Məhkəmə qərarları › İş №2(103)-2219/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2219/2023

10.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2219/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxslər Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və çıxarışın etibarsız sayılaraq ləğvi, torpaq sahəsinin qeyriqanuni sahiblikdən götürülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin və çıxarışın etibarsız sayılaraq ləğvi, torpaq sahəsinin qeyri-qanuni sahiblikdən götürülməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxslər Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsi və çıxarışın etibarsız hesab edilərək ləğvi, torpaq sahəsinin qeyri-qanuni sahiblikdən götürülməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 976 nömrəli bağ sahəsini Cavabdeh1 Mirzə oğluna bağışlamışdır. Müqaviləni İddiaçı adından xx.xx.2006, Bakı 38 n/k, 7e-11797 etibarnamə ilə Cavabdeh2 imzalamışdır. Həmin müqavilənin Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 4Ə-246 nömrə ilə reyestrdə qeyd edildiyi göstərilir.

2. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 976 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxslər Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 05 iyul 2016-ci il tarixli 4Ə-246 sayla qeydiyyata alınmış İddiaçı ilə (X2 etibarnamə əsasında) Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsi, 13 iyul 2016-cı il tarixdə Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi və torpaq sahəsinin qeyri-qanuni sahibliyindən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 976 saylı bağ sahəsi 30 iyun 2016-ci il tarixli seriya RX № ******* saylı çıxarışa əsasən onun mülkiyyətinə verilmişdir. Sonradan onun xəbəri olmadan, cavabdehlərə etibarnamə vermədən, dələduzluq yolu ilə saxtakarlıq edərək ona məxsus torpaq sahəsini Cavabdeh1 adına bağışlama müqaviləsi bağlanmış və bunun əsasında da sonuncuya çıxarış verilmişdir. Bağışlama müqaviləsini qeydə almış 38 saylı notariat kontoruna müraciət edildikdə məlum oldu ki, 05 iyul 2016-ci il tarixdə bağlanmış bağışlama müqaviəsində göstərilən Cavabdeh2 adına guya onun tərəfindən verilmiş etibarnamə saxtadır və belə bir etibarnamə notariat ofisində qeydiyatdan keçməmiş və bu şəxsin adına verilməmişdir. Bağışlma müqaviləsinin mövcudluğu ilə əlaqədar 22 saylı notariat kontoruna müraciət etdikdə ona verilən cavabda 05 iyul 2016-ci ildə bu müqavilənin qeydiyyatı aparılmadığı müəyyən edilmişdir. Beləliklə məlum oldu ki, cavabdehlər saxta sənədlər əsasında ona məxsus torpaq sahəsini öz adlarına rəsmiləşdirmişlər. Etibarnamələr saxta olduğu üçün onların etibarsızlığı ilə əlaqədar mübahisə qaldırmır. Bu səbəbdən də məhkəməyə bu bağışlama müqaviləsinin və Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi və torpaq sahəsinin qeyri-qanuni sahibliyindən götürülərək ona qaytarılmasına dair qətnamə çıxarılması tələbi ilə müraciət etməli olmuşdur.

5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhər xx.xx.2016-cı il tarixli 4Ə-246 sayla qeydiyyata alınmış İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış bağışlama müqaviləsi, 13 iyul 2016-cı il tarixdə Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi və torpaq sahəsinin yenidən İddiaçı adına qaytarılması və qanunsuz sənədləşmə aparmış şəxslərin müəyyən edilməsi barədə xüsusi qərar çıxarılması və prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı çıxarış ləğv olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddia tələbinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, əqdlərin etibarlı olması üçün əqdin subyekt tərkibinə aid edilən şərtlər, əqdin məzmununa aid edilə şərtlər, əqddə iradə və iradənin ifadə edilməsinə aid edilən şərtlər və əqdin formasına aid edilən şərtlər mövcud olmalıdır. Əqdin etibarlı olması üçün qeyd edilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarlı olmasını istisna edir. Xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 976 nömrəli bağ sahəsi başqa şəxsin (Cavabdeh1) adına özgəninkiləşdirilərək daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış, lakin məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, həmin qeydiyyata zəmin yaratmış bağışlama müqaviləsi və etibarnamənin qeydiyyatı müvafiq notariusların reyestrində mövcud deyildir. Beləliklə, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış və müəyyən olundu ki, onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 976 nömrəli bağ sahəsi əsassız olaraq başqa şəxsin adına özgəninkiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən, mübahisəli torpaq sahəsinin bağışlanmasına dair müqavilənin etibarsız olduğu müəyyən edildiyindən həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 976 saylı bağ sahəsinə dair Cavabdeh1 adına qeydə alınmış xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış» da ləğv edilməlidir. Məhkəmə, iddia tələbinin torpaq sahəsinin yenidən İddiaçı adına qaytarılması hissəsini araşdıraraq qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, iddiaçının adından Cavabdeh1 ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı əmlak üzərində hüquqlarının yenidən dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq orqana müraciət edə bilər. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması məsələsinin tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə daxildir. İndiki mərhələdə iddiaçının əmlak üzərində hüquqlarının qeydə alınması prosesində hüquqlarının pozulması ilə bağlı hər hansı faktın mövcud olması mümkün deyildir. İddianın həmin hissədə təmin olunması müvafiq icra hakimiyyəti orqanının üzərinə öhdəlik qoyulması demək olacaqdır. Bu isə hazırda mübahisə predmeti deyildir

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 139-1.1.3, 144.1, 324.1, 324.2, 324.4, 324.5, 331.1. 337, 359.1, 359.3, 362.1, 394, 668.1.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(003)-2492/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 976 saylı bağ sahəsi ilə birlikdə digər ərazidəki bağ sahələrini cavabdehin babası dəyərini ödəməklə almışdır. Qeyd edilən bağ sahəsi İddiaçı atasının adına olmuşdur. İddiaçı atası rəhmətə gedəndən sonra vərəsəlik qaydasında həmin bağ sahəsi hal-hazırki iddiaçının mülkiyyətinə keçmişdir. 976 saylı bağ sahəsinin sənədləri (Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyi tərəfindən verilmiş) cavabdehdə olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 976 saylı bağ sahəsinin harada yerləşməsindən hazırki iddiaçının məlumatı olmamışdır. Həmin bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etdikdə özünü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşı kimi təqdim edən X5 cavabdehə bildirmişdir ki, qeyd edilən torpağın sənədlərini təqdim etsin, qalan məsələləri özü həll edəcək. Cavabdeh də X3 inandığından Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki 976 saylı bağ sahəsinin sənədlərini ona təqdim etmişdi. Özünü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşı kimi tədim edən X1 işləri apardıqdan sonra cavabdehin adına çıxarış alaraq ona təhvil vermişdir. MM-in 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadıgı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanin mulkiyyətçisi olur. Hazırki iş üzrə cavabdeh həmin daşınmaz əmlakı vicdanlı qəbul edən şəxs olaraq 6 il müddətində əmlakın faktiki mulkiyyətcisi olub, daha sonra başqa şəxsin təqsiri ucbatından həmin əmlaka mülkiyyət hüququnu itirmişdir. Nəticədə vicdanlı əldə edən şəxs olaraq cavabdehin hüquqları pozulmuş və məhkəmə tərəfindən bu pozuntu nəzərə alınmamışdir. Bununla da qeyd edilən maddənin tələbi pozulmuşdur. Belə ki, faktiki olaraq uzun müddətdir cavabdehin sahiblik və istifadəsində olan bağa dair mülkiyyət sənədləri, yəni sərəncam hüququ yuxarıda qeyd edilən formada rəsmiləşdirilmişdir. Lakin bu məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əmlakı başqa şəxslərdən alan hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadığı halda o vicdanlı alıcı kimi qəbul olunur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, tərəflərindən bu torpağın ilkin özəlləşdirilməsi və sonradan bağışlama edilməsi barədə olan müqavilənin və etibarnamələrin saxta olması barədə müvafiq sənədləri ərizəsinə əlavə edib. Məhkəmə də təkrarən araşdırma apararaq bu sənədlərin saxta olması nəticəsinə gəlmişdir. Cavabdehlərin saxtarkarhqları barədə Nərimanov rayon polis idarəsinə də ərizə ilə müraciət edib. Oradan ona rədd cavabı vermiş olsalar da cavabdehin orada verdiyi izahatı da onun bu torpaq sahəsinin saxta yolla almasını etiraf edir. Lakin izahatında həmin şəxsə bu bağ sahəsinin sənədləşməsi üçün 10000 (on min) manat verdiyini etiraf edir. Lakin apelyasiya şikayətində bu halı göstərmir. Bundan əlavə iş materiallarına tapıntılar bürosundan müqavilənin itməsinə dair arayışı və qəzetdə verdikləri elan da əlavə edilmişdir. Ancaq cavabdeh deyir ki, sənədlər onda olmuşdur. Bu da bir yalanıdır. İşdə ifadəsi alınan Cavabdeh1 ifaədəsində bildirir ki, bağın sənədlərinin əsli onda olmuşdur, sənədlər onlarda idisə niyə sənədin itməsi və tapıntılar bürosundan təzədən arayış alıb müqaviənin surətini Əmlak komitəsindən alıb yenidən müraciət etmişdir. Sonda isə alqı-satqı ilə əlaqədar guya notariusa da gedəndə tanıdığı insan olan Cavabdeh2 iştirak edir. Bütün bu hallar onu göstərir ki, cavabdeh bu sənədləri saxtakarlıqla əldə edib. Cavabdeh1 5 yaşlı uşaq deyil ki, onun başını aldadıb bütün bu sənədlərə imza etdirsinlər. İfadəsi alınan Cavabdeh1 onun əmlakını aldatma yolu ilə saxta sənədlər əsasında əldə etmişdir. Bunun üçün o özünün etiraf etdiyi kimi Orxan Aslanova bu işi aparmaq üçün 10000 manat pul vermişdir. Bütün bunlar onun sənədləri dələduzluqla əldə etməsini göstərir. Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlilinə uyğun izahat verərək bildirir ki, Cavabdeh1 vicdanlı alıcıdır. Çünki özəlləşməyə təqdim edilmiş sənədlərin əsilləri onda olmuşdur. Bağ Cavabdeh1 və onun ailəsinin istifadəsində illərdir olmuşdur. Cavabdeh1 babası iddiaçının atasının adına almışdır. İddiaçı bağın harada yerləşdiyini belə bilmir. Torpağın ön və arxa tərəfi də Cavabdeh1 olmuşdur. Başqa giriş yoxdur. Özəlləşməyə sənədlər təqdim edildikdə Cavabdeh1 10000 manat pul almışlar ki, bağın rəsmiləşdirilməsi ediləcək. Cavabdeh1 etibarnamənin iddiaçının adına olmasından xəbəri olmamışdır. Torpaq rəsmiləşdirildikdən sonra iddiaçı Cavabdeh1 zəng vurub torpağı adına keçiriləcəyini bildirmişdir. Sənədləşdirmə saxta olmuşdur, onlar bilmirlər.

13. Məhkəmə iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilinə etiraz edərək bildirir ki, atası 49 yaşında dünyasını dəyişmişdir. Torpaq anasının adına keçib daha sonra anası rəhmətə gedəndən sonra ona keçmişdir. Bağın yolunu tanıyır. Amma ümumilikdə yolları yaxşı bilmir. Onun imzasını saxtalaşdırıblar. Bağda abadlıq işləri görməyiblər, çünki qardaşı Bakıda yaşamır, o, tək qadın olduğu üçün ora gedə bilmir.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Konstitusiyası

15. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Konstitutsiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

18. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

19. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

22. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

23. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

24. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

25. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, iddiaçı Bakı şəhəri, 05 iyul 2016-ci il tarixli 4Ə-246 saylı alınmış İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsi, 13 iyul 2016-cı il tarixdə Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız sayılaraq ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

31. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016- cı il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı çıxarış ləğv olunması qət edilmişdir.

32. İşə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 25 noyabr 2022-ci il tarixli, **********58 saylı məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 05 iyul 2016-cı il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında mübahisəli əmlak üzərində Cavabdeh1 hüquqları qeydiyyata alınmış və ona mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir.

33. Lakin Bakı şəhəri 38 saylı Xüsusi Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 səlahiyyətlərin verilməsi ilə bağlı Bakı şəhəri 38 saylı dövlət notariat ofisində xx.xx.2006-cı il tarixdə 7E-11797 reyestrdə rəsmiləşmiş etibarnamə mövcud deyil.

34. Həmçinin Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, 22 saylı notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2016-cı ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərinin qeydə alındığı 4Ə indeksli reyestrlərə baxış keçirilərkən xx.xx.2016-cı il tarixdə notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilir.

35. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

36. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda bağışlama müqaviləsi bu müqaviləni bağlamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün onun əhəmiyyətsiz əqd olması işin halları ilə müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bu əqd əsasında qeydiyyatın aparılmasının nəticəsi olaraq verilmiş çıxarışın ləğvi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, “...Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.”

38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh özünün vicdanlı alıcı olduğunu qeyd etsə də, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, təxminən 1980-ci illərin axılarında babası Qüdrət İddiaçı valideynlərindən Şüvəlan qəsəbəsində yerləşən 25 sot torpaq sahəsini pul verib almış, lakin həmin dövrdə bununla bağlı heç bir sənədləşmə aparılmamışdır. Yalnız Sevilin atası babasına həmin həmin torpaq sahəsinə dair sənədin əslini vermiş, bunu bütün nəsil bilmişdir. İddiaçı valideynlərinin torpaq sahəsinin yanında babalarının bağ sahəsi olmuş, yəni babası qonşu torpaq sahəsini almışdır. Valideynlərinin danışmasına əsasən təxminən 1995-ci ildə dayısı Rəfail həmin qadından da halallıq almaq üçün İddiaçı tapmaq qərarına gəlmiş və onunla görüşmüşdür. Sevilə isə həmin vaxt dayısına həmin yerin onlara məxsus olduğunu demiş, həmin vaxtdan sonra isə torpağa dair hər hansı sənədləşmə aparmaq üçün heç kim heç bir iş görməmiş, həmin torpaq sahəsi 25 ildən çox sahə kimi qalmışdır. Təxminən iki il əvvəl həmin torpağı təmizlətdirib qapı qoydurmuşdur. 2016-cı ilə tanış olan “makler” Aslanov Orxan adlı şəxs onun bir sıra sənədləşmə işlərində kömək edən vaxt söhbət əsnasında ona bu torpaq barədə də danışmış, 2016-cı ilin iyun ayının axırlarında Orxan ona həmin torpağa dair çıxarış almaqda kömək edəcəyini demiş və ona bu işə görə 10 000 manat pul lazım olduğunu bildirmişdir. Təxminən 3-4 gün sonra Orxana inandığı üçün həmin pulu ona vermiş, bundan təxminən bir həftə sonra Orxan işi həll etdiyi deyib bir nəfər yaxın, etibarlı adamın şəxsiyyət vəsiqəsini verməyini istəmişdir. Həmin vaxt sürücüsü olan etibar etdiyi Cavabdeh2 təklif edib notariusa girmiş və göstərilən sənədlərə imza etmişdir. Səhvi ondan ibarət olmuşdur ki, sənədlərdə məhz nə yazılmasını dəqiqləşdirməmişdir. Notariusdan çıxıb Əmlak Komitəsinə getmiş və təxminən 1 həftə sonra, 2016-cı ilin iyul ayının 13-də həmin 25 sot torpağa dair öz adına çıxarış almışdır. Sənədləşmə işlərinin hansı şəkildə həyata keçirildiyini bilməmişdir. Bu hərəkətləri 9 saylı notariusda həyata keçirməyinə baxmayaraq, yaxın vaxtlarda sənədlərin 22 saylı notarius tərəfindən tərtib edilmiş kimi yazıldığını görmüş, həmin hadisədən bir müddət sonra, yəni 2016-cı ilin sonlarında X9 işəhərdə ev satmağı vəd edib 30 000 manata yaxın pulunu alıb onun adına həmin evə dair çıxarış almışdır. Daha sonra həmin evin sahibi Belarusdan gəlib evin ona aid olduğunu demiş və mülkiyyət sənədini ona göstərmiş, həmin vaxt Orxanın onu aldatdığını başa düşmüşdür.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

40. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

41. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar