Məhkəmə qərarları › İş №2(103)-2186/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2186/2025

27.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2186/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1rşı mülki iş üzrə (açar sözlər: istehlakçının hüquqlarının müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının quraşdırılması tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-8162/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Şabran rayonu, Dəvəçi kəndində yerləşən 3,7769 ha torpaq sahəsi və Şabran rayonu, Mollakamallı kəndində yerləşən 8,7 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı torpaq sahələrini "xxxx" MMC-dən alqı-satqı müqaviləsi bağlamaqla almışdır. İddiaçının Şabran rayonu, Dəvəçi kəndində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə, Şabran rayonu, Mollakamallı kəndində yerləşən 8,7 ha torpaq sahəsinə dair mülkiyyət hüquqi isə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Şabran rayonu, Dəvəçi kəndində yerləşən torpaq sahəsi üzrə **********00002 saylı, Şabran rayonu, Mollakamallı kəndində yerləşən torpaq sahəsi üzrə isə **********00001 saylı abonent kodu ilə "xxxx" MMC qeydiyyata alınmışdır. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 1677-10-15 saylı xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən torpaq sahəsi təbii qazla təmin olunmuşdur. İddiaçı torpaq sahələrinə dair cavabdehlə təbii qazın alqı-satqı müqaviləsinin bağlanması və abonent kodunun onun adına keçirilməsi barədə cavabdeh quruma müraciət etsə də, onunla müqavilə bağlamaqdan şifahi formada imtina edilmiş, imtinanın səbəbi kimi "xxxx" MMC-nin cavabdehə olan təbii qazdan istifadəyə görə hesablanmış borcun ödənilməməsi olmuşdur. Sumqayıt İnzibati-İqtasadi Məhkəməsinin 2-2(85)-15/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin "xxxx" MMC-yə qarşı “təbii qaza görə yaranmış borcun tutulması” barədə iddiası təmin edilərək "xxxx" MMC-dən Azəriqaz İB-nin xeyrinə təbii qaza görə yaranmış 218.702,49 manat borcun tutulması qət edilmiş və bununla bağlı xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilmişdir. Qeyd edilən borc xx.xx.2018-ci il tarixinə ödənilməmiş borc olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehin üzərinə iddiaçı ilə qazın alqı-satqısına dair müqavilənin bağlanması öhdəliyinin qoyulması, Şabran rayonu, Dəvəçi kəndində ümumi sahəsi 3,7769 hektar olan sahəsində quraşdırılmış G250 **********00002 kodlu və Şabran rayonu, Mollakamallı kəndində ümumi sahəsi 8,7 hektar olan sahəsində quraşdırılmış G650 **********00001 kodlu sayğacın onun adına keçirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə edərək, cavabdehin üzərinə iddiaçı ilə qazın alqı-satqısına dair müqavilənin bağlanması öhdəliyinin qoyulması, Şabran rayonu, Dəvəçi kəndində ümumi sahəsi 3,7769 hektar olan sahəsində quraşdırılmış G250 **********00002 kodlu və Şabran rayonu, Mollakamallı kəndində ümumi sahəsi 8,7 hektar olan sahəsində quraşdırılmış G650 **********00001 saylı abonent kodunun onun adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göstərilən 2 torpaq sahəsi faktiki olaraq birləşdirilərək, vahid torpaq sahəsi şəklindədir. Bu birləşik vahid torpaq sahələrinin ərazilərinin böyük olması səbəbi ilə torpaq sahəsinin bir qismi başqa kəndin ərazisinə, bir qismi isə digər kəndin ərazisinə düşmüşdür. Bu səbəbdəndir ki, DƏDRX tərəfindən 2 çıxarış verilmiş və verilən çıxarışdakı ünvanlar da ayrı-ayrı kəndlər qeyd edilmişdir. Elə bu səbəbdən də 1 istixanaya 2 ayrı sayğac, yəni Şabran rayonu, Dəvəçi kəndində ümumi sahəsi 3,7769 hektar olan sahəyə G250 **********00002 kodlu sayğac, Şabran rayonu, Mollakamallı kəndində ümumi sahəsi 8,7 hektar olan G650 **********00001 kodlu sayğac quraşdırılmışdır. Torpaq sahələri onun mülkiyyətinə keçməmişdən öncə "xxxx" MMC-nin istifadəsində olmuş, "xxxx" MMC torpaq sahəsində istixana işlətmişdir. İstixanaya görə "xxxx" MMC-nin adına olan qaz sayğacında borc yaranmışdır. Torpaq sahəsini aldıqdan sonra həmin sayğacların adına keçirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sayğacların onun adına keçirilməsindən imtina edilmiş, hətta həmin borcun ödənməyəcəyi təqdirdə qaz xəttinin kəsiləcəyi bildirilmişdir. Hal-hazırda ona məxsus torpaq sahəsinə qaz təchizi davam etdirilsə də, cavadbehin əməkdaşları tərəfindən qaz borcu tələb edilir və qazın kəsilməsi hədələri davam etdirilir. Cavabdeh tərəfindən istifadə olunmayan qaza görə yaranan, ona aid olmayan borca görə ona məxsus torpaq sahəsinə quraşdırılmış qaz sayğaclarının onun adına keçirməkdən (yeni abonent kodu verməkdən və müqavilə bağlamaqdan) imtina edir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il arixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalari” nın 6.4-cü bəndində göstərilir: Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcı arasında müqavilə bağlanmalıdır. Belə ki, təbii qazdan istifadəyə görə "xxxx" MMC-nin iki abonent kodu üzrə hazırda 487.606,19 manat debitor borcu vardır. Bu borcun 218.702,40 manat məbləğinin "xxxx" MMC-dən tutulması barədə icraya yönəldilmiş 2- 2(85)-302/2017 saylı məhkəmə qətnaməsi vardır. "xxxx" MMC-nin qaz istifadəçisi kimi abonent kodlarının istixananın yeni mülkiyyətçisi iddiaçının adına dəyişdirilərkən və yeni mülkiyyətçi ilə müqavilə bağlanılarkən ödənilməmiş 487.606,19 manat debitor borcunu ödəməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı dəfələrlə abonent kodunun onun adına dəyişdirilməsi barədə müraciət etsə də, cavabdeh imtina edib. İmtinanın səbəbi kimi isə qeyd edilmişdir ki, iddiaçıdan əvvəl torpaq sahələri "xxxx" MMC-nin mülkiyyətində olmuş, sonuncunun isə təbii qazdan istifadəyə görə borcu yaranmışdır, həmin borc ödənilmədən abonent kodu iddiaçının adına dəyişdirilə bilməz. İddiaçı torpaq sahələrini satın alarkən əvvəlki mülkiyyətçinin borcu barədə məlumatı yox idi. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, hal-hazırda da həmin torpaq sahəsi "xxxx" MMC-nin faktiki istifadəsindədir. Lakin, həmin cəmiyyətin cavadbehə külli miqdarda borcu olduğundan borcun ödənilməsindən yayınmaq məqsədilə formal olaraq iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanmış və torpaq sahələri iddiaçının mülkiyyətinə keçirilmişdir. İddiaçı özü İmişli rayonunda yaşayan yaşlı bir qadındır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-8162/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı məxsus Şabran rayonu, Dəvəçi kəndində yerləşən ümumi sahəsi 3,7769 ha olan torpaq sahəsinə və İddiaçı məxsus Şabran rayonu, Mollakamallı kəndində yerləşən ümumi sahəsi 8,7 ha olan torpaq sahəsinə dair qazın alqı-satqısı barədə müqavilə bağlanması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh üzərinə qoyulması, Şabran rayonu, Dəvəçi kəndində yerləşən ümumi sahəsi 3,7769 hektar olan torpaq sahəsinə quraşdırılmış G250 **********00002 saylı və Şabran rayonu, Mollakamallı kəndində yerləşən ümumi sahəsi 8,7 hektar olan torpaq sahəsinə quraşdırılmış G650 **********00001 saylı abonent kodunun İddiaçı adına dəyişdirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 100 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanun istehlakçıların qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsinin bağlanmasını, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsini vacib hesab etmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın istinad olunan müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə qoyulur. Cavabdeh torpaq sahəsinə dair təbii qazın alqı-satqı müqaviləsinin bağlanmasından imtina etməsinin əsası kimi torpaq sahəsinin keçmiş mülkiyyətçisinin təbii qazdan istifadəyə dair yaranmış borcunun olmasına istinad edir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, cavabdehə ödənilməli olan borc məbləği iddiaçı ilə torpaq sahəsinin alqı-satqısı həyata keçirilməzdən əvvəl yarandığından, iddiaçının həmin borca görə hər hansı bir məsuliyyəti yaranmamışdır. İddiaçı təbii qazdan istifadəyə görə kommunal xərclərə, eyni zamanda sayğacın istifadəsi nəticəsində yaranmış zərərə görə yalnız o zaman məsuliyyət daşıya bilər ki, əgər xərclər (borclar) onun torpaq sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan sonraki dövrlərdə baş versin. Hazırki iş üzrə isə borcun iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan deyil, daha əvvəlki dövrə təsadüf etdiyi müəyyən olunmuşdur. Belə olan halda, cavabdeh öz fəaliyyətində formallığa yol verərək iddiaçının yaranmış borca hər hansı aidiyyətinin olmamasını nəzərə almamış, əksinə "xxxx" MMC-yə aid borcun olmasını iddiaçının məsuliyyətinə aid edərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir ki, buda öz növbəsində iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materialları əsasında müəyyən olunur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-15/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İB-nin "xxxx" MMC-yə qarşı “borcun silinməsi” barədə ilkin iddia tələbi qismən təmin edilərək, təbii qazdan istifadəyə görə yaranmış 218.702,40 manat məbləğində borcun "xxxx" MMC-dən tutularaq Cavabdeh İB-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədə borcun yaranmasında "xxxx" MMC- nin təqsirli olması müəyyən edilmişdir. Həmin qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, ölkə ərazisində təbii qazdan istifadə edən istehlakçılara qazın satışı, onlarla qazın alqı-satqısı müqaviləsinin bağlanması və s. ilə Cavabdeh məşğul olduğundan, iddiaçı qaz sayğacının quraşdırılması, ona məxsus ünvana təbii qazın verilməsi üçün təbii inhisar subyekti olan Cavabdehnə müraciət etməkdə haqlı olmuşdur. Göründüyü kimi, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə təbii inhisar subyekti olan qaz paylayıcısı hesabına həyata keçirilməli olduğundan, həmçinin qanunvericiliyin tələbinə əsasən təbii inhisar subyektlərinin təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqlarından cavabdeh istehlakçıya münasibətdə iddiaçı üçün əlverişsiz tələblər irəli sürməklə öz öhdəliyini pozmuşdur. Cavabdeh təbii inhisarçı olaraq, dövlət tərəfindən ona verilmiş səlahiyyətlərindən inzibati orqan kimi yararlanmaqla hakimiyyət xarakterini nümayiş etdirməklə, iddiaçı ilə təbii qazdan istifadəyə dair müqavilə bağlamaqdan imtina edir. Cavabdeh tərəfindən təbii inhisarçı səlahiyyətlərindən istifadə edərək, iddiaçı ilə təbii qazdan istifadəyə dair müqavilə bağlamaqdan və yeni abonent kodu verilməklə yeni sayğac qoyulmasından imtina etməklə, qanunvericiliklə üzərinə düşən öhdəliyindən yayınmış, bununla da sonuncunun hüquqlarını pozmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçı ilə təbii qazın alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalı və abonent kodları iddiaçının adına dəyişdirilməlidir. Lakin iddia tələbi torpaq sahələrinə dair iddiaçının adına yeni abonent kodunun verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, **********00001 saylı və **********00002 saylı abonent kodları iddiaçının adına dəyişdirildikdən sonra iddiaçıya yeni abonent kodunun verilməsinə zərurət qalmır. Məhkəmə həmçinin, qeyd etmişdir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 6.4, 6.6-cı bəndlərinə, Təbii İnhisarlar haqqında Azərbaycan Respublikasının Qanununun 1, 10.3-cü maddələrinə, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.2, 9.1.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 119.2, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X6 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)- 8162/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı fiziki şəxs X8 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək X3 üzərinə onunla alqı-satqı yolu ilə əldə etdiyi və hazırda mülkiyyətində olan torpaq sahələrinə qazın alqı-satqısı barədə müqavilə bağlanması və abonent kodlarının onun adına keçirilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, o, Şabran rayonunun Dəvəçi kəndində yerləşən 3,7769 ha torpaq sahəsini və Şabran rayonunun Mollakamallı kəndində yerləşən 8,7 ha torpaq sahəsini "xxxx" MMC-dən alqısatqı müqaviləsi bağlamaqla almışdır. İddiaçının birinci torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə, ikinci torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Əvvəllər "xxxx" MMC-nin mülkiyyətində olan həmin torpaq sahələrində təbii qazdan istifadə olunması barədə cavabdehlə hüquqi şəxs olan "xxxx" MMC arasında “Qazpaylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” 1677-10-15 saylı xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış və ”Şabran Aqro” MMC-nin adına **********00002 saylı, **********00001 saylı abonent kodları vardır. İşin faktiki halları isə bundan ibarətdir ki, "xxxx" MMC-nin təbii qazdan istifadəyə görə iki abonent kodu üzrə hazırda 487.606,19 (dörd yüz səksən yeddi min altı yüz altı manat 19 qəpik) manat debitor borcu vardır. Bu borcun 218.702,40 (iki yüz on səkkiz min yeddi yüz iki manat 40 qəpik) manat məbləğinin "xxxx" MMC-dən tutulması barədə icraya yönəldilmiş, lakin hələ ki, icra olunmamış 2-2(85)-302/2017 saylı məhkəmə qətnaməsi vardır. Həmin torpaqlar hal-hazırda da "xxxx" MMC tərəfindən istifadə edilir. Təbii qaza görə yaranmış borcun ödənişindən yayınmaq məqsədi ilə 80 yaşlı İmişli şəhərində yaşayan (torpaqlar Şabran rayonundadır) İddiaçı adına keçirilib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-8162/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh üzərinə X8 ilə qazın alqı-satqısı barədə müqavilə bağlanması və abonent kodlarının onun adına keçirilməsi öhdəliyinin qoyulması qət edilmişdir. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, Şabran rayonunun Dəvəçi kəndində yerləşən 3,7769 ha. torpaq sahəsini və Şabran rayonunun Mollakamallı kəndində yerləşən 8,7 hatorpaq sahəsini "xxxx" MMC-dən alqısatqı yolu ilə əldə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndində göstərilir: Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcı arasında müqavilə bağlanmalıdır. İş materiallarından müəyyən olunduğu kimi İddiaçı "xxxx" MMC-dən belə bir arayış alıb Cavabdeh İB-nə təqdim etməmişdir. Qaydaların bu bəndinə görə sənaye qaz qurğusu – ümumi qaz sərfiyyatı saatda 10 kub metrdən artıq olan və ya qeyri-məişət ehtiyacları üçün istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. "xxxx" MMC hüquqi şəxsdir. Onunla Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 1677- 10-15 saylı, xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış və adına **********00002 saylı, **********00001 saylı abonent kodları verilmişdir. Bu abonent kodlarında olan qaz sayğacları qaz sərfiyyatını qeydə alma qabiliyyəti saatlıq 1000 m və 400 m olan müvafiq olaraq G-650 və G-250 markalı sayğaclardır ki, bunlar yalnız hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında istismara verilir. İddiaçı ilə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanması mümkün deyil, çünki, o fiziki şəxsdir. Fiziki şəxslərin adına o boyda böyük həcmli qaz sayğaclarının abonent kodlarının verilməsinə qanunvericilik yol vermir. Digər tərəfdən iddiaçı "xxxx" MMC-dən torpaq sahələrini alıb, torpaq sahələrinə qaz çəkilmir, qaz sayğacı qoyulmur. Birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv araşdırma aparılmadan fiziki şəxs olan İddiaçı ilə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanması və böyük həcmli qaz istifadəçiləri olan obyektlər üçün nəzərdə tutulmuş qaz sayğaclarının onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul etmişdir. Onlar tərəfindən təqdim edilmiş abonent saldoları, məhkəmə qətnaməsi və s. məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi halın hüquqi tənzimlənməsi kimi əsaslandığı hüquq normaları və normativ hüquqi aktlar məişət qaz istehlakçılarına aiddir. Abonentlə “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlayıb, G-250, G-650 markalı sayğacların abonent kodunu onun adına keçirtmək olmaz. Bunun üçün abonent sənaye və ya kommersiya fəaliyyəti ilə məğqul olan hüquqi şəxs olmalıdır. Məişət abonentləri G-4 və ya G-6 markalı sayğaclardan istifadə edirlər. Məhkəmə Qətnamədə (bənd 24) qeyd etmişdir ki, qanun istehlakçıların qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsinin bağlanmasını vacib hesab etmişdir. Məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Qətnamənin qət etdi hissəsində isə məişət abonentinə (İddiaçı sahibkarlıq fəaliyyəti ilə məğqul deyil) sənaye və ya kommersiya (qeyri-əhali) üçün nəzərdə tutulmuş müqavilənin bağlanmasını və böyük müəssisələrdə istifadə olunan qaz sayğaclarının abonent kodlarının məişət abonentinin adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qeyd edilmişdir. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-8162/2024 saylı qətnaməsinin İddiaçı iddia tələbinin təmin olunan hissəsində ləğv edib iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin olunan iclasında iştirak edən cavabdeh Azəriqaz İB-in nümayəndəsi X2, xx.xx.2025-ci il tarixinə təyin olunan iclasında iştirak edən cavabdeh Azəriqaz İB-in nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahatlar verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X5 rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq, izahatında bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahələrində əmlak kompleksi yerləşir, sayğaclar həmin kompleksə aiddir və iki sayğacdan ibarətdir. Sayğaclar hazırda hüquqi şəxsin adınadır. Yeni mülkiyyətçi icarə müqaviləsi əsasında həmin sahəni icarəyə vermişdir. Sahəni icarəyə götürən şəxs İqtisadiyyat Nazirliyinə müraciət edirək ssuda alaraq iş görmək istəyir. Abonent kodu icarəyə verənin, yəni iddiaçının adına deyildir. Cavabdeh məhkəmə qətnaməsini icra etdirə bilər. 2020-ci ildən sayğaclar iddiaçının istifadəsindədir və iddiaçı qazdan istifadə edir, qazdan istifadəyə görə də pulu ödəyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Təbii İnhisarlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir. Maddə 10.3 Təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 13. 2-1. İstehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir.

6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandırır: -istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; -təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; -istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; -paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; -paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; -istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; -istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; -məhkəmənin qərarı ilə; -dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

7. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Bənd 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Bənd 1.5. İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir. Bənd 1.6. Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - EN) və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - FHN) həyata keçirirlər. Maddə 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu Xidmət müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; 6.1.5-2. istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; 6.1.6. məhkəmənin qərarı ilə; 6.1.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. Bənd 6.2. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Bənd 6.3. İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqısatqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir. Bənd 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-8162/2024 saylı qətnaməsi, Şabran rayonu, Dəvəçi kəndində yerləşən ümumi sahəsi 3,7769 hektar olan torpaq sahəsinə quraşdırılmış G250 **********00002 saylı və Şabran rayonu, Mollakamallı kəndində yerləşən ümumi sahəsi 8,7 hektar olan torpaq sahəsinə quraşdırılmış G650 **********00001 saylı abonent kodlarının İddiaçı adına dəyişdirilməsinə dair hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdehin iddiaçı ilə təbii qazın alqısatqı müqaviləsinin bağlanmasından imtina etməsinin səbəbi keçmiş mülkiyyətçinin təbii qazdan istifadəsi ilə yaranmış borcunun olmasıdır. Kollegiya qeyd edir ki, “Qazdan istifadə Qaydaları”na əsasən, qaz paylayıcısı tərəfindən istehlakşının qazla təchiz edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanır. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi isə qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, ölkə ərazisində təbii qazdan istifadə edən istehlakçılara qazın satışı, onlarla qazın alqı-satqısı müqaviləsinin bağlanması, sayğacların quraşdırılması və s. ilə X6 məşğul olduğundan, iddiaçı müqavilənin bağlanması, qaz sayğacının quraşdırılması, ona məxsus ünvana təbii qazın verilməsi üçün təbii inhisar subyekti olan Cavabdehnə müraciət etməkdə haqlı olduğundan, cavabdehin iddiaçı ilə qazın alqı-satqısına dair müqavilə bağlamaqdan imtina etməsinə dair hərəkəti isə qanunsuz olduğundan birinci instansiya məhkəməsinin İddiaçı məxsus Şabran rayonu, Dəvəçi kəndində yerləşən ümumi sahəsi 3,7769 ha olan torpaq sahəsinə və İddiaçı məxsus Şabran rayonu, Mollakamallı kəndində yerləşən ümumi sahəsi 8,7 ha olan torpaq sahəsinə dair qazın alqı-satqısı barədə müqavilə bağlanması öhdəliyinin X3 üzərinə qoyulmasına dair gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, yuxarıda istinad olunan qaydalara görə qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas düyil. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu özü ödəməlidir. Yeni mülkiyyətçinin isə əvvəlki mülkiyyətçidən üçüncü şəxs qarşısında olan öhdəliklərinin icrasını tələb etmək hüququ olmadığı üçün cavabdehin iddiaçı ilə müqavilə bağlamaqdan imtina etməsinə dair hərəkətinin hüquqi əsası olmamışdır. Kollegiya eyni zamanda qeyd edir ki, qaz paylayıcısı istehlakçı ilə qazın alqısatqısına dair müqavilə bağlayarkən istehlakçını müvafiq sayğacla təmin edib, abonet kodu verməli olduğundan "xxxx" MMC-in adına olan abonent kodlarının iddiaçının adına dəyişdirilməsinə zərurət yoxdur. Ona görə də cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-8162/2024 saylı qətnaməsi, Şabran rayonu, Dəvəçi kəndində yerləşən ümumi sahəsi 3,7769 hektar olan torpaq sahəsinə quraşdırılmış G250 **********00002 saylı və Şabran rayonu, Mollakamallı kəndində yerləşən ümumi sahəsi 8,7 hektar olan torpaq sahəsinə quraşdırılmış G650 **********00001 saylı abonent kodlarının İddiaçı adına dəyişdirilməsinə dair hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-8162/2024 saylı qətnaməsi, Şabran rayonu, Dəvəçi kəndində yerləşən ümumi sahəsi 3,7769 hektar olan torpaq sahəsinə quraşdırılmış G250 **********00002 saylı və Şabran rayonu, Mollakamallı kəndində yerləşən ümumi sahəsi 8,7 hektar olan torpaq sahəsinə quraşdırılmış G650 **********00001 saylı abonent kodlarının İddiaçı adına dəyişdirilməsinə dair hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar