Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2217/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə, Cavabdeh, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X7 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-353/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Cavabdeh qarşı “torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri Nizami rayon Elşən Süleymanov küçəsindəki 137/1 ünvanında özbaşına inşa edilmiş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan ünvan 2 ünvanında yerləşən torpaq sahəsində özbaşına tikinti işləri aparıb. Həmin ünvanda yaşayan sakinlər müxtəlif dövlət orqanlarına şikayətlə müraciət edib və tikilinin sökülməsi barədə tədbir görülməsini xahiş ediblər. Həmin tikililərin sökülməsi ilə əlaqədar aidiyyəti qurumların əməkdaşları və polis işçiləri həmin ünvana baxış keçirib və cavabdeh tərəfindən inşa edilən tikilinin sökülməsini tələb ediblər. Lakin Cavabdeh xidməti vəzifəsini yerinə yetirən əməkdaşların qanuni tələblərinə əhəmiyyət verməyib və qanunsuz tikilinin sökməyəcəyini bildirib. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1 maddəsi ilə inzibati protokol tərtib edilib və qərar qəbul edilməsi üçün Rayon İcra Hakimiyyətinə göndərilib. İnzibati protokola baxılaraq Cavabdeh 01 iyun 2020-ci il tarixli qərarla 500 manat məbləğində cərimə edilib və qərar icra olunması üçün Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərilib. İcra və probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında 19.06.2020-ci il tarixli qərar qəbul edilib. Nizami Rayon İcra Hakimiyyəti tərəfindən görülən tədbirlərə baxmayaraq Cavabdeh qanunsuz inşa etdiyi tikilini sökməyib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-353/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 137/1 ünvanda, kiçik giriş qapısından sağ tərəfdə yerləşən 2 mərtəbəli qanunsuz tikilinin sökülməsi, qalan hissədə iddianın təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 353/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə qətnamə qəbul edərkən istinad etdiyi sübutlardan biri onun barəsində AR İXM-nin 395.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Nizami RPİ-nin 24-cü Polis Bölməsinin 21.01.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoludur. Həmin protokol əsasında Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyətinin 01 iyun 2020-ci il tarixli 01 saylı inzibati xətaya dair qərarı ilə o, təqsirli bilinərək 500 manat cərimə edilmişdir. İşə baxan məhkəmə nəzərə almamışdır ki, həmin torpaq sahəsi Nizami Rayon İcra Hakimiyyətinə aid deyil və İXM-nin 43.1-ci maddəsinə əsasən bu cür qanunsuz tikinti işlərinə görə qərar qəbul etmək səlahiyyəti məhkəmələrə aid olduğundan bu qərar qanunsuzdur və sübut kimi qəbul edilə bilməz. İşə baxan Məhkəmə Azərbaycan Respublikası MM-nin 180.4-cü maddəsini iş üzrə düzgün tətbiq etməmişdir. İddiaçı ünvan 4 ünvanda yerləşən torpaq sahəsi üzərində hansısa hüququnun olması ilə bağlı sübut əlavə etmədiyindən bu iş üzrə MM-nin 180.4-cü maddəsi tətbiq edilə bilməz. İş üzrə X8 və X9 üçüncü şəxs qismində cəlb edilmişlər. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bu mübahisənin həmin şəxslərə heç bir aidiyyatı yoxdur. İddiaçı mübahisəli torpaq sahəsinin dövlətə məxsusluğunu göstərən bir sübut təqdim etməmişdir. Məhkəmə AR MPM-nin 4, 9.3, 14.2, 77.1 və 88-ci maddələrinin tələblərini pozulmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-353/2021 saylı, 02 dekabr il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-353/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X9 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-353/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2-1161/2006 saylı, 11.08.2006-cı il tarixli qətnaməsi ilə Cavabdeh və onun ailə üzvlərinin ünvan 2 ünvanındakı evə yaşayış hüquqları tanınmışdır. Lakin cavabdeh həmin ünvanda yaşayarkən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan orada 2 mərtəbəli yaşayış evi inşa etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh qeyd olunan yaşayış sahəsinin qanuni əsaslarla tikilməsinə dəlalət edən hər hansı bir hüquqi sənəd təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki,həmin tikili sökülməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası tərəflərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2- 1161/2006 saylı, 11 avqust 2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçilər Cavabdeh, Babaşova Aybəniz İldırım qızının, X5, X2 və X6 Bakı şəhəri Nizami Rayon X3rşı vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab olunmasına dair ərizəsi təmin olunmuş, Cavabdeh, Babaşova Aybəniz İldırım qızının, X5, X2 və X6 ünvan 2 ünvanındakı evə yaşayış hüquqları tanınmışdır.(İ.vər. 78 - 79) İş materiallarında olan, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə inspektoru tərəfindən tərtib edilmiş MN № ******* saylı, 21.01.2020-ci il tarixli inzibati xəta haqqında protokolun və 24-cü Polis Şöbəsinin rəisi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN № ******* saylı, 21.01.2020-ci il tarixli qırardadın surətlərindən görünür ki, Cavabdeh müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan ünvan 2 ünvanında yerləşən torpaq sahəsində özbaşına tikinti işləri aparması ilə əlaqədar toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə göndərilmişdir.(İ.vər. 5 - 8) İş materiallarında olan, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin inzibati xətaya dair 01 saylı, 01 iyun 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan ünvan 2 ünvanında yerləşən torpaq sahəsində özbaşına tikinti işləri aparmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir.(İ.vər. 12) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/3993 saylı, 29 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında inşa olunmuş iki mərtəbəli, tikinti altı sahəsi 90 kv.m olan yaşayış evi Google Earth proqramının məlumatlarına əsasən 2006-cı illərdən sonra inşa olunmuş və həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi bina və qurğularda yenidənplanlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun deyildir.(İ.vər. 168 - 169) İş materiallarında olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-353/2021 saylı, 02 dekabr 2021-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, 02 dekabr 2021-ci il tarixdə işdə tərəflərin iştirakı ilə mübahisəli yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, kiçik giriş qapısından girərkən sol tərəfdə bir-neçə birmərtəbəli tikililər vardır. Cavabdeh bildirdiyinə görə həmin tikililər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2006-cı il tarixli qətnaməsi ilə onun və ailə üzvləri: Babaşova Aybəniz İldırım qızının, X5, X2 və X6 yaşayş hüquqları tanındığı yaşayış sahəsidir və orada hal-hazırda başqa şəxslər yaşayır. Bu faktı baxış zamanı orada iştirak edən 3-cü şəxsin nümayəndəsi X9 da təsdiq etdi. Kiçik giriş qapısından girərkən sağ tərəfdə daşdan tikilmiş, taxtapuşu vurulmuş lakin tikintisi və təmiri tam başa çatdırılmamış 2 mərtəbəli yaşayış sahəsi vardır. Cavabdeh bildirdi ki, hal-hazırda həmin yarımçıq tikilidə o arvadı və nəvələri ilə birlikdə yaşayır.(İ.vər. 213) Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək -onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanlar ilə razılaşdırılması Qaydaları”nın 4-cü bəndinə əsasən: 4.1. Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi” və “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. 4.3. Memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli 2 mərtəbəli yaşayış evi cavabdehin xüsusi mülkiyyətində deyil və onun tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinin pozulması ilə inşa edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti həmin tikilinin sökülməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsi və yaşayış hüquqlarının pozulmasına səbəb olan məhkəmə aktı qəbul etməsi, məhkəmənin həmin mövqeyinin qanunsuz və əsassız olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Həmçinin, Cavabdeh apеlyasiya şikayətində həmin torpaq sahəsinin Nizami Rayon İcra Hakimiyyətinə aid olmadığını, iddiaçının ünvan 4 ünvanda yerləşən torpaq sahəsi üzərində hansısa hüququnun olması ilə bağlı sübut olmadığını bildirsə də, qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-353/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-353/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-2217/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2217/2022
14.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver