Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2204/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı İstafil oğlunun, onun nümayəndəsi və vəkili X3, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə,z Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(008)-225/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İstafil oğlu cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 16 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməs barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək, 27 iyul 2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş onunla Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi 28 saylı evin, 36 saylı mənzilin bağışlanması barədə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçının mülkiyyətində ünvan 1 ünvanında 2 otaqlı mənzili olmuşdur. Həmin mənzildə iddiaçı, onun qızı Cavabdeh1, onun əri və iki uşağı qeydiyyatdadılar. Təxminən 2019-cu ilin oktyabr ayında mənzillə bağlı vəsiyyatnamə vermək üçün ASAN xidmət mərkəzinə müraciət etmiş, lakin orada mənzilin digər şəxsin mülkiyyətində olması barədə məlumat vermişlər. Vəkil vasitəsilə DƏDRX-yə müraciət etmiş və məlum olmuşdur ki, adıçəkilən mənzil bağışlama müqaviləsi əsasında qızı Cavabdeh1 xeyrinə özgəninkiləşdirilmişdir. Qızı açıqlama verməsindən yayınmışdır. Onların orada qeydiyyatda olmalarına baxmayaraq onlar orada heç bir vaxt yaşamamışlar, o, orada digər qızı Pakizə ilə yaşayır. Bağışlama müqaviləsindəki imza onun deyil, həmin müqavilə saxta müqavilədir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(008)-225/2021 saylı qətnaməsi ilə iddianın təmin edilərək, 27 iyul 2005-ci il tarixdə Bakı şəhəri 16 saylı Notariat Kontorunda 4Ə-510 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı İstafil oğlu ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi 28 saylı evin, 36 saylı mənzilin bağışlanması barədə müqavilənin etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh qətnamənin yalnız ekspertizanın natamam rəyinə əsaslanması, iddia müddətinin tətbiq edilməməsi və ümumiyyətlə iddiaçının belə bir iddia tələbini müdafiə etməsi hissəsində razı deyil. Bundan başqa, iddiaçı Cavabdeh1 ilə birlikdə notariat kontoruna gedərək 16 saylı Notariat Kontorunda iddiadan imtina etməsinə dair ərizəni vermiş, notarius bununla bağlı dəfələrlə iddiaçıya sual verdikdən sonra iddiaçı yenə iradə ifadəsini bildirmişdir. İddiaçının 94 yaşının olduğu, fikrini kənar təsir altında dəyişdirib-dəyişdirilməməsi məsələsi də məhkəmə tərəfindən müvafiq kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizası yolu ilə araşdırılmalıdır. (ərizələr apellyasiya şikayətindən əvvəl birinci instansiya məhkəməsinə təqdim edilmişdir) Məhkəmə iş materiallarında olan ekspert rəyinə istinad etsə də, ekspertiza tədqiqatına imza nümunələri təqdim edilərkən vaxtilə bağışlama müqaviləsinə imza atarkən müvafiq qeydiyyat jurnallarında olan imzası araşdırılmamışdır. Halbuki, mövcud ekspert rəyini verməzdən əvvəl 04 dekabr 2020-ci il tarixli ekspert vəsatətində qeydiyyat jurnalının təqdim edilməsini tələb etmiş, lakin rəy verilən zaman da ekspertə həmin qeydiyyat jurnalı təqdim edilməmişdir. Həmin vaxt notariat hərəkətlərinin aparılmasında iştirak etmiş notariusun işdə iştirakı mütləq təmin edilməli əgər həqiqətən də iddiaçı notariat hərəkətlərinin aparılmasında iştirak etməmişdirsə hüquqi tədbir görülməsi üçün barəsində xüsusi qərardad qəbul edilməlidir. Bundan başqa, işdə olan, tərəflərindən təqdim edilmiş müvafiq notarial ərizələrdən də görünür ki, iddiaçının bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etdiyi evi geri almaq niyyəti yoxdur, o bu hərəkətləri digər üçüncü şəxsin təsiri altında edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İstafil oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etmədi, iddianı müdafiə edərək, izahatında qeyd etdi ki, o, evi bağışlamaq üçün notariat kontoruna getməmiş, ümumiyyətlə hər hansı bağışlama müqaviləsinə imza etməmişdir. Ona kənardan heç kim təsir göstərmir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İstafil oğlunun nümayəndəsi və vəkili X4 aellyasiya şikayətini qəbul etməyərək, iddianı müdafiə etməklə, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Notariat Kontorunun nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həhədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərə əsasən: İddiaçı İstafil oğlu xx.xx.1929-cu il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov küçəsi 28 saylı evin, 36 saylı mənzili Bakı şəhəri İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22.03.2000-ci il tarixdə verilmiş ÖM seriyalı 034433 №-li Qeydiyyat Vəsiqəsi əsasında onun xüsusi mülkiyyətində olmuşdur. Bakı şəhəri 16 saylı Notariat Kontorunda 27.07.2005-ci il tarixdə həmin mənzilin İddiaçı İstafil oğlu tərəfindən onun qızı Cavabdeh1 bağışlanmasına dair 4Ə-510 reyestr nömrəsi ilə müqavilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göndərilmiş 4/1142 №-li 20.08.2021-ci il tarixli eksperti rəyinə əsasən 27.07.2005-ci il tarixli bağışlama müqaviləsindən “Quliyev” soyadının qarşısındakı imza İddiaçı İstafil oğlu tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-nin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. MM-nin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər. Göründüyü kimi, bağışlama müqaviləsində olan imza iddiaçıya məxsus olmamaqla, onun belə bir müqavilə bağlamadığı, bununla da, iradə ifadəsinin qüsurlu olması müəyyən olunur. Kollegiya hesab edir ki, bağışlama müqaviləsi Mülki Məcəllənin tələbləri pozulmaqla bağlandığından, əhəmiyyətsiz olmaqla, etibarsızdır. Kollegiya qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya apellyatorun notariusun müvafiq qeydiyyat jurnallarında olan imzasının araşdırılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, ekspertiza məhkəmə tərəfindən iddiaçıdan alınmış sərbəst imza nümunələri və 2005-ci ildə iddiaçı tərəfindən rəsmi sənədlərdə etdiyi imza nümunələri əsasında aparılmışdır. Ekspert rəyinə əsasən “müqayisəedici tədqiqatın nəticələrini qiymətləndirdikdə müəyyən olundu ki, fərqləndirici əlamətlər əhəmiyyətli və dəyərli olub, hər bir şəxs üçün ayrı-ayrılıqda elə müxtəlif məcmular təşkil edirlər ki, bu da tədqiq olunan imzanın İddiaçı İstafil oğlu tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması fikrinə gəlməsi üçün kifayət qədər əsas verir”. Kollegiya qeyd edir ki, ekspert tərəfindən notariusun müvafiq qeydiyyat jurnalı olmadan tədqiqatın aparılmasının mümkünsüzlüyünə istinad olunmamış, əksinə ekspert təqdim olunmuş tədqiqat obyektləri ilə ekspertizanın aparılmasını kifayət hesab etmişdir. Kollegiya apellyatorun iddia müddətinin tətbiqi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İddia müddətinin tətbiqinə dair kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-nin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki iddia mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması ilə əlaqədar olduğundan iddia müddəti tədbiq edilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Göründüyü kimi, iddiaçının etibarsızlığını tələb etdiyi bağışlama müqaviləsi fərdimüəyyən əşya-daşınmaz əşya olan mənzillə bağlı olduğundan, MM-nin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti tətbiq oluna bilməz. Kollegiya qeyd edir ki, MM-nin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz. MM-nin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Kollegiya qeyd edir ki, fərdi-müəyyən əşya olan mənzillə bağlı əhəmiyyətsiz əqd olan bağışlama müqaviləsi arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində cavabdehin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs olan cavabdeh daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirən olan iddiaçının mülkiyyətində qalmaqda davam edəcəkdir. MM-nin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən mənzilin cavabdehə təhvil verilməsi halı olmamış, iddiaçı hal-hazırda da, həmin mənzildə yaşayır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki halda MM-nin 377.5-ci maddəsində nəzərdə tutulmuş restitusiyanın müzakirə edilməsinə ehtiyac qalmır. Kolleiya apellyatorun kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizası keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator iddiaçının hər hansı psixi xəstiliyinin olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya apellyatorun iddiaçının notariat ofisində iddia tələbindən imtina etməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Bakı şəhəri 16 saylı Notariat Ofisinin 03.11.2021-ci il tarixli, 1397 saylı məktubuna əsasən həmin ərizələr İddiaçı müraciətinə əsasən ləğv edilmişdir. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(008)-225/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2204/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2204/2022
09.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver