Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2193/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-64/2021 saylı iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh3 və Cavabdeh2 QSC-ni də cavabdehlər qismində göstərdiyi iddia ərizəsinə əlavə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, onunla Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinin alqısatqısına dair 17 avqust 2012-ci il tarixdə bağlanmış AN-İ ******* saylı “daşınmaz əmlakın alqısatqısına dair müqavilə”nin və Cavabdeh1 ilə Cavabdeh3 arasında həmin yaşayış evinin alqı-satqısına dair 06 mart 2013- cü il tarixdə bağlanmış AN-0338577 saylı "daşınmaz əmlakın alqı-satqısına dair müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-64/2021 saylı iş üzrə 03 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-64/2021 saylı iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi digər tərəflərlə bərabər xx.xx.2021-ci il tarixdə İddiaçı da göndərilmişdir. İddiaçı tərəfindən isə qətnamədən verilmiş apelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə, yəni, 1 ildən də artıq müddət keçdikdən sonra elektron qaydada məhkəməyə təqdim edilmişdir. Kollegiya qeyd edir ki, göründüyü kimi, iddiaçı tərəfindən qanunla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-64/2021 saylı iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən yaşayış evi üzərindən həbsin götürülməsi ilə bağlı ərizə verilmiş, həmin ərizə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-64/2021 saylı 16 fevral 2022-ci il tarixli qərardadı ilə təmin edilmiş, həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmişdir. Kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-64/2021 saylı iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətini qeyd edilən əsaslara görə geri qaytarmalı olduğu halda, bu hala diqqət yetirmədən apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 64/2021 saylı iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-64/2021 saylı iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2193/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2193/2023
16.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver