Məhkəmə qərarları › İş №2(103)-2214/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2214/2022

09.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2214/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İKB ASC-yə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində olmaqla) “müqavilənin etibarsız hesab edilməsi, əmlakın yüklülükdən azad edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4064/2021 saylı işi üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh İKB ASC-yə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ("xxxx" İKB ASC) ilə X3 arasında bağlanmış 25.12.2014-cü il tarixli 6-SMEG-3-0-2476 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yüklülüyün ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4064/2021 saylı işi üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı tərəfdən qətnamədən apelyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Hazırki iddia tələbi iddiaçının əri X3 ilə Cavabdeh ASC arasında bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yüklülüyün ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədədir. İddiaçı apelyasiya şikayətində göstərmişdir ki, X1 qarşı olan iddia tələbi üzrə məhkəmə qətnaməsindən apelyasiya şikayəti vermiş və mülki iş Şirvan Apelyasiya Məhkəməsinin icraatındadır. Eyni əsasla şikayət vermişdir və hazırda müqavilə etibarsız hesab edilsə qətnamə evə yönəldilmə hissəsində ləğv ediləcəkdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 10.10.2019-cu il tarixli 2(049)-57/2019 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" İKB ASC-nin cavabdeh X2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehdən cəmi 146.417,92 ABŞ dolları məbləğində kredit borcunun tutulması, tutmanın sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 2 otaqlı 37 nömrəli mənzilinə (yeni qaydalarla: AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 59, M8, mənzil 1) yönəldilməsi, mənzilin açıq hərracdan satılması və ilkin satış qiymətinin 208.000 manat müəyyən edilməsi qət edilmişdir. Hazırki işin apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 10.10.2019-cu il tarixli 2(049)-57/2019 saylı qətnaməsinndən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə onun hüquq və vəzifələrinə toxunulan İddiaçı apelyasiya şikayəti vermişdir və hazırda mülki iş Şirvan Apelyasiya Məhkəməsinin icraatındadır. Həmin apelyasiya şikayətinin dəlilləri hazırki iş üzrə iddia ərizəsinin əsasları ilə eynilik təşkil etməklə, İddiaçı Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayətində də mənzilin ipoteka ilə yüklü edilməsindən məlumatlı olmamasına əsaslanmış, həmçinin eyni əsaslarla hazırki iddianı qaldırmışdır. Göründüyü kimi, İddiaçı eyni əsaslarla həm Lənkəran Rayon Məhkəməsinin 10.10.2019-cu il tarixli 2(049)-57/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, həm də hazırki iddianı qaldırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarında göstərilmişdir ki, «müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.» Göründüyü kimi, İddiaçı etibarsız hesab etdiyi ipoteka müqaviləsinə, həmin müqaviləyə istinad edilərək qaldırılmış iddia üzrə işin icraatı çərçivəsində qiymət verilməli, müqavilənin etibarlılığı yoxlanılmalıdır. Yəni, ipoteka müqaviləsinin etibarlılığını yoxlamaq vəzifəsi "xxxx" İKB ASC-nin həmin müqaviləyə istnad edərək qaldırdığı iddia üzrə işə baxan məhkəmənin, hazırki halda İddiaçı həmin dəlilləri əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin üzərindədir. İddiaçı həmin iş üzrə birbaşa tərəf olmasa da, qətnamədən şikayət verməklə artıq işə qoşulmuşdur və ipoteka predmeti onunla əri - həmin iş üzrə cavabdeh Elmin Ağayevin birgə mülkiyyətini təşkil etdiyindən (hazırki iddianın və digər işdə apellyasiya şikayətinin dəlillərinə əsasən), sonuncu ilə birlikdə bankın iddia tələbinə cavab verməli olan şəxs hesab olunur (MPM-nin 50.3-cü m). Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə digər məhkəmənin icraatında iş olduğuna görə hazırki qətnamə ləğv olunaraq iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5, 400, 403 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4064/2021 saylı iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh İKB ASC-yə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində olmaqla) “müqavilənin etibarsız hesab edilməsi, əmlakın yüklülükdən azad edilməsi tələbinə dair” iddiası baxılmamış saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar