Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2174/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-191/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə portaldan çıxarışdan görünür ki, “Chevrolet Cruze” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığorta olunmuşdur.
2. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir;
3. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:00 radələrində A.Gəraybəyli–S.Bəhlulzadə küçəsinin kəsişməsində Cavabdeh məxsus “Chevrolet Cruze” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Changan Uni-K” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, bu barədə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, hadisə nəticəsində əmlaka zərər vurulmuşdur;
4. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli sığorta aktından görünür ki, “Changan Uni-K” markalı, **-PU-*** dövlət minik markalı avtomobil "xxxx" ASCdə nəqliyyat vasitəsinin kasko sığortası növündə sığortalanmışdır. Sığortalı (faydalanan şəxs) "xxxx" MMC, azadolma məbləği isə 400 manat müəyyənləşdirilmişdir.
5. "xxxx" MMC (Changan Servis) tərəfindən tərtib edilmiş icra edilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı “Changan UNİ K” minik markalı avtomobilin təmir bərpa işlərinə çəkilən xərc 6.761 manat təşkil edir;
6. 18.01.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 6361 manat məbləğində vəsait köçürülmüşdür;
7. 31.01.2024-cü il tarixli ödəniş çıxarışından görünür ki, "xxxx" ASC tərəfindən 4.704,19 manat ödəniş edilmişdir.
8. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, sonuncuya baş vermiş sığorta hadisəsi nəticəsində “Changan Uni- K” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği barədə məlumat verilmiş və 5 gün müddətində zərərin ödənilməsi təklif edilmişdir. Əks təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir;
9. 20.02.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 36,57 manat dövlət rüsumu ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1656,81 manat sığorta ödənişinin məbləğinin və ödənilmiş 36,57 manat dövlət rüsumunun və 0,4 manat məbləğində xidmət haqqının, cəmi 1693,78 manat pul məbləğinin cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, **- BA-*** dövlət nömrə nişanlı avtomobillə "xxxx" ASC-də “əmlak sığortası” qaydasında sığortalanmış “Changan Uni-K” markalı, **-PU-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər vurulmuşdur. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Changan Uni-K” markalı, 77-PU407 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 6761 (altı min yeddi yüz altmış bir) manat məbləğində qiymətləndirilmiş, həmin məbləğdən 400 (dörd yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra tərəflərindən 6361 (altı min üç yüz altmış bir) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin sığorta ödənişinin 4704.19 (dörd min yeddi yüz dörd manat, on doqquz qəpik) manat məbləğində olan hissəsi cavabdehin məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmiş, 1656,81 (min altı yüz əlli altı manat, səksən bir qəpik) manat məbləğində pul ödənilməmiş qalmışdır.
12. Cavabdeh 06 mart 2024-cü il tarixində məhkəməyə iddia ərizəsinə etiraz göndərərək, sözügedən iş üzrə tələbi ilə ondan istənilən məbləğlə razı olmadığını, belə ki, iş üzrə ekspertiza təyin edilməklə məhkəmə araşdırılmasının aparılmasına zərurət olduğunu bildirib, iş üzrə araşdırmanın iddia icraatı qaydasında aparılmasını xahiş etmişdir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli e- 2(001)- 2496/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair kiçik iddia üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-191/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbinin təmin edilməsi, Cavabdeh 1656,81 (min altı yüz əlli altı manat, səksən bir qəpik) manat məbləğində sığorta ödənişi, 36,57 (otuz altı manat, əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) bank xidmət haqqınin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 898.1, 898.4, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları ilə sübut olunur ki, iddiaçı əsasız olaraq ona vurulmamış zərərin əvəzi kimi artıq pul tələb edir. Belə ki, iş materiallarına əlavə edilmiş foto-şəkillərin surətindən də görünür ki, iddiaçı cavabdeh tərəfindən vurulmamış zərərin əvəzini tələb edir. Bununla da iddiaçı onun hesabına əsassız olaraq varlanmaq istəyir. Məhkəmə qətnaməsində iş üçün zəruri halları araşdırmamış və vurulmuş real zərərin əvəzini müəyyənləşdirməmişdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutları möhtəbər sübut kimi qəbul edərək əsassız qətnamə qəbul etmişdir. Cavabdeh iddianın surətini aldıqdan sonra prosessual müddətə əməl etməklə iddiaya qarşı etirazını bildirmişdir. Məhkəmədən texniki - mühasibatlıq ekspertizası təyin etməklə iş üzrə araşdırmanın iddia icraatı qaydasında araşdırılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə araşdırmanın iddia icraatı qaydasında araşdırılmasını qərara almış və texniki-mühasibatlıq ekspertizası təyin etmişdir. Lakin məhkəməyə ekspert əsassız olaraq rəy verməmiş və məhkəmə təkrar ekspertiza təyin etmədən , yalnız iddiaçının təqdim etdiyi texniki qüsur aktını mötəbər sübut kimi qəbul edərək, həmin qüsur aktına istinad etməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının maraqlarını təmsil edən "xxxx"MMC ( Changan Servis) tərəfindən tərtib olunmuş xidmətlərə dair xx.xx.2024-cü iltarixli qüsur aktından görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı “Changan UNİ K” minik markalı avtomobilin təmir-bərpa işlərinə çəkilən xərc 6.761 manat təşkil edir. Yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi **-BA-*** dövlət nömrə nişanlı avtomobili ilə yerində dönmə hərəkəti edərkən zərər vurulmuş **-PU-*** dövlət nömrə nişanlı avtomobilin sol tərəfdən qabaq farasının alt hissəsindən toqquşma olmuşdur. Bu fakt Dövlət Yol Polisinin təhqiqatçısının hadisədən dərhal sonra hadisə yerində tərtib etdiyi aktda da öz təsdiqini tapır. Lakin iddiaçı tərəfindən təmir işləri aparılarkən çəkilmiş və məhkəməyə sübut kimi təqdim olunmuş foto-şəkillərdən də görünür ki, Azərbaycan Avtomobiıl Evi” MMC ( Changan Servis) tərəfindən zərər çəkmiş avtomobilin cavabdeh tərəfindən zərər vurulmamış , əvvəllər zərər çəkmiş hissələri də təmir olunmuş və dəyəri qüsur aktına əlavə edilmişdir . Bu fakt da cavabdehdən iddiaçının artıq təmir xərci tələb etməsi üçün əsassız əminlik yaratmışdır. Məhkəmə sorğu verərək DYP-dən ilkin yerində müayinə aktını (hadisə nəticəsində zərərçəkmiş avtomobilin hansı hissələrinin zədələnməsi barədə aktı) alıb iş materiallları ilə birgə araşdırmamışdır. İddiaçının təqdim etdiyi foto-şəkillərin surətindən də görünür ki, təmir işlərini yerinə yetirən "xxxx" MMC ( Changan Servis” tərəfindən hadisə vaxtı zədələnmiş hissələrdən əlavə **- PU-*** dövlət nömrə nişanlı avtomobilin hadisədən əvvəlki vaxtlarda zədələnmiş hissələrində (avtomobilin sağ arxa qapısı, salonu və digər hissələri) təmir etmiş və hazırki hadisə nəticəsində zədələnmə kimi qüsur aktına əlavə edilmişdir. Məhkəmə təkrar ekpertiza təyin etməmiş və hadisə nəticəsində vurulmuş real zərəri müəyyənləşdirməmişdir. Məhkəmə hadisəni ilkin müayinə edərək akt tərtib etmiş (hadisə nəticəsində zədələnmiş avtomobilin detallar barədə akt) aktı DYP-ndən tələb etməmiş və həmin zədələnmiş hissələrin qüsur aktında qeyd olunan hissələrlə müqayisələndirməmişdir. Belə ki, hadisədən dərhal sonra hadisə yerinə gələn DYP-nin əməkdaşının tərtib etdiyi aktı ilə "xxxx" MMC ( Changan Servis) tərəfindən tərtib olunmuş qüsur aktı arasında böyük fərq vardır. Məhkəmə texniki-ekspertiza keçirməmiş, məhkəməyə mütəxəss is dəvət etməmişdir ki, real zərəri müəyyənləşdirsin. Hesab edir ki, məhkəmənin heç bir ekspert rəyinə, DYP-nin aktına və sair iş üçün zəruri olan digər sübutları əldə etmədən iddiaçının təqdim etdiyi qüsur aktının mötəbər sübut kimi qəbul etməsi əsassız və qanunsuzdur. Qüsur aktında qeyd olunan zədələnmiş detalların sayı, vurulmuş zərərin miqdarı, zərər çəkmiş avtomobilə hadisə vaxtı vurulmuş zərəri əks etdirmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərda edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə kollegiyasından məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər;
22. 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir;
23. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
24. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
25. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
26. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-191/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdehin idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" ASC tərəfindən “avto kasko” sığorta növü üzrə sığortalanmış “Changan Uni-K” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə yol nəqliyyat hadisəsi zamanı sonuncu avtomobilə 6.761 manat məbləğində zərər dəymiş, hadisə nəticəsində "xxxx" ASC tərəfindən 400 manat məbləğində azadolma nəzərə alınaraq zərər vurulmuş avtomobilin təmir-bərpa işləri üçün "xxxx" MMC-yə 6.361 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin zərərin 4704,19 manatının cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ödənilmişdir.
38. Kollegiya hesab edir ki, iş materiallarında olan sübutlarla cavabdeh tərəfindən qanuni əsaslarla idarə edilərkən mülki hüquq pozuntusu (delikt) törətməsi və bunun nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalıya sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapmışdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və iddia təmin edilməlidir.
39. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, ekspert ekspertiza keçirməkdən imtina etmiş və imtina səbəbi olaraq qeyd etmişdir ki, Changan markalı avtomobillərin ehtiyat hissələrinin qiymətinə dair yerli internet saytlarında məlumat yoxdur. Bu səbəbdən kollegiya qeyd edir ki, “Changan Uni-K” markalı, 77-PU407 dövlət qeydiyyat nişanlı avtomobil Changan Servisin ("xxxx" MMC) özü tərəfindən təmir edildiyindən, həmin markalı avtomobillərin ehtiyat hissələrinin qiyməti də servis tərəfindən müəyyən edildiyindən iş materiallarında olan qüsur aktı mötəbər sübut kimi nəzərə alınmalıdır. Eyni zamanda cavabdeh özü də apellyasiya şikayətində istinad etdiyi halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
44. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-191/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.