Məhkəmə qərarları › İş №2(103)-2177/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2177/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2177/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın əvəzinin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-388/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında (avtomobil alqı-satqısına dair) bağlanmış xx.xx.2024-cü il tarixli 040 saylı müqavilədən görünür ki, ƏDV daxil 96.663,00 (doxsan altı min altı yüz altmış üç) manat müəyyən edilən “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilir.

2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı ilkin ödəniş etmədən, qalıq borc sayılacaq 96.663,00 (doxsan altımin altı yüz altmış üç) manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1.611 (bir min altı yüz on bir) manat olmaqla ödəməyi öz öhdəsinə götürür.

3. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.

4. Həmin müqavilənin 3.2.5 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir.

5. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, məlum olduğu kimi, Sizinlə (“Alıcı”) və İddiaçı MMC (“Satıcı”) arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli 040 saylı Müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində dəyəri ƏDV daxil 96.663,00 (doxsan altı min altı yüz altmış üç) manat müəyyən edilən Leap Motor C11 markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcıya istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, 96.663,00 (doxsan altı min altı yüz altmış üç) manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1.611 (bir min altı yüz on bir) manat olmaqla ödəməyi Satıcı qarşısında öz öhdənizə götürmüşsünüz. Lakin, şifahi müraciətlərimizə baxmayaraq bu vaxta kimi tərəfinizdən heç bir ödəniş həyata keçirilməmiş və müqavilə üzrə öhdəliklərinizi əhəmiyyətli dərəcədə pozmuşsunuz. Bildirir ki, İddiaçı MMC-yə olan ümumilikdə 7613.00 (yeddi min altı yüz on üç) manat məbləğində borcun 5 (beş) gün ərzində ödənilməsini təmin etməyinizlə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlığımıza baxmayaraq tərəfinizdən heç bir addım atılmadığından sizinlə və İddiaçı MMC arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2024cü il tarixli 040 saylı Müqaviləyə tərəfimizdən xitam verilir.

6. X5 məxsus xx.xx.2024-cü il tarixli təmir aktından görünür ki, “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504), **- YX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi üzərində cilalanma (tam) 200 manat, kimyəvi təmizləmə (tam) 200 manat və elektron diaqnostika işləri aparılmış və ümumilikdə göstərilən xidmətlərə 425 manat məbləğində vəsait hesablanmışdır.

7. İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinə ondan ötrü kü, Cavabdeh tərəfindən xx.xx.2024 - cü il tarixli 040 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC şirkətinə hər ay (fevral, mart aprel ayları üzrə) 1611.00 manat məbləğində ödəniş etməli oldu halda etməmiş və onun 96660.00 manat borcu vardır.

8. İddiaçı MMC ilə "xxxx" MMC şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli 100 saylı müqavilədən görünür ki, “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsi birinci müqavilədə nəzərdə tutulandan daha aşağı qiymətə 89,616.00 (səksən doqquz min altı yüz on altı) manata sonuncuya satılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin Cavabdeh qarşı 2754.00 (iki min yeddi yüz əlli dörd) manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 425,00 (dörd yüziyirmi beş) manat, avtomobilin kasko sığortası üzrə istifadə olunan hissə 1,502.00 (bir min beş yüz iki) manat və avtomobil ikinci dəfə satıldıqdan sonra birinci müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində olan zərər 7,047.00 (yeddi min sıfır qırx yeddi) manat olmaqla, ümumilikdə 11,728.00 (on bir min yeddi yüz iyirmi səkkiz) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 7047 (yeddi min qırx yeddi) manat məbləğində pul vəsaiti, ilkin alğı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2754 (iki min yeddi yüz əlli dörd) manat məbləğində dəbbə pulu, avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə avtomobilə vurulmuş zərərin əvəzi olaraq 425 (dörd yüz iyirmi beş) manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 125,18 (bir yüz iyirmi beş manat, 18 qəpik) manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0.40 manat xidmət haqqının, ümumilikdə 10.351,58 (on min üç yüz əlli bir manat, 58 qəpik) manat vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli 040 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri ƏDV daxil 96.663,00 (doxsan altı min altı yüz altmış üç) manat müəyyən edilən “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh ilkin ödəniş etmədən, qalıq borc sayılacaq 96.663,00 (doxsan altımin altı yüz altmış üç) manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1.611 (bir min altı yüz on bir) manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri icra edilməmiş (cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir), bununla bağlı xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq göndərilmiş, lakin bu da heç bir nəticə vermədiyi və cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli 040 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Müqaviləyə xitam verildikdən sonra müqavilə predmeti olan **-YX-*** qeydiyyat nömrəli “Leap Motor C11” markalı avtomobil xx.xx.2024-cü il tarixində geri qaytarılmışdır. Qeyd edilir ki, İddiaçı MMC qeyd edilən “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli 100 saylı müqavilə əsasında "xxxx" MMC şirkətinə birinci müqavilədə nəzərdə tutulandan daha aşağı qiymətə 89,616.00 (səksən doqquz min altı yüz on altı) manata satılmışdır. Bildirir ki, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində İddiaçı MMC-nə 2754.00 (iki min yeddi yüz əlli dörd) manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 425,00 (dörd yüz iyirmi beş) manat, avtomobilin kasko sığortası üzrə istifadə olunan hissə 1,502.00 (bir min beş yüz iki) manat, və avtomobil ikinci dəfə satıldıqdan sonra birinci müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində olan zərər 7,047.00 (yeddi min sıfır qırx yeddi) manat olmaqla ümumilikdə 11,728.00 (on bir min yeddi yüz iyirmi səkkiz) manat zərər dəymişdir. Yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmiş, nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli 040 saylı müqavilənin 3.2.5 və 3.2.7ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Bu halda, Avtomobil, onun ani likvid dəyəri ilə satıcı tərəfindən üçünçü şəxslərə satıldıqdan sonra, satış məbləği“ alıcı”-nın borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Bu məbləğ “Alıcı”-nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini“ satıcı”-ya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə, satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-388/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 1842,68 (bir min səkkiz yüz qırx iki manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi ödənilmiş 38,42 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 385.1, 386.1, 424.4, 425.1, 425.2, 427.2, 430.1, 442, 443.5, 448.1, 448.2, 450.1, 459.1, 567, 600.5, 601.1, 602, 606.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 82.4, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini və iş üzrə iddianın verilməsinə görə ödənilmiş 125.18 manat dövlət rüsumunun tam hissədə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 63 manat dövlət rüsumunun cavabdehdən apellyatorun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işin faktiki hallarını yetərincə araşdırmamış, həmçinin işə tətbiq edilməli olan maddi hüquq normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə almamışdır. Mülki Məcəlləyə əsasən əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Qanunvericiliyin istinad olunan normalarına və hazırkı işin faktiki hallarına əsasən bildirir ki, müqavilə bağlanarkən iddiaçı avtomobilin alqısatqısını həyata keçirməyi, cavabdeh isə avtomobilin dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdü. Lakin cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində iddiaçının müqaviləni birtərəfli qaydada ləğv etməsi iddiaçını zərərə məruz qoymuşdur. Belə ki, cavabdeh bağlanmış müqavilə üzrə, ümumiyyətlə, ödəniş etmədiyindən iddiaçı müqaviləni bağlayarkən əldə etməyi niyyət etdiyi pul vəsaitindən məhrum olmuşdur. Nəticədə, avtomobilin yenidən satışa çıxarılmasına çəkilmiş xərclərlə yanaşı, avtomobilin artıq yeni əşya olmaması və dəyərdən düşməsi onun daha aşağı qiymətə satılmasına səbəb olmuşdur. Avtomobilin yenidən satılmasına, habelə daha aşağı qiymətə satılmasına səbəb cavabdehin ilkin müqavilə öhdəliyini pozması olmuşdur. Buna görə də iddiaçının cavabdehin öhdəliklərini pozması nəticəsində yeni müqavilə ilə əldə edə bilmədiyi pul vəsaitinin, yəni iki müqavilə arasındakı fərqin cavabdehdən tələb edilməsi hüququ vardır. İşə baxmış məhkəmənin iddianın hüquqi əsası kimi istinad edilmiş MM-nin 645.2-ci maddəsinin MM-nin “Malların göndərilməsi” paraqrafında olmasına görə tətbiq edilməməli olması yanaşması hesab edir ki, əsassızdır. Belə ki, göndərmə müqaviləsi MM-nin strukturundan və mülki hüquq nəzəriyyəsindən məlum olduğu kimi alğı-satqı müqaviləsinin növlərindən biridir. İstinad olunan 645.2-ci maddədə isə həmin normanın yalnız mal göndərmə müqaviləsindən irəli gələn münasibətlərə tətbiq olunmalı olması ilə əlaqədar qanunvericinin hər hansı imperativ göstərişi yoxdur. Əksinə, bağlanmış müqaviləsinin alğısatqı müqaviləsinin konkret hansısa növü olması ilə bağlı hər hansı qeyd olmadığından, hesab edir ki, mal göndərmə müqaviləsinə dair MM-nin qeyd olunan paraqrafında təsbit olunmuş istinad olunan normanın hazırkı münasibətə tətbiq olunmasına hər hansı məhdudiyyət yoxdur. Müqavilənin 2.5-ci bəndinə və istinad olunan qanunvericilik normalarına əsasən hesab edir ki, hesablanmış dəbbə pulu əsas borca müvafiq, ədalətlidir və buna görə tam hissədə təmin olunmalıdır. İddia tələbi qüvvədə olan qanunvericiliyin istinad olunan normaları ilə kifayət qədər əsaslandırılmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan hallarına diqqət yetirilməmiş və iş yetərincə araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnaməni “dəbbə pulu” hissəsində deyil, avtomobil ikinci dəfə satıldıqdan sonra birinci müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində olan zərərin - 7,047.00 manat pul məbləğinin (yeddi min sıfır qırx yeddi) cavabdehdən tutulması hissəsində mübahisələndirdiyindən iddianın yalnız həmin hissədə təmin edilməsini xahiş edir.

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

21. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 390.1 fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. Maddə 424.5 əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

25. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

27. Maddə 443.2 zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

28. Maddə 443.5 Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

29. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə 448.2 borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

31. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

32. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

33. Maddə 606.1 Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır.

34. Maddə 645.2. Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər.

35. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

36. Maddə 1096.2 delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

37. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

44. Hazırki halda, iddiaçı kollegiyanın iclasında qətnaməni yalnız iddianın xx.xx.2024-cü il tarixli 040 saylı və xx.xx.2024-cü il tarixli 100 saylı alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 7047 (yeddi min qırx yeddi) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində mübahisələndirdiyini bildirdiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-388/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi qismən - xx.xx.2024-cü il tarixli 040 saylı və xx.xx.2024-cü il tarixli 100 saylı alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 7047 (yeddi min qırx yeddi) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi təmin edilməlidir.

46. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

47. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

48. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə yoxlanılan hissədə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.

49. Hazırkı mülki işin müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, İddiaçı MMC ilə Cavabdeh arasında (avtomobil alqı-satqısına dair) bağlanmış xx.xx.2024cü il tarixli 040 saylı müqavilə bağlanmış və ƏDV daxil 96.663,00 (doxsan altı min altı yüz altmış üç) manat müəyyən edilən “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilmişdir. Həmçinin qeyd edilən müqaviləyə əsasən (2.1-ci bəndi) alıcı ilkin ödəniş etmədən, qalıq borc sayılacaq 96.663,00 (doxsan altımin altı yüz altmış üç) manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1.611 (bir min altı yüz on bir) manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür.

50. İş üzrə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 040 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC şirkətinə hər ay (fevral, mart aprel ayları üzrə) 1611.00 manat məbləğində ödəniş etməli oldu halda etməmiş və onun 4833.00 manat borcu yaranmışdır.

51. Cavabdeh İddiaçı MMC-nə olan borcunu ödəmədiyindən onunla İddiaçı MMC arasında bağlanmış avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli 040 saylı müqaviləyə İddiaçı MMC tərəfindən xitam verilmişdir. Müqaviləyə xitam verildikdən sonra isə müqavilə predmeti olan **-YX-*** qeydiyyat nömrəli “Leap Motor C11” markalı avtomobil xx.xx.2024-cü il tarixində geri qaytarılmışdır. Bundan sonra İddiaçı MMC qeyd edilən “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixli 100 saylı müqaviləyə əsasən "xxxx" MMC şirkətinə birinci müqavilədə nəzərdə tutulandan daha aşağı qiymətə 89,616.00 (səksən doqquz min altı yüz on altı) manata satmışdır.

52. Hazırki iş üzrə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı hazırda həmin müqavilələr üzrə yaranmış fərqi tələb edir.

53. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti yoxlanılan hissədə əsaslı olmaqla həmin hissədə iddia tələbinin təmin olunmasına əsas verir. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli 040 saylı müqavilənin 3.2.7- ci bəndinə əsasən, müqaviləyə müqavilədə göstərilən əsaslarla (və ya onlardan biri ilə) vaxtından əvvəl xitam verildikdə Satıcı öz mülahizəsinə uyğun olaraq Müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək, avtomobili satışa çıxarmaq hüququna malikdir. Avtomobil 3-cü şəxslərə özgəninkiləşdirildikdən sonra satış məbləği Alıcının borcunu tam bağladıqda yerdə qalan məbləğ Alıcıya qaytarılır. Bu məbləğ Alıcının borcunu ödəmədiyi təqdirdə Alıcı qalıq borc məbləğini Satıcıya ödəməlidir. Hər iki tərəfin sərbəst iradə ifadəsinə əsaslanaraq bağlanmış müqavilənin qeyd olunan bəndindən açıq-aşkar görünür ki, hazırki iş üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbilə satıcı tərəfindən haqlı olaraq müqaviləyə xitam verilərək avtomobilin ondan geri götürülməsi və İddiaçı MMC ilə "xxxx" MMC şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli 100 saylı müqavilə ilə “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsinin birinci müqavilədə nəzərdə tutulandan daha aşağı qiymətə 89,616.00 (səksən doqquz min altı yüz on altı) manata sonuncuya satılması ilə satıcının müqavilənin 3.2.7-ci bəndində nəzərdə tutulan hüququnun realizəsinə haqlı əsas yaranmışdır. Göründüyü kimi, X3” MMC ilə Cavabdeh arasında (avtomobil alqı-satqısına dair) bağlanmış xx.xx.2024-cü il tarixli 040 saylı müqavilə ilə “Leap Motor C11” markalı, tünd boz metallik, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062504) avtonəqliyyat vasitəsinin qiyməti ƏDV daxil 96.663,00 (doxsan altı min altı yüz altmış üç) manat müəyyən edildiyi halda, İddiaçı MMC ilə "xxxx" MMC şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli 100 saylı müqavilə ilə həmin avtonəqliyyat vasitəsinin qiyməti 89,616.00 (səksən doqquz min altı yüz on altı) manat olmaqla sonuncuya satılmışdır. Belə olan halda müqavilənin şərtlərindən irəli gələrək xx.xx.2024cü il tarixli 040 saylı və xx.xx.2024-cü il tarixli 100 saylı alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq (96.663-89,616=7047) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.

54. Kollegiya apellyasiya şikayətinin dəlilinə və birinci instansiya məhkəməsinin hazırki iş üzrə AR Mülki Məcəlləsinin 645.2-ci maddəsinin tətbiqinə dair mövqeyinə münasibətdə hesab edir ki, AR Mülki Məcəlləsinin 645.2-ci maddəsi həmin Məcəllənin “müqavilələrdən əmələ gələn öhdəliklər” bölməsinin “alqı-satqı” fəslinin tərkibində yer almışdır. Belə ki, göndərmə müqaviləsi AR Mülki Məcəlləsinin strukturundan məlum olduğu kimi alğı-satqı müqaviləsinin növlərindən biridir. Belə olan halda həmin maddənin hazırki iş üzrə tətbiq olunmasına dair qanunvericilikdə hər hansı məhdudiyyət mövcud deyil. Eyni zamanda qeyd olunan normanın yalnız mal göndərmə müqaviləsindən irəli gələn münasibətlərə tətbiq olunması ilə əlaqədar qanunvericilikdə hər hansı imperativ göstərişi yoxdur. Qeyd olunan norma Məcəllənin “müqavilələrdən əmələ gələn öhdəliklər” bölməsinin “alqı-satqı” fəslinə aid olmaqla hazırki iş üzrə iddianın qanuni əsasını təşkil edir. Belə ki, AR Mülki Məcəlləsinin 645.2-ci maddəsinə əsasən əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Bu müddəa ilə xx.xx.2024-cü il tarixli 040 saylı müqavilənin 3.2.7-ci bəndi vəhdət təşkil edərək cavabdehin müqavilə öhdəliyini pozması səbəbilə satıcının əmlakına dəyən maddi ziyanın yəni 7047 manat fərqin cavabdehdən tutulmasına əsas verir.

55. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar müəyyən edilmədiyindən, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən xx.xx.2024-cü il tarixli 040 saylı və xx.xx.2024-cü il tarixli 100 saylı alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 7047 (yeddi min qırx yeddi) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilərək Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 040 saylı və xx.xx.2024-cü il tarixli 100 saylı alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 7047 (yeddi min qırx yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Buna görə də kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 125,18 manat məbləğində dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 63 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(001)-388/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi qismən - xx.xx.2024-cü il tarixli 040 saylı və xx.xx.2024-cü il tarixli 100 saylı alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 7047 (yeddi min qırx yeddi) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 040 saylı və xx.xx.2024-cü il tarixli 100 saylı alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 7047 (yeddi min qırx yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 125,18 manat məbləğində dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 63 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar