Məhkəmə qərarları › İş №2(103)-2187/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2187/2021

10.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2187/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh İB tərəfindən ona əsassız hesablanmış 415,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə İddiaçı (abonent kodu: **********00510) hesablanmış 415,80 manat borcun silinməsi, 20 manat dövlət rüsumunun Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh İB, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilərkən sayğacın elektron hissəsinin sərfiyyatı qeyd etmədiyini və göstərcilər arasında fərq olduğu aşkar edilmiş və dövlət yoxlamasından keçirilməsi üçün göndərilmişdir. Yoxlamanın rəyinə əsasən, sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. Ona görə də 415,80 manat dəymiş ziyanın ödənilməsi istehlakçıdan tələb edilir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, xx.xx.2018-cu il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, D.Dadşov küçəsi 28 a, ev 123 ünvanında quraşdırılmış 1802AZ**********20 nömrəli sayğac çıxrılaraq yenisi ilə əvəz olnumuş və sayğac yoxlama üçün göndərilmişdir. xx.xx.2019-cu il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin 29/1710- 02837-3 saylı rəyinə əsasən 1802AZ**********20 nömrəli sayğacın mexaniki hissəsi keçən qazın sərfiyyatını qeyd edir, lakin elektron hissə qeyd etmir, göstərcilər arasında fərq var. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən, itirilmiş qazın həcmi 4158 m3 müəyyən edilərək, itirilmiş qazın dəyəri kimi 415,80 manat borc hesablanmışdır. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Cavabdeh İB, yoxlamanın nəticələrinə istinad edərək, bildirir ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilmiş, nəticədə sayğacın elektron və mexaniki hissəsi arasında göstəricilərdə fərq yaranmış, buna görə də, itirilmiş qazın dəyəri kimi 415,80 manat hesablanaraq, ödənilməsi tələb edilmişdir. İddiaçı isə, sayğaca müdaxilə etmədiyini və qeyd olunan qüsurun yaranmasında təqsirinin olmadığını bildirərk, bu halı mübahisələndirir. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı, cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırkı işdə iddiaçıya məxus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilmiş müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə, Cavabdeh İB, sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiqləyən və buna görə də, borcun hesablanmasına əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3367/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar