Məhkəmə qərarları › İş №2(103)-2197/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2197/2023

05.05.2023 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2197/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki İddiaçı Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, texnoloji avadanlığın saz vəziyyətdə geri qaytarılması və pul tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi X1, Cavabdeh özünün və vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. ASC-nin İdarə heyətinin sədri ASC-nin adından iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il və xx.xx.2012-ci il tarixli “Lizinq müqavilələrin” ləğv edilməsini, həmin müqavilələr üzrə yaranmış və xx.xx.2018-ci il tarixə kimi ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 241.187 manat, cərimə borcunun ödənilməsi məqsədi ilə 248.874 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun, habelə qeyd edilən müqavilələri predmeti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə cavabdehdən alınaraq ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 05-LA/11 №-li “Lizinq müqaviləsinə” əsasən, dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” uyğun şəkildə hissə-hissə ödəmək şərti ilə dəyəri 410.109 manat olan 500 ton tutumlu soyuducu kamera avadanlıqlarını lizinqə götürmüşdür. Bundan başqa, cavabdeh, onunla ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 19-LA/12 №-li “Lizinq müqaviləsinə” əsasən, dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” uyğun şəkildə hissə-hissə ödəmək şərti ilə dəyəri 48.800 manat olan 2 ha istixana üçün 3.000 kkal gücə malik 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqlarını lizinqə götürmüşdür. Qeyd edilən müqavilələrin predmetləri ASC tərəfindən cavabdehə təhvil verilmiş, bununla da, ASC cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Bunlara baxmayaraq cavabdeh iddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, lizinq obyektlərinin dəyərini müqavilələrin şərtlərinə və "xxxx" uyğun olaraq ASC-yə ödəməmişdir, baxmayaraq ki ASC cavabdehə dəfələrlə müraciət edərək öhdəliyin icra edilməsini tələb etmişdir. Cavabdehin “Lizinq müqavilələri” üzrə xx.xx.2018-ci il tarixə ASC-yə 241.187 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdeh, “Lizinq müqavilələri” üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə, ASC, həmin müqavilələrin şərtlərinə əsaslanaraq cavabdehə 248.874 manat cərimə borcu hesablamışdır. ASC, qeyd edilən məbləğlərin ödənilməsini və müqavilələrin predmeti olan texnoloji avadanlıqların (kommunikasiyalar ilə birlikdə) saz vəziyyətdə qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh buna əhəmiyyət verməmişdir. Bu səbəbdən də ASC hazırki iddia ilə məhkəməyə müraciət etmək və bunun üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat

3. Cavabdehin iddia tələbinə qarşı verdiyi etiraz onunla əsasnadırılmışdır ki, ASC, onların arasında bağlanmış xx.xx.2011-ci il tarixli "xxxx" üzrə ona təhvil verməli olduğu soyuducu kamera istismara yararsız vəziyyətə olub. Belə ki, qeyd edilə "xxxx" bağlanmamışdan əvvəl, yəni xx.xx.2008-ci il tarixdə həmin soyuducu avadanlıqla bağlı onların arasında ilkin müqavilə bağlanmış və o, ASC-yə 82.022 manat məbləğində ilkin ödəniş etmişdir. xx.xx.2010-cu il tarixdə ASC-nin əməkdaşları tərəfindən soyuducu anbara baxış keçirilmiş və akt tərtib edilmişdir. Həmin aktda da göstərilmişdir ki, soyuducu anbarın 1 kamerasının qapısı tam bağlanmır, bəzi qapılar hermetik bağlanmır, avadanlığın divarlarından etilenqlikol sızır, meyvə olan kameralarda temperatur rejimi alınmır, kameradakı evaparatorlar buz bağlayıb və uzun müddət də ərimir (tərlər yoxdur), nəmləşdiricilər su sisteminə qoşulmadığından onları istismar etmək mümkün deyil, etilenqlikol sistemi keyfiyyətsiz yığıldığından boruların birləşmə yerindən qlikol damcılayır, dam hissəsinin qlikol sistemi birləşmə yerindən axıdır, qlikol sistemində 2 nasos nəzərə alındığından yalnız biri quraşdırılıb, qlikol boruları dama qalxan hissəsi izolyasiya edilməsinə baxmayaraq daxili hissəsindən qlikol axıdır və çölə çıxır. ASC-nin buna səlahiyyəti olan əməkdaşları ona vədlər vermişlər ki, qeyd edilən nasazlıqları aradan qaldıracaqlar. O, bu vədlərə inanaraq xx.xx.2011-ci il tarixdə ASC ilə "xxxx" bağlamışdır. Bundan sonra, yəni xx.xx.2011-ci il tarixdə ASC-nin rəhbərli tərəfindən əmr qəbul edilmişdir ki, aralarında bağlanmış xx.xx.2008-ci il tarixli ilkin müqavilə xitam verilsin və soyuducu kameranın avadanlıqları 10 il müddətinə ona lizinqə verilsin. Bunun üstündən uzun müddət keçməsinə baxmayaraq avadanlıq təmir edilməmiş, istismara yararlı vəziyyətə gətirilməmişdir. Baxmayaraq ki, xx.xx.2011-ci il tarixli “Lizinq müqaviləsinin” 2.2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, ASC, lizinqin obyektini tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verilməsini təmin edir. Soyuducu kameranın “Lizinq alana təhvil verilməsi barədə” xx.xx.2011-ci il tarixli aktda da göstərilmişdir ki, qlikol sistemində 1 ədəd nasos yerində yoxdur, 3 kameranı tənzimləyən və işlədən idarəetmə sistemi işləmir, işləyən 4 kameranın fanları dondurur. "xxxx" Müəssisəsinə tapşırılsın ki qısa müddətdə yuxarıda göstərilən nöqsanlar aradan qaldırılsın. Göründüyü kimi, əşya ona tam işlək vəziyyətdə təhvil verilməmişdir. O, bu barədə qeydlərini onunla ASC arasında “İlkin müqavilə” bağlanan zaman tərtib edilmiş xx.xx.2010cu il tarixli, "xxxx" bağlanan zaman tərtib edilmiş xx.xx.2011-ci il tarixli aktlarda, habelə onunla ASC-nin əməkdaşlarının vaxtaşırı tərtib etdikləri çoxsaylı “Üzləşmə aktlarında” qeyd etmiş və elə həmin aktlarda da yazmışdır ki, soyuducu avadanlıq işlək vəziyyətə gətirilməyincə o, həmin "xxxx" üzrə ödənişləri etməyəcək. Bundan başqa, soyuducuya zəruri avadanlığın quraşdırılması üçün xx.xx.2012-ci il tarixdə müqavilə bağlandığı qeyd edilir. Soyuducu cavabdehə təhvil verilən zaman da qüsurların olduğu göstərilmişdir. xx.xx.2013-cü il tarixdə tərtib edilmiş aktda isə göstərilir ki, soyuducu kamera üçün avadanlıqların bir hissəsi xx.xx.2012-ci il tarixli müqavilə üzrə montaj olunsa da, işə salınmayıb. Həmin akta da tərəfindən qeyd verilərək soyuducu anbar işləmədiyinə görə cavabdehə işlək vəziyyətdə təhvil verilməsini, bundan sonra ödənişləri edəcəyini bildirmişdir. Bundan başqa, soyuducu kameranın texniki nəzarət jurnalından görünür ki, xx.xx.2014-cü, xx.xx.2014-cü, xx.xx.2015-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu il tarixlərdə soyuducu kameraya baxış keçirilmiş, nöqsan və qüsurlar müəyyən edilmişdir. Göründüyü kimi, maddi zərər ASC-yə deyil, əslində ona dəymişdir. Çünki o, soyuducu kameradan təyinatına uyğun istifadə edə bilməmişdir. Bu baxımdan o hesab edir ki, ASC, onların arasında soyuducu avadanlıqla bağlı bağladıqları müqavilə üzrə ondan nə əsas borcu, nədə ki, cərimə borcunu tələb edə bilməz. İddia tələbinin, 2 ha istixana üçün 3.000 kkal gücə malik olan 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqlar ilə bağlı onunla ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli "xxxx" üzrə yaranmış borcun ödənilməsi barədə hissəsinə gəldikdə isə bildirir ki, həmin müqavilə üzrə onun ASC-yə həqiqətən də borcu var. Lakin ASC bu tələbdə həmin müqavilə üzrə onun dəqiq olaraq hansı məbləğdə borcunun olması, ötən illər ərzində nə qədər ödəniş etməsini göstərilmir. ASC tərəfindən ona göndərilmiş pretenziya məktubunda isə bu müqavilə üzrə onun ASC-yə 234.000 manat məbləğində borcunun yarandığı qeyd edilir. Hər bir halda ödənilməsi tələb olunan məbləğ aydın olmadığından o, hesab edir ki həmin müqavilə üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilməlidir.

4. Cavabdeh qeyd edilən etirazdan başqa Rayon Məhkəməsinə “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizə də verərək bildirmişdir ki, onunla ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Lizinq müqaviləsinin” predmeti olan soyuducu kameraya xx.xx.2013-cü il tarixdə ASC-nin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı tərtib edilmiş aktda o, qeyd etmişdir ki, soyuducu kamera istismara yarasız olduğu üçün o, həmin müqavilə üzrə ödəniş etməyəcək. Bunla da, ASC-nin elə həmin vaxtdan məlumatı var idi ki, həmin müqavilə üzrə ödənişlər olmayacaq. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Lakin ASC həmin müqavilə ilə bağlı iddia tələbini 5 ildən çox müddət keçdikdən sonra irəli sürmüş, iddia ərizəsini xx.xx.2018-ci il tarixdə məhkəməyə vermişdir. Buna görə də, həmin tələbə iddia müddəti tətbiq edilməli və tələb rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 2 ha istixana üçün 3.000 kkal gücə malik olan 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqlar ilə bağlı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli "xxxx" üzrə xx.xx.2018-ci il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 20.700,00 manat, cavabdehin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi üçün hesablanmış cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 2.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin ödənilməsi məqsədi ilə cavabdehdən 302 manat məbləğində pulun tutularaq dövlət nəfinə ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ASC, onunla cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Lizinq müqaviləsinin” predmeti olan 500 ton tutumlu soyuducu kamera avadanlıqları cavabdehə işlək vəziyyətdə təhvil vermədiyindən, bu hal ASC özünə də bəlli olduğundan, həmin avadanlıqlar sökülüb ASC-nin Şəmkir filialına yığıldığından və bu günədək həmin avadanlıqlar işlək vəziyyətdə cavabdehə təhvil verimədiyindən, ASC, həmin müqavilə ilə bağlı cavabdehə qarşı iddia tələbini sürməkdə haqlı deyil. Bu tələb əsassızdır. ASC-nin, onunla cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli "xxxx" üzrə cavabdehə qarşı irəli sürdüyü iddia isə qismən əsaslıdır. Belə ki, həmin müqavilənin predmeti olan 2 ha istixana üçün 3.000 kkal gücə malik olan 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqları ASC tərəfindən cavabdehə təhvil verilmiş, bununla da, ASC cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Bunlara baxmayaraq cavabdeh həmin müqavilə üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, həmin lizinq obyektinin dəyərini müqavilələrin şərtlərinə və "xxxx" uyğun olaraq ASC-yə ödəməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/3401 saylı rəydən görünür ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli "xxxx" üzrə cavabdehin qalıq borcu 20.700 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, həmin müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçı ASC-nin xeyrinə 20.700 manat məbləğində pul tutulmalıdır. Cavabdehin xx.xx.2012-ci il tarixli "xxxx" üzrə iddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi işin aşkar və mübahisəsiz olan halıdır. Belə olan halda, cavabdeh, üzərinə götürdüyü öhdəliyin yerinə yetirməməsinə görə məsuliyyət daşıyır və həmin müqavilədə nəzərdə tutulmuş cəriməni də ASC-yə ödəməlidir. İddiaçı ASC iddia tələbində əsas borcla yanaşı cərimə borcunun da tutulması istəmişdir (əsas borca nisbətdə 103 % cərimə). İddiaçının mövqeyi nəzərə alınarsa 20.700 manat əsas borca 21.321 manat məbləğində cərimə hesablanmalıdır. Lakin məhkəmə hesab edir ki, belə əsas məbləğə nisbətdə 103 % cərimənin hesablanması tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə 20.700 manat əsas borca nisbətdə 2.000 manat cərimənin, yəni əsas məbləğin təxminən 10 faizi miqdarında tutulmasını ədalətli hesab edir. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.

8. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi iddianın təmin edilməməsi hissəsində işin hallarını düzgün qiymətləndirməmiş və iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının pozulmasına səbəb olan əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. İddiaçı ASC-nin nümayəndəsi Məftun Süleymanov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Lizinq müqaviləsinin” predmeti olan 500 ton tutumlu soyuducu kamera avadanlıqlarının işlək vəziyyətdə gətirilməsi üçün əlavə avadanlığın alınması tələb olunur. Həmin avadanlıqları cavabdeh özü almalıdır, çünki həmin avadanlıqlar ASC-də yoxdur. Bundan cavabdehin özünün də xəbəri var. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu halını nəzərə almamışdır.

10. Apellyasiya baxışında iştirak etmiş cavabdeh və onun vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər və apellyasiya şikayətin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh əlavə olaraq bildirdi ki, o, xx.xx.2011-ci il tarixli “Lizinq müqaviləsinin” predmeti olan soyuducu kamera avadanlıqlarının işlək vəziyyətdə gətirilməsi üçün hər hansı əlavə avadanlıq almalı deyil, o bu barədə üzərinə öhdəlik götürməmiş və bu barədə onunla ASC arasında hər hansı bir razılıq olmamışdır. Əksinə həmin müqavilənin 2.2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, ASC, lizinqin obyektini tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verilməsini təmin edir. Belə olan halda hər hansı bir avadanlığın alınması onun deyil, ASC-nin öhdəliyidir. f) hazırki iş üzrə apellyasiya baxışının hədləri barədə məlumat

11. Rayon Məhkəməsinin qətnaməsi ilə iddianın bir qismi təmin edilsə də cavabdeh qətnamədən apellyasiya şikayət verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmışdır.

12. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı ASC isə iddianın bir qisminin təmin edilməməsi ilə bağlı Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə olan tələbin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

13. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə təmin edilməməlidir.

16. Belə ki, iddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Lizinq müqaviləsindən” (bundan sonra – “birinci müqavilə”) və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh, həmin müqaviləyə əsasən, dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” uyğun şəkildə hissə-hissə ödəmək şərti ilə dəyəri 410.109 manat olan 500 ton tutumlu soyuducu kamera avadanlıqlarını 10 il müddətinə lizinqə götürür.

17. Bu müqavilənin şərtlərinə görə, avadanlığın dəyərindən ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli ilkin müqavilə üzrə ödənilmiş 82.022 manat ilkin ödəniş kimi nəzərə alınmışdır (bənd 1.2.). ASC, müqavilədə göstərilən avadanlığın satan şirkət tərəfindən tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verilməsini təmin etməlidir (bənd 2.1.1.). Müqavilə üzrə ödənişlər bu müqaviləyə edilmiş “2 №-li əlavəyə” (“Ödəniş qrafikinə”) uyğun həyata keçirilməlidir (bənd 4.1.). Ödənişin vaxtında bir dəfədən artıq yerinə yetirilmədiyi təqdirdə gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir (maddə 4.2.).

18. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Lizinq müqaviləsindən” (bundan sonra – “ikinci müqavilə”) görünür ki, cavabdeh, həmin müqaviləyə əsasən, dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” uyğun şəkildə hissə-hissə ödəmək şərti ilə dəyəri 48.800 manat olan 2 ha istixana üçün 3.000 kkal gücə malik 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqlarını 10 il müddətinə lizinqə götürür.

19. Bu müqavilənin şərtlərinə görə, cavabdeh 4.900 manatı ASC-yə ilkin ödəniş kimi ödəyir (bənd 1.2.). ASC, müqavilədə göstərilən avadanlığın satan şirkət tərəfindən tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verilməsini təmin etməlidir (bənd 2.1.1.). Müqavilə üzrə ödənişlər bu müqaviləyə edilmiş “1 №-li əlavəyə” (“Ödəniş qrafikinə”) uyğun həyata keçirilməlidir (bənd 4.1.). Ödənişin vaxtında bir dəfədən artıq yerinə yetirilmədiyi təqdirdə gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 0,1 faizi həcmində cərimə ödənilməlidir (maddə 4.2.).

20. İşdə olan sənədlərdən görünür ki, qeyd edilən müqavilələrin predmetləri ASC tərəfindən cavabdehə təhvil verilmişdir.

21. Cavabdehin özünün, iddiaçı ASC-nin və hazırki iş üzrə tərəf olmayan "xxxx" MMM-nin əməkdaşlarının iştirakı ilə xx.xx.2011-ci il tarixdə tərtib edilmiş “Təhvil-təslim barədə” aktdan görünür ki, birinci müqavilənin predmeti olan soyuducu kamera avadanlıqları cavabdehə təhvil verilərkən müəyyən edilmişdir ki, həmin avadanlığın qlikol sistemində 1 ədəd nasos yerində yoxdur, 3 kameranı tənzimləyən və işlədən idarəetmə sistemi işləmir, işləyən 4 kameranın fanları donur. Həmin aktdan həmçinin görünür ki, soyuducu kamera avadanlıqlarından aşkar edilmiş nöqsanların aradan qaldırılması iddiaçı ASC tərəfindən "xxxx" MMM-ə tapşırılmışdır.

22. İddiaçı ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri xx.xx.2010-cu il tarixli aktdan görünür ki, soyuducu anbarın 1 kamerasının qapısı tam bağlanmır, bəzi qapılar hermetik bağlanmır, divardan etilenqlikol sızır, meyvə olan kameralarda temperatur rejimi alınmır, kameradakı evaparatorlar buz bağlayıb və uzun müddət də ərimir (tərlər yoxdur), nəmləşdiricilər su sisteminə qoşulmadığından onları istismar etmək mümkün deyil, etilenqlikol sistemi keyfiyyətsiz yığıldığından boruların birləşmə yerindən qlikol damcılayır, dam hissəsinin qlikol sistemi birləşmə yerindən axıdır, qlikol sistemində 2 nasos nəzərə alındığından yalnız biri quraşdırılıb, qlikol boruları dama qalxan hissəsi izolyasiya edilməsinə baxmayaraq daxili hissəsindən qlikol axıdır və çölə çıxır.

23. İddiaçı ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri xx.xx.2012-ci il tarixli aktdan görünür ki, soyuducu anbara yığılmış məhsulları uzun müddətə saxlamaq mümkün olmadığı üçün avadanlığın (41/12 nömrəli, xx.xx.2012-ci il tarixli müqavilədə göstərilən texniki təsnifata uyğun olaraq) atmosfer kontrol hissəsinin bir hissəsi gətirilib və soyuducu anbarın həmin avadanlıqlarının yenidən quraşdırılması işləri aparılır, hazırda soyuducu anbar nasaz vəziyyətdədir, məhsul vurulmayıb, bütün kameralar boşdur. Bundan başqa həmin aktda qeyd edilmişdir ki, 2012-ci ilin İV rübün axırına cavabdehin borcu 40.087 manat təşkil edir və o, həmin borcu soyuducu işə düşdükdən sonra ödəməyi öhdəsinə götürür. Soyuducu anbara yığılmış məhsulları uzun müddət saxlamaq mümkün olmadığı üçün xx.xx.2012-ci il tarixdə müqavilədə göstərilən əlavə avadanlığın quraşdırılması işləri aparılmışdır.

24. İddiaçı ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri xx.xx.2013-cü il tarixli aktdan görünür ki, soyuducunun soyutma sistemi faktiki işləyir, lakin sistemə mayeni nəql etdirən 2 ədəd nasosdan birinin aşağı hissəsində boru xəttinə qoşulan hissədə buzlaşma aşkar olunur. Cavabdehin həmin aktda qeyd etmişdir ki, soyuducu 2009-cu ildən bəri normal işləməyib. Soyuducuya məhsul vura bilmir. Vurduğu məsul da tez zamanda xarab olur.

25. İddiaçı ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri xx.xx.2013-cü il tarixli digər aktdan görünür ki, soyuducu kamera üçün avadanlıqların bir hissəsi xx.xx.2012-ci il tarixli müqavilə üzrə montaj olunsa da, işə salınmayıb. Cavabdeh bu aktda qeyd etmişdir ki, soyuducu avadanlıq işlək vəziyyətə gətirilməyincə o, həmin "xxxx" üzrə ödənişləri etməyəcək.

26. İddiaçı ASC-nin əməkdaşlarının cavabdehin iştirakı ilə tərtib etdikləri xx.xx.2014-ci il tarixli digər aktdan görünür ki, soyuducu kameralarda qurulmalı olan atmosfer kontrol hissələr quraşdırılmayıb, müqavilədə göstərilən 8 ədəd nəmləndirici qurğu yenilənməmiş, əvvəlki müqavilə şərtlərinə nəmləndiricilər olduğu kimi saxlanılmış, müqavilədə göstərilən 9 ədəd qapı yenilənməmiş, zəruri avadanlıqlar gətirilmiş, lakin hələ quraşdırılmamış, kameralarda müqavilə üzrə görüləcək işlər tam başa çatdırılmadığı üçün avadanlıqlar tam gücü ilə işə salınaraq sahibkara təhvil verilməmişdir, quraşdırılma işləri tam başa çatdıqdan sonra təhvil təslim işləri aparıla bilər.

27. İddiaçı ASC-nin Şəmkir regional nümayəndəliyi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdehə məxsus soyuducu anbardan sökülən soyuducu avadanlıqlar həmin Nümayəndəliyin anbarında saxlanılır.

28. İddiaçı ASC ilə hazırki iş üzrə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən və işdə olan digər sənədlərdən görünür ki, həmin müqavilə, soyuducu anbar üçün əlavə avadanlıqların ASC tərəfindən satın alınması məqsədi ilə bağlanmış, lakin həmin avadanlıqlar alınmamış və cavabdehlə həmin avadanlıqlara dair lizinq müqaviləsi bağlanmamışdır.

29. İddiaçı ASC tərəfindən tərtib edilmiş “500 ton tutumlu soyuducu kameranın texniki nəzarət jurnalından” görünür ki, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015-ci, xx.xx.2018ci, xx.xx.2019-cu il tarixlərdə soyuducu kameraya baxış keçirilmiş və müəyyən edilmişdir ki, soyuducu kamerada nöqsanlar var.

30. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi iş üzrə mühəndis-texniki və mühasibatlıq ekspertizaları təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəylərini almış və rəyləri işdə olan digər sübutlar ilə birlikdə tədqiq etmişdir.

31. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2871 saylı rəydən görünür ki, ekspertiza tədqiqatını zamanı (yuxarıda qeyd edilən) soyuducu kamerasının hər-iki kompressor çıxışlarında yağ buraxdığı, qeyri-işlək vəziyyətdə olduğu, aqreqatın içərisində olan 2 ədəd yağ açarlarının salniklərinin tamamilə sıradan çıxdığı, qeyri-işlək vəziyyətdə olduğu, aqreqatın kondinser sisteminin daxili pətəklərində sızmalarin olduğu, sistemin çıxış xətti qara metal boru olduğundan izolyasiya altında paslanıb çürüdüyü, yağ ayırıcından kondinserə çıxış xəttinin birləşmələrində sızmalar olduğu, metal hissələri korroziyaya uğradığı, 2 ədəd su nasosunun yararsız halda olduğu, çıxışlar və birləşmələrin paslandığı, 18 ədəd buzxanalarin hamısında əsas paylayıcı balonlardan və kalaşlardan buraxdığı, qeyri-işlək vəziyyətdə olduğu, şoklama otağı üçün 2 ədəd kopeland “15 hp” kompressorunun dolaq sisteminin yandığı, istifadəyə yararsız vəziyyətdə olduğu, nəmliyi ölçən qurğuların işləmədiyi, yer izolyasiya olunmadığı, beton örtüyün dağıldığı, qapıların atmosfer tənzimləyicilərinin düzgün işləmədiyi, hava buraxdığı, germetikliyi olmadığı, rezinləri çürüdüyü və yararsız olduğu, bununla da ASC tərəfindən cavabdehə lizinqə verilmiş soyuducu kameranın istifadəyə yararlı olmadığı müəyyən edilmişdir.

32. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/3401 saylı rəydən görünür ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli "xxxx" üzrə cavabdehin qalıq borcu 20.700 manat təşkil edir.

33. Beləliklə də yuxarıda göstərilənlərə əsasən apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, ikinci müqavilənin predmeti olan istixana üçün qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqları işlək vəziyyətdə olsa da, birinci müqavilənin predmeti olan soyuducu kamera avadanlıqları işlək vəziyyətdə deyil. Soyuducu kamera avadanlıqları sökülmüş və cavabdehdən alınaraq ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarında saxlanılır.

34. İşin hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1.). Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır (maddə 748-1.5.). Lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8.). Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır (maddə 748-1.9.). Lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12.). Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır (maddə 748-7.1.). Lizinq ödənişlərinin ümumi məbləğinə (lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir (maddə 748-7.11.). Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır (maddə 749.1.). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır (maddə 441.1.). Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 441.2.).

35. Qeyd edilən maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı ASC-nin cavabdehə verdiyi lizinq obyekti – soyuducu avadanlıq işlək vəziyyətdə olmadığından, iddiaçı özü də bu halı bildiyindən, lizinq obyektinin avadanlıqları sökülüb ASC-nin Şəmkir regional nümayəndəliyinin anbarına yığıldığından və bugünədək soyuducu avadanlıq ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Lizinq müqaviləsinin” şərtinə uyğun olaraq işlək vəziyyətdə cavabdehə təhvil verimədiyindən, Rayon Məhkəməsi xx.xx.2011-ci il tarixli "xxxx" üzrə yaranmış borcun ödənilməsi ilə bağlı tələbi təmin etməkdə haqlı olmuşdur. ASC-nin verdiyi apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə dair dəlilləri əsassızdır.

36. İşin hallarını, yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin MPMnin 14.2 və 77.1.-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi 1 ədəd qazan və onun qaz püskürdücüsü (forsunka) avadanlıqlar ilə bağlı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli "xxxx" üzrə xx.xx.2018-ci il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 20.700,00 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsini qət etməkdə haqlı olmuşdur. ASC-nin verdiyi apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə dair dəlili də əsassızdır.

37. Belə ki, iddiaçı ASC qeyd edilən xx.xx.2012-ci il tarixli "xxxx" üzrə cavabdehin əsas borcunun daha yüksək məbləğdə olmasını və ekspertiza tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/3401 saylı rəyi şübhə altına ala biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Bundan başqa Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi xx.xx.2012-ci il tarixli "xxxx" üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi üçün hesablanmış cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 2.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsini qət etməkdə də haqlı olmuşdur.

39. Belə ki, Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

40. Rayon Məhkəməsinin 20.700 manat əsas borca nisbətdə 2.000 manat cərimənin, yəni əsas məbləğin təxminən 10 faizi miqdarında tutulması barədə arıq formalaşmış məhkəmə təcrübəsinə uyğundur. Bu baxımdan, ASC-nin apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassız hesab edilməlidir.

41. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur

42. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

45. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar