Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2207/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “PAŞA SİĞORTA" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrsüz hesab olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halı
1. İddiaçı ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 314,52 (üç yüz on dörd manat əlli iki qəpik) manat məbləğində vəsaitin, 30,00 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları
2. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
3. Həmin qətnamədən iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda şikayət üzrə buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
4. Ərizə onunla əsasıandırılmışdır ki, qətnamə elektron kabinetə yerləşdirilməsinə baxmayaraq tərəfindən xx.xx.2024-cü ildə oxunmuşdur. Belə ki, məhkəmə yekun aktının sistemə yüklənməsi barədə ona bildiriş məhkəmə tərəfindən göndərilməmişdir. İş yükünün çoxluğundan elektron kabinetə hər məlumat daxil olduğunda fiziki olaraq elektron kabineti izləmək qeyri mümkündür. Yalnız yekun məhkəmə aktlarının yerləşdirilməsi barədə meyl formasında məlumat verildiyi halda kabinetdən qətnamənin yerləşdirilməsi aşkarlana bilir.
5. Məhkəmənin 26 yanvar 2024-cü il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin olunmamışdır.
6. İddiaçının həmin qərardaddan verdiyi şikayət məhkəmənin 02 fevral 2024cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. İddiaçının nümayəndəsi şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi öz qənaətini qətnamənin iddiaçının və onun nümayəndəsinin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirildiyi, həmçinin, iddiaçının, məhkəmə qarşısında yekun məhkəmə aktlarının yerləşdirilməsi barədə @-mail formasında ona məlumat verilmədiyini sübut etmədiyi ilə əsaslandırmışdır. Halbuki, tərəflərindən email adreslərinin skrin edilmiş ekranı və Elektron informasiya mərkəzinə ünvanlanmış sorğuları təqdim olunmuşdur. Email adresinə bildirişi göndərmək məhkəmənin öhdəliyində olduğu üçün bildirişin göndərilməsini təsdiq edən sübut məhkəmə tərəfindən təqdim olunmalıdır. Lakin belə bir məlumat və sübut məhkəmədə yoxdur.
Apellyasiya baxışı
8. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
11. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
12. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
13. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
14. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
15. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
16. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apellyasiya baxışının həddi
17. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Məhkəmə kollegiyasının mövqeyi
18. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçının və onun nümayəndəsinin elektron kabinetlərinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə elektron sistemə yüklənmişdir.
19. Üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
20. Peşəkar hüquqşünaslarla təmsil edilmə imkanı olan bir hüquqi şəxsin ötürdüyü prosessual müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar, o cümlədən şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir.
21. Həmçinin qeyd olunmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının çıxarılmasından uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.
22. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2773/2023 saylı iş üzrə 26 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə