Məhkəmə qərarları › İş №2(103)-2199/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2199/2021

05.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2199/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2204/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Cavabdeh qarşı torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işin aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2204/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Cavabdeh mülki işin aidiyyatı üzrə göndərilməsinə dair vəsatətinin rədd edilməsi qərara alınmışdır (sədrlik edən: Fikrət Mirzəyev). Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nizami Rayon İcra Hakimiyyəti Cavabdeh qarşı torpaq sahəsində özbaşına inşa edilən tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bakı şəhəri, Nizami rayonu, E.Süleymanov keçəsi, 137/1 ünvanında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəfimizdən mübahisənin məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verilmiş və hazırkı işin aidiyyəti uzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə verilmiş mübahisənin məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə ərizə təmin olunmamışdır. Həmin məhkəmə qərardadı aşağıdakı səbəblərdən əsassız və qanunsuzdur. İddiaçı tərəfindən iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla verilmişdir. Mübahisəli torpaq sahəsi Bakı şəhəri Nizami Rayonun inzibati ərazisində deyildir. Mübahisəli torpaq sahəsi Sabunçu Rayonunun inzibati ərazisindədir. Buna görə də Nizami Rayon Məhkəməsinin hazırkı iddia tələbi üzrə məhkəmə mübahisəsini araşdırması qanunsuzdur. Az.Resp. MPM-nin 39.1,-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Birinci instansiya məhkəməsi isə hazırkı işin göstərilən hallarını və qüvvədə olan mulki prosessual qanunvericiliyin tələblərini nəzərə almamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2204/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi işin hallarını şikayətin dəlilləri ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İşin materiallarından görünür ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Nizami rayonudur. Mübahisəli torpaq sahəsi də Nizami rayonun ərazisində (Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 137/1) yerləşir. Kollegiya hesab edir ki, iddiaçının Nizami rayon Məhkəməsinə müraciət etməsi həm cavabdehin qeydiyyatda olduğu ünvan, həm də mübahisəli torpaq sahəsinin yerləşdiyi ünvanın Nizami rayonu ərazisi olması səbəbindən qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı olduğundan, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2204/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar