Məhkəmə qərarları › İş №2(103)-2192/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2192/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2192/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş (Açar sözlər: «subroqasiya qaydasında pul tələbi, iddiaya cavab verməli olan şəxsin düzgün müəyyən edilməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-363/2024 saylı, 12 yanvar 2024cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. ** TJ *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir.

2. Cavabdeh1 daşınar əmlakları üzərində sərəncam vermə hüququ barədə X3 30 il müddətinə xx.xx.2018-ci il tarixli, 621323 saylı etibarnamə vermişdir.

3. Həmin etibarnamə əsasında X4 (VÖEN: **********) Cavabdeh2 avtomobilin idarə edilməsi ilə bağlı yol vərəqəsi vermişdir.

4. xx.xx.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ** TJ *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsi ilə ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crelais” markalı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Sığorta hadisəsi baş verən zaman ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crelais” markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmış olmuşdu.

5. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən, Qafarov X5 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qafarov X6 Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə ünvanladığı izahatında baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirini etiraf etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 3931,69 (üç min doqquz yüz otuz bir manat altmış doqquz qəpik) manat və 59,71( əlli doqquz manat yetmiş bir qəpik) manat dövlət rüsumu əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Tələbdə göstərilib ki, Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə olunan ** TJ *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crelais” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh2 təqsirli bilinmişdir. Sığortalı ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crelais” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crelais” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ümumilikdə 8931,69 manat (7569,23 manat təmir xərcləri və 1362,46 manat ƏDV ) məbləğində müəyyən edilmişdir. Təqsirli tərəfin icbari sığortası “Atəşgah Sığorta” şirkəti tərəfindən "xxxx" ASCyə 5000 manat (beş min) məbləğində vəsait ödənilmişdir. xx.xx.2020-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 3931,69 manat (üç min doqquz yüz otuz bir manat altmış doqquz qəpik) subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-363/2024 saylı, 12 yanvar 2024cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddianın təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3931,69 manat (üç min doqquz yüz otuz bir manat altmış doqquz qəpik) məbləğində pulun və 59,71 (əlli doqquz manat yetmiş bir qəpik) dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş inzibati tənbeh haqqında qərarın preyudisiallığı əsas götürülməklə tələb Cavabdeh2 və digər Cavabdeh1 münasibətdə hər 3 dispozitiv şərt yerinə yetirilmişdir. MM-in 1108.1-ci maddəsinə əsasən Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki işdə Cavabdeh2 avtonəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə üzrə idarəetmək hüququ olması müəyyən edilmədiyindən mülki hüquqi məsuliyyəti həmçinin MM-in 1108.1-ci maddəsinə əsasən qanuni mülkiyyətçi Cavabdeh1 daşımalıdır. Məhkəmə tərəfindən cavabdehlərlə əlaqə saxlanılaraq müvafiq etibarnamənin mövcud olması təqdirdə həmin sənədin məhkəməyə təqdim edilməsi nəzərə çatdırılsa da (mobil telefon vasitəsilə zəng edilmiş, bunun üçün məhkəmə iclası 2 dəfə təxirə salınmışdır), Cavabdeh2 avtomobili idarə etmək hüququ barədə etibarnamənin mövcud olmadığını bildirmişdir. İş materiallarına əsasən də, Cavabdeh1 avtomobili Cavabdeh2 hansı hüquqi əsasla (etibarnamə və s.) verməsi müəyyən edilmir. Şəxsin hüquqi əsas olmadan avtomobil idarə etməsinə görə inzibati məsuliyyətə cəlb olunmaması ehtimalı mülki iş üzrə gəlinəcək nəticəni dəyişə bilməz. Məhkəmə icraatı inzibati xəta haqqında DYP-nin hüquqi hərəkətlərindən asılı edilə bilməz. Əgər həqiqətən da müvafiq etibarnamə mövcud olmuşsa, məhkəməyə təqdim edilməli və qərar qəbul edilərkən məhkəmə tərəfindən nəzərə alınmalı idi.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə istinad edərək şikayətində göstərir ki, əgər onun sahibliyimdən qanuna zidd götürülərsə, o, da həmin maşına görə məsuliyyət daşımalıdır. Lakin iddia ərizəsindən görünür ki, avtomobil digər cavabdeh tərəfindən idarə olunmuş və idarə edərkən vurduğu ziyana görə məsuliyyət daşımışdır. Odur ki, qeyd edilən hallar onun iştirakı olmadan keçirildiyindən və dəqiq araşdırılma aparılmadığından hesab edir ki, qətnamə ləğv edilməlidir. Belə ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatsız olmuş və iddia tələbinə qarşı özünün müdafiəsini təşkil edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ona aid hissədə ləğv edilərək həmin hissədə iddianın rədd olunmasını xahiş etdi və bildirdi ki, X1, avtomobillə bağlı ona etibarnamə verib. Avtomobilin Cavabdeh2 olmasından xəbəri olmayıb.

12. Məhkəmə iclasında digər Cavabdeh2 bildirdi ki, avtomobili X4 tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə edib, taksi fəaliyyəti ilə məşğul olub. Yol vərəqəsini birinci instansiya məhkəməsinə təqdim edə bilməməsinin səbəbi isə səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməməsidir.

13. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Apellyasiya icraatında müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cələb olunmuş X4 bildidi ki, Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında VÖEN-i olan fiziki şəxs kimi Cavabdeh2 yol vərəqəsi verib. Hazırki hadisə baş verəndən sonra isə yenidən yol vərəqəsi verməyib. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Kəngərlinskaya Cəminənin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni iddianın ona aid təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi üçün əsasdır.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia hər iki cavabdehə münasibətdə təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın Cavabdeh1 aid təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. İddanın Cavabdeh1 münasibətdə təmin edildiyi hissədə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin üzrə gəldiyi nəticə düzgün olmamışdır.

23. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın Cavabdeh1 münasibətdə təmin edildiyi hissədə qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan normaları nəzərdən keçirilə bilər. Lakin Cavabdeh1 münasibətdə faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia ona aid hissədə haqlı sayılmır.

24. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmənin qənaətinə görə Cavabdeh2 avtonəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə üzrə idarə etmək hüququ olması müəyyən edilmədiyindən mülki hüquqi məsuliyyəti həmçinin MM-in 1108.1-ci maddəsinə əsasən qanuni mülkiyyətçi Cavabdeh1 daşımalıdır. Ancaq birinci instansiya məhkəməsi bu nəticəyə gəlməmişdən əvvəl mühüm əhəmiyyət kəsb edən Cavabdeh2 yol nəqliyyat hadisəsi baş verən zaman qeyd olunan avtomobili qanuni əsaslarla yaxud mülkiyyətçinin iradəsinə və hüquqa zidd idarə edib-etməməsini yoxlamağa borclu idi. Çünki bu hallar aydınlaşdırılmadan avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxslə yanaşı mülkiyyətçinin mülki hüquqi məsuliyyət daşıyıb-daşımaması məsələsi həll edilə bilməzdi.

25. Apellyasiya baxışı zamanı cavabdehlərin və üçüncü şəxsin izahatından, eləcə də təqdim edilmiş sənədlərdən bəlli olur ki, xx.xx.2018-ci il tarixli, etibarnaməyə əsasən Cavabdeh1 daşınar əmlakları üzərində sərəncam verməyi kürəkəni X3 30 il müddətinə etibar etmişdir. Həmin etibarnamə əsasında isə X4 (VÖEN: **********) Cavabdeh2 sözügedən avtomobilin idarə edilməsi ilə bağlı 10 oktyabr 2019-cu ildən 30 noyabr 2019-cu ilədək yol vərəqəsi vermişdir. Demək ki, yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 avtomobili qanuni əsaslarla idarə etmişdir.

26. Buna görə də, sözügedən etibarnamə və yol vərəqəsinin mövcud olduğunu müəyyən etmədən birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Çünki qeyd olunan avtomobil onun mülkiyyətində olsa da, yol nəqliyyat hadisəsi baş verən zaman qanuni əsaslarla, yəni yol vərəqəsi ilə Cavabdeh2 istifadəsinə və sahibliyinə verilmişdir. Göründüyü kimi, hadisə baş verən zaman Cavabdeh2 qanuni əsaslarla sahiblik və istismar etdiyindən Mülki Məcəllənin 1108.1-ci maddəsinin 2-ci cümləsində olan normanın tələbinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da üzərinə qoyula bilməzdi.

27. Birinci instansiya məhkəməsi avtomobilin idarə edilməsi üçün mövcud olduğu təqdirdə etibarnamənin təqdim edilməsini Cavabdeh2 tələb etsə də yalnız etibarnamə olmadan avtomobili idarə etdiyinə dair onun məlumatına inanaraq digər cavabdehə münasibətdə iddianın təmin etməməli idi. Çünki məhkəmə özünün də qeyd etdiyi kimi telefon vasitəsilə Cavabdeh1 ilə də əlaqə saxlaya və hadisə baş verən zaman avtomobilin Cavabdeh2 tərəfindən hansı əsasla idarə edildiyini öyrənə bilərdi. Ancaq bu məsələləri aydınlaşdırmadan Cavabdeh1 Cavabdeh2 avtomobili hansı hüquqi əsasla verməsinin müəyyən edilmədiyini əsas gətirib hər iki cavabdehə münasibətdə iddianı təmin etməklə mülkiyyətçiyə münasibətdə səhv nəticəyə gəlmişdir.

28. Şərh olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 363/2024 saylı, 12 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 aid təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-363/2024 saylı, 12 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 aid təmin edildiyi hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar