Məhkəmə qərarları › İş №2(103)-220/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-220/2022

19.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-220/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(010)-411/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, bina 8, mənzil 8 ərazisindəki qanunsuz binanın sökülməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır və qeydiyyatdadır. Göstərilən mənzil 04 oktyabr 1994-cü il tarixli, 37560 nömrəli mülkiyyət hüququ əsasında ona məxsusdur. Ancaq qonşusu Təxmazova (Əlizadə) Nərgiz Bəhram qızı tərəfindən ona maneələr yaradılır. Belə ki, qeyd edilən ünvanda mənzil 2–də yaşayan cavabdeh mənzilin yanında ümumi ərazidə qanunsuz tikinti aparır. Bundan əvvəl qanunsuz tikilinin aparılmasının dayandırılması üçün Bül-Bülə kənd inzibati dairəsi üzrə nümayəndəliyə müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli, 2(010)-411/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə irəli sürülən iddianın mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktının müəyyən edilməsinə dair məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə 04.12.2020-ci il tarixli, 1/1695 saylı məhkəmə sorğusuna Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin yazılı cavabı ilə məhdudlaşdı. Bu cavaba əsasən Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati rayonu üzrə nümayəndəsinin 03.12.2020-ci il tarixli təqdimatı ilə Cavabdeh Bəhram qızının yaşadığı evin 58 saylı mənzili qəzalı vəziyyətlə əlaqədar yenidən qurulur. Bundan başqa, iddiaçının şikayətinə əsasən evə baxış keçirilmiş və binanın damının dəyişdirilməsi istisna olmaqla əlavə tikinti işləri aşkar edilməmişdir. Bununla əlaqədar məhkəmə əsassız və yanlış olaraq hesab edir ki, iş üzrə bu rəsmi sənədlər sübut edir ki, cavabdeh öz evinin damını təmir edir və bu vəziyyəti qanunsuz tikinti kimi qiymətləndirmək olmaz. İddiaçının qanunsuz tikinti haqqında iddiasının sübutlarını yoxlamaq üçün məhkəmə istənilən halda Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin sözügedən cavabı ilə məhdudlaşmayaraq mübahisəli evə baxış keçirilməli, məhkəmə-tikinti ekspertizasım təyin etməli idi. Məhkəmə isə onun evə baxış keçirilməsi və məhkəmə - tikinti ekspertizasını təyin edilməsi haqqında vəsatətinə imtina etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini medafiə edərək onun təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, 3-cü şəxslər Bakı şəhəri MKTD-nin 3 saylı Xüsusi Təyinatlı MKTB və Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəməyə gəlməmişlər və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, işin məhkəmədə araşdırılan hallarından və işdəki rəsmi sənədlərdən müəyyən olunur ki, cavabdeh yaşadığı evin dam örtüyünü təmir edir. Bu halı isə qanunsuz tikili kimi qiymətləndirmək olmaz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, iş materiallarına əlavə edilmiş: 04.10.1994-cü il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Deputat küçəsindəki 7 saylı mənzil İddiaçı məxsusdur. Suraxanı rayon İcra Hakimiyyətinin 04.12.2020-ci il tarixli, 1/1695 saylı məktubuna əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bül-bülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 03.12.2020-ci il tarixli, 58 saylı arayışda Bül-bülə qəsəbəsi, Deputat küçəsi, ev 8, mənzil 2 ünvanında hazırkı Cavabdeh Bəhram qızının yaşadığı evin mövcud otağında dam örtüyü qəzalı vəziyyətdə olduğu üçün dəyişdirilməsi işlərinin aparıldığı, həmçinin Bül-bülə qəsəbəsi, Deputat küçəsi, ev 8, mənzil 7 ünvanında yaşayan hazırkı İddiaçı şikayətinə əsasən Cavabdeh ünvanına Suraxanı RİH-in əməkdaşları tərəfindən baxış keçirildiyi və şikayət olan ünvanda qeyd edilən otağın dam örtüyünün dəyişdirilməsindən başqa əlavə tikinti işlərinin aparılması aşkar olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09.09.2021-ci il tarixli, 10/2280 saylı rəyindən görünür ki, İddiaçı şəxsi mülkiyyətində olan mənzilin Texniki Pasportuna əlavə olunmuş “Həyətin planı”na (i.v.53) əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin keçid olan hissəsində, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hasarından 0.9 metr məsafədə cavabdeh və onun qonşusunun faktiki istifadəsində olan otaq tikililəri mövcuddur. Ekspert vəsatətində həmin tikililərə dair texniki sənədlərin (texniki pasport) Mərkəzə təqdim olunması xahiş olunsa da, bu günə qədər müvafiq sənədlər Mərkəzə daxil olmamışdır. Cavabdehin və qonşularının faktiki istifadəsində olan mübahisəli otaqlar və hörülmüş hasar (0.9 x 2.06 m ölçüdə) faktiki vəziyyətdə iddiaçının onun mülkiyyətində olan mənzildən istifadəsində maneə yaratmır. Belə ki, faktiki vəziyyətdə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə daxil olmaq üçün 2 ədəd giriş-çıxış yolu mövcuddur. Bunlardan biri “A” literli fərdi yaşayış evindən keçidə tərəf açılan qapı (yalnız piyadalar üçün), digəri isə küçə yola açılan giriş-çıxış qapısıdır (həm piyada həm avtomobil ilə daxil olmaq mümkündür). Həmçinin qeyd olunur ki, həmin tikililər iddiaçının texniki pasport sənədində “keçid” olaraq qeyd olunmuş hissədən və həmin hissədə nəzərdə tutulmuş girişçıxış qapısından (faktiki mövcud deyil) istifadə etməsinə maneə yaradır. 13.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elməddin Aslanlı qeyd etmişdir ki, iddiaçının texniki pasportunda 3 giriş-çıxış qapısı mövcuddur. Bunlardan “B” tikilisi hissəsində olan giriş-çıxış qapısı bağlanmışdır. Belə ki, hazırki vəziyyətdə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə daxil olmaq üçün 2 ədəd giriş-çıxış yolu mövcuddur. Bunlardan biri “A” literli fərdi yaşayış evindən keçidə tərəf açılan qapı (yalnız piyadalar üçün), digəri isə küçə yola açılan giriş-çıxış qapısıdır (həm piyada həm avtomobil ilə daxil olmaq mümkündür). İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin keçid olan hissəsində, mövcud sərhəd hasarından 0,9 metr aralıda cavabdeh və onun qonşusunun faktiki istifadəsində olan otaq tikililəri möcuddur. Həmin tikililər iddiaçının texniki pasport sənədində “keçid” olaraq qeyd olunmuş hissədən və həmin hissədə nəzərdə tutulmuş girişçıxış qapısından (faktiki mövcud deyil) istifadə etməsinə maneə yaradır. Cavabdeh tərəfindən torpaq sahəsinin keçid olan hissəsində, mövcud sərhəd hasarından 0,9 metr aralıda inşa olunmuş tikilinin texniki pasportu təqdim olunmadığı üçün, özbaşına tikili olub-olmamasına qiymət verə bilməmişdir. Lakin indi cavabdeh texniki pasport təqdim edir. Belə olan halda, həmin texniki pasport Ekspert Mərkəzinə daxil olduqdan sonra rəy verilməsi mümkündür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2021-ci il tarixli, 10/5833 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında “Keçid” olaraq qeyd olunmuş hissədə iddiaçıya aid sərhəd hasarından 0,9 metr aralıda cavabdeh tərəfindən inşa olunmuş otaq tikilisi cavabdehə aid texniki pasportda nəzərdə tutulmuşdur. Lakin cavabdehin faktiki istifadəsində olan tikilidə aparılmış tikinti-konstruktiv dəyişikliklər nəticəsində texniki pasportda nəzərdə tutulan 1 nömrəli otağın uzunluğu təqribi olaraq “Keçid” olaraq qeyd olunmuş hissəyə doğru 1,46 metr artırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Deputat küçəsindəki 7 saylı mənzilin mülkiyyətçisidir. Faktiki vəziyyətdə iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olmaq üçün 2 ədəd giriş-çıxış yolu mövcuddur. Bunlardan biri “A” literli fərdi yaşayış evindən keçidə tərəf açılan qapı (yalnız piyadalar üçün), digəri isə küçə yola açılan giriş-çıxış qapısıdır (həm piyada həm avtomobil ilə daxil olmaq mümkündür). İddiaçının mülkiyyətində olan mənzilin Texniki Pasportuna əlavə olunmuş “Həyətin planı”na əsasən torpaq sahəsinin keçid olan hissəsində, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hasarından 0.9 metr məsafədə Cavabdeh Bayram qızının və onun qonşusunun faktiki istifadəsində olan otaq tikililəri mövcuddur. Cavabdeh tərəfindən inşa olunmuş otaq tikilisi ona aid texniki pasportda nəzərdə tutulmuşdur. Lakin Cavabdeh faktiki istifadəsində olan tikilidə aparılmış tikintikonstruktiv dəyişikliklər nəticəsində texniki pasportda nəzərdə tutulan 1 nömrəli otağın uzunluğu təqribi olaraq “Keçid” olaraq qeyd olunmuş hissəyə doğru 1,46 metr artırılmışdır. Həmin tikililər iddiaçının texniki pasport sənədində “keçid” olaraq qeyd olunmuş hissədən və həmin hissədə nəzərdə tutulmuş giriş-çıxış qapısından (faktiki mövcud deyil) istifadə etməsinə maneə yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bitməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-nin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, Cavabdeh ümumi keçiddə texniki pasportunda nəzərdə tutulmuş 1 nömrəli otağın uzunluğunu texniki pasportdan kənar 1,46 metr qanunsuz olaraq artırmaqla, ümumi keçiddən istifadəni məhdudlaşdırmış, bununla da, iddiaçının həmin keçiddən istifadəsinə maneə yaratmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, bina 8, mənzil 8 ərazisindəki “Keçid” hissəsində Cavabdeh tərəfindən inşa edilmiş texniki pasportda nəzərdə tutulmuş 1 saylı otağın keçidə doğru artırılmış 1,46 metr hissəsi özbaşına tikili olmaqla cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin Məhkəmə 107-ci maddəsinə əsasən xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan 7 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının tədqiqatı dəyəri olan 100 manatın 70 manatı cavabdehdən, 30 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(010)- 411/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, bina 8, mənzil 8 ərazisindəki “Keçid” hissəsində Cavabdeh tərəfindən inşa edilmiş texniki pasportda nəzərdə tutulmuş 1 saylı otağın keçidə doğru artırılmış 1,46 metr hissəsi özbaşına tikili olmaqla Cavabdeh hesabına sökülsün. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 100 (yüz) manatın 70 (yetmiş) manatı Cavabdeh, 30 (otuz) manatı İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar