belə ki, cavabdehin əməkdaşları onların həyətində iki abonentin olmasını, hər bir abonentin ayrıca su xəttinin olmasını yaxşı bilmiş, buna baxmayaraq onu qanunsuz olaraq su talamaqda təqsirli bilmişlər.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-4756/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Qasımov) iddia təmin olunmuşdur.
5. Məhkəmə öz mövqeyini “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1, 30, 61-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sayğacdan d=15 mm-lik boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 240 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği Qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Həmçinin faktı təsdiq edən video görüntü də mövcuddur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu
11. Maddə 30, bənd 1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
12. Maddə 61. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
16. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh mübahisəli ünvan üzrə yaranmış borcun hansı meyarlara əsasən hesablandığını və borcun iddiaçıya aid olduğunu sübut edə bilməmişdir. Bundan əlavə akt iddiaçı tərəfindən imzalanmamış, bunu səbəbləri barədə heç bir qeyd aparılmamışdır.
17. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
19. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
22. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
23. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.