Məhkəmə qərarları › İş №2(103)-2172/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2172/2022

09.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2172/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 MMC-nin nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinədair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2701/2021 saylı işi üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə iddiaçıların adından tərtib edilən Yasamal rayon icra şöbəsinin icra məmuru Bəhruz Bayramova ünvanlanan 29.04.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 486/2020 saylı 14.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1 MMC-dən 68000 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu tutularaq birgə İddiaçı1, 61200 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu isə tutularaq digər birgə İddiaçı2 ödənilməlidir. Həmin icra sənədi icra olunmaq üçün icraya yönəldilmiş, Yasamal rayon İcra Şöbəsi tərəfindən həmin icra sənədinin icra olunması üçün bir sıra tədbirlər görülmüş, lakin icra sənədi icra edilməmişdir. Həmin icra işi üzrə iddiaçıların nümayəndəsi birgə Cavabdeh2 olmuşdur. Birgə iddiaçılar Cavabdeh1 MMC-nin icra sənədini qəsdən icra etməməsi ilə bağlı dəfələrlə müxtəlif instansiyalara şikayətlər etmiş, tələbin onun əmlakına yönəldilməsi barədə icra tədbirlərinin görülməsini tələb etmiş və nəticəsiz də olsa, bu tədbirlər görülmüşdür. Lakin cavabdeh təşkilat olan Cavabdeh1 MMC-dən həmin borc məbləğinin alınması mümkün olmamışdır. Bununla belə 2021-ci ilin təxminən mayiyun aylarında birdən-birə birgə iddiaçıların admdan və onların imzası görüntüsü ilə üzərində 29.04.2021 tarixi qeyd olunan və Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Bəhruz Bayramova ünvanlanan ərizə təqdim edərək iddia etmişdir ki, guya birgə iddiaçılara olan borcunu tam olaraq ödəmişdir və bununla da tələb edir ki, icra üzrə icraata xitam verilsin. Birgə iddiaçılar həmin ərizədən məlumatsız olduqlarını, cavabdeh təşkilatdan heç bir pul vəsaiti almadıqlarını, cavabdeh təşkilatın və onun rəhbərliyinin, eləcə də cavabdeh tərəfdən hər hansı digər şəxsin və ya şəxslərin onlara pul vermədiklərini israrla və tam əminliklə bildirmiş, həmin ərizənin saxtalaşdırıldığını qeyd etmiş və bu əsasla da Yasamal rayon prokurorluğuna şikayət etmişlər. Bununla bağlı olaraq bildirir ki, birgə iddiaçıların heç biri, nə İddiaçı1, nə də İddiaçı2 icra sənədində göstərilən məbləğləri almamışdır və onların admdan təqdim edilən həmin ərizə tam olaraq saxtalaşdırılmışdır. Çünki əvvəla, həmin icra sənədi üzrə Yasamal rayon İcra Şöbəsi tərəfindən ardıcıl olaraq qanunamüvafiq tədbirlər görülsə də, heç bir nəticə verməmiş, qarşı tərəf həmin məbləği ödəmək imkanlarının olmaması barədə dəfələrlə şifahi məlumatlar vermiş, pulu ödəməkdən yaymmışdir. İcra işi üzrə borclunun əmlakları axtarılmış, müəyyən edilən əmlaklar üzərinə həbs qoyulmuş, bir sıra tədbirlər görülmüş, lakin qarşı tərəf borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Belə olduğu təqdirdə sual yaranır: birdən-birə borclu təşkilat bir anm içində həmin pulu necə ödəyə bilərdi?! Digər bir sual ondan ibarətdir ki, həmin məbləğ harda, kim tərəfindən, hansı şəraitdə tələbkara verilmişdir? Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçıların bu icra işində faktiki hüquqi xidmət göstərən nümayəndəsi birgə Cavabdeh2 olmuşdur. Həmin qondarma sənəd ortaya çıxandan sonra birgə iddiaçı Məmmədov X7 Hidayətdən belə bir sənədin necə ortaya çıxdığını soruşmuş, pulu almadığı halda belə bir sənədin nə məqsədlə tərtib edildiyini izah etməsini tələb etmişdir. Çünki İddiaçı1 uzun müddət Rusiyada yaşamışdır və latın əlifbası ilə yazıb-oxumağı bacarmır. Onun adından bütün şikayət və digər sənədləri Cavabdeh2 tərtib etmiş, o da Cavabdeh2 inandığı üçün oxumadan belə həmin sənədləri imzalamışdır. Xatırladırıq ki, həm Cavabdeh2, həm İddiaçı1, həm də cavabdeh təşkilatın rəhbərləri bir kənddən olmaqla tanışdırlar. Bu əsasla da iddiaçı Cavabdeh2 tam etibar etmişdir. Lakin nəticədə heç vaxt pulu almadığı halda onun adından pulun guya alınmasına dair belə bir saxta sənəd ortaya çıxmışdır. Qeyd olunan saxta sənəd ortaya çıxdıqdan sonra iddiaçı Məmmədov X7 Hidayətdən bunun səbəbini soruşmaq üçün onunla görüşəndə Cavabdeh2 sənədi tərtib etmədiyini, bundan xəbəri olmadığını bildirmiş, daha soma isə mübahisə zəminində özündə olan bu işə aid bəzi sənədləri İddiaçı1 gözü qarşısında məhv edərək onun məzmununu İddiaçı1 göizlətmişdir. Onun bu hərəkəti İddiaçı1 bu sənədin Cavabdeh2 tərəfindən bilərəkdən belə bir məzmunda tərtib edilməsinə əsaslı şübhələr yaratmışdır. Çünki İddiaçı1 heç vaxt özü bu iş üzrə kompüterlə şikayət ərizəsi, yaxud hər hansı bir ərizə yazmamışdır. Cavabdeh2 onun nümayəndəsi olduğu üçün bütün ərizə və şikayətləri də o tərtib etmiş, İddiaçı1 da ona inanaraq onları imzalamışdır. Üstəlik, İddiaçı1 uzun müddət Rusiyada yaşadığı üçün latın qrafikası ilə yazıb-oxumağı da bilmir və çox çətinlik çəkir. Bunu cavabdeh təşkilat da, Cavabdeh2 də yaxşı bilir. Deməli, qeyd olunan saxta ərizə də cavabdeh təşkilatın istəyinə uyğun olaraq onun tərəfindən hazırlanmış, iddiaçı da ona inanıb aldanaraq imza etmiş, ərizənin məzmunundan xəbəriz olmuşdur. İddiaçı öz nümayəndəsinin yalnız şikayət ərizələri hazırladığını bilmiş, onları da imzalamışdır. Pulun ödənilməsi isə əlbəttə heç vaxt olmamışdır.Həmin ərizənin saxta olması, iddiaçının aldanaraq ona imza etməsi, pulun həqiqətən də iddiaçıya verilmədiyi işin aşağıdakı hallarından da görünür. Belə ki, əgər həqiqətən 29.04.2021-ci il tarixdə tələbkarlara icra sənədində göstərilən pul ödənilmişdirsə, o halda bu ödəniş əməliyyatı qabaqcadan razılaşdırılmalı, ödənişin edilmə yeri və vaxtı barədə tələbkara məlumat verilməli idi. Heç kimə sirr deyil ki, şəxslər arasında görüş, xüsusilə də pul verilməsi, pul alınması üzrə mühüm əhəmiyyət kəsb edən görüş keçirilməsi ilə bağlı hərəkətlər mobil telefon danışıqları ilə müşayiət olunur. Əks halda bu mümkün deyil və 129200 manat pul xüsusilə külli miqdirda vəsait olduğundan hadisələrin təsadüfi gedişində ödənilə bilməz. Məsələn, İddiaçı1 təsadüfən borclunun nümayəndəsi ilə küçədə rastlaşır və guya elə oradaca pul İddiaçı1 ödənilir. Bunun belə olduğunu düşünmək belə gülünc və yersizdir. Əgər pul ödənilibsə (hərçənd ki, bundan söhbət gedə bilməz), o halda əvvəlcədən İddiaçı1 ya icra məmuru, ya onun nümayəndəsi Cavabdeh2, ya da borclu təşkilatın nümayəndəsi zəng vurub pulun ödənilməsi ilə bağlı görüşün yeri və vaxtı barədə ya bir gün, ya da iki gün əvvəl məlumat verməli idilər. Elə isə dəqiqləşdirilməlidir ki, İddiaçı1 həmin dövrdə borclu tərəfin nümayəndəsi və ya rəhbərliyi tərəfindən zəng olunubmu? Bunun müəyyənləşdirilməsi üçün isə İddiaçı1 istifadə etdiyi ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə 27 aprel 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarix saat 24:00-a qədər olan müddət ərzində hansı telefon nömrələrindən zənglərin gəlməsi və həmin nömrələrdən hansı telefon nömrələrinə zənglərin getməsi müəyyənləşdirilməlidir. Bundan əlavə, cavabdeh təşkilatın Yasamal rayon İcra Şöbəsinə yazdığı 17 may 2021-ci il tarixli müraciətində göstərilir ki, guya həmin pul vəsaiti 29.04.2021-ci il tarixdə X2 tərəfindən X4 iştirakı ilə ünvan 3 ünvanda yerləşən ofis binasında günün ikinci yarısında verilmişdir. Hesab edirik ki, adları çəkilən həmin şəxslərin o zaman İddiaçı1 mobil telefon zəngi edib etmədikləri də araşdırılmalıdır. Bundan əlavə, qeyd etmək istəyirik ki, həmin müraciətdə adı çəkilən X9 cavabdeh təşkilatın işçisi, yaxud həmin təşkilata yaxın olan bir şəxsdir və onun adı məhz iddiaçılara qarşı başqa bir yalanm quraşdırılmasında da istifadə edilmişdir. Belə ki, tərəflər arasında məhkəmə mübahisələri davam edən zaman qarşı tərəf olan "xxxx" MMC-nin rəhbərliyi əsassız yerə iddia etmişdir ki, guya İddiaçı1 bir dəfə 3000 manat, bir dəfə 4000 manat və daha sonra da 50000 manat pul ödəmişdir. Qarşı tərəf bu iddiasını doğrultmaq və təsdiq etdirmək üçün şahidlər də təqdim etmişdir. Lakin iş tam. hərtərəfli və obyektiv araşdırılmış və müəyyən olunmuşdur ki, şahidlər X3, X9, X6, X5 qarşı tərəfin işçisi və rəhbərliyin qohumu olmaqla öyrədilmiş insanlardır, onlar həqiqəti söyləməmiş, yalan ifadə vermiş və qarşı tərəfin öhdəliyin icrasından yayınması üçün uydurduğu səhnənin iştirakçısı olmuşlar. Həmin şahidlər cəzalanmasalar da, hər halda məhkəmə İddiaçı1 pulun ödənilmədiyini müəyyən etmişdir. Bu mənada hesab edirik ki, icra sənədində göstərilən məbləğin ödənilməsi barədə’ görüntü yaradan hazırkı ərizə də tam saxtadır və yalnız görüntü yaratmaq məqsədilə hazırlanmışdır. Qarşı tərəf bununla həmin borcun qaytarılması məsuliyyətindən yayınmağa uğursuz cəhd edir. Nəzərinizə çatdırırıq ki, bu artıq qarşı tərəfin ikinci cəhdidir və iş araşdırılarkən mütləq nəzərə alınmalıdır. Biz bunu Sizin nəzərinizə niyə çatdırırıq? Bunu niyə xatırladırıq? Bunu onun üçün deyirik ki, həqiqətən biz qarşı tərəfdən pul almamışıq. Qarşı tərəf isə bu pulu ödəməmək üçün əlindən gələn saxtakarlığı edir. Bir anlıq təsəvvür edək ki, guya qarşı tərəfin dedikləri həqiqətdir: onda belə çıxır ki, qarşı tərəf bizə 3000 manat, 4000 manat, daha sonra 50000 manat, daha sonra da icra qaydasında 129290 manat pul ödəyib?! Əgər bu pullar bizə ödənilibsə, biz niyə bu qədər mübarizə aparırıq? Əgər iddiaçılar X4 və digərlərinin şahidliyi ilə bir dəfə 3000 manat, bir dəfə 4000 manat və daha sonra da 50000 manat pul alıb sonra da bunu rahatlıqla inkar edə bilmişdilərsə, o halda cavabdeh təşkilat 129290 manat pulu nə üçün daha möhkəm əsaslarla, notarial qaydada yazılmaqla, videoyazıya alınmaqla, icra məmurunun iştirakı ilə, yaxud bank vasitəsilə depozit hesaba köçürməklə etmirdi? Məntiqlə bir dəfə aldanan şəxs, eyni üsulla ikinci dəfə aldanmaq istəməz və yol verdiyi səhvi təkrarlamaz. Bu mənada belə bir ərizənin tərtib edilməsi pulun ödənilməsi kimi qəbul edilə bilməz Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi İsmayıl Yedigarov, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul olunmalıdır. İşin hallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı 14.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1 MMC-dən 68000 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu tutularaq birgə İddiaçı1, 61200 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu isə tutularaq digər birgə İddiaçı2 ödənilməlidir. Həmin icra sənədi icra olunması üçün icraya yönəldilmiş, Yasamal rayon İcra Şöbəsi tərəfindən həmin icra sənədinin icra olunması üçün bir sıra tədbirlər görülmüş, lakin icra sənədi icra edilməmişdir. İcra mərhələsində iddiaçılar tərəfindən İcra şöbəsinə borcun tam olaraq borclu tərəfindən ödənildiyini özündə əks etdirən ərizə daxil olmuşdur. İddiaçılar məhkəməyə müraciət edərək, həmin ərizənin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MMC-nin nümayəndəsi icra sənədi üzrə borc məbləğinin ödənilməsini bildirsə də, iddiaçılar həmin məbləğin onlara verilmədiyini bildirirlər. Qeyd edilən vəziyyətdə isə borcun ödənilib-ödənilmədiyi müəyyən edilməli, əgər borc ödənilməmişdirsə, icra hərəkətləri davam etdirilməlidir. Qeyd edilən halların araşdırılması isə yalnız icra icraatı çərçivəsində mümkündür. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən isə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır: “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir.”. Şərh olunanlardan göründüyü kimi, icra icraatının gedişində verilə ərizələr, həmçinin, müvafiq olaraq icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalan tərəflər sözügedən halları bu barədə ayrıca iddia qaldırmaqla deyil, şikayət verməklə icra icraatı çərçivəsində və müvafiq olaraq icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirə bilərlər. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı (iddia icraatı və ya xüsusi icraat) qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi başqa icraat qaydasında baxılmanı tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Birinci instansiya məhkəməsi isə göstərilənləri nəzərə almadan iddia ərizəsini icraata qəbul etmiş, işə iddia icraatı qaydasında baxmış və qətnamə çıxarmışdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənləri nəzərə almaqla kollegiya hesab edir ki, hazırki iddia tələbinə iddia icraatı qaydasında baxılması qanunvericiliyin tələbinə ziddir. Odur ki, iddiaçıların nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2701/2021 saylı işi üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçılara izah olunsun ki, onlar, hazırki tələbləri (iddiaçıların adından tərtib edilən Yasamal rayon icra şöbəsinin icra məmuru Bəhruz Bayramova ünvanlanan 29.04.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsi) ilə bağlı ayrıca iddia qaldırmaqla deyil, icra icraatı çərçivəsində və müvafiq olaraq icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirə bilərlər. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar