Məhkəmə qərarları › İş №2(103)-2179/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2179/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2179/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və sairə tələbinə dair, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi tələbi üzrə bir icraatda birləşdirilmiş mülki işlər üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi tələbi üzrə bir icraatda birləşdirilmiş mülki işlər üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e- 2(006)-2549/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən birinci iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MMC ilə mülkiyyətçi İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 117-M saylı əvəzləşdirmə müqaviləsinə əsasən həmin müqavilə Nəsimi rayon İcra hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən “Cəmiyyət” Bakı şəhəri, Nəsimi rayonu, Azadliq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirali Qaşqay küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan "Mülkiyyətçi”-yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 98,12 m2 mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə etməklə 117.74 m2 əvəzinə, 2.25m2 güzəşt etməklə 120m2 Vaqif prospektinə baxan bu müqaviləyə əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan plan-çizgiyə uyğun olaraq “A” blok, 9-cu mərtəbədə sahəsi 110.4 m2 olan 26-saylı mənzili təmirsiz "Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə gotürməsi haqqında bağlanmışdır. Müqavilənin qeyd hissəsində: "Mülkiyyətçi"-nin istəyinə uyğun olaraq təmir xərci 1 m2 250 manatdan olmagla cəmi 120x250=30000 manat, kirayə haqqını, yaşadığı mənzilin açarını təhvil verdiyi gündən hesablanmaqla 24 ay 500 manatdan olmaqla cəmi 24x500=12000.0 manat, ümumilikdə 42000.0 manat (30000.0+12000.0-42000.0) və ya 24.7m2 sahə (1kv.m 1700 manat 120-110,4=9.6 m2 sahə cəmi 24.7+9.6=34.3 m2 sahə 118-M-A saylı xx.xx.2018-ci il tarixli müqavilədə göstərilən sahə ilə əvəzlədirilir və onun borc öhdəliyindən çıxılır. “Mulkiyyətçi" bu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada mülkiyyətində olan mənzili söküntü üçün “Cəmiyyət”-ə təhvil verməyi və tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür.

2. Alıcı İddiaçı ilə satıcı Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 118-M-A saylı müqaviləsinə əsasən həmin müqavilə "Satıcı"nın Nəsimi rayon İcra hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, Vaqif prospekti və Hənifə Ələsgərova küçəsinin kəsişməsində yerləşən ünvanda layihələndirilən, yüksək mərtəbəli beş bloklu yasayış binasının bu müqavilayə əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan plan-çizgiyə uyğun olaraq “A" blokunda 9 mərtəbədə 1 otaqlı, 27 saylı, sahəsi 71.5 olan manzili 1m2=1800 azn olmaqla Alıcıya təmirsiz şəkildə satması, alıcının isə mənzilin dəyərini bu mügavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəməsi haqqında bağlanmışdır.

3. Mülkiyyətçi İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 097 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə Cavabdeh MMC-nin Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan 1 ədəd qarajın əvəzinə həmin ünvanda yerləşən yeni binada standart ölçüdə olan 30 saylı avto dayanacaqla təmin etməsinin öz öhdəsinə götürməsi haqqında bağlanmışdır. Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan qarajın Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada avtodayancağı qəbul etməyi öz öhdəsinə götürmüşdür.

4. Cavabdeh MTK-nın İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onunla Cavabdeh MTK arasında 117-M saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliyi icra edə bilmədiklərindən yəni, müqavilədə nəzərdə tutulmuş mənzili ona təqdim edə bilmədiklərindən məhkəmə qərarı ilə 180 000 ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir, odur ki, həmin müqavilə ləğv edilməlidir. Digər 118-M-A saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə isə o, müqavilənin 2.2.1.1-ci bəndinə əsasən 66 960 manat məbləğində pul vəsaitini 3 il ərzində hər ay proporsional olaraq ödəmək məsuliyyətini öz üzərinə götürmüşdür, lakin həmin məbləğdən heç bir ödəniş etmədiyindən müqavilənin 2.2.3-cü bəndi tətbiq edilməklə mənzil satıcının yəni Cavabdeh MMC-nin mülkiyyətinə qaytarılmış və müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini nəzərə alaraq həmin müqavilənin ləğvinin rəsmiləşdirilməsi xahiş edilmişdir. Odur ki, məhkəmə qərarı ilə ödənilmiş 180 000 ABŞ dolları məbləğində kompensasiyanı və öhdəliyinin vaxtında icra etmədiyini nəzərə alaraq xx.xx.2023-cü il tarixinədək onunla Cavabdeh MTK arasında bağlanmış 117-M saylı xx.xx.2018-ci il tarixli və 118-M-A saylı xx.xx.2018-ci il tarixli müqavilələrin ləğv edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC (və ya hüquqi varisi) tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin, yəni 117-M saylı, 118-M-A saylı, 097 saylı müqavilələrdə nəzərdə tutulan müvafiq mənzillərin və qarajın ona təhvil verilməsinin (maneələrin aradan qaldırılması və açarların verilməsi də daxil olmaqla) təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və sairə tələbinə dair mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai Nərimanov, Nizami Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlaram sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarı, Azərbaycan Respublikası qanunvericiliyini əsas tutaraq, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti direktor şəxsində X3 şəxsində və digər tərəfdən onun çıxış etdiyi (İddiaçı) 117-M saylı 17 mart 2017-ci il tarixli əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən: Nəsimi rayon icra hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən ‘‘Cəmiyyət” Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənəfi Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan “Mülkiyyətçi”-yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 98,12. m2 mənzili ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə etməklə 117,74 m2 əvəzinə, 2.25 m2 güzəşt etməklə 120m2 Vaqif prospektinə baxan bu müqaviləyə əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan plan-cizgiyə uyğun olaraq “A” blok, 9-cu mərtəbə sahəsi 110.4 m2 olan 26 saylı mənzili təmirsiz Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Mülkiyyətçi”-nin istəyinə uyğun olaraq təmir xərci 1 m2 250 manatdan olmaqla cəmi 120x250=30000.0 manat, kirayə haqqını, yaşadığı mənzilin açarını təhvil verdiyi gündən hesablamaqla 24 ay 500 manatdan olmaqla cəmi 24x500=1200 manat, ümumilikdə 42000.0 manat (30000.0+12000.0=42000.0) və ya 24.7 m2 sahə (1kv.m 1700 manata bölünərək 42000:1700=24.7 kv.m), eyni zamanda nəzərdə tutulduğu sahədən az sahə verildiyi üçün, yəni 120-110.4=9.6 m2 sahə cəmi 24.7+9.6=34.3 m2 sahə 118-M-A saylı xx.xx.2018-ci il tarixli müqavilədə göstərilən sahə ilə əvəzləşdirilir və onun borc öhdəliyindən çıxılır. “Mülkiyyətçi” bu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada mülkiyyətində olan mənzili söküntü üçün “Cəmiyyət”-ə təhvil verməyi və tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış 118-M-A saylı müqavilədə göstərilən 34.3 kv.metr sahə ilə əvəzləşdirilən sahə 71.5 kv.metr təşkil, edir. Yəni “Mülkiyyətçi” 118-M-A saylı müqavilə üzrə 71.5 kv.metr sahəsi olan mənzil üçün ödəməli olduğu (1 kv. Metr üçün 1800 manat olmaqla) 128.700 manat məbləğdən 117-M saylı 17 mart 2017-ci il tarixli əvəzləşdirmə müqaviləsi üzrə 34.3 m2 sahəsinin dəyərini 61740 çıxdıqdan sonra “Cəmiyyət’ə 66960 manat ödənilməli olan borc məbləği qalır. “Cəmiyyət” müqavilə üzrə öhdəliklərini 24 ay ərzində, yəni 2020-ci ilin mart ayında bitirib mənzili təhvil verməli olduğu halda öhdəliklərini yerinə yetirə bilmədiyini, bir aylıq kirayə haqqının məbləğinin 500 manat olmasını, mənzilin hal-hazırla günə qədər təhvil verilmədiyini və 2020-ci ilin mart ayından 36 ayın keçməsini nəzərə alaraq, “Cəmiyyət’‘in müqavilədən irəli gələn kirayə ödənişi öhdəlikləri üzrə 18 000 manat ödəməli olduğu borc məbləği mövcuddur. “Müikiyyətçi'nin 118-M-A saylı müqavilə üzrə “Cəmiyyət”ə 66960 manat ödənilməli olan borc məbləğindən “Cəmiyyət”in müqavilədən irəli gələn kirayə ödənişi öhdəlikləri üzrə 18000 manat ödəməli olduğu borc məbləği çıxdıqdan sonra “Cəmiyyət’ə ödənilməli olan 48960 manat məbləğində borc ödənişi qalır. Dəfələrlə bu borc ödənişinin ödənilməsi ilə bağlı bank hesabının verilməsi üçün dəfələrlə müraciət edilməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən heç bir hesab təqdim edilməmişdir. İddiaçı bu ödənişin ödənilməsindən yayınmamışdır, əksinə öhdəliyin pozulması Cavabdeh MMC tərəfindən baş vermişdir. Bunu CavabdehMMC-yə göndərilən, HMO göndərilən məktublar təsdiq edir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Cavabdeh MMC birtərəfli surətdə mənzilləri təhvil verməkdən yayınaraq, 117-M saylı, 118-M-A saylı 097 saylı müqavilələri üzrə öhdəliklərini qanunsuz olaraq icra etmir. Tərəflər arasında bağlanmış digər müqaviləyə əsasan Fədək MMC binanın tikintisini gecikdirmiş, müqavilənin hallanmasından 5 ilə müddətin keçməsinə baxmayaraq hələ də mənzili təhvil verməmiş, tərəfə ödənilməli olan kirayə haqqını ödəməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış sazişə əsasən kirayə haqları müqavilə üzrə ödənişlərə yönəldilməli idi. Belə olan halda isə Fədək MMC bütün ödənişləri borcdan çıxdıqdan sonra ödənişlərin həyata keçirilməsi üçün İddiaçı bildiriş göndərməli idi. Fədək MMC isə İddiaçı ödənişin həyata keçirilməsi ücün bildiriş göndərdikdən sonra qarşı tərəfə guya müqavilənin ödənişlər həyata keçirilmədiyi üçün bildiriş göndərmişdir. Fədək MMC-nin əvvəlki rəhbərliyi dələduzluq etdiyi üçün tikintidən uzaqlaşdırılmışdır. Bundan başqa müqavilələrdə hesab nömrəsi göstərilməmişdir. Göründüyü kimi 118-M saylı müqavilə üzrə öhdəliklər Fədək MMC tərəfindən pozulmuşdur.

8. İddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK və cavabdeh İddiaçı arasında bağlanmış 117-M saylı 17 mart 2018-ci il tarixli və 118-M-A saylı, 17 mart 2018-ci il tarixli müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 117-M saylı 17 mart 2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı Cavabdeh MTK müqavilədə nəzərdə tutulan mənzilləri cavabdeh İddiaçı təqdim edə bilməməsi səbəbindən İddiaçı iddia tələbi əsasında AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-7018/2021 saylı qərarı ilə Cavabdeh MTK-dən 180000 ABŞ dolları pul məbləğində kompensasiya tutularaq İddiaçı ödənilmişdir. Həmçinin, iddiaçı Cavabdeh MTK və cavabdeh İddiaçı arasında 118-M-A saylı 17 mart 2018-ci il tarixli müqavilə bağlanmışdır. Belə ki, cavabdeh İddiaçı həmin müqavilənin 2.2.1.1-ci bəndinə əsasən 66960 manat məbləğində pul vəsaitini 3 il ərzində hər ay proporsional olaraq ödəmək öhdəliyini öz üzərinizə götürmüş, lakin şirkətə həmin məbləğdə heç bir ödəniş etməmişdir. Bu səbəbdən sözügedən müqavilənin 2.2.3-cü bəndi tətbiq edilərək, mənzil “Satıcı’nın, yəni Cavabdeh MMC-nin mülkiyyətinə qaytarılmış və müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Beləliklə, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 17-M saylı 17 mart 2018-ci il tarixli müqavilənin ləğv edilməsi, 118-M-A saylı 17 mart 2018-ci il tarixli müqavilənin ləğvinin rəsmiləşdirilməsi üçün, Cavabdeh MTK tərəfindən İddiaçı pretenziya məktubu ilə müraciət edilərək, İddiaçı tərəfindən xx.xx.2023cü il tarixədək həmin müqavilələrinin ləğv edilməsi xahiş edilmişdir. Lakin, İddiaçı tərəfindən həmin pretenziya məktubuna məhəl qoyulmamışdır və bu səbəbdən həmin müqavilələrin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair mülki işin İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və sairə tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

11. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-2549/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, mənzillərin və qarajın təhvil verilməsi tələbinə dair iddiası təmin edilməməsi, məhkəmə xərcləri iddiaçıya aid edilməsi, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsi, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli 117-M saylı xx.xx.2018-ci il tarixli 118-M-A saylı müqavilələrin ləğv edilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 117-M nömrəli müqavilə üzrə kompensasiyanın ödənilməsi cavabdeh tərəfindən sökülmüş əmlakın əvəzinə mənzilin verilməsi qismində öhdəliyin icra edilməməsi ilə əlaqədar olmuşdursa, 2018-ci il tarixli 118-M-A saylı müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən 3 il ərzində pulun hər ay proporsianal ödənilməsi ilə əlaqədardır. İddiaçı, S. Yusiflinin nümayəndəsi və vəkili 118-M-A müqavilə üzrə ödənişlərin edilmədiyini, yəni üzərinə düşən öhdəliyi icra etmədiyini MTK tərəfindən ona müvafiq hesabların təqdim edilmədiyi və ödəniş etmək üçün şərait yaradılmaması ilə əsaslandırmışdır. Lakin, öhdəliyin şərtlərinə diqqət yetirdikdə nəzərdə tutulmuş vəsaitin iddiaçı tərəfindən cavabdehə yalnız nağd və ya bank hesabına köçürmə vasitəsi ilə ödənilməsi barədə mütləq qeyd müşahidə edilmir. Odur ki, iddiaçının ödənişin 2018-ci il tarixdən hazıra qədər etməməsini əsaslandırdığı hallar inandırıcı görünmür. Digər tərəfdən, 118-M-A saylı müqavilə üzrə nəzərdə tutulmuş mənzilin ödəniş qiyməti 117-M saylı müqavilənin qeyd hissəsində göstərilən şərtlərlə əhatə edilmişdir. Belə ki, 118-M-A saylı müqavilədə 71.5 m2 mənzilin satış qiyməti 1m2 =1800 manat, yəni 128700 manat razılaşdırıldığı halda, müqavilənin 2.2.1-ci bəndində göstərilən şərtlərə əsasən ödənişin bir hissəsi güzəşt edilərək ödəniləcək yekun məbləğin 66960 manat təşkil etməsi razılaşdırılmışdır. Müqavilənin 2.2.1-ci bəndində 117-M saylı müqaviləyə istinadən güzəşt edilən şərtlərdən biri 117-M saylı müqavilənin 1.1 bəndində “kirayə haqqını, yaşadığı mənzilin açarını təhvil verdiyi gündən hesablamaqla 24 ay 500 manatdan olmaqla cəmi 12000 manat” şərtidir. Bu şərt S. Yusiflinin ona ödəniləcək kirayə haqqından 118-M-A müqaviləsi üzrə ödəniş edərək olmaq niyyətində olduğu mənzilin satış qiymətindən çıxılması xeyrinə imtina etməsini göstərir. Lakin 118-M-A müqaviləsinin 2.2.4 bəndinə əsasən satıcı (Cavabdeh MTK) üzərinə tikinti işlərinin 24 ay ərzində başa çatmadığı təqdirdə alıcını (S. Yusifli) kirayə haqqının (hər ay 500 manat) binanın tikintisi tam başa çatanadək uzadılmasını təmin etmək öhdəliyi razılaşdırılmışdır. Beləliklə, Cavabdeh MTK 118-M-A müqaviləsi üzrə S. Yusiflinin üzərinə düşən öhdəliyin icra edilməməsi səbəbi ilə müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmaqla, S. Yusiflinin həmin müqavilə üzrə əldə etmək istədiyi mənzilin qiymətində güzəştlərin edilməsi məqsədi ilə imtina etdiyi kirayə haqqının ona ödənilməsi tələbini irəli sürmək hüququ yaranır. Tərəflər arasında bağlanmış 097 saylı müqavilənin predmetini iddiaçının mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan 1(bir) ədəd qarajın əvəzinə həmin ünvanda yerləşən yeni binada standart ölçülərdə olan 30 saylı avto dayanacaqla təmin edilməsi ilə bağlı olmuşdur. İddiaçının müqavilə üzrə dayanacağın verilməsi tələbinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarına dəmir konstruksiyadan ibarət olan qarajın iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmasını bildirən sübut əlavə edilməmişdir. Bundan əlavə, cavabdehin 117-M nömrəli müqavilə üzrə, yəni mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzilin əvəzində yeni inşa ediləcək binada mənzilin verilməsi öhdəliyinin icra etmədiyini və buna görə kompensasiya ödədiyini nəzərə alaraq, cavabdeh tərəfindən həmin binada iddiaçıya dayanacaq verməsi öhdəliyinin icra edəcəyi ağlabatan görünmür. İddiaçı 097 saylı müqavilə üzrə tələbinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilə predmetində göstərilən dəmir konstruksiyadan ibarət olan 1(bir) ədəd qarajın iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmasını bildirən sübut təqdim edildiyi təqdirdə iddiaçının müvafiq əsaslarla cavabdehdən müqavilə üzrə öhdəliyin icra edilmədiyinə görə kompensasiya tələbini irəli sürmək hüququ vardır. Tərəflər arasında bağlanmış xx.xx.2018ci il tarixli 117-M nömrəli əvəzləşdirmə müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin “Cəmiyyət” tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə və ya qismən yerinə yetiriləcəyi təqdirdə, həmçinin gələcəkdə səbəbindən asılı olmayaraq söküntü həyata keçirilən ərazidə tikilmiş yeni binada deyil, digər binadan müvafiq mənzil əvəzləşdirilməsi həyata keçirilməsi zərurəti yarandığı təqdirdə, yaxud səbəbindən asılı olmayaraq mülkiyyətçiyə hazırki müqavilədə nəzərdə tutulan şərt daxilində razılaşdırılmış mənzili təhvil vermədiyi təqdirdə mülkiyyətçiyə verilməsi tutulmuş 120 kv.m hər 1 kv.m üçün 1500 ABŞ dolları olmaqla həmin günün məzənnəsinə uyğun olaraq hesablanmaqla Azərbaycan Manatı ilə cəmiyyət tərəfindən mülkiyyətçiyə kompensasiya olaraq ödəniləcəyi şərtinə əsaslanmaqla Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında İddiaçı 180 000 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 423.2, 442, 443.1-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 217.4, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən birinci iş üzrə İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2549/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, Cavabdeh MMC (və ya hüquqi varisi) tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin, yəni 117-M saylı, 118-M-Asaylı, 097 saylı müqavilələrdə nəzərdə tutulan müvafiq mənzillərin və qarajın ona təhvil verilməsinin (maneələrin aradan qaldırılması və açarların verilməsi də daxil olmaqla) təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında bağlanmış 118-M-A saylı müqavilədə göstərilən 34.3 kv.metr sahə ilə əvəzləşdirilən sahə 71.5 kv.metr təşkil edir. Yəni “Mülkiyyətçi” 118-M-A saylı müqavilə üzrə 71.5 kv.metr sahəsi olan mənzil üçün ödəməli olduğu (1 kv. Metr üçün 1800 manat olmaqla) 128.700 manat məbləğdən 117-M saylı 17 mart 2017-ci il tarixli əvəzləşdirmə müqaviləsi üzrə 34.3 m2 sahəsinin dəyərini (61740 manat) çıxdıqdan sonra “Cəmiyyət”ə 66960 manat ödənilməli olan borc məbləği qalır. “Cəmiyyət”müqavilə üzrə öhdəliklərini 24 ay ərzində, yəni 2020-ci ilin mart ayında bitirib mənzili təhvil verməli olduğu halda, öhdəliklərini yerinə yetirə bilmədiyini, bir aylıq kirayə haqqının məbləğinin 500 manat olmasını, mənzilin hal-hazırkı günə qədər təhvil verilmədiyini və 2020-ci ilin mart ayından 36 ayın keçməsini nəzərə alaraq, “Cəmiyyət”in müqavilədən irəligələn kirayə ödənişi öhdəlikləri üzrə 18 000 manat ödəməli olduğu borc məbləği mövcuddur. “Mülkiyyətçi”nin118-M-A saylı müqavilə üzrə “Cəmiyyət”ə 66960 manat ödənilməli olan borc məbləğindən, “Cəmiyyət”in müqavilədən irəli gələn kirayə ödənişi öhdəlikləri üzrə 18000 manat ödəməli olduğu borc məbləğini çıxdıqdan sonra“Cəmiyyət”ə ödənilməli olan 48960 manat məbləğində borc ödənişi qalır. Dəfələrlə bu borc ödənişinin ödənilməsi ilə bağlı bank hesabının verilməsi üçün dəfələrlə müraciət edilməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən heç bir hesab təqdim edilməmişdir. İddiaçı bu ödənişin ödənilməsindən yayınmamışdır, əksinə öhdəliyin pozulması CavabdehMMC tərəfindən baş vermişdir. Bunu CavabdehMMC-yə göndərilən, HMO göndərilən məktublar təsdiq edir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, CavabdehMMC birtərəfli surətdə mənzilləri təhvil verməkdən yayınaraq, 117-M saylı, 118- M-A saylı, 097 saylı müqavilələri üzrə öhdəliklərini qanunsuz olaraq icra etmir. Cavabdeh MMC tərəfindən İddiaçı Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, ev 80, mənzil 8-də yerləşən sahəsi 98.12 kv.m təşkil edən 3 otaqlı mənzilin (daşınmaz əmlak) məhv edilməsi və eləcə də dəyərinin tam şəkildə kompensasiya edilməsi səbəbi ilə həmin mənzilə dair ÖM seriyalı 229734 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi barədə müraciət edilmişdir. Müvafiq iddia Nəsimi Rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. İddiaçı Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, ev 80, mənzil 8-dəyerləşən sahəsi 98.12 kv.m təşkil edən 3 otaqlı mənzilinin əvəzləşdirilməsi ilə bağlı iki mənzil, bir qaraj ilə bağlı müqavilə bağlanılmış,yəni Fədək MMC-nin iki öhdəliyi yaranmışdır. 117-M saylı müqavilənin 3.1-ci bəndinə əsasən, “bu müqavilənin şərtlərinin Cəmiyyət tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə, həmçinin səbəbindən asılı olmayaraq söküntü həyata keçirilən ərazidə tikilmiş yeni binada deyil, digər binadan müvafiq mənzil əvəzləşdirilməsi həyata keçirilməsi zərurəti yarandığı təqdirdə, yaxud səbəbindən asılı olmayaraq mülkiyyətçiyə hazırkı müqavilədə nəzərdə tutulan şərtlər daxilində razılaşdırılmış mənzili təhvil vermədiyi təqdirdə Mülkiyyətçiyə verilməsi nəzərdə tutulmuş 120 kv.m hər kv.m üçün 1500 ABŞ dolları olmaqla həmin günün məzənnəsinə uyğun hesablanmaqla Azərbaycan manatı ilə Cəmiyyət tərəfindən Mülkiyyətçiyə kompensasiya olaraq ödəniləcəkdir.” Tərəflər arasında bağlanmış digər müqaviləyə əsasən Cavabdeh MMC binanın tikintisini gecikdirmiş, müqavilənin bağlanmasından 5 ilə yaxın müddətin keçməsinə baxmayaraq hələ də mənzili təhvil verməmiş, tərəfə ödənilməli olan kirayə haqqını ödəməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış sazişə əsasən kirayə haqqları müqavilə üzrə ödənişlərə yönəldilməli idi. Belə olan halda isə Cavabdeh MMC bütün ödənişləri borcdan çıxdıqdan sonra ödənişlərin həyata keçirilməsi üçün İddiaçı bildiriş göndərməli idi. Cavabdeh MMC isə yalnız İddiaçı ödənişin həyata keçirilməsi üçün bildiriş göndərdikdən sonra qarşı tərəfə guya müqavilənin ödənişlər həyata keçirilmədiyi üçün bildiriş göndərmişdir. Cavabdeh MMC-nin əvvəlki rəhbərliyi dələduzluq etdiyi üçün tikintidən uzaqlaşdırılmışdır. Bundan başqa müqavilələrdə hesab nömrəsi göstərilməmişdir. Göründüyü kimi 118-M saylı müqavilə üzrə öhdəliklər Cavabdeh MMC tərəfindən pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, tərəflər arasında 3 müqavilə bağlanılıb. 2 mənzil və 1 qarajla bağlı olmuşdur. Cavabdeh MTK 2018-ci ildə binanın tikintisini başlamalı və bitirməli idi. Binanın sakinləri ilə danışılsa da razılıq olmamışdır. Binanı tikə bilməmişdir. Əvvəlcə MMC kimi tikintiyə başlayıblar. Qarşı tərəf öhdəliklərini yerinə yetirmədiyi, hətta başqa yerdə mənzil verəcəyi təqdirdə kompensasiya ödəməli idi. Bu da müqavilədə öz əksini tapmışdır. İddiaçı kirayə haqqının ödənilmədiyini, binanın tikintisinin olmadığını görərək kompensasiya ödənilməsi ilə bağlı iddia qaldırmışdır və iddia təmin edilmişdir. Onlar da iddia ərizəsində müqavilə üzrə kompensasiya-hər kv.metr üçün 1500 dollar ödənilməsini tələb ediblər. Birinci mənzillə bağlı 180.000 dollar ödənilmişdir. Tərəflər arasında danışıqlar olmuşdur, amma barışıq mümkün olmadı. İkinci mənzilə görə ödəniş etmək istədik amma, Cavabdeh MMC bağlı idi, bank hesabı da yox idi. Ona görə də məktub yazdılar, iş materiallarına məktubu əlavə edilib. Onlara məktub yazıldı ki, ödəniş edilmədiyi üçün, müqavilə etibarsız hesab edilmişdir. Bu da absurd məsələdir. Ödənişi ödəməyə bank hesabı olmayıb. Öhdəliklərin icrasına başlamayıblar amma etibarsız hesab edirlər. Qarşı tərəf binanı vaxtında tikməyib, kirayə haqqını ödəməyib. Şifahi razılaşmaya əsasən borcundan çıxarılması razılaşdırılmışdı. 2020-ci ilin mart ayında bina tikilməli idi. Qaraj heç mübahisə predmeti deyil. Qarajla bağlı bizə pretenziya məktubu da yazılmayıb. İddiaçının ata-baba yurdudur, qarşı tərəf də bunu bilir ki, onun atasına ev əvvəl verilib. Bina birinci tikilən zaman iddiaçı açarı verib, çıxıb gedib. Qonşular narazılıq edəndə, qarşı tərəfə dəstək duranlardan biri də iddiaçı olub. Əgər evi satmaq istəsə idi iddiaçı pul tələb edərdi. 180.000 dolları geri qaytarmağa hazırdılar, mənzilləri geri versinlər. Onlar mənzillə bağlı müqavilənin əvəzini tələb etmir, yalnız kompensasiya tələb edirlər. Mülki Məcəllədə və Avropa İnsan Hüquqlarının Məhkəməsinin qərarlarında kompensasiya hüququ öz əksini tapır. Digər mənzillə bağlı müqavilənin etibarsız hesab edilməsi ilə də razı deyillər. Qaraj məsələsində də hakim qanunsuzluq edib. Onlar mənzilin əvəzini tələb etməyiblər. Kompensasiya tələb ediblər. Məhkəmə də bunu təmin etmişdir. Birinci öhdəliyi qarşı tərəf pozmuşdur, 6 ildir ki, binanı tikmir. Öhdəliklərini icra etmədiklərinə görə müqavilənin müddəti dayandırılıb. Onlar kirayə haqqı ilə bağlı da danışmışdılar ki, götürməyəcəklər. Çünki razılaşma olmuşdur ki, kirayə haqqı tələb olunmayacaq, məbləğdən çıxılacaq. Amma qarşı tərəf binanı tikməyib, iddiaçı belə olanda ödəniş verə bilməzdi. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Binanın tikintisi hazırda yekunlaşmaq üzrədir. İddia qaldırılan zaman bina tikilmirdi. Məhkəmə gedişində bina tikildi, 180.000 dolları geri qaytarmağı təklif etsələr də qəbul etmədilər. Çünki, mənzilin qiyməti bahadır. 117 saylı müqavilənin 3-cü bəndində tərəflərin məsuliyyəti qeyd edilib. Onlar buna istinad edərək kompensasiya tələb edirlər. Həmin bəndə əsasən başqa mənzil verilsə belə kompensasiya ödənilməli olduğu qeyd edilib. Kompensasiya ödənilməlidir. Müqavilədə konkret göstərilib.

18. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 90 kv.metr mənzilin əvəzində 120 kv.metr verilməli idi. Müqaviləyə əsasən əgər mənzil verilməsə 330.000 dollar verilməli idi. Bu elə mənzilin əvəzidir. Qarşı tərəf həm, 180.000 dolları, həm də 120 kv.metr olan mənzili tələb edir. Yasamal rayon Məhkəməsinin 2020-ci il tarixli qətnaməsində qeyd edilib ki, qarşı tərəf 180.000 dollar kompensasiya ödənilməsini tələb edib. Tərəf xx.xx.2019-cu ildə onlara müraciət edib ki, kompensasiya ödənilsin. Qətnamənin qət etdi hissəsində də aydın yazılıb ki, cavabdeh öhdəliylərini icra etmədiyinə görə kompensasiya ödənilsin. Burada öhdəliklərini gecikdirdiyinə görə qeyd edilməyib. Tərəf cərimə kimi əsaslandırmağa çalışsa da bu belə deyil. Kompensasiya ödəyiblər yəni, mənzilin əvəzini veriblər. Tərəf onlardan 180.000 dolları tələb etdi və onlara da ödəyiblər. Müqavilə bağlanan zaman - 2018-ci ildə tərəf 66.960 manat ödəməli olduğu nəzərdə tutulmuşdur. Tərəf isə 2023-cü ildə təklif edib ki, pul ödəsin. İkinci müqavilə birinci müqavilədən əmələ gəlib. Ayrıca müqavilə deyil. 180.00 dollar ödəməklə onlar müqavilənin öhdəlikərini icra ediblər. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Onlar tərəfə başqa mənzil də təhvil verməyiblər. Müqavilə 2018-ci ildə bağlanılıb və 3 il ərzində ödəməli idi. 2021-ci ilə qədər ödəniş edilməli idi, qarşı tərəf heç nə ödəməyib. Müqavilənin 2.2.1-ci maddəsində qeyd edilib.5.1-ci maddəsinə əsasən müqaviləni birtərəfli poza bilərlər və hətta 1% cərimə də tuta bilərdilər. Onlara ümumiyyətlə heç nə ödəməyib. Qarajı biz verə bilirik, imtina etməyiblər.

Tətbiq edilən hüquq normaları:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, İddiaçı iddia tələbi qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. İşin halları ilə müəyyən edilir ki, İddiaçı tələbi 3 hissədən: xx.xx.2018-ci il tarixdə bağlanmış 117-M saylı əvəzləşdirmə müqaviləsi üzrə mənzilin təhvil verilməsi;xx.xx.2018ci il tarixdə bağlanmış 118-M-A saylı müqavilə üzrə mənzilin təhvil verilməsi;xx.xx.2018-ci il tarixdə bağlanmış 097 saylı müqavilə üzrə qarajın təhvil verilməsindən ibarətdir.

26. Birləşdirilmiş iş üzrə Cavabdeh MTK-nin iddia tələbi xx.xx.2018-ci il tarixdə bağlanmış 117-M saylı əvəzləşdirmə müqaviləsi və xx.xx.2018-ci il tarixdə bağlanmış 118-M-A saylı müqavilənin ləğv edilməsindən ibarətdir.

27. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən birinci iş üzrə iddiaçının iddia tələbi təmin edilməmiş, ikinci iş üzrə iddia tələbləri təmin edilmişdir.

28. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

29. xx.xx.2018-ci il tarixdə bağlanmış 117-M saylı əvəzləşdirmə müqaviləsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 117-M nömrəli əvəzləşdirmə müqaviləsi üzrə Cavabdeh MMC öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdeh MMC-dən 180 000 ABŞ dolları kompensasiya tutularaq İddiaçı ödənilməsi qət edilmişdır.

30. xx.xx.2018-ci il tarixdə bağlanmış 117-M saylı əvəzləşdirmə müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin “Cəmiyyət” tərəfindən yerinə yetirməyəcəyi təqdirdə və ya qismən yerinə yetirəcəyi təqdirdə, həmçinin gələcəkdə səbəbindən asılı olmayaraq söküntü həyata keçirilən ərazidə tikilmiş yeni binada deyil, digər binadan müvafiq mənzil əvəzləşdirilməsi həyata keçirilməsi zərurəti yarandığı təqdirdə, yaxud səbəbindən asılı olmayaraq “Mülkiyyətçi”-yə hazırkı müqavilədə nəzərdə tutulan şərtlər daxilində razılaşdırılmış mənzili təhvil vermədiyi təqdirdə “Mülkiyyətçi”yə verilməsi nəzərdə tutulmuş 120 kv.m hər 1 kv.m üçün 1500 ABŞ dolları olmaqla həmin günün məzənnəsinə uyğun olaraq hesablanmaqla Azərbaycan manatı ilə “Cəmiyyət” tərəfindən “Mülkiyyətçi”yə kompensasiya olaraq ödəniləcəkdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, həmin bənddə razılaşdırılmış mənzilin təhvil verilmədiyi təqdirdə kompensasiyanın verilməsi nəzərdə tutulub. İddiaçının tələbi ilə ona həmin kompensasiya ödənilmişdir. Buna baxmayaraq İddiaçı həmin müqavilə üzrə mənzilin də təhvil verilməsini tələb edir.

32. Məhkəmə kollegiyası hesab edir ki, həmin müqavilə üzrə müqavilə tərəfi məhkəməyə müraciət edərək müqavilə üzrə kompensasiya ödənilməsini tələb etdiyindən və ona kompensasiya ödənildiyindən müqavilə üzrə öhdəliyə artıq xitam verilmişdir. Lakin nə qədər ki, İddiaçı bu halı mübahisələndirir, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq həmin müqavilənin ləğvi ilə bağlı iddiaçı Cavabdeh MTK-nın iddiasını təmin etməklə bir növ həmin müqavilənin ləğv olunduğunu təsbit etmişdir.

33. xx.xx.2018-ci il tarixdə bağlanmış 118-M-A saylı müqaviləyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında imzalanmış sözügedən müqaviləyə əsasən “Satıcı” Nəsimi rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli, 173 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti və Hənifə Ələsgərova küçəsinin kəsişməsində yerləşən ünvanda layihələndirilən, yüksək mərtəbəli beş bloklu yaşayış binasının bu müqaviləyə əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan plan cizgiyə uyğun olaraq “A” blokunda 9 mərtəbədə, 1 otaqlı, 27 saylı, sahəsi 71.5 olan mənzili 1m2=1800 AZN olmaqla Alıcıya təmirsiz şəkildə satır, Alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəyir.

34. Həmin müqavilənin 2.2.1.1-ci bəndinə əsasən alıcı cəmi 66960.0 manat yaranmış öhdəçiliyə görə 3 il ərzində hər ay proporsional olaraq ödəniş etmək öhdəliyini üzərinə götürür.

35. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı müqavilə üzrə öhdəliyini icra etməmişdir. Belə ki, müqavilə şərtinə görə İddiaçı 3 il ərzində hər ay proporsional olaraq ödəniş etməli idi.

36. O cümlədən qeyd edilməlidir ki, işə baxan birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, Cavabdeh MTK 118-M-A müqaviləsi üzrə S. Yusiflinin üzərinə düşən öhdəliyin icra edilməməsi səbəbi ilə müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmaqla, S. Yusiflinin həmin müqavilə üzrə əldə etmək istədiyi mənzilin qiymətində güzəştlərin edilməsi məqsədi ilə imtina etdiyi kirayə haqqının ona ödənilməsi tələbini irəli sürmək hüququ yaranır.

37. Yəni, qeyd edilən müqavilə üzrə mənzilin dəyərinin tamamlanması üçün İddiaçı kirayə haqqından imtina etmiş və əlavə olaraq 66960.0 manat ödəniş etmək öhdəliyini götürmüşdür. Lakin ödənişi etəmişdir. Kirayə haqqının ona ödənilməsi tələbini irəli sürmək hüququ işə baxan birinci instansiya məhkəməsi tərəfindən izah edilmişdir. Qarşı tərəf bu halı mübahisələndirməmişdir.

38. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixdə bağlanmış 097 saylı müqavilə ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilənin predmetini iddiaçının mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan 1(bir) ədəd qarajın əvəzinə həmin ünvanda yerləşən yeni binada standart ölçülərdə olan 30 saylı avto dayanacaqla təmin edilməsi ilə bağlı olmuşdur. İddiaçının müqavilə üzrə dayanacağın verilməsi tələbinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarında dəmir konstruksiyadan ibarət olan qarajın iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmasını bildirən sübut əlavə edilməmişdir. Bundan əlavə, cavabdehin 117-M nömrəli müqavilə üzrə, yəni mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzilin əvəzində yeni inşa ediləcək binada mənzilin verilməsi öhdəliyini icra etmədiyini və buna görə kompensasiya ödədiyini nəzərə alaraq, cavabdeh tərəfindən həmin binada iddiaçıya dayanacaq verməsi öhdəliyini icra edəcəyi ağlabatan görünmür.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı halda tərəflər arasında müqavilə imzalanmış, müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC-nin Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan “Mülkiyyətçi”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan 1 ədəd qarajın əvəzinə həmin ünvanda yerləşən yeni binada standart ölçüdə olan 30 saylı avto dayanacaqla təmin etməyi öz öhdəsinə götürür. “Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan qarajın Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada avto dayanacağı qəbul etməyi öz öhdəsinə götürür.

40. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır.

41. Göründüyü kimi, hazırkı halda tərəflər arasında müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan 1 ədəd qarajın əvəzinə həmin ünvanda yerləşən yeni binada standart ölçüdə olan 30 saylı avto dayanacaqla təmin etmək Cavabdeh MMCnin öhdəliyidir. Həmin müqavilə ləğv edilməmiş və hər hansı şərtlə şərtləndirilməmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməməklə düzgün olmayan qənaətə gəlmişdir.

43. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-2549/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 097 saylı müqavilə üzrə Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən yeni binada standard ölçüdə olan 30 saylı avtodayanacağın birinci iş üzrə İddiaçı təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş manat) manat Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməlidir.

44. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Birinci iş üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-2549/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən ləğv edilsin. İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 097 saylı müqavilə üzrə Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən yeni binada standard ölçüdə olan 30 saylı avtodayanacağın birinci iş üzrə İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş manat) manat Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilsin. Qalan hissədə rüsüm apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar